Tərtər: cəbhə xətti yaxın olsa da...

 

    Sözün düzü, Tərtərə bu dəfəki səfərimizin məqsədi başqa idi. Ancaq rayonda gördüklərimiz, şahidi olduqlarımız, eşitdiklərimiz bizi fikrimizdən daşındırdı. Səbəb isə belədir: rayonda kənd təsərrüfatı işlərinin gedişi, əldə edilən nəticələr bizdə böyük maraq oyatdı, bu barədə ayrıca yazı hazırlamağı qərara aldıq.

 

    Bizcə, burada məsələnin başqa tərəfi də var: Axı, Tərtər cəbhə xəttində yerləşir. Atışma və başqa hücumlardan uzaq, sakit, dinc bölgələrdə yaşayanlarla cəbhə xəttinin iki addımlığında işləyənlərin fərqi, əlbəttə, böyükdür. Elə buradaca bəzi fakt və rəqəmləri sadalamaq yerinə düşərdi. Hazırda Tərtərin 48 kilometr ərazisi cəbhə xətti boyuncadır. 12 yaşayış məntəqəsi bilavasitə namərd düşmənlə üz-üzədir.

    Atəşgah rejimi qüvvədə olmasına baxmayaraq, erməni tərəfi demək olar ki, hər gün atəşkəsi pozur, basqın edir, atışma olur. Əkində-biçində, iş üstündə olan dinc əhalidən ölənlər, yaralananlar var. Öz ev-eşiyində, həyət-bacasında gündəlik işi ilə məşğul olan dinc kənd sakinlərini, dəfələrlə gülləyə tutublar. Burada yenə də bayaqkı fikrimizin üstünə qayıtmalı oluruq: Belə çətin, təhlükəli şəraitdə yaşamaq və işləmək, sözün əsl mənasında, qəhrəmanlıqdır. Ona görə də Tərtərdə kənd təsərrüfatı sahəsində əldə edilmiş uğurlar ikiqat fərəh və sevinc doğurur.

    Şıxarx kəndi. Geniş taxıl zəmilərinə yol buradan keçir. Ancaq bu kənddən sakit, rahat ötmək, sadəcə, mümkün deyil. Hər addımda yanmış, dağıdılmış evlər, partladılmış yollar ağır döyüşlərdən xəbər verir. Bəli, bu yerlərin hər qarışı qanla suvarılıb. Azərbaycan silahlı qüvvələrinin güclü əks-hücumu nəticəsində əvvəllər Marquşavan adlanan bu kənd düşməndən geri alınmışdı.

    Bu acı, kədərli xatirələrdən ayrılıb ətrafa baxanda ucsuz-bucaqsız taxıl sahələri görünür. Çox hissəsinin taxılı biçilib. Artıq konbaynlar son hektarlarda dövrə vururdu. Öyrəndik ki, bura "Tərtər" Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl sahəsidir. Bu il havaların əlverişsiz keçməsinə baxmayaraq, hər hektardan 31 sentner məhsul götürmüşlər.

    Söhbət zamanı "Tərtər" MMC-nin direktoru Fərman Qurbanov dedi:

    - Bu torpaqlar bizim dədə-baba yurd yerlərimizdir. Namərd ermənilər zaman-zaman öz planlarını həyata keçirsələr də, biz heç nədən çəkinmirik. Əkib-biçirik, məhsul bolluğu yaradırıq. Bizə inam və ümid verən bir də Azərbaycan Ordusunun hazırkı durumudur. Əkin-biçin vaxtı dəfələrlə erməni tərəfi atəşgah rejimini pozub, dinc sakinlərə atəş açıb. Ancaq, elə o dəqiqə də əsgərlər onları susdurublar. Demək istəyirəm ki, cəbhə xətti yaxın olsa da heç nədən qorxumuz yoxdur. Onu da əlavə edim ki, biz bu il taxıl sahələrini xeyli genişləndirməyi nəzərdə tutmuşuq.

    Bu ərazidə - cəbhə xətti boyunca "Azəraqro" Məhdud Məsuliyyətli cəmiyyət də taxıl əkib. Artıq biçin yekunlaşıb, sonuncu rəqəmlər məlumdur: hər hektardan 35 sentner! Çətin şəraitdə, yağı düşmənlə üzbəüz, basqın və atışma şəraitində əldə edilmiş bu göstərici böyük fərəh doğurur.

    Qapanlı kəndi. Bu, atəşgah rejimi qüvvədə olmasına baxmayaraq ən çox düşmən hücumuna məruz qalan yaşayış məntəqəsidir. Əkin-biçin sahələri, örüş yerləri düz düşmən postlarına dirənir. Kənd sakinləri deyirlər ki, ötən illər ərzində dinc insanlardan ölənlər, yaralananlar olub. Ancaq geri çəkilməmişlər. Ona görə ki, bu torpaqlar bizimdir, başqa yolumuz yoxdur, çörəyimiz bu yerlərdən çıxır.

    Bahadır Süleymanovla, Rizvan Əzizovla taxıl sahəsində görüşürük. Düzdür, biçin başa çatıb, məhsul anbarlara daşınıb. Ancaq, kənd əkinçiləri hələ də sahədədir, gələcək əkin yerlərini nəzərdən keçirir, ölçür-biçir, harada nə edəcəyini müəyyənləşdirirlər. Onları başa düşmək çətin deyil. Bu gün kənd adamı harada nə edəcəyini, nə qədər əkəcəyini dəqiq bilməlidir. Əlbəttə, burada əsas diqqət taxılçılığa yönəldilir. Gərək ilboyu anbardan taxıl, təknədən çörək əskik olmasın. Ancaq başqa sahələr də var axı. Meyvə, tərəvəz, pambıq, çuğundur, heyvandarlıq, yemçilik və s. Bütün bunlara isə gərək torpaq da çata, vaxt və işçi qüvvəsi də.

    Bahadır Süleymanov inamla danışır:

    - Vəziyyətimizi çətinləşdirən bir də odur ki, bizim yaşayış məntəqələri ilə erməni postları bir güllə məsafəsindədir. Özü də gündüzün-gecənin istənilən vaxtı atəşkəsi pozurlar. Kənd adamı isə gecə də, gündüz də çöldə-bayırda, həyət-bacadadır. Ancaq erməni xislətinə yaxşı bələdik. O, zora tabedir. Silahlı qüvvələrimiz cavab atəşi açan kimi susmağa məcbur olurlar. Demək istəyirəm ki, heç nədən qorxub-çəkinmirik. Bu il ən çox məhsulu cəbhə xətti boyunca yerləşən sahələrdən götürmüşük.

    Yeri gəlmişkən, mən burada Tərtər Rayon İcra Hakimiyyətinə, əlaqədar idarə, müəssisə və təşkilatlara öz minnətdarlığımızı bildirirəm. Onlar cəbhə xəttində yerləşən bütün yaşayış məntəqələrinə, o cümlədən bizim kəndə gündəlik diqqət və qayğı göstərirlər. Nə elektrik, nə su, nə qaz problemimiz var. Ortaya çıxan çətinliklər dərhal, gecikmədən öz müsbət həllini tapır. Bu isə əlbəttə, bizi daha da ruhlandırır, ayağımızı doğulub-böyüdüyümüz bu torpağa daha möhkəm dirəyir, sabaha böyük inam və ümidlə baxırıq.

    Biz rayonun Qaradağlı, Qaziyan, Həsənli, Əskipara və başqa sərhəd kəndlərində də olduq, adamlarla görüşdük, işlərin gedişi, əldə edilmiş nəticələrlə maraqlandıq. Hər yerdə də böyük mütəşəkkilliyin, ruh yüksəkliyinin, Vətən, torpaq sevgisinin şahidi olduq. O da maraqlıdır ki, cəbhə xəttində yerləşən təsərrüfatlarda ümumi məhsuldarlıq başqa yerlərə nisbətən daha yüksəkdir. Bu, olduqca sevindiricidir və öz-özlyündə çox şeydən xəbər verir. Hər şeydən əvvəl, indi adamlarımız doğulub-böyüdükləri, ana dediyimiz bu torpaqların əsl qədir-qiymətini həmişəkindən daha artıq bilir, onu göz bəbəyi kimi qoruyurlar. Kənd sakinlərini dinlədikcə yadımıza şairin məşhur kəlamı düşür: "Torpaq uğrunda ölən varsa - Vətəndir".

    Tərtər Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsgəndər İsmayılovla söhbət etmək çox maraqlıdır. Haradan, hansı sahədən sual versən cavab dərhal hazırdır. İllər üzrə apardığı müqayisələr, təhlil və araşdırmalar inkişaf dinamikasından xəbər verir. Son vaxtlar həyata keçirilmiş təsirli tədbirlər nəticəsində torpaqların əkin dövriyyəsi 20-23 min hektardan 31 min hektara çatdırılmışdır. Əvvəllər əkinə yararlı torpaqların 60-65, faizindən istifadə olunurdusa, hazırda bu rəqəm 90 faizə çatdırılmışdır.

    Bu gün rayonda aqrar bölmənin mexanikləşdirilməsi sahəsində böyük işlər görülür. Son illər "Aqrotexservis"lərin yaradılması, "Aqrolizinq" ASC-nin filialının açılması, sutkalıq emal gücü 10 ton olan süd emalı zavodunun tikilməsi, kənd təsərrüfatına xidmət edən təşkilatların maddi-texniki bazasının möhkəmləndirilməsi uğurları artırmışdır. 50-dən artıq yeni subartezian quyusunun vurulması, 60-ə qədər sahibsiz quyunun balansa götürülməsi, 70 quyunun bərpa edilməsi, irriqasiya və meliorasiya tədbirlərinin həyata keçirilməsi nəticəsində məhsuldarlıq artmışdır. Cəbhə xəttində 4 min hektardan çox torpaqlarda əkin-biçin aparılır, həmin torpaqlardan daha səmərəli istifadə edilir. Cari ildə rayon üzrə orta hesabla hər hektardan 21,7 sentner taxıl yığıldığı halda qoşunların təmas xəttində fiziki və hüquqi şəxslər tərəfindən əkilən sahələrdən 40-42 sentner taxıl götürülmüşdür.

    İl ərzində "Aqrolizinq" xətti ilə 4 taxılbiçən kombayn, 5 traktor, 2 traktor yedəyi, 1 səyyar yemüyüdən, 1 səyyar taxıltəmizləyən alınmışdır. Cari ilin ötən ayları ərzində rayon üzrə 18 milyon 160 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Aqrolizinq yolu ilə güzəştli şərtlərlə mülkiyyətçilərə 2011 ton azot gübrəsi satılmış, 5 ədəd yeni taxılbiçən alınmışdır. Buğda səpininə görə 3823 istehsalçıya 516 min 708 manat kompensasiya ödənilmişdir.

    Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün təsərrüfatlararası kanal və arxlar 339 min kubmetr lildən təmizlənmiş, daşqın və selə qarşı 42 min kubmetr torpaq işi görülmüş, 1,5 min beton kanal əsaslı təmir edilmiş, Bəyimsarov kəndində nasos stansiyasında yenidənqurma işlərinə başlanılmışdır.

    Qrunt sularının səviyyəsinin aşağı salınması üçün 324 min manat dəyərində meliorasiya işləri görülmüş və bu iş davam etdirilir.

    Ümumiyyətlə, 2010-cu ilin məhsulu üçün 30389 hektar sahədə əkin aparılmışdır ki, bunun da 16696,9 hektarını taxıl, 191 hektarını dənlik qarğıdalı, 164 hektarını lobya, 1209 hektarını pambıq, 379 hektarını şəkər çuğunduru, 463 hektarını günəbaxan, 445 hektarını kartof, 910,5 hektarını tərəvəz, 9924 hektarını yem bitkiləri və s. təşkil edir. 2009-cu ilə nisbətən dən üçün arpa əkini 732 hektar, pambıq əkini 359 hektar, şəkər çuğunduru 209 hektar, dən üçün günəbaxan 55 hektar, tərəvəz əkini 61 hektar, yem bitkiləri əkini 3740 hektar artmışdır.

    İlin birinci yarısında 10600 hektar taxıl sahəsindən 22317 ton məhsul yığılmışdır ki, bunun 7627 hektarından 16404 ton buğda və 2973 hektarından 5913 ton arpa istehsal edilmişdir. İqlimin təsərrüfat üçün əlverişli olmamasına baxmayaraq hər hektardan 21,7 sentner buğda istehsal edilmişdir.

    Rayonda iri malın sayı 24020 başa, qoyun-keçilərin sayı isə 67439 başa çatdırılmışdır. 2009-cu ilin müvafiq dövrünə nisbətən iri mal 504 baş, qoyun-keçilər 1898 baş artmışdır. Birinci yarımildə 849 ton ət, 6085 ton süd, 1980 min ədəd yumurta və 104 ton yun istehsal olunmuşdur ki, bu da bütün göstəricilər üzrə ötən ilin müvafiq dövrünə nisbətən xeyli çoxdur.

    Biz cəbhə xəttində yerləşən Tərtərdə son illər kənd təsərrüfatı sahəsində əldə edilmiş uğurlardan söhbət açdıq. Qeyd etmək yerinə düşər ki, inkişaf və irəliləyiş bütün sahələri əhatə edir. Tərtər şəhəri indi öz simasını tanınmaz dərəcədə dəyişmiş, daha abad, müasir və yaraşıqlı olmuşdur. Onlarla müasir tipli binalar tikilmiş, yeni parklar, xiyabanlar salınmış, küçələr, səkilər genişləndirilmiş, işıqlandırma sistemi tamamilə dəyişdirilmişdir. Şəhər bütün istiqamətlərə öz sərhədlərini genişləndirmiş, yeni məhəllələr salınmış, ictimai və yaşayış binaları ucaldılmışdır. Tərtər indi bulaqlar, güllər və çiçəklər şəhərinə çevrilmişdir

    Onu da əlavə edək ki, tikinti-quruculuq və abadlıq tədbirləri təkcə Tərtər şəhərini əhatə etmir. Son illər genişmiqyaslı tikinti-quruculuq işləri rayonun bütün yaşayış məntəqələrini əhatə etmişdir. Əsas cəhət odur ki, insan amili diqqət mərkəzindədir, onların vacib sosial ehtiyatları uğurla həll edilir. Əvvəllər az qala xroniki xəstəliyə çevrilmiş və haqlı narazılığa səbəb olan bir sıra vacib məsələlər, o cümlədən elektrik, qaz, su və başqa məsələlər öz uğurlu həllini tapmışdır.

    Təsadüfi deyildir ki, Tərtərin hər iki sahilində, Murovun ətəklərində yerləşən bu füsunkar torpaq son illər kurort şəhərlərə çevrilmişdir. İndi yay aylarında Tərtərə istirahət etməyə, dincəlməyə gələnlərin sayı az qala öz əhalisi qədərdir. Yaxın, uzaq bölgələrdən gələnləri təkcə bu yerlərin təbii gözəllikləri, təmiz havası, saf suyu heyran etmir. Onlar burada insan əli ilə yaradılmış, qurulmuş gözəlliklərə də heyranlıqla tamaşa edir, böyük zövq alır, günlərini xoş və mənalı keçirirlər.

    Bəli, bu gün Tərtər öz inkişafının yeni, yüksək mərhələsinə qədəm qoymuşdur. Ən əsas cəhət odur ki, rayonda sağlam mənəvi-psixoloji mühit mövcuddur, yaradıcı, təşəbbüskar ab-hava var. Rayon icra hakimiyyətinin, onun yerli strukturlarının iş üslub və metodlarında, təşkilat-idarəetmə məsələlərində maraqlı cəhətlər özünü göstərir,

    Bu iş daha çox elmi münasibətə əsaslanır, insan, onun qayğı və problemləri ön plandadır.

    Tərtərlilər bütün bu inkişaf və irəliləyişi, əlbəttə, ilk növbədə respublika Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı ilə bağlayır, ölkə rəhbərinin apardığı daxili və xarici siyasət xəttini ürəkdən bəyəndiklərini və müdafiə etdiklərini bildirir və bundan sonra da səy, qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini bəyan edirlər. Bu isə son illər Tərtərdə əldə edilmiş uğurların həlledici amilidir.

 

 

    Ziyəddin SULTANOV,

    "Xalq qəzeti"nin bölgə müxbiri

 

    Xalq qəzeti.- 2010.- 25 avqust.- S. 5.