Türk dünyasının fəxri

 

Dünyaya xalqlar, millətlər, insanlar arasında nizam, harmoniya yaratmaq üçün gəldiklərinə həmişə ürəkdən inanan türklər dünyanı öz iradələrinə tabe etməyə çalışmaqdan daha çox, zamanın sosial-siyasi xarakterini müəyyənləşdirməyə, qlobal proseslərin arxasınca deyil, önündə getməyə cəhd etmişlər. Türkləri qaniçən, despot kimi tanıtmaq istəyən tarixçilər indiyə qədər bir dənə də olsa əhəmiyyətli fakt, sübut göstərə bilməmiş, əvəzində isə ancaq böhtançı adını əvvəlcədən özləri üçün təmin etmişlər... Türklər əsrlər, hətta min illər boyu dünyanın müxtəlif xalqları ilə sülh şəraitində yaşamış, qurduqları nəhəng imperiyalarda bütün millətlərə yer vermiş, dünyanın vaxtaşırı pozulan harmoniyasını bərpa etmək üçün böyük ideologiyalar yaratmışlar. Onlar heç bir xalqın tarixi ilə müqayisəyə gəlməyən möhtəşəm tarixlərində dünya mədəniyyətinə heç bir xalqda müşahidə olunmayan bir səviyyədə maraq göstərmişlər. Yalnız bir faktı xatırlamaq kifayətdir ki, dünyanın əsas dinlərinin, demək olar ki, hamısı - buddizm, iudaizm, xristianlıq, İslam və s. müəyyən tarixi dövrlərdə türklər tərəfindən qəbul edilmişdir.

Və türklərin, tarixləri boyu dünyaya bu cür açıq olmalarının, dünya ilə bu cür fəal (və təmənnasız) münasibətlərinin nəticəsidir ki, zaman-zaman dünya miqyaslı mütəfəkkirlər, sənətkarlar, ictimai-siyasi xadimlər, dövlət adamları yetirə bilmişlər. Türk dünyasının fəxri olan Heydər Əliyev zəmanəmizin yetirdiyi böyük türklərdən biri, bəlkə də birincisidir...

Heydər Əliyev hər dövrü, hər mərhələsi məktəb olan, həqiqətən, qeyri-adi bir ömür yaşamış, yalnız mənsub olduğu Azərbaycan xalqının, türk xalqlarının deyil, ümumən dünya xalqlarının təsəvvüründə özünün mükəmməl obrazını, aydın cizgiləri ilə seçilən möhtəşəm portretini yaratmışdır.

Heydər Əliyev qədim türk torpağı olan Naxçıvanda dünyaya gəlmişdir... Naxçıvanın min illərlə ölçülən mürəkkəb, gərgin bir tarixi var, bu torpaqda onlarla böyük türk hökmdarının marağı, siyasəti, etirazları toqquşmuş, qanlı vuruşmalar, qırğınlar olmuşdur. Bugünkü naxçıvanlıların dünyagörüşündə, mənəviyyatında, əxlaqında çox-çox qədim dövrlərin bir-birinin üstünə qalanmış, süxurlanmış düşüncə mədəniyyətinə rast gəldiyimiz kimi, dillərində, danışıqlarında həmin qədimlikdə olan türk leksikonunu, intonasiyasını görərsiniz.

...Naxçıvan kasıb yerdir, qışı soyuq, yayı istidir. Və naxçıvanlıların çörəyi, özləri demişkən, daşdan çıxır... Görünür, sərt həyat tərzi bu yerlərin əhalisinin, insanlarının xarakterinin formalaşmasında az rol oynamamışdır. Lakin naxçıvanlılar bu kasıb torpağı əsrlər, hətta min illər boyu canları bahasına qorumuşlar, qurbanlar, şəhidlər vermişlər. Ona görə də naxçıvanlıların nəzərində, yəqin ki, Naxçıvandan gözəl bir diyar yoxdur...

Heydər Əliyevin qısa bir zamanda qazandığı müqayisəyəgəlməz ictimai-siyasi uğurların ən mühüm şərti, heç şübhəsiz, onun qorxmazlığı, cəsarəti, qranit kimi möhkəm iradəyə malik olmasıdır.

... Azərbaycanda, ümumən keçmiş Sovetlər İttifaqında Heydər Əliyevin həmin xüsusiyyətləri barədə əfsanələr dolaşır. Əlbəttə, məsələ bu əfsanələrin reallığa nə dərəcədə yaxın olub-olmamasında deyil, məsələ ondadır ki, cəmiyyət, ictimai şüur Heydər Əliyevi əfsanəvi şəxsiyyət kimi tanıyır. O, istər dövlət təhlükəsizliyi orqanlarında, istərsə də Azərbaycan Respublikasının bilavasitə rəhbərliyində çalışdığı illərdə cəsarətli qərarlar qəbul etmiş, həmin qərarları dönmədən, heç bir maneəyə güzəştə getmədən həyata keçirmiş, demək olar ki, bir dəfə də sözündən dönməmişdir... Özündən əvvəlki respublika rəhbərliyinin liberallığına, mərkəzdən (Moskvadan) asılılığına, şəxsi rahatlığa meyilli olmalarına qarşı Heydər Əliyev əsl milli rəhbər obrazını qoymuş, bütün kəskinliyi ilə təsdiq etmişdir.

20-30-cu illərdə hələ Azərbaycanda (ümumən türk sovet respublikalarında) "türk" sözü qadağan olunmamışdı: "türk dili", "Azərbaycan türklərinin ədəbiyyatı", "türk mədəniyyəti", "türk teatrı", "türk işçisi" və s. ifadələr böyük tarixi olan bir milli hadisəni hələ öz adı ilə adlandırırdı. Heydər Əliyevin gəncliyi məhz bu illərdə keçmişdi... 30-cu illərdə (xüsusilə həmin onilliyin birinci yarısında) Azərbaycan orta məktəblərində ana dili, ədəbiyyat, tarix fənləri türkçülükdən heç də tamamilə "xilas olmamışdı". Türkiyə ilə müqavilə əsasında Azərbaycana gəlmiş türkiyəli mütəxəssislərin 20-ci illərdə tərtib etdikləri proqramlar, dərsliklər hələ bu və ya digər dərəcədə qüvvədə idi. Vətənini sevən müəllimlər də vardı... Və 30-cu illərin inqilabi coşğunluğu, siyasi-ideoloji təlatümləri məktəblərdə istər-istəməz milli hisslərlə kompromisə girməli olurdu. Heydər Əliyev təhsilini belə bir məktəbdə almış, 30-cu illərin təbəddülatlı ideyalar mühitində böyümüşdü. Həmin mühit insanı köləyə də çevirə bilərdi, milli ideyalar uğrunda mübarizə də...

...Heydər Əliyevdə türkçülük duyğuları gənc yaşlarında orta məktəb şagirdi ikən oyanmışdı. O zaman türkçülüyü əsasən Türkiyəyə - yeganə müstəqil türk dövlətinə maraq müəyyən edirdi. Böyük türkçü sonralar xatırlayırdı ki, "cocuq ikən, gənc yaşlarımda Türkiyəyə böyük hörmətim, məhəbbətim var idi. İndi ola bilər ki, elə böyük sirr deyil açım, o vaxtlar mən türk dili lüğətini, türk dili dərsliyini götürmüşdüm, türk dilini öyrənirdim. Bunu da açıq deyə bilərəm ki, müəllimim də var idi, bir müddət - iki-üç il mənə türk dili öyrətdi. Türkiyənin tarixini öyrənirdim, şairlərini öyrənirdim. Gənc ikən indi mənim yaşımda olan adamlar ola bilər ki, bunu xatırlasın, məsələn, Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanı bizim hamımızı heyran edən bir əsər idi... Ancaq mən "Çalıquşu"nu 13-14 yaşımda oxumuşdum. O, məni heyran etmişdi". Heydər Əliyev daha sonra xatırlayır: "Bir "Çalıquşu" deyil, biz o vaxtlar Türkiyənin böyük şairlərini, yazıçılarını öyrənirdik. Əbdülhəq Hamid, Tofiq Fikrət və bir neçə başqaları bizim o vaxt, orta məktəbdə oxuduğumuz illərdə ədəbiyyat dərsliklərimizə daxil idi. Ədəbiyyat dərsliklərində Türkiyənin bu böyük yazıçılarının, şairlərinin əsərləri indi də gözümün qabağındadır. Yəni mən gənc yaşlarımda, bu da təbiidir , burada heç bir qeyri-təbii şey yoxdur, içərimdən, kökümdən, qəlbimdən, mənəviyyatımdan gələn bir hissiyyatdır ki, Türkiyəyə böyük maraqla, heyranlıqla baxırdım"...

Gələcəyin böyük Azərbaycan və ümumən türk dövlət xadimini Türkiyəyə (həm yaxın, həm də əl çatmayan, uzaq məmləkətə) hələ ilk gəncliyindən bağlayan hisslər onu həyatının heç bir dövründə, mərhələsində tərk etməmişdi: "... Biz Türkiyə ilə Azərbaycan arasında həyat körpüsünü, ümid körpüsünü yaradanda da mən bu hissiyyatları yaşadım. O vaxt mən Naxçıvanda yaşayırdım. Həyatım belə gətirdi ki, mən Naxçıvanda doğuldum, böyük bir yol keçdim, Moskvaya getdim. Ondan sonra gəlib doğulduğum yerdə yaşamağa məcbur oldum. Mənim üçün bu da çox gözəl bir dövrdür. Ona görə gözəl bir dövrdür ki, Türkiyə ilə Azərbaycan arasında əsrlər boyu həsrətində olunan körpünün tikilməsində iştirak etdim, o körpünün inşasını apardım və Türkiyənin böyük oğlu Süleyman Dəmirəllə, Türkiyənin millət vəkilləri ilə, nazirləri ilə birlikdə həsrət, ümid körpüsünü bir yerdə açdıq"...

1994-cü il noyabrın ilk günlərində Türkiyənin Böyük Millət Məclisində yada saldığı bu xatirələrə Heydər Əliyev onu da əlavə edir ki, "... Azərbaycanda belə həsrətlərlə yaşamış adamlar çox olub. Onların bir çoxu bu günləri görmədən həyatını dəyişib. Ancaq biz xoşbəxtlərdənik ki, bu günləri gəlib görmüşük. Türkiyə ilə Azərbaycanın bərabərliyini, dostluğunu görürük, onun şahidiyik və bu dostluğu daha da inkişaf etdirmək üçün fəaliyyət göstəririk...".

30-cu illərin sonlarına doğru SSRİ-də (xüsusilə Azərbaycanda) türkçülüyə qarşı aparılan qəddarcasına mübarizə milli-ictimai təfəkkürdə dəhşətli sarsıntılar törətdi, düşünməyə qabil insanlar sovet ideologiyasının amansız təzyiqi altında məhv edildilər, bütöv xalqlar yerindən-yurdundan didərgin düşdülər: Krım tatarları, Mesxeti türkləri, Şimali Qafqaz türkləri... Orta Asiya və Qazaxıstan çöllərinə, Cənubi azərbaycanlılar isə İrana sürgün olundular... Əlbəttə, həmin illərdə Heydər Əliyev hələ gənc idi, dəyişən, pozulan, yenidən düzülməyə cəhd edən, qəddar ideologiyalar, amansız mövqelər, coşğun ehtiraslar əlində oyuncağa çevrilmiş dünyanı ancaq gənclik marağı ilə seyr edir, həyatda ancaq ona məxsus olan, taleyin məhz onun üçün ayrıdığı yeri axtarırdı... İlk tapıntılar dövlət təhlükəsizliyi orqanlarından başlandı, ətrafdakı hadisələri izləməyə, araşdırmağa, fenomenal yaddaşına yığıb təhlil etməyə meylli olan gənc çox qısa bir müddətdə öz işinin ustasına çevrildi: onun çalışdığı sahə dünyanın tərs üzünü görməyə, hadisələrin, proseslərin mahiyyətinə varmağa, artıq hökm - fərman olmuş sovet ideologiyasının fəaliyyət metod və üsullarını müşahidə etməyə imkan verirdi... Dövlət təhlükəsizliyi orqanlarındakı işi gələcəyin böyük ictimai-siyasi və dövlət xadiminin möhkəm xarakterini, sərt məntiqini daha da cilalayırdı...

Heydər Əliyevin dövləti idarə məharətinin formalaşmasında 50-60-cı illər həlledici rol oynamışdır, məhz bu illərdə respublika rəhbərliyindəki yüksəkliyi eyni zamanda, ona imkan verirdi ki, sovet dövlətçiliyinin həm məzmunu, həm də praktikasına dərindən bələd olsun. Bu cür dərindən bələdlik aşağı-yuxarı qırx yaşlarında olan, artıq yetkin dövlət adamına birinci növbədə kifayət qədər mürəkkəb sosial-siyasi mühitdə fəaliyyətinin strategiyası ilə taktikasını düzgün əlaqələndirmək məharəti qazandırdı.

Geniş yayılmış belə bir fikir mövcuddur ki, 80-ci illərdə sovet dövləti rəhbərliyində işləməyə aparılan Heydər Əliyev Moskvada o səviyyədə yeganə türk idi; əslində, həmin sözləri bu və ya digər şəkildə 50-60-cı illərin Bakısı barədə də demək mümkündür... Bakıda Azərbaycan rəhbərliyində M.C. Bağırovun mühakiməsindən sonra milli kadrlar artıq heç nəyi həll etmirdilər, dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər baxımından faciəli idi. Heydər Əliyev sonralar Moskvada görmək istədiyi işləri Bakıdan başladı. Rus-sovet dövlətçiliyinin tarixi əsasında qədim türk dövlətçiliyinin əsrlər boyu qazandığı təcrübə dayanmışdı... IX-XII əsrlərdə qıpçaqlar, XIII-XVI əsrlərdə monqol-tatarlar, görkəmli türkoloq L.N. Qumilyovun sübut etdiyi kimi, Avrasiya dövlətçiliyini yaratdılar. XVII-XVIII əsrlərdə Qərbi Avropanın müasir texnikaya əsaslanan dünya hakimiyyəti iddiaları Rusiyanı da öz ağuşuna aldı, avropalı olmağa cəhd edən Rusiya sarayı avropalı kimi yeməyi, geyməyi, danışmağı hələ əməlli-başlı mənimsəməmişdi ki, XIX əsr gəldi. Avropa Rusiyada daha çox silahı, hərbi texnikası, inqilabi çevriliş ideyaları, üsyanları ilə görünməyə başladı... Və görməmiş Rusiya bir-birinin ardınca çevrilişlərə məruz qalıb, nəhayət ki, qeyri-adi, analoqu olmayan bir dövlətə - sovet dövlətinə çevrildi.

...Hansı qiyafədə təzahür edirsə-etsin, mahiyyət etibarilə bir türk dövləti olan Rusiya - SSRİ dövlətçilik təfəkkürü zəif rus-slavyan xadimləri tərəfindən heç zaman normal idarə edilə bilməmişdir. Türklər isə XVII əsrdən etibarən yüksək idarəçiliyə, demək olar ki, buraxılmamışlar... Ona görə də rus-slavyanlarla azsaylı (az qorxulu!) qeyri-türklər arasında həmişə nə isə bir yaxınlaşma, dövlət idarəçiliyinə qarşılıqlı münasibət, qeyri-rəsmi saziş özünü göstərmişdir.

Heydər Əliyev öz böyük türk ağlı ilə bunları görürdü. Və əslində, çox şeyləri görürdü... Sovet türklüyü kommunizm bayrağı altında taktiki hərəkət qabiliyyətini bütünlüklə itirmişdi, rus-slavyan düşüncəsi bir kənddə qurduğu kommunizmi - kolxozu bütöv bir ölkədə qurmağa çalışırdı, azsaylı (lakin çevik) xalqlar kosmopolit mühitdə daha sərbəst hərəkət edirdilər.

...Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən bir neçə il sonra Azərbaycanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində, həqiqətən, yeni bir dövr başlandı. Bakı hələ Moskva deyildi, sovet hakimiyyəti Bakıya, deyək ki, Tbilisidən, yaxud Yerevandan çox əhəmiyyət verirdi. 1926-cı ildə Bakıda I Türkoloji qurultay keçirilmişdi, burada Şərq xalqlarının məclisləri, yığıncaqları olmuşdu, buradan Şərq dünyasına tarixi yollar uzanırdı... Bakı Şərqin qapısı idi. Heydər Əliyevin Bakıda gözlənilməyən bir sərbəstliklə respublikanı idarə etməyə başlaması nəinki Moskvada, heç Bakının özündə də rahat qarşılanmadı. Niyə? Ona görə ki, yeni dövlət başçısı gözlənilməyən bir halda neçə illərin sükunətini hərəkətə gətirdi, simasızlaşmağa gedən milləti oyatdı, türk düşüncəsini silkələdi, pozulmaqda olan ictimai əxlaqı dindirdi... Bu isə özünə möhkəm yer eləmiş, gedəni söyüb, gələni öyməklə neytrallaşdıran, müxtəlif millətlərdən ibarət məmurları təmin etmirdi; şantaja, böhtana əl atdılar, lakin bu türk o biri türklərdən deyildi... Moskvaya gəldikdə isə... Böyük bir işə başladığını yaxşı bilən Heydər Əliyev, əvvəla, L.İ. Brejnevin şəxsində özünə möhkəm dayaq tapmışdı, ikinci tərəfdən, iqtisadiyyatı dirçəldən, "kommunizmin maddi bazası"nı hazırlayan bir respublika rəhbərinə açıq şəkildə qarşı çıxmaq üçün heç bir ciddi əsas yox idi...

Türk hökmdarlarının böyük ənənələrini davam etdirən Azərbaycan rəhbəri respublikanı nəhəng tikinti meydanına çevirdi: Bakı şəhəri görünməmiş bir sürətlə abadlaşdırıldı, Naxçıvanda, Gəncədə, Sumqayıtda, respublikanın rayon mərkəzlərində mədəniyyət evləri, məktəblər, inzibati binalar, yaşayış evləri tikildi, kanallar çəkildi, su anbarları yaradıldı və s. və i. a. Heydər Əliyev bu vaxta qədər ittifaq miqyasında, demək olar ki, adı çəkilməyən respublikanı SSRİ-nin ən qabaqcıl müsəlman-türk respublikasına çevirdi; on ildən artıq müddətdə Heydər Əliyevin Azərbaycanın iqtisadi, mədəni, mənəvi yüksəlişi üçün gördüyü işləri o zaman SSRİ respublikalarından heç birinin rəhbəri görməmişdi... Heç digər görkəmli türklər- D.Ə. Kunayevlə Ş.R. Rəşidov da görə bilməmişdilər... Halbuki onlara nisbətən cavan Heydər Əliyev artıq müəyyən taktiki məqsədlərlə Moskvanın gözlərini qamaşdırmaqla kifayətlənmir, mənsub olduğu millət üçün çox böyük işlər görməyə, strateji planlarını həyata keçirməyə çalışırdı. Həmin planlardan biri, bəlkə də, birincisi xalqın özünü özünə tanıtdırmaq, onun normal etnokulturoloji həyatını bərpa etmək idi...

Heydər Əliyev Azərbaycan tarixinin ən müxtəlif problemlərinin öyrənilməsinə, milli tarixi təfəkkürün oyadılmasına xüsusi əhəmiyyət verdi, ixtisasca tarixçi olan (o, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir) Heydər Əliyev üçün tarix yalnız "üzü keçmişə siyasət" deyildi, həm də və bəlkə də, daha çox millətin öz həqiqi keçmişini dərindən öyrənib gələcəyə hazırlıqlı getməsi üçün bir məktəb, ilham mənbəyi idi. Azərbaycan xalqının mənşəyi, formalaşması, Azərbaycan millətinin təşəkkülü kimi mühüm tarixşünaslıq problemləri məhz 70-ci illərdə bütün elmi-ideoloji kəskinliyi ilə qoyuldu, müşavirələr, müzakirələr keçirildi. Və bu gərgin axtarışlar heç bir elmi adı, alimlik dərəcəsi olmayan Heydər Əliyevin bilavasitə, yaxud dolayısı ilə rəhbərliyi altında gedir, vaxtaşırı ona məlumatlar verilirdi.

...Onun üçün tarix sosial-siyasi tarixlə məhdudlaşmırdı, Heydər Əliyev milli dil, ədəbiyyat, mədəniyyət və s. tarixinin problemləri ilə də maraqlanır, mütəxəssisləri səfərbər edirdi. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin yalnız tarixi ilə deyil, bugünü ilə də sonsuz enerji ilə məşğul olan, Azərbaycan yazıçıları, mədəniyyət, incəsənət xadimləri ilə ardıcıl görüşən, onların qurultaylarında fəal iştirak edən respublika rəhbəri millətin yaradıcı qüvvələrini əvvəlki illərin ətalətindən çıxardı, onlarla görkəmli yazıçı, incəsənət, mədəniyyət, elm xadiminin sədası məhz respublika rəhbərinin nüfuzu sayəsində qısa bir zamanda SSRİ-nin mərkəzindən gəlməyə başladı... Yəni Azərbaycan Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə təkcə nefti, pambığı, üzümü ilə deyil, mənəvi-intellektual sərvətləri ilə də ittifaq miqyasında məşhurlaşmışdı...

Respublikanın müxtəlif rayonlarında dünya mədəniyyətindən, demək olar ki, təcrid edilmiş şəkildə yaşayan, lakin zəhmətkeş, istedadlı xalqın Azərbaycanın mərkəzi ilə əlaqələrinin genişlənməsində də Heydər Əliyevin bugünə qədər dərindən araşdırılmamış (lakin araşdırılmaya ehtiyacı olan!) mühüm xidmətləri olmuşdur, məhz bu görkəmli şəxsiyyətin, böyük dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində Bakı "beynəlmiləl" şəhərdən milli şəhərə çevrilirdi... Yeganə ümumittifaq türkologiya jurnalı da 1970-ci ildən məhz Bakıda çıxmağa başladı. Azərbaycana rəhbərlik etdiyi illərdə yalnız Azərbaycan ictimaiyyəti deyil, ümumən sovet ictimaiyyəti gördü ki, Heydər Əliyev təkcə qorxmaz, cəsarətli, möhkəm iradəli bir rəhbər yox, həm də müdrik, ensiklopedik məlumata, güclü məntiqə malik, cəmiyyəti dərindən bilən, onu bu və ya digər məqsəd uğrunda hərəkətə səfərbər etməyi bacaran təşkilatçı dövlət xadimi, yüksək səviyyəli ideoloqdur... Belə şəxsiyyətlər L.İ.Brejnev dövründə istər Moskvada, istərsə də respublikaların rəhbərliyində çox deyildi, ölkə "rahat" yaşamağa meyilli idi, tarixi problemlər, necə deyərlər, dondurulmuş, "yeni fikrin", "yeni mövqe"yin, siyasi-ideoloji axtarışların qapısı bağlanmışdı... Yaşı ötmüş, lakin təbiətən xeyirxah olan, Azərbaycana (Heydər Əliyevə!) xüsusi münasibət bəsləyən L.İ.Brejnev ayaqları dolaşa-dolaşa dünyanın müxtəlif ölkələrini gəzir, səmimi-qəlbdən sülh istəyirdi... Lakin Moskva Əfqanıstana qoşun yeritdi və uğursuz müharibəyə başladı...

L.İ.Brejnev erası başa çatır, son dövrünü yaşayan sovet dövlətinin rəhbərliyində tənəzzüldən çıxış yolları axtarılırdı. Vəziyyətin mürəkkəbliyi çoxlu suallar doğurur, axtarışlara sövq edir, müxtəlif ideyalar, mülahizələr meydana çıxırdı. Və təbii ki, müxtəlif xarakterli qüvvələri həm daxildə, həm də xaricdə fəaliyyətə, aktiv hərəkətə sövq edirdi.

70-ci illərin sonu-80-ci illərin əvvəllərində Sov. İKP MK-nın Siyasi Bürosunda (faktiki olaraq ölkə rəhbərliyində) üç türk vardı: Dinmühəmməd Kunayev (qazax), Şərəf Rəşidov (özbək) və əlli yaşlarında olan Heydər Əliyev... Zaman bu türklərdən üçüncüsünü tədricən ön mövqeyə - ruslarla təkbaşına mübarizə mövqeyinə çıxarırdı.

...80-ci illərdə sovet dövlətinin rəhbərliyində ardıcıl dəyişikliklər getdi. Baş katiblər biri digərini əvəz edir, siyasi büronun tərkibi dəyişirdi. Heydər Əliyev belə bir mürəkkəb dövrdə Moskvaya çağırıldı, Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini oldu. Bu, sovet dövləti yaranandan bəri türk-müsəlman dövlət xadiminin gəlib çıxdığı ən böyük vəzifə idi... Tarixi bir qədər də geniş miqyaslı götürsək, ən geci XVII əsrdən bəri türk-slavyan-sovet dövlətinin rəhbərliyində ən yüksək vəzifə əldə etmiş türk, müsəlman o idi... 80-ci illərin ortalarında artıq Heydər Əliyev sovet dövləti rəhbərliyində yalnız Azərbaycan xalqının yox, ümumən türk-müsəlman xalqlarının lideri idi, türk dünyasının həm strateji, həm də taktiki problemlərini həll etmək yalnız onun üzərinə düşürdü. Və Heydər Əliyev döyüşürdü.

...Deyəsən, Allah sovet türklərinə bir şans vermişdi. Qətiyyətli, müdrik, enerjili türkün ətrafında birləşmək, türklərin dağılmış hüquqlarını, səlahiyyətlərini bərpa etmək, bəlkə də, mümkün idi. Lakin türk respublikalarının rəhbərlərində bu dəfə də lazımi cəsarət olmadı. Rus şovinizmi isə ayaqda idi. M. Qorbaçov mənfur "perestroyka" fırıldağına başlamışdı... Heydər Əliyevin qarşısında iki yol qalırdı: ya axıracan (təbii ki, məğlub edilənəcən!) döyüşmək, ya da öz karyerasını gözləyib gicbəsər M. Qorbaçovun avantürist sayıqlamalarını müdafiə etmək...

O birinci yolu seçdi... Və Heydər Əliyevlə M. Qorbaçov ilk dəfə Qazaxıstan məsələsində üz-üzə gəldilər. M. Qorbaçov vaxtilə Siyasi Büroda böyük nüfuzu olmuş Dinmühəmməd Kunayevi Qazaxıstan rəhbərliyindən kənarlaşdırmaq, yerinə rus G.Kolbini qoymaq qərarına gəldiyini söylədi. Heydər Əliyev qəti şəkildə onun əleyhinə çıxdı: əvvəla, Dinmühəmməd Kunayev 20 ildən çoxdur ki, respublikaya uğurla rəhbərlik edir, nə olsun ki, yaşlıdır?.. Əgər Dinmühəmməd Kunayev çıxarılmalıdırsa, yerinə qazax qoyulmalıdır (məsələn, nazirlər sovetinin sədri Nursultan Nazarbayev), rus yox!..

M. Qorbaçov və onu müdafiə edən, bir sözünə də yox deməyən Siyasi Büro "məqsədinə çatdı". Lakin Qazaxıstanda M. Qorbaçovun bu qərarına qarşı kütləvi çıxışlar oldu, həmin çıxışlar mərkəz tərəfindən "millətçilik" elan edildi... Qazaxıstan türk gəncliyinin milli hüquqlarını qorumaq üçün ayağa qalxmasında, ümumiyyətlə qazax milli dövlətçilik şüurunun oyanmasında Heydər Əliyevin xidməti, elə bilirik ki, həmişə xatırlanacaqdır.

...M. Qorbaçovun Azərbaycanla bağlı nadan siyasəti, özbaşınalığı o həddə çatdı ki, 1987-ci ilin sonlarında Siyasi Büronun iclasında Heydər Əliyev onu ittiham etməli oldu. Baş katibin həyasızcasına dediyi "Sən Azərbaycanın işlərinə qarışma!" sözlərindən hiddətlənən keçmiş Azərbaycan rəhbəri, ümumən artıq azərbaycanlıların liderinə çevrilmiş Heydər Əliyev türkün son ümidi olan fiziki gücündən istifadə etməli oldu, əgər Siyasi Büronun üzvləri araya girib son dərəcədə qəzəblənmiş türkü iclas salonundan çıxarmasaydılar, M. Qorbaçov layiq olduğu cəzasını, heç şübhəsiz, alacaqdı.

...Rus şovinizmi onunla üz-üzə dayanan sonuncu türkü də tərk-silah etdi. Heydər Əliyev Moskvada təcrid edildi, onunla görüşmək qadağan olundu, hərəkətləri izlənildi. Bu azmış kimi, doğma Azərbaycanda onun əleyhinə amansız təbliğata rəvac verildi. Və həmin təbliğat gedə-gedə Azərbaycan torpaqları da mənfur Ermənistan tərəfindən işğal edilirdi. Moskva bununla da kifayətlənməyib, Bakıya qoşun yeritdi, itaətsiz xalqı qəddarcasına cəzalandırdı... 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanda Heydər Əliyevin Vətənə dönməsinə münasibət birmənalı deyildi: Moskvanın "kadrlar"ı, hakimiyyətə can atan (lakin dövlət idarəçiliyi sahəsində səriştəsiz) qüvvələr, onlara qoşulmuş "maraqlılar"... "qüvvətli əl"dən (əslində, "qüvvətli baş"dan!) çəkinirdilər; geniş xalq kütlələri, xüsusilə orta və yüksək ixtisaslı ziyalılar, yazıçılar, mədəniyyət, elm xadimləri, əmin-amanlıq tərəfdarları... isə təcrübəli dövlət xadimini gözləyirdilər.

...Heydər Əliyev Azərbaycana ölkənin ümumən məhv olmaq təhlükəsi altında olduğu zaman gəldi. Və Azərbaycanı nəinki xilas etdi, onu həm də türk dünyasının qabaqcıl məmləkətlərindən birinə çevirdi. Bu gün Azərbaycan haqqında danışmaq türk dünyası barəsində, Heydər Əliyev haqqında danışmaq isə türk böyüklərindən biri barəsində bəhs etmək deməkdir. Müstəqillik əldə etmiş heç bir (digər) türk dövlətinin başçısı bu səviyyəyə, ümumən türk dünyasının lideri olmaq səviyyəsinə gəlib çatmamışdır...

Zəngin dövlət idarəçiliyi təcrübəsi (və potensialı) olan Azərbaycan Prezidenti türk dünyasının birliyi üçün nə qədər böyük işlər görmüşdürsə, ondan da böyük işlər görmək gücünə, imkanlarına malikdir. Burada söhbət gözəl nəzəri fikirlər söyləməkdən, "Çinə türk bayrağı sancmaq"dan getmir, konkret, perspektivli işlərdən gedir. Azərbaycan rəhbərliyinə yenidən gəldikdən, siyasi hakimiyyət əldə edildikdən sonra Heydər Əliyevin fəaliyyətində bir sıra sahələr aydın cizgiləri ilə seçilir:

- Azərbaycanın iqtisadi, siyasi, ictimai problemlərinin həllində türk dünyasının imkanlarından istifadə etmək;

- türk dünyasının qüvvələrini birləşdirmək, hər hansı türk dövlətinin (xüsusilə beynəlxalq) problemlərinin həllində türk dünyasının birgə hərəkətini təmin etmək;

- türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə çalışmaq və bunun üçün hər bir müstəqil türk dövlətinin imkanlarından yararlanmaq və s.

...Heydər Əliyevin türk dünyasının problemləri ilə daha ardıcıl məşğul olduğu mərhələ 1993-cü ildən, müstəqil Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra başlayır. İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının 2-ci görüşünün iştirakçılarına 5 iyul 1993-cü il tarixli müraciətində Heydər Əliyev demişdi: "İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin - Türkiyənin, İranın, Pakistanın, Əfqanıstanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın, Tacikistanın, Azərbaycanın istifadə edilməmiş zəngin təbii sərvətləri, material ehtiyatları vardır. Onlardan birgə istifadə olunması əsl müsəlman intibahına çevriləcək, bütün bəşəriyyətin inkişafına töhfə verəcəkdir"... Bu müraciətdə türklük düşüncəsinin ən azı üç tarixi əlaməti əks olunur:

1) ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin müdafiə olunması;

2) türk (və ümumən müsəlman) dünyasının birliyinə çalışılması;

3) həmin birliyin dünyada harmoniya yaradılmasına xidmət etməsi ideyasının müdafiəsi.

...Heydər Əliyev türk birliyinin möhkəmlənib inkişaf etməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmiş, Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün tarixi fəaliyyətini dönə-dönə dəyərləndirmiş, onu "iyirminci əsrin bəşəriyyətə verdiyi böyük dühalardan" saymışdır. Türkiyə haqqında müxtəlif vaxtlarda deyilmiş aşağıdakı sözlərin hamısı Heydər Əliyevə məxsusdur: "Türkiyə hazırda dünyanın siyasi durumunda nüfuzlu təsir qüvvəsinə malik, ümumbəşəri dəyərləri qorumaq əzmində olan, iqtisadi və mədəni səviyyəsi etibarilə inkişaf etmiş qüdrətli dövlətlərdən birinə çevrilmişdir...", "Azərbaycanlıların qəlbində Türkiyənin xüsusi yeri var...". "Türkiyə Azərbaycan üçün qardaş, dost ölkədir". "Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin qədim və zəngin tarixi var". "İndi Azərbaycan Respublikası bir müstəqil dövlət kimi Türkiyə Cümhuriyyəti ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə çalışır...". "Mən bu gün bir daha Türkiyə torpağına ayaq basmağıma, Türkiyə torpağında olmağıma görə özümü çox xoşbəxt hesab edirəm...". "Yeni doğulmuş müstəqil Azərbaycan dövləti Türkiyənin köməyini, yardımını, qayğısını daim hiss edir". "Hələ gənc yaşlarımda kitablardan, qəzetlərdən Türkiyə haqqında, türk xalqı haqqında oxuyarkən Türkiyəyə həmişə həsrətlə baxır, ona böyük maraq göstərir, Böyük Millət Məclisinin işi barədə, onun qəbul etdiyi qərarlar barədə məlumatları həvəslə, diqqətlə oxuyurdum". "... Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir". "... Türkiyə ilə Azərbaycan arasında indiyədək yaranmış əlaqələr yeni mərhələyə keçir". "... xalqlarımız bir kökdəndir... Hətta son dövrdə ayrı düşməyimiz də bu birliyimizi əlimizdən almamışdır. İndi biz bu birliyi davam etdirmək üçün bütün imkanlara malikik...". "Biz bir millət, iki dövlətik...". "Burada, bu salonda kimin türkiyəli, kimin azərbaycanlı olduğunu ayırmaq mümkün deyildir...". "Azərbaycanla Türkiyə arasındakı sədlər, sərhədlər, qadağalar, yasaqlar götürülmüşdür"... və s.

Heydər Əliyev 1994-cü ilin fevralında Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə Türkiyədə rəsmi səfərdə olarkən müxtəlif görüşlər keçirmiş, bu ölkə barəsində on illərlə ürəyində, beynində daşıdığı fikirlərinin əksəriyyətini ilk dəfə söyləmişdir...

90-cı illərin əvvəllərində hələ Naxçıvanda olarkən Heydər Əliyev Türkiyə prezidenti Süleyman Dəmirəllə, Türkiyənin böyük ictimai-siyasi və dövlət xadimləri ilə tez-tez görüşmüş, sıx əlaqələr saxlamışdır... Müşahidələr göstərir ki, Süleyman Dəmirəl Azərbaycan Prezidentinin ən çox qiymətləndirdiyi, hətta özünə qardaş hesab etdiyi türk dövlət başçılarından, dünya ictimai-siyasi xadimlərindən biri (və bəlkə də birincisi!)dir. Heydər Əliyevin Süleyman Dəmirələ müraciətində dediyi aşağıdakı sözlər bunu bir daha sübut edir: "Türkiyə Cümhuriyyətinin beynəlxalq aləmdə xarici siyasətini aparmaqda, onu beynəlxalq təşkilatlarda təmsil etməkdə, Türkiyə Cümhuriyyətinin ilbəil dünya birliyində layiqli yer tutmasında sizin böyük xidmətləriniz var və buna görə də siz təkcə Türkiyədə yox, yalnız türk dünyasında yox, bütün dünyada məşhur bir siyasi-ictimai xadimsiniz, dövlət xadimisiniz".

Heydər Əliyev daha sonra demişdir: "Azərbaycan xalqının sizə xüsusi hörmət və məhəbbəti vardır. Çünki xalqımız sizi çox yaxşı tanıyır, siyasi fəaliyyətinizi, dövlət fəaliyyətinizi həmişə izləyir. Təsadüfi deyil ki, hələ "soyuq müharibə" vaxtı, Sovetlər İttifaqı ilə Türkiyə Respublikası arasında münasibətlərin gərgin olduğu bir dövrdə Azərbaycan Respublikası, xalqımız Sovetlər İttifaqının tərkibində olduğu bir vaxtda - 25 il bundan öncə siz Türkiyənin baş naziri kimi Sovet İttifaqına ilk səfər etmisiniz. Moskvada, Sovetlər İttifaqının başqa şəhərlərində olmusunuz. Biz o zaman hiss etdik ki, qəlbiniz, ürəyiniz Azərbaycana da gəlməyi sizə əmr etmiş, Bakıya gəlməyi sizə tövsiyə etmişdir. Siz Bakıya, Azərbaycana gəldiniz.

Heydər Əliyev Süleyman Dəmirəli "böyük öndər Mustafa Kamal Atatürkün işinin etibarlı davamçısı kimi, onun böyük şagirdi kimi" qiymətləndirmiş, "türk dünyasının, türk dövlətlərinin bir-birinə daha yaxın olması" yolunda hələ çox işlər görəcəyinə əminliyini ifadə etmişdir...

...Türkiyə xüsusilə 20-ci illərdən başlayaraq yalnız türkiyəlilərin deyil, ümumən dünya türklərinin mənəvi vətəni olmuşdur. Sibir, Türküstan, Volqaboyu, Şərqi Avropa, Şimali Qafqaz, Azərbaycan türkləri həmin illərdən etibarən ümidlərini Türkiyəyə bağlamışdılar. Bunun bir səbəbi də o idi ki, cəza orqanlarının təqibindən qaçan yüzlərlə türk mücahidi 20, 30, 40-cı illərdə məhz Türkiyədə məskunlaşmışdılar: onların içərisində Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Zəki Vəlidi Toğan, Yusif Akçura oğlu, İsa Yusif Alptəkin, Əhməd Cəfəroğlu... kimi böyük simalar vardı ki, elmi, ictimai-siyasi, mədəni-ədəbi fəaliyyətlərinin sonuna qədər türkçülüyü Türkiyəçilik səviyyəsinə enməyə qoymamış, böyük ideallar uğrunda gərgin mücadilələr vermişlər. Və beləliklə, Türkiyə faktiki olaraq bir neçə on il (əlli ildən artıq) ümumən türklərin vətəni olmuşdur...

...Heydər Əliyev görünür, Türkiyəni bir də ona görə sevmişdir ki, bütün Türk dünyasından Türkiyəyə yollar uzandığı kimi, Türkiyədən də bütün Türk dünyası görünürdü (və bu gün də görünməkdədir!). Yalnız uğurları ilə deyil, həm də qüsurları, problemləri ilə... Türkiyə təkcə həmin uğurlara sevinmir, problemlərin həllinə, mübahisələrə, dedi-qodulara da səbrlə münsiflik edir.

...Heydər Əliyevin tarixi Türküstan - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan... ilə, həmin türk regionunun dövlət xadimləri, siyasi-ictimai liderləri ilə əlaqələri sovet dövründə sıx olmuş, sovet dövlətinin süqutundan sonra isə yeni milli-ideoloji məzmun kəsb etmişdir. Qazaxıstana, onun rəhbərliyində gedən proseslərə, rus şovinizminin bu proseslərə müdaxiləsinə Heydər Əliyevin münasibəti barədə artıq bəhs etmişik. Çox keçmədi ki, həmin münasibətin yeganə düzgün münasibət olduğunu tarix təsdiq elədi: Heydər Əliyevin adını böyük uzaqgörənliklə qeyd etdiyi Nursultan Nazarbayev respublika rəhbərliyinə gəldi.

...1994-cü ilin martında Çinə rəsmi səfərdən Bakıya qayıdan Heydər Əliyev Almatıda dayanır və Nursultan Nazarbayevlə görüşür. Azərbaycan Prezidentinin həmin görüşdəki çıxışı olduqca maraqlı, türk dövlətləri başçılarının münasibətləri baxımından olduqca təsirlidir: "Əvvəlcə qeyd etmək istəyirəm ki, mən özüm Almatıda dayanmağı xüsusi olaraq planlaşdırdım ki, məhz Nursultan Abişeviçlə görüşə bilim. Başqa sözlə, söhbət təkcə texniki ehtiyacdan deyil, həm də mənim Nursultan Abişeviçlə görüşmək, danışmaq arzumdan gedir". Azərbaycan Prezidenti əlavə edir: "Biz onunla çoxdan dostuq. İndi üzərimizə böyük məsuliyyət götürdüyü bir vaxtda, əsrlərlə dostluq etmiş xalqlarımızın taleyi üçün böyük məsuliyyət daşıdığımız bir vaxtda, şübhəsiz ki, görüşlərimiz, fikir mübadiləsi aparmağımız tələb olunur. Buna görə də mən bu gün Nursultan Abişeviçlə məmnuniyyətlə görüşdüm. Biz dövlətlərarası münasibətlərimizin bir çox məsələlərinə dair fikir mübadiləsi etdik...".

 

(ardı var)

 

Nizami CƏFƏROV, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor

 

Xalq qəzeti.-2010.-15 dekabr.-S.3.