Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırır

 

Son vaxtlar Türkiyənin dövlət və hökumət rəhbərləri, o cümlədən xarici işlər naziri istər telefon danışıqlarında, istərsə də dünya liderləri ilə görüşlərində Dağlıq Qarabağ probleminin həlli məsələsini daha qətiyyətlə dilə gətirir, bu sahədə ciddi irəliləyişlərin olmasının vacibliyini vurğulayırlar. Rəsmi Ankara münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətindən də narazılığını açıq şəkildə ifadə edir. Bütün bunlar göstərir ki, dünyanın 16-cı ən güclü iqtisadiyyatına və NATO-nun ikinci ən qüdrətli quru qoşunlarına sahib olan Türkiyə Cənubi Qafqazla bağlı siyasətində fəallığını artırıb. Bu siyasəti həyata keçirərkən, məhz “Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması”nın prinsiplərinə söykənir. Platformanın əsas amalı isə regiondakı problemlərin kənar müdaxilə olmadan bölgə ölkələrinin birgə səyi ilə aradan qaldırılmasıdır.

 

Türkiyənin arqumentlərini əsaslandırmaq ücün kifayət qədər faktları var. Son günlər qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyanatları bu baxımdan diqqəti cəlb edir. Cənab Ərdoğan bildirir ki, mühüm beynəlxalq təşkilat olan ATƏT-in Minsk qrupu Cənubi Qafqazdakı ən təhlükəli və eyni zamanda “uzunömürlü” münaqişə olan Dağlıq Qarabağ probleminin həllində üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib. O deyib: “Minsk qrupunun həmsədrləri olan Rusiya, Amerika, Fransa bu məsələdə daha fəal olmalıdırlar. 20 ildir siz problemin həlli məsələsində öz üzərinizə öhdəlik götürürsünüz, ancaq 20 ildə ciddi mənada nəticə əldə etməyibsiniz. Bunun əvəzində ortada nə var? Son zamanlar Azərbaycan və Ermənistan liderləri daha tez-tez görüşürlər. Bunun da faydalı olduğu qənaətindəyik. Lakin istənilən halda əsas məsələ nəticənin əldə olunmasıdır. Təəssüflər olsun ki, nəticə hələ də əldə edilməyib”.

Türkiyənin Baş nazirinin bu bəyanatları rəsmi Bakı tərəfindən də dəstəklənir. Azərbaycan tərəfinin fikrincə, sülh danışıqları prosesi süni şəkildə uzadılır. Burada əsas günahkar tərəf isə Ermənistandır. Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun fikrincə, Minsk qrupunun həmsədrləri də artıq başa düşürlər ki, onların cəhdləri heç bir nəticə verməyib və bu, belə davam edə bilməz: “Ərdoğanın fikri ilə razıyam. Həmsədrlər səy göstərir. Bu səylər kifayətdirmi? Onlar 20 ildir gəlib gedirlər. Təkliflər verirlər. 20 il də gəlsinlər. Əgər müəyyən bir nəticə yoxdursa, onların özləri də, rəhbərləri də düşünməlidir. Əgər münaqişənin həllində ciddi irəliləyiş yoxdursa, onda hara gedirik? Dünyanın 200 dövləti də bunu izləyir. Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqedən çıxış etməmək dünya üçün də pisdir. Balaca bir Ermənistanın arxasında hansı qüvvələr durur ki, Ermənistan belə mövqe nümayiş etdirir? Əgər həmin qüvvələr çəkilsə, Ermənistan Azərbaycanın qarşısında diz çöküb yalvarar. Türkiyə qarşısında yalvarar ki, sərhədləri açın.” Novruz Məmmədov rəsmi İrəvanın tez-tez mövqe dəyişməsinin Türkiyə - Ermənistan arasında imzalanmış protokollarda da özünü göstərdiyini deyib: “Ankara-İrəvan protokollarına dair Ermənistan Konstitusiya Məhkəməsinin çıxardığı qərar bir daha Ermənistanla danışıqlarda rəsmi Bakının mövqeyinin düzgün olduğunu göstərir.”

Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdirinin bu fikirləri gücləndirən hadisələr son vaxtlar daha da sürətlə inkişaf etməyə başlayıb. Məsələn, yayılan məlumatlardan da aydın olur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarkisiyan arasında baş tutan Soçi görüşündə rəsmi İrəvan yenidən mövqeyini sərtləşdirib. Bundan başqa, ABŞ Konqresinin xarici əlaqələr komissiyası bu il martın 4-də qondarma “erməni soyqırımı”nı müzakirəyə çıxarmaq barədə qərar qəbul edib. Təbii ki, bütün bunlar Ankaranın kəskin etirazlarına səbəb olur. Çünki bu, həm Azərbaycan - Ermənistan, həm də Türkiyə - Ermənistan danışıqlarında prosesin başlanğıc nöqtəsinə qayıtması deməkdir. Məhz buna işarə edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Almaniyanın Münxen şəhərində keçirilən 46-cı Təhlükəsizlik Konfransıdan qayıdarkən verdiyi bəyanatda deyib: “Amerika Konqresində baş verənləri bəlkə də kimlərsə təsadüf hesab edə bilər, ancaq biz belə düşünmürük. Son həftələrdə üç önəmli hadisənin ardıcıl olaraq baş verməsi bizi son dərəcə narahat edir. Öncə Ermənistan Anayasa Məhkəməsi imzaladığımız protokollara qəbul edə bilməyəcəyimiz şərtlər qoydu. Bunun ardınca Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarkisiyan arasında Soçidə keçirilən görüşdə erməni tərəfi yenidən mövqeyini sərtləşdirdi. İndi isə Amerika Konqresinə məlum qanun layihəsi təqdim olunur. Biz bütün bunların ardıcıl olaraq eyni zaman çərçivəsində baş verməsinin təsadüf olmadığı qənaətindəyik. Nəyə görə qanun layihəsi məhz indi ABŞ Konqresinin gündəminə çıxarılır? Nəyə görə Ermənistan Anayasa Məhkəməsi, məsələn, ötən ilin noyabrında deyil, bu ilin yanvarında qərar qəbul etdi?”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, rəsmi Ankara ötən il avqustun 31-də protokolları imzalayacağını elan etdikdə, ona heç bir tərəf təzyiq göstərməmişdi. Bu gün kimsə hansısa vasitə ilə Türkiyəyə təzyiq göstərməyə çalışsa, onda prosesə zərbə vurmuş olacaq. Cənab Davudoğlu bəyan edib ki, rəsmi Ankara həmişə doğru hesab etdiyi siyasəti həyata keçirib. Bu, belə də davam edəcək: “Bu baxımdan bu qanun layihəsinin Konqresdə gündəmə gətirilməsi nə ABŞ-ın, nə Ermənistanın, nə də Türkiyənin mənafeyinə cavab verir. Bu proses ikitərəfli münasibətlərin korlanması ilə yanaşı, Türkiyə - Ermənistan arasında aparılan danışıqların da dalana dirənməsi ilə nəticələnəcək. Buna görə də bu məsələlərdə Vaşinqtonun daha da diqqətli olmasını gözləyirik.”

Türkiyənin xarici işlər nazirinin açıqlamalarından belə məlum olur ki, artıq beynəlxalq aləmdəki bəzi dairələr Ankaradan daha çox güzəşt qoparmaq üçün yenidən “erməni kartından” istifadə etməyə başlayıblar. Həmin dairələrsə, hər halda 1919-23-cü illərdə baş verən Qurtuluş Savaşını unudublar. Həmin illərdə Anadolu 5 nəhəng imperiya tərəfindən işğal edilmişdi. Belə bir vaxtda türk xalqı bütün çətinliklərə dözərək, düşmənə həddini bildirdi. Bu gün artıq dünya arenasında öz sözünü deyən qüdrətli Türkiyəni belə cılız siyasətlə diz çökdürmək mümkün deyil. Türkiyə regionun əsas dövlətlərindən biri, Azərbaycan isə Cənubi Qafqazın lider ölkəsidir. Bütün bunlara əsaslanaraq qətiyyətlə demək olar ki, Xocalı soyqırımı həqiqətini görməzdən gələrək, tarixin qaranlıq səhifəsində baş verənləri qondarma “erməni soyqırımı” adlandıranlar qaranlığa məhkum olacaqlar.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.-2010.- 9 fevral.- S. 6.