Ələsgər ƏLƏKBƏROV—100

 

Uzaq sahillərdən gələn səs

 

Milli teatr və kino sənətimizin inkişafında özünəməxsus yeri və rolu olan xalq artisti Ələsgər Ələkbərovun 100 illik yubileyi tamam olur. Onun yaratdığı bənzərsiz qəhrəmanlar teatr və kino tariximizdə xüsusi bir mərhələ təşkil edir. Bu qəhrəmanların əksəriyyəti dramatik səpkili rollardır.

 

Aktyor Ələsgər Ələkbərovun yaradıcılığı ən azı teatrımızın 25 illik bədii estetik meyarlarını müəyyənləşdirdi. Bu aktyorun canlı ifalarına tamaşa edənlər bu gün də həmin anların xoş təəssüratlarını unuda bilmirlər. O, teatrı bütün varlığı ilə sevirdi. Teatrşünas Aydın Talıbzadə onun yaradıcılığını yüksək qiymətləndirərək aktyoru “milli Zevs” adlandırmışdı.

Ələsgər Ələkbərovu tamaşaçılar çox sevirdilər, onun yaratdığı hər yeni qəhrəman teatr üçün, kino üçün əsl mənada hadisəyə çevrilirdi.

Ömrünü həyatı qədər sevdiyi aktyorluq peşəsinə həsr edən SSRİ xalq artisti Ələsgər Ələkbərovun həyat yolu barədə bəzi məlumatları oxucuların diqqətinə çatdırmaq istərdik.

Bu istedadlı aktyor 1910-cu ildə Bakıda yoxsul tacir ailəsində dünyaya göz açmışdı. 1918-ci ildə o, Bakıdakı Realnı Məktəbdə təhsil alıb. İki il sonra atası vəfat edib, evin bütün qayğıları balaca Ələsgərlə anası Zibeydənin üzərinə düşüb.

Aktyor 1927-30-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil almışdı. Sonra Türk İşçi Teatrında çalışmış, burada Hacı Baxşəli (“Ölülər”), ikinci bələdiyyə (“Hücum”) kimi yaddaqalan obrazlar yaratmışdı. Ə.Ələkbərov bir neçə il Tiflis Azərbaycan Teatrında, Kirovabad (indiki Gəncə) teatrlarında çalışmış, 1933-cü ildən öz yaradıcı taleyini indiki Akademik Milli Dram Teatrına bağlamışdı. Bu aktyorun səhnədə görünməsi əslində tamaşanın taleyini həll edərdi. Teatrşünaslar onun rolları haqqında həmişə müxtəlif mövqedən mülahizə bildirmişlər.

30-cu illərdə aktyorun ünvanına bəzən yersiz tənqidlər də səslənirdi. Ancaq bunlar onu sənətdən soyutmur, əksinə daha məsuliyyətlə işləməyə sövq edirdi. Maktuf (“Maqbet”), şah Zeyir (“Şahnamə”), Aydın (“Aydın”), Heydərbəy (“1905-ci ildə”), Fərhad (“Fərhad və Şirin”) və onlarla rolları aktyorun güclü plastikaya, geniş diapazona malik olduğunu təsdiqləyirdi. Ancaq iki obraz - Vaqif (“Vaqif”) və Otello (“Otello”) rolları onun sənət dünyasının ən layiqli nişanələridir. Bu obrazları Azərbaycan səhnəsində güclü aktyorlar ifa ediblər. Ələsgər Ələkbərovun ifasında isə onlar tamam başqa bir aləmdir. “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” sənədli filmində “Vaqif” tamaşasından bir neçə epizod əks olunur. Bu parçalarda Ələsgər Ələkbərov Vaqifi o qədər təbii, o qədər canlı formada yaradıb ki, tamaşaçı aktyorun istedadına heyran olur.

O, Adil İsgəndərovun monumental səpkili tamaşalarında öz aktyor təbiətinə uyğun yer tapa bilmişdi. Adil müəllimin hazırladığı Mirzə İbrahimovun “Həyat” (Akif və Süleyman), Səməd Vurğunun “Xanlar” (Xanlar), “Fərhad və Şirin” (Fərhad), Mehdi Hüseynin “Nizami” (Əbdək), “Cavanşir” (Cavanşir), Cəfər Cabbarlının “Aydın” (Aydın), “1905-ci ildə” (Salamov), Nazim Hikmətin “Türkiyədə” (aparıcı müəllif), Şekspirin “Otello” (Otello) əsərlərinin tamaşalarında oynayır.

Tənqidçilərin fikrinə görə, Ələsgər Ələkbərov teatra hörmət və sevgisini tamaşaçıya öyrətməyi bacarırdı. Tamaşaçılar teatrın necə ciddi, yüksək sənət olduğuna bir daha əmin olurdular. O, Vaqifi o qədər yüksək istedadla ifa etmişdi ki, hətta rejissor özü də bu ifadan çox məmnun qalmışdı. O, Vaqifi sevərək yaratmışdı və onu böyük tamaşaçı kütləsinə sevdirə bilmişdi. Qacarla dialoqunda onun sənətkarlıq məharəti bir daha özünü aydın büruzə verirdi. Səsi, görkəmi, intonasiyası, pafosu, əzəməti Vaqif obrazına vizual görkəm bəxş etmişdi, onu heykəlləşdirmişdi.

Ümumiyyətlə, teatr onun həyatı idi. Ömrünün sonuna kimi AMDT-də onlarla qəhrəmana həyat verdi, onları milyonlarla tamaşaçıya sevdirdi. Moskvada Vaqifi ifa edərkən yüzlərlə tamaşaçının ayaq üstə onu alqışlaması da aktyorun sənətinə verilən yüksək qiymət kimi yaddaşlardan silinməyib.

Ələsgər Ələkbərovun yaradıcılığında kino sənətinin də öz yeri var. O, kinoya hələ 18 yaşı olanda çəkilmişdi. “Vulkan üzərində ev” filmində Həsən rolunu ifa etmişdi. Bu filmin hadisələri olmuş əhvalatlara əsaslanırdı. 2007-2008-ci illərdə Bakı quberniyasının Zabrat neft mədənlərində baş verən hadisələr onun qəhrəmanın taleyi fonunda tamaşaçılara çatdırılır.

Ümumiyyətlə, 30-40-cı illərdə yaradılan filmlərimizdə o, bir sıra rollar ifa edib. Məsələn, “Lətif”də Qurban, “Almaz”da Fuad və s. “Kəndlilər” filmində o, baş qəhrəman Göydənizi böyük ustalıqla yaratmışdı. Azərbaycanın ilk professional kinorejissoru Səməd Mərdanovun bu ekran əsərində onun qəhrəmanı Azərbaycanda gedən inqilabi mübarizənin önündə dayanır.

“Fətəli xan” filmində ona yenə də baş qəhrəmanı həvalə etmişdilər. Bu filmdə o sübut etdi ki, tarixi qəhrəmanları da yüksək ustalıqla ifa edə bilir. “Fətəli xan” filmi o dövrdə müəyyən qadağalarla rastlaşsa da sonradan ekranlarımızda müvəffəqiyyətlə nümayiş etdirildi. Fətəli xanın xarici işğalçılara qarşı mübarizəsini film tarixi həqiqətlərə söykənərək tamaşaçılara çatdırır.

“Ögey ana” filmində Ələsgər Ələkbərov çox böyük rol yaratmasa da, tamaşaçının diqqətindən yayınmır. Hüseyn dayı kəndin ağsaqqalıdır. Təmkinli, sözübütöv insan təsiri bağışlayır. Aktyorun bu qəhrəmanı hadisələrin ümumi inkişafında, digər qəhrəmanların xarakterlərinin tamamlanmasında əhəmiyyətli rol oynayır. Amma “Qara daşlar” filmində (İsmayılzadə) onun qəhrəmanı daha ciddi xarakterə malik insandır. O, prinsipialdır, insanlara qarşı həssasdır. Bu cür prinsipiallıq, bütövlük, öz sözünün sahibi olmaq onun bir çox rolları üçün də xarakterikdir. Elə, “Böyük dayaq” filmində olduğu kimi.

1962-ci ildə ekranlaşdırılan “Böyük dayaq” filmi Azərbaycan kinosu tarixində əhəmiyyətli filmlərdəndir. Bu film milli adət-ənənlərimizin, yüksək insani keyfiyyətlərin real əks olunduğu maraqlı ekran əsəridir. Rüstəm kişinin ailə, dostluq, rəhbər kimi məsələlərə öz münasibəti var və bunu ətrafdakılardan da tələb edir. Rüstəm kişi “Mənim ailəm bu yumruq kimi olmalıdır, biri açılsa kəsib ataram” deyərkən ailənin müqəddəs olduğuna, ona özgə müdaxilələrin yolverilməzliyinə işarə edir. O, xasiyyətcə sərt adamdır. Ancaq özü də bilmədən, şəxsiyyətinə daha çox güvənir. Dostu Şərəflə onun görüş səhnəsi filmdə çox təsirlidir.

Rüstəm kişinin bir insan kimi gözəl qəlbi var. Oğlu Qaraşın ondan xəbərsiz evlənməyi onu çox qəzəbləndirsə də, gəlininin atasının cəbhədə həlak olduğunu eşidəndə necə də kövrəlir. Rüstəm kişinin buraxdığı səhv ucbatından düşdüyü vəziyyəti də aktyor çox məharətlə ifa edir.

Ələsgər Ələkbərov “Uzaq sahillərdə” filmində də (Ferrero) çox maraqlı bir rol oynayıb. Onun qəhrəmanı partizan dəstəsinə rəhbərlik edir. Burada o, öz səsi ilə çıxış edir. Bu səs bizə nə qədər doğma və əzizdir. Bu səs böyük bir sənət bioqrafiyasına malik insanın səsidir. Uzaq sahillərdən gələn bizə yaxın səs.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 10 fevral.- S. 8.