Ermənistana güzəşt Azərbaycana zərbədir

 

    Hər dəfə olduğu kimi bu gün də, dünyanı ikili standartlarla yönləndirməyə çalışan güc mərkəzlərinin təzyiqi qarşısında, türk dünyasının tarixi düşməni olan Ermənistanla sərhədləri açmaq istəyinə düşən Türkiyə rəsmilərinin mövqeyi Azərbaycanı və Azərbaycan xalqını təəssüfləndirir və sarsıdır. Belə məqamlarda, ilk açılış təklifi gündəmə gələndə Azərbaycan Prezidenti cənab İlham Əliyevin də bu məsələdə qətiyyətli mövqeyinə yüksək qiymət verən nüfuzlu Stratfor Araşdırmalar Mərkəzinin şərhi yadıma düşür. Azərbaycanla Türkiyənin dərin köklərə söykənən əməkdaşlığa malik olduğunu göstərən mərkəz yazırdı: "Azərbaycanlılar özlərini türk qrupundan olan xalq yox, məhz türk hesab edirlər. Sovetlər birliyi çökəndən sonra iki məsələ bu ölkələri bir-birinə daha da yaxınlaşdırdı. Birincisi, Türkiyə Azərbaycanla sərhədlərini açdı, böyük pullar ölkəyə axdı. İkincisi isə Türkiyə Qarabağ müharibəsinə və Azərbaycan torpaqlarının işğalına etiraz olaraq, Ermənistanla sərhədlərini bağladı".

 

    Mərkəz daha sonra göstərirdi ki, "düzdür, coğrafi olaraq Azərbaycan Xəzər dənizi və Gürcüstana qapı kimi mühüm əhəmiyyətə malikdir, lakin Türkiyəsiz azərbaycanlılar öz ölkələrinin mövcudiyyəti üçün çox narahatdırlar. Buna görə də türk-erməni düşmənçiliyi Azərbaycan siyasətinin onurğa sütununu təşkil edir".

    Mən tam qətiyyətlə bildirirəm ki, bu gün Türkiyənin Ermənistanla sərhədləri bir saatlıq belə olsa açmağa qərar verməsi nəinki Azərbaycan Türkiyə birliyinə, qardaşlığına, həm də məhz Azərbaycan siyasətinin "onurğa sütununa" endiriləcək böyük zərbə olacaq.

    Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanın həyata keçirdiyi xaricidaxili siyasət ölkəmizin mövqelərini bütün dünyada sürətlə möhkəmləndirmiş və işğalçı Ermənistanın danışıqlarda manevr etmək imkanlarını məhdudlaşdırmışdır. Heç şübhəsiz, bu məsələdə, Türkiyənin bütün bu dövr ərzində siyasi dəstəyi və mövqeyində israrlı olması da az rol oynamamışdır. Məhz sərhədlərin işğalçı Ermənistanın üzünə bağlanması, bu ölkənin iqtisadiyyatına ciddi ziyan vurmuşdur. Erməni analitiklərinin hesablamalarına görə toplam uzunluğu 325 kilometr olan Türkiyə-Ermənistan sərhədinin bağlı olması və Azərbaycanla düşmənçilik üzündən işğalçı ölkənin iqtisadiyyatı ildə 570-720 milyon dollar həcmində ziyan çəkir. Dünya Bankının hesablamalarına görə isə Türkiyə Ermənistanla sərhədləri açarsa, işğalçı ölkə bundan təkcə iqtisadi cəhətdən 320-400 milyon dollar fayda götürəcək. Erməni iddialarına görə, sərhədlərin açılması Azərbaycana böyük diplomatik zərbə olacaq, Ermənistan isə Dağlıq Qarabağ danışıqlarında siyasi gedişlər üçün böyük üstünlük əldə edəcək.

    Uzun illərin müttəfiqliyindən və dəstəyindən sonra Türkiyə siyasiləri azərbaycanlı qardaşlarına bunumu ərmağan edəcəklər?! Bəlkə, ümummilli lider Heydər Əliyevin 1994-cü il fevralın 9-də Böyük Millət Məclisində bütün Türkiyəyə səsləndirdiyi ulu Atatürkün vəsiyyətini bu qardaş ölkənin rəsmiləri unudub? Onda xatırladım ki, Türkiyə Cümhuriyyətinin 10 illiyi münasibətilə bütün Türkiyəyə səslənən Mustafa Kamal Atatürk demişdi: "Sovet İttifaqı bu gün bizim dostumuz, qonşumuz, müttəfiqimizdir. Bu dostluq bizə çox lazımdır. Lakin bu gün heç kim deyə bilməz ki, sabahbaş verəcək. Osmanlılar kimi parçalana, Avstriya-Macarıstan kimi bölünə bilərlər. Möhkəm əllə bir yerə toplaşmış millətlər, sabah dağıla bilər. Dünyada balans pozula bilər. Və Türkiyə belə məqamda nə etmək lazım olduğunu bilməlidir. Dili dilimizdən, dini dinimizdən olan, mahiyyətcə bir olduğumuz qardaşlarımızı bizim dostumuz idarə edir. Biz onları öz himayəmizə götürməyə hazır olmalıyıq. Sakitcə bu günü gözləmək yox, ona hazır olmalıyıq... Bizi körpülər kimi inamtarix birləşdirir".

    Tarixi birliyə, əzəli qardaşlığa xələl gətirə biləcək addımları atmağa əsas varmı? Əzəli düşmənin mənfəəti naminə, əzəli qardaşa xəyanət olarmı?

    Olmaya türklərin əzəli düşməni olan və "Böyük Ermənistan" kimi xəstə təxəyyülündən əl çəkməyən ermənilər, bütün dünyaya car çəkdikləri Türkiyənin ermənilərə soyqırımı iddialarından əl çəkiblər? Olmaya Ermənistan 23 avqust 1991-ci ildə qəbul etdiyi müstəqillik bəyannaməsinin 11-ci maddəsində Türkiyənin Doğu Anadolu bölgəsini tarixi Ermənistan ərazisi adlandırmaqdan vaz keçib?!

    İçimizi ağrıdan da, canımızı yaxan da odur ki, işğalçı Ermənistan nə Dağlıq Qarabağ danışıqlarındakı ədalətsiz mövqeylərindən, nə Türkiyəyə ünvanlanan əsassız iddialarından əl götürmədiyi halda, Türkiyə güzəştə getməyə və bu güzəştlə qardaş Azərbaycanı çətin bir vəziyyətə salmağa yönəldilir. Dünyanın ermənipərəst qüvvələri regionda güclü strateji müttəfiqə çevrilmiş Türkiyə-Azərbaycan əməkdaşlığını hər vasitə ilə pozmağa, bu "bir millətin iki dövləti" arasında nifaq yaratmaq istəyirlər ki, son məqamda öz istəklərinə nail olsunlar.

    Şübhə etmədən və tam qətiyyətlə deyirəm ki, sentyabr ayında NATO təlimləri çərçivəsində Türkiyə ilə Ermənistan sərhədlərinin müvəqqəti açılması ehtimalı reallaşarsa, bu Türkiyə-Azərbaycan münasibətlərinə, qardaşlığına və əməkdaşlığına çat salacaq ilk zərbə olacaq. Dünyanın gözü qarşısında öz işğalçılıq siyasətinə son verməyən, bu gün də Azərbaycana və azəri türklərinə qarşı vandal hərəkətlərindən əl çəkməyən Ermənistana belə bir güzəştin edilməsi ən azı bütün türk dünyasının sözünə hörmət qoymaması anlamına gətirib çıxarar. Ümid edirəm ki, Türkiyə Böyük Millət Məclisindəki həmkarlarım bu məsələdə qəti mövqe nümayiş etdirəcəklər.

 

 

    Hüseynbala MİRƏLƏMOV,

    Milli Məclisin üzvü, yazıçı-dramaturq

 

    Xalq qəzeti.- 2010.- 27 avqust.- S. 4.