İlyas Əfəndiyev: yaxından və uzaqdan

 

Azərbaycan ədəbi-bədii mühitinin və mədəniyyətinin çağdaş tarixi mərhələsində ünlü nasir və dramaturq, ədəbiyyatımızın ölməz klassiki, xalq yazıçısı İlyas Əfəndiyevin əvəzsiz xidmətləri vardır. Qüdrətli qələm sahibinin çoxşaxəli yaradıcılığı XX əsr Azərbaycan gerçəkliyinin, ədəbiyyat və mədəniyyətinin milli bədii salnaməsidir. İlyas Əfəndiyev həm nəsr əsərləri, həm də dramaturgiyası ilə sovet dövrü ədəbi prosesində və eləcə də teatr prosesində sosializm realizminin ideoloji ehkamlarına boyun əymədi. Xalq yazıçısı dram əsərlərilə Akademik Milli Teatrımıza yeni çalar, yeni ruh, yeni üslub və təravət gətirdi.

 

Dramaturgiyamızda lirik-psixoloji dram məktəbini və onun poetikasını yaratdı. İlyas Əfəndiyev əlli ildən artıq Azərbaycan teatrının ağırlığını şərəflə öz çiyinlərində daşıdı. Altmış illik yaradıcılığı dövründə mütəfəkkir sənətkar dram əsərləri ilə özünün “İlyas Əfəndiyev teatrı”nı yaratdı. “XX əsr Azərbaycan mədəniyyəti tarixində teatr məktəbi yaratmaq üç böyük dramaturqa nəsib olub: Cəfər Cabbarlıya, Hüseyn Cavidə və İlyas Əfəndiyevə! Onların dramaturgiyası teatrda rejissor və aktyor məktəbləri formalaşdırdı: monumental üslublu rejissura (başçısı A.İskəndərov), romantik pafoslu üsluba malik rejissura (başçısı M.Məmmədov) və psixologizm məktəbi (başçısı T.Kazımov)” (N.Şəmsizadə). “İlyas Əfəndiyev teatrı” yeni rejissor və aktyor məktəbi formalaşdırdı. Həsən Turabov, Amaliya Pənahova, Fuad Poladov, Şəfiqə Məmmədova, Əliabbas Qədirov, Səməndər Rzayev, Vəfa Fətullayeva, Bəsti Cəfərova, Firəngiz Mütəllimova və başqaları məhz bu teatrın ən istedadlı nümayəndələri oldular. Zaman-zaman İlyas Əfəndiyevin çoxçeşidli yaradıcılığı ədəbiyyatşünas, sənətşünas, dilşünas və kulturoloq alimlərimizin diqqət mərkəzində olmuş və bu sahələr üzrə ciddi elmi tədqiqat əsərləri yazılmışdır. Son illərdə xalq yazıçısının zəngin bədii irsi haqqında gənc tədqiqatçılar sanballı dissertasiyalar yazmış və müdafiə edərək alimlik dərəcəsi almışlar. Bunlardan Səidə Məcidovanın “İlyas Əfəndiyevin tarixi dramları” (2002), Gülxani Şükürovanın “İlyas Əfəndiyev yaradıcılığında folklor motivləri” (2007), Kifayət Bünyatovanın “İlyas Əfəndiyev əsərlərinin ekran təcəssümü” (2008), Sədaqət Əlixanovanın “Milli aktyor sənətinin inkişafında İlyas Əfəndiyev dramaturgiyasının rolu” (2008) və s. əsərləri göstərmək olar. 2009-cu ildə türkiyəli tədqiqatçı doktor Sədat Adıgözəlin “İlyas Əfəndiyev. Zaman və sənətkar” monoqrafiyası çapdan çıxmışdır. Kitab Qafqaz Universitetinin tərcümə mərkəzində çap olunmuşdur. Filologiya elmləri namizədi Elmira Məmmədova monoqrafiyanı Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdıraraq çap etdirmişdir.

Xalq yazıçısı “Ədəbiyyatımızda dəyərli əsərlər yaratmaqla yanaşı, o dövr üçün çox təhlükəli yeniliklərə də gedib: teatrımıza Cənubi Azərbaycan mövzusunu o gətirib; dilimizin türk dili olduğunu dəfələrlə bəyan edib; yaratdığı obrazları da sırf türk adlarıyla adlandırıb həmişə” (Afaq). Qeyd olunduğu kimi dramaturqun yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusi yer tutur. 1968-ci ildə “Unuda bilmirəm” pyesi ilə ilk dəfə olaraq bu mövzu səhnəmizdə öz bədii təcəssümünü tapdı. Səciyyəvidir ki, ictimai fikir tariximizdə və ədəbiyyatda bu mövzu qadağan olunduğu bir dövrdə səhnəyə gəldi. Burada həm də Gürcüstan ərazisində qalmış qədim Borçalı mahalının xəritədə Azərbaycanın hüdudları daxilində səhnədən, tamaşaçıların gözləri önündə nümayiş etdirilməsi o dövrdə sənətkardan böyük cəsarət tələb edirdi. O zamanlar əsərə güclü təzyiqlər olsa da, bu tamaşa on yeddi il fasiləsiz repertuardan düşmədi və 500 dəfədən çox göstərildi. Dramaturqun tarixi dramlarında aparıcı xətt milli azadlıq və qəhrəmanlıq motivləridir. Onun keçən əsrin 70-90-cı illərində qələmə aldığı “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar”, “Hökmdar və qızı” tarixi dramları tarixə yeni təfəkkürlə yanaşması, yeni münasibəti, xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə ilə bağlıdır. Bu dramlarda istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümünü görürük. 1981-ci ildə “Xurşidbanu Natəvan” pyesində Azərbaycanın azadlığı və müstəqilliyi məsələsinə xüsusi önəm verən bilgə sənətkar uzaqgörənliklə əsərin baş qəhrəmanı Natəvanın dili ilə deyirdi: “...Bu uçurumlu yolların sonunda bizi öz milli birliyini, azadlığını tapmış azad Azərbaycan gözləyir!”.

Görkəmli sənətkarın nəzəri-estetik görüşlərində teatr mədəniyyətinə həsr etdiyi elmi-nəzəri məqalələri xüsusi aktuallıq kəsb edir. Dramaturqun teatr görüşləri barədə ayrı-ayrı tədqiqat əsərlərində, məqalə və resenziyalarda yetərincə əhatəli təhlillərə yer verilmişdir. Lakin çağdaş sənətşünaslıq elminin müasir mərhələsinə nəzər saldıqda aydın olur ki, İlyas Əfəndiyevin teatr görüşləri geniş miqyasda elmi-nəzəri əsaslarla tədqiqata cəlb edilməmişdir. Xalq yazıçısı Elçin bu münasibətlə yazmışdır: “...Fikir versək görərik ki, Akademik Milli Dram Teatrının, qismən də başqa teatrların tamaşaları haqqında materiallar, daha geniş götürsək, ümumiyyətlə, teatr, dramaturgiya və kino problematikası İlyas Əfəndiyevin ədəbi tənqidində çox mühüm yer tutur. Yəqin bu da təsadüfi deyil ki, Azərbaycan yazıçılarının II qurultayında (1954) və III qurultayında (1958) dramaturgiya haqqında məruzələri İlyas Əfəndiyev etmişdir və onun, həmin məruzələrin əsasında yazdığı “Müasir dramaturgiyamız”, “Son illərdəki dramaturgiyamız haqqında”, eləcə də “Cavan dramaturqlar” və s kimi sanballı məqalələri, “Kəndçi qızı”ndan tutmuş “Antoni Kleopatra”yacan bir çox tamaşalar haqqında geniş və ciddi resenziyaları, teatr xadimləri barədə esseləri bir tərəfdən Azərbaycan teatr sənətinin, digər tərəfdən isə Azərbaycan sənətşünaslığının inkişafında, yüksək bədii-estetik meyarların formalaşmasında az rol oynamamışdır”. Zaman-zaman istedadlı qələm sahibinin bütün əsərləri öz təbiiliyi və müasirliyi ilə geniş oxucu kütləsinin dərin məhəbbətini qazanıb. Dramaturq yazırdı ki, “İstər nəsr, istərsə də dram əsərləri, nə yazmışamsa, son dərəcə səmimi, təbii yazmağa cəhd etmişəm. Həyat həqiqətlərinə təmənnasız, namusla sadiq qalmağa çalışmışam”.

Dramaturq İlyas Əfəndiyevlə rejissor Tofiq Kazımov arasındakı dostluq və qarşılıqlı sənət həmrəyliyi sonralar sənətkarın bir sıra pyeslərinin teatrda böyük uğur qazanmasına səbəb oldu. Müxtəlif illərdə T.Kazımov dramaturqun “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Bağlardan gələn səs” pyeslərinə quruluş vermişdir. XX əsrin ikinci yarısında formalaşmış rejissor sənətini təhlil edən ədib yazırdı: “... Rejissor barədə düşünəndə gözümün qarşısında Adil İskəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov canlanır... Mən, əsasən bu rejissorların işi ilə ya bilavasitə, ya da dolayısı ilə tanışam. İstər Adil İskəndərovun, istərsə də Tofiq Kazımovun Akademik Teatrda fəaliyyəti ayrı-ayrılıqda hərəsi bir mərhələdir. Əgər Adil İskəndərov genişmiqyaslı diapazonlu, epik səpkili tamaşalar ustası kimi parlamışdısa, Tofiq Kazımov lirik-psixoloji tamaşaların həssas, emosional, istedadlı bir quruluşçusu kimi tanınmışdı”.

Dramaturqun nəzəri-estetik görüşlərində, ayrı-ayrı müsahibələrində teatrla ilişgili fikirləri və mülahizələri elmi-nəzəri siqləti və fəlsəfi tutumu ilə diqqəti çəkir. O, sovet ideologiyasının yaratdığı sosializm realizminin ziddinə olaraq Azərbaycan teatrına insan psixologiyasını, onun dəruni hiss və duyğularının gerçək bədii ifadəsini gətirdi. Ustad sənətkar dram əsərləri ilə milli dramaturgiyamızda yeni bir tarixi mərhələnin yaranmasında və inkişafında müstəsna rol oynadı. “...Teatr xalqın ən incə duyğularını, romantik xəyallarını, sevincini, dərdini, arzularını ifadə edir. Xalqın teatrı onun milli mədəniyyətinin təntənəsidir”- deyən mütəfəkkir sənətkarın bu səpkili məqalələri bir sıra yeni, novator keyfiyyətləri ilə diqqətəlayiqdir. Dramaturqun fikrincə, “teatr həmişə mənəvi yüksəliş aynası olmuşdur. Teatr yalnız ədəbiyyat və incəsənət deyil, eyni zamanda, tamaşaçı mədəniyyətinin də meyarlarındandır”. Xalqın mədəni-intellektual inkişafında teatrın mühüm rolundan bəhs edən ünlü sənətkar yazırdı: “Mənim üçün teatr, Allahın insanlara bəxş elədiyi ruhun, gözəl hisslərin, arzuların, müxtəlif həyat ideyalarının yaşadığı, çarpışdığı bir məkandır. İnsanın daxili dünyasının aynasıdır. Teatr həm də xalqımızın tərcümanıdır. Bu məkan gözəl olduğu qədər, həm də ilahiləşmiş bir aləmdir”.

Bilgə sənətkar idrakının bədii qüdrəti zaman-zaman xalq bədii çeşməsindən barınmış və milli, bəşəri məzmun kəsb etmişdir. Dramaturq folklorun ayrı-ayrı janrlarından, xalq ədəbiyyatı poetikasından və mifologiyadan bəhrələnməyə xüsusi önəm verərək yazırdı: “Uşaq vaxtı eşitdiyim nağıllar, əfsanələr uzun illər boyunca mənimlə olmuşdur və qəribədir ki, illər keçdikcə elə bil ki, onlar mənim üçün yeni boyalar, çalarlar əldə etmişdir. Sonralar məlum olmuşdur ki, mənim uşaq təfəkkürümü tamam sehrli bir aləmə çəkib aparan həmin əhvalatların bir qismi Azərbaycan nağıllarından, qədim inam və ayinlərimizdən, bir qismi də hədislərdən, dini şərhlərdən gəlir, onların bəzisini qələmə alarkən mən ilkin mənbələri yox, öz yaddaşımı, hisslərimi əsas götürmüşəm”. Xalq yazıçısı yaradıcılığında dünya xalqlarının mənəvi qaynaqlarından da əsərlərinin məzmun və ahənginə uyğun şəkildə istifadə etmişdir.

“İstedad və mövzu” ilə bağlı dramaturq psixoloji dramın əsas səciyyəvi xüsusiyyətlərini dünya klassiklərinin yaradıcılığı kontekstində açıqlayaraq qeyd edirdi ki, “psixoloji dram insanın qüdrətinə, xoşbəxtliyinə, gələcəyinə inanan qəhrəmanların qəlbini işıqlandırır və bu işıqda gördüyümüz mənzərə nə qədər faciəli olsa belə, yenə də ümidsizlik doğurmur. Psixoloji dram cəmiyyətin gələcək xoşbəxtliyinə böyük yol açan insanların fəaliyyətini, mənəvi hərəkətini ifadə edir”. “Öz xalqının ruhunu ifadə etməyən əsər başqa xalqlara da təsir edə bilməz” fikrini əsas tutan sənətkarın estetik düşüncə müstəvisində “... pyes hansı mövzuda yazılırsa yazılsın, əgər, xalqın ürəyindən xəbər vermirsə, onun xarakterinə, koloritinə yabançıdırsa, tamaşaçıya təsir eləməyəcək, tezliklə unudulub gedəcəkdir. Xalq ruhu, xalq koloriti həqiqi sənətin, novatorluğun canıdır, orijinallığın əsas əlamətidir, mayasıdır”. 1974-cü ildə qələmə aldığı “Mərdlik ocağı” adlı məqaləsində dramaturq Milli Akademik Teatrın səhnəsində tamaşaya qoyulan ən yaxşı əsərləri teatr tariximizdə uğurlu hadisə kimi dəyərləndirirdi. Akademik teatrın keçdiyi şərəfli yüz illik inkişaf yolunu dünyanın qabaqcıl teatrları ilə bir sırada görərək yazırdı: “Bizim Akademik teatrımızın yüz ildə keçdiyi inkişaf yolu şərəflidir. Akademik teatrımız bu gün dünyanın yaxşı teatrları sırasındadır. Onun sənətində yüksək mədəniyyət, böyük və sağlam ideyalar, təmiz və ülvi hisslər hakimdir. Onun əsas və istəkli qəhrəmanı həmişə xalqın yüksəlişi, səadəti uğrunda mübarizə aparan həqiqi insan olmuşdur və həmişə xalqımızı daha yüksəkliklərə qaldırmışdır. Ona görə də, biz öz teatrımızla fəxr edirik”.

Dramaturqa görə, “teatr xalq dühasının əlamətlərindəndir. Teatr xalq təbiətinin, xalq ruhunun güzgüsüdür”. İlyas Əfəndiyev qeyri-təbiiliyi sənətin birinci düşməni hesab edirdi. O, Azərbaycan teatrının zəngin ənənələrini yaşatmaq üçün istedadlı rejissorların olmasını vacib sayırdı. İstedadlı gənc rejissorların Moskvanın, Sankt-Peterburqun böyük teatrlarında təcrübə müddəti keçməsini təxirəsalınmaz vəzifələrdən biri sayırdı: “Akademik dram teatrının hər bir rejissoru dövrünün mədəni, məlumatlı ziyalısı olmalıdır. Yalnız bizim ədəbiyyata deyil, dünya ədəbiyyatına, dünya dramaturgiyasına, dünya teatr sistemlərinə bələd olmalıdır. Biz rejissor işində ağıllı orijinallıq, müasir həyatın, müasir atmosferin sərbəst ifadəsi olan həqiqi novatorluq görməliyik”. Sənətkara görə yaxşı dram əsəri tamaşaya yalnız yaxşı qoyulduğu zaman aktyorun yetişməsinə kömək eləyə bilər. “Zəif, xaltura əsərlər tamaşaçıları teatrdan didərgin salar”. Yazıçının fikrincə, teatrlarımız yüksək sənətkarlıqla yazılan müasir tələblərə cavab verən əsərlərə daha çox üstünlük verməlidir. O, Şekspirin də, Lope de Veqanın da, Bernard Şounun da əsərlərinin akademik dram teatrının səhnəsində tamaşaya qoyulmasını vacib sayırdı. “Bir şərtlə ki, rejissor tamaşanı həmin dramaturqun səviyyəsinə qaldıra bilsin. Onu da yaddan çıxarmaq lazım deyil ki, istedadsız rejissoru nə Şekspir “qaldıra” bilər, nə də Cəfər Cabbarlı!”.

İstedadlı rejissor Mərahim Fərzəlibəyov İlyas Əfəndiyev dramaturgiyasının onun yaradıcılığına təsirindən bəhs edərək yazmışdır: “İlyas Əfəndiyev dramaturgiyası məni bir rejissor kimi yetişdirdi. Mən hər gün İlyas Əfəndiyev dramaturgiyası ilə ünsiyyətdəyəm. Teatrda quruluşunu verdiyim tamaşalar səhnədə olan günlərdə tamaşalarla, yerdə qalan günlərdə pyesləri ilə ünsiyyətdə oluram. Bu zaman İlyas müəllimin müqəddəs ruhi varlığı ilə hər gün dialoqa girir, xəyalən onunla söhbətləşir, məsləhətləşir, əsərlərini müzakirə edirəm. İlyas Əfəndiyevin nəfəsi teatrımızın hər daşına hopmuşdur. Mən onu hər gün tamaşa salonunda hiss edirəm. Mən onu qrim, məşq otaqlarında görürəm. Teatrın hər qarışı, hər bir işığı İlyas Əfəndiyevlə bağlıdır”. Yeri gəlmişkən qeyd edək ki, Mərahim Fərzəlibəyov dramaturqun yeddi - “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani”, “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar”, “Hökmdar və qızı” pyeslərinin quruluşçu rejissoru olmuşdur. Dramaturqun fikrincə, kamil rejissor təhsili olmayan rejissorlara teatrlarda quruluş tapşırmaq heç bir səmərə vermir. Bununla ilgili o, teatr rəssamının da quruluşçu rejissor kimi əsəri dərindən duymasını, xüsusilə yeni boyalar və yeni ifadə vasitələri tapmasını vacib şərtlərdən sayırdı. Teatr rəssamının novatorluğunu pyesə verdiyi bədii tərtibatda görürdü.

İlyas Əfəndiyev mətbuatda, televiziya və radioda teatr tənqidinə dair tez-tez savadsız və sönük çıxışlar edən “teatr tənqidçiləri”ni kəskin tənqid edərək yazırdı ki, “teatrı, sənəti bilməyən, rejissor işindən başı çıxmayan, müəllif qayəsini dərk eləməyən belə “tənqidçilər” üçün heç bir meyar yoxdur”. Teatr tənqidinə yüksək estetik tələblərlə qiymət verən sənətkar fikrini bədii araşdırma müstəvisində davam etdirərək çox maraqlı nəticə ilə sonuclayır: “Teatr sənətimizin hal-hazırda dərin düşüncəli, geniş dünyagörüşlü, savadlı, namuslu ədəbi tənqidə son dərəcə böyük ehtiyacı var”. Alman şairi Höte yazmışdır ki, “... Teatr haqqında yazmaq xüsusi bir işdir. Hər kəs ona ən xırda təfsilatına qədər bələd deyilsə, yaxşısı budur ki, qoy o bununla məşğul olmasın”. “Həyatı öyrənmişəm, həyatı hiss etmişəm və həyatdan öyrənmişəm, həyatı duymuşam” - deyən sənətkarın dərin inamına görə “sənətdə qeyri-təbiilik, ata-ananın suçu ucbatından ömrünü şikəst başa vuran övlada bənzəyir”. Yarım əsrdən artıq öz xalqı üçün böyük işlər görmüş fədakar sənətkarın teatra həsr etdiyi məqalələrində qaldırdığı mənəvi- əxlaqi problemlər və fəlsəfi-estetik mülahizələr bu gün də müasirdir, düşündürücüdür. Ustad sənətkarın bədii əsərlərinin açılmamış qatları, insanı düşündürməyə vadar edən məqamları çoxdur. Onun zəngin bədii irsi, xüsusən teatr mədəniyyətimizin tarixində böyük bir mərhələ təşkil edən səhnə əsərləri bu gün də yaşayır, xalqımızın ictimai-tarixi və mədəni həyatında, gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyə olunmasında, bədii təfəkkür və estetik düşüncəsinin kamilləşməsində önəmli rol oynayır.

Uca dağlar uzaqdan daha əzəmətli görünür. Tarix İlyas Əfəndiyevi bizdən uzaqlaşdırdıqca onun ecazkar sənəti və monolit şəxsiyyəti daha da böyüyür, yüksəlir. Və təbii ki, bəzən uca dağa xırda həşəratlar da yanaşmağa can atır. Son zamanlar istər ədəbi tənqid, istərsə də teatr, musiqi və rəssamlıqdan bəhs edən bədii tənqid aləminə böyük alimimiz, AMEA-nın müxbir üzvü, mərhum Abbas Zamanovun təbirincə desək bir sıra “əcayib-qərayib” tənqidciyəzlər daxil olublar. Cürbəcür qəzetlərin məsuliyyətsizliyindən demokratiya adı ilə sui-istifadə edən, antropologiyaları Azərbaycan əhalisinə heç cür uyğun gəlməyən bu “ciyəzlər” öz qələm ifrazatı qoxuyan yazılarında həyasızlığın hətta o səviyyəsinə, daha doğrusu, səviyyəsizliyinə çatıblar ki, onlarla əsəri ilə Azərbaycan xalqının milli-mənəvi yaddaşına daxil olmuş həqiqi xalq yazıçısı İlyas Əfəndiyevi “istedadsız” adlandırmaqdan belə çəkinmirlər. Nəinki çəkinmirlər, hətta cəzasızlıqdan azğınlaşaraq heç bir ədəb-ərkan gözləməyərək “öz başlarından böyük” danışırlar. Qəzetlərin iftixarımız olan SÖZ-ü urvatdan salmaları yeni hadisə deyil. Halbuki böyük ziyalılarımızdan birinin dəqiq və dolğun ifadəsi ilə desək, “mətbuat milli sənəddir”. Onun, özünü yaman günə qoymağa haqqı yoxdur. Xüsusilə, bir zamanlar bizim milli dəyərlərimizi əsl vətəndaş qeyrəti ilə yazan, milli-mənəvi yaddaşımızın amansız təbilçisi olmuş “Azadlıq” qəzetinin öz səhifələrində Azərbaycan ədəbi və tarixi mühitində heç bir ictimai çəkisi olmayan şüuru azmış “alimi-biəməl”lərin qələm ifrazatını çap edib cəmiyyətin ürəyini bulandırması təəccüb və təəssüf doğurur.

İlyas Əfəndiyev Azərbaycanın ən istedadlı və bir bəy balası olaraq totalitar sovet rejiminə boyun əyməmiş, əsərləri ilə milli kimliyimizi bizə unutdurmağa qoymayan yazıçıdır. Onun möhtəşəm bədii-fəlsəfi irsi hələ çox gədə-güdə qələmini çöp kimi sındırıb gözünə soxacaq. Böyük Türk (qazax) yazıçısı Abay Kunanbayev yazıb: “Ancaq özü üçün işləyən adam — qarnını doyurmaqla məşğul olan heyvana bərabərdir. Ləyaqətli adam bütün bəşəriyyət üçün işləyir. Şöhrət uca dağdır, onun zirvəsinə ilan sürünə-sürünə, şahin isə bir dəfə qanad çalmaqla qalxır”. Ədəbiyyat və mədəniyyətimizin İlyas Əfəndiyev zirvəsi şahinlər məskənidir, orada ilan-çayan eşələnə bilməz.

 

 

VƏFA XANOĞLAN

 

Xalq qəzeti.- 2010.- 9 fevral.- S. 7.