“Ekologiya ili”nin elan edilməsi dövlətin ekoloji siyasətinin mühüm tərkib hissəsidir

 

Müasir dövrün ən aktual problemlərindən biri ekologiya ilə bağlıdır. Ətraf mühit şəraitinin pisləşməsi onun bütün komponentlərinə — su resursları və Dünya okeanına, Yerin torpaq qatına və onun dibinə, bitki və heyvanat aləminə, həmçinin atmosfer və iqlimə öz mənfi təsirini göstərmişdir. Yer əhalisinin sürətli artımı, elmi-texniki tərəqqi, kimya, biologiya sahəsində əldə edilmiş biliklər, müasir silahların yaradılması bəşəriyyətə təkcə xeyir gətirməmişdir. Bunların nəticəsidir ki, insanla təbiət arasında münasibətlər qeyri-normal şəklə düşmüş, lokal ekoloji bəlalar qlobal miqyas almışdır.

 

Bu gün bu bəlalardan xilas olmaq üçün əksər dövlətlər ekoloji problemləri öz siyasətlərində prioritet sahəyə çevirmişlər. Başqa yol da yoxdur. Çünki son illər baş verən aramsız təbii fəlakətlər çox ciddi siqnaldır və bəşəriyyət təbiətin “şıltaqlıqları” qarşısında artıq acizdir.

Söz yox ki, qlobal iqlim dəyişmələri və onun törətdikləri faciələrə müstəqil Azərbaycan dövləti biganə qala bilməzdi. Hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə formalaşmağa başlayan Azərbaycan dövlətinin ekoloji siyasəti bu istiqamətdə islahatların başlanmasına zəmin yaratdı. Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaranması bu sahədə atılan uğurlu addım idi. Bu gün ölkədə ekoloji siyasəti uğurla həyata keçirən bu qurum çox əhəmiyyətli layihələr reallaşdırır və demək olar ki, bu sahədə çox gözəl nəticələr qazanılmışdır. Ulu öndərin siyasi kursunun çox ləyaqətli davamçısı olan cənab Prezident İlham Əliyev isə ekoloji problemlərin həllinin ölkədə prioritet məsələ olduğunu bildirmiş və heç təsadüfi deyil ki, 2010-cu ili ölkədə “Ekologiya ili” elan etmişdir.

Azərbaycan da qlobal iqlim dəyişmələrinin bilavasitə təsiri altındadır. Ekoloqların proqnozuna görə, qlobal iqlim dəyişikliyi nəticəsində Azərbaycanı daşqın, quraqlıq və yaxud da digər təbii fəlakətlər, həmçinin onların nəticəsi kimi içməli su ehtiyatlarının çatışmazlığı gözləyə bilər. İqlim dəyişikliyinin respublikamıza mənfi təsirinin ən bariz nümunəsi kimi respublikamızın müxtəlif bölgələrində baş verən sel daşqınlarını, ayrı-ayrı bölgələrdə torpaq sürüşmələrini və s. göstərmək olar. Ötən il Hacıqabul, Salyan, Şəki və Masallıda baş vermiş leysan yağışlarının törətdiyi fəsadlar bunu təsdiq edən əlamətlər deyilmi? Bu gün ətraf mühitin çirklənmə vəziyyəti, meşələrimizin qırılması, Xəzərin ekoloji problemləri, Abşeronun çirklənmiş torpaqları ölkəmizdə çox ciddi ekoloji problemlərin mövcudluğundan xəbər verir. Ona görə də indi respublika səviyyəsində elə müşavirə, konfrans olmur ki, cənab Prezident orada bu problemlərin həllinin vacibliyini nəzərə çarpdırmasın.

2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan edilməsi isə dövlət rəhbərinin şəxsi təşəbbüsüdür və bu, onu bir daha təsdiq edir ki, Azərbaycanda problemin həllinə böyük qayğı və diqqət var. Heç təsadüfi deyil ki, 2010-cu il fevralın 18-də Azərbaycan Prezidenti yanında ekoloji problemlərə həsr olunmuş müşavirə keçirilmişdir və burada təkcə “Ekologiya ili”ndə deyil, sonrakı dövrlərdə də bu yöndə atılacaq addımların konturları cızılmışdır. Müşavirədə diqqəti çəkən bir neçə məqam üzərində dayanmaq istərdim. Cənab Prezident ilkin olaraq mövcud vəziyyətə diqqəti yönəltdi. Dövlət rəhbəri bildirdi ki, “bu gün ekologiya məsələləri həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona görə ki, bu gün Azərbaycan qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır”. Məhz dövlət başçısının qayğısı nəticəsində bu istiqamətdə ölkədə genişmiqyaslı iş aparılır. “Ekologiya ili”nin elan edilməsində də başlıca məqsəd bu problemlərin həllinə qismən köməklik göstərməkdən ibarətdir. Artıq bütün cəmiyyətdə bu təşəbbüs bəyənilmiş, Azərbaycan vətəndaşları bu münasibətlə həyata keçirilən tədbirlərə böyük həvəslə qoşulmuşlar.

Ekologiya ilində görüləcək işlərin miqyası çox genişdir. Qeyd edək ki, Azərbaycanda ekoloji vəziyyətin daha kəskin olduğu Bakı və Abşerondur. Bakının və Abşeron yarımadasının ekoloji problemlərinin həlli uzun illərdir ki, diqqət mərkəzindədir. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” mövcud problemlərin həllinə, xüsusilə Bakı şəhəri və Abşeron yarımadasında ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan vermiş, bu istiqamətdə iri layihələr uğurla həyata keçirilmiş və bu işlər hazırda da davam etdirilməkdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yüksək səviyyədə reallaşdırdığı bu layihələr artıq öz nəticəsini göstərməkdədir. Elə Bakı və Abşeron yarımadasında son illər reallaşdırılan bir neçə layihə bunun aydın göstəricisidir. Cənab Prezidentin ekoloji müşavirədəki belə bir fikrinə diqqət çəkmək istərdik: “Abşeron yarımadasının torpaqlarının müəyyən hissəsi çirklənibdir. Neft tullantıları ilə çirklənmiş gölməçələr bu gün də bizi narahat edir. Məişət tullantılarının utilizasiyası məsələləri ilə, demək olar ki, ciddi məşğul olmamışıq”.

Abşeron yarımadasının ekoloji problemləri dövlət rəhbərinin xüsusi diqqəti nəticəsində bu gün uğurla həll edilir. Belə ki, yarımadanın neft tullantıları ilə çirklənmiş torpaqlarının təmizlənməsi prioritet sahə elan olunmuşdur. İlkin olaraq göllərin və ətrafının təmizlənməsi, torpaqların rekultivasiyası hesabına ərazilərin reabilitasiyası nəzərdə tutulmuşdur. Bununla bağlı nazirlik tərəfindən ciddi araşdırmalar aparılıb, müvafiq layihə təklifləri hazırlanır. Bu barədə ekoloji müşavirədə məlumat verən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirmişdir. Burada daha bir ciddi məsələ də diqqətdən yayınmamalıdır. Bu da məişət tullantıları ilə bağlıdır. Belə ki, Bakı şəhərində təkcə məişət tullantıları və tullantı qalıqları Abşeron yarımadasında havanın orta temperaturunun 1 dərəcə dəyişməsinə səbəb olub. Mütəxəssislərin fikrinə görə bu tullantıların açıq şəraitdə yandırılması isə yarana biləcək təhlükə riskini daha da artırır. Rəsmi məlumatlarda bildirilir ki, 1990-cı ilə nisbətən 2000-ci ildə Azərbaycanda atılan tullantıların miqdarı 2 dəfə azalmışdır. Hal-hazırda bu rəqəm daha da aşağıdır. Problemin aradan qaldırılması üçün Azərbaycan Prezidentinin sərəncamı ilə 2008-ci ildə “Təmiz Şəhər” ASC yaradılmışdır. Cəmiyyət Bakı şəhəri ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi işlərini həyata keçirir.

Digər tərəfdən, Bakı məişət tullantıları zavodunun tikintisinə başlanılmışdır. Bu, Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında çox əhəmiyyətli rol oynayacaq bir layihədir. Balaxanı poliqonunda da işlər davam etdirilir.

Digər problem Xəzərin ekologiyasının yaxşılaşdırılması ilə bağlıdır. Bu məsələ də dövlətin daim diqqət mərkəzindədir və həmin istiqamətdə də çox əhəmiyyətli layihələr həyata keçirilir. Azərbaycan Prezidentinin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi layihələr haqqında” sərəncamına əsasən yaradılmış modul tipli çirkab sutəmizləyici qurğulardan ibarət “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin fəaliyyəti nəticəsində Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıtın sahilboyu ərazilərində bataqlaşmış sahələrin və çirkab gölməçələrinin əksəriyyəti qurudularaq ekoloji tarazlıq bərpa olunmuşdur. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin vaxtaşırı Xəzərin ekoloji vəziyyəti ilə bağlı keçirdiyi monitorinqlərin nəticələri bir daha göstərir ki, artıq son vaxtlar Xəzər suyunun çirklənməsi prosesi xeyli zəifləmişdir. Bu, əlbəttə ki, Xəzərə axıdılan çirkab suların təmizlənməsi və onun ətrafında aparılan kompleks yaşıllaşdırma işlərinin təsiri ilə baş vermişdir.

Son vaxtlar, xüsusilə elan edilmiş “Ekologiya ili”ndə Bakı və Abşeronda, eləcə də Azərbaycanda yaşıllaşdırma işinə dövlət səviyyəsində xüsusi diqqət göstərilir. “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında”, “Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamların icrası artıq öz müsbət nəticəsini verməkdədir.

“Ekologiya ili”ndə təkcə ARDNŞ 150 min ağac və 16 min tingin əkilməsini nəzərdə tutmuşdur. Şirkət bu il Xəzər dənizinin tullantılardan təmizlənməsi istiqamətində işləri davam etdirəcək. Xəzərdən 82 min ton metal, taxta, beton tullantılarının təmizlənməsi planlaşdırılmışdır.

Belə bir fakt çox maraqlıdır ki, təkcə son üç ildə 32 min 211 hektar ərazidə meşəbərpa tədbirləri həyata keçirilmişdir. Abşeron yarımadasında, Zığ – Heydər Əliyev adına Beynəlxalq Hava limanı yolunun ətrafında 144 hektar ərazidə 140 mindən çox ting əkilmişdir. İndi Abşeronun əksər ərazilərində yaşıllaşdırma işləri sürətlə davam etməkdədir. Butövlükdə payız mövsümündən bu vaxta kimi 3 milyon 12 min ağac və kol əkilmişdir.

Əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin olunması istiqamətində son illər görülən işlər də sevindiricidir. Rəsmi məlumata görə, bu məqsədlə 112 kənddə belə qurğular quraşdırılmış, “Ekologiya ili”ndə isə daha 18 rayonun 62 kəndində həmin qurğuların istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Gələcəkdə isə 132 yaşayış məntəqəsində belə qurğuların yerləşdirilməsi layihəsi hazırlanmaq üzrədir. Bu, insanların sağlamlığı üçün çox vacib məsələdir. Ümumiyyətlə, bu sahədə kompleks tədbirlər görülür. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi bu il də davam etdiriləcək və istifadəyə veriləcək. Bu da əhalinin içməli su probleminin həllinə yardım edəcək.

Bu il çox ciddi bir problemin də həlli istiqamətində işlərin aparılacağını yəqin etmək olar. Ekoloji müşavirədə cənab Prezident Xəzər suyunun şirinləşdirilməsinin vacibliyi məsələsinə toxunaraq demişdir: “Hesab edirəm ki, vacib olan məsələlərdən biri Azərbaycanda heç vaxt sınaqdan keçməmişdir. Ancaq biz nə vaxtsa buna başlamalıyıq və Xəzər suyunun şirinləşdirilməsi, bu sudan suvarma üçün və gələcəkdə içməli su kimi istifadə edilməsi üçün lazımi tədbirlər görülməlidir. Mən hesab edirəm ki, 2010-cu ildə pilot layihəsi icra edilməlidir”. Hazırda bu istiqamətdə işlərin icrasına start verilmişdir. Bu prosesin reallaşması bir neçə ekoloji problemin həllinə köməklik göstərəcəkdir.

Bioloji müxtəlifliyin qorunması istiqamətində də mühüm layihələr reallaşdırılır. Azərbaycanda milli parklar, qoruqlar, yaşıllıqlar yaradılmış və bu sahədə işlər davam etməkdədir. Bütün milli parklarda ən müasir ofislərin, turistləri qəbul etmək üçün imkanların yaradılması artıq faktdır. “Ekologiya ili”, söz yox ki, yeni uğurlar vəd edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çox mühüm layihələri reallaşdırılacağına və Azərbaycan Respublikası Prezidentinin ekoloji problemlərlə bağlı sərəncam və tövsiyələrinin uğurla həyata keçiriləcəyinə, ölkənin ekoloji vəziyyətinin daha da yaxşılaşacağına böyük ümidlər yaranır.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının keçirdiyi birgə müsabiqəyə təqdim edilir.

 

Xalq qəzeti.- 2010.- 30 aprel.- S. 6.