Mənəvi dəyərlərimizin qorunması və inkişafı bizim vətəndaşlıq borcumuzdur

 

Müstəqil Azərbaycanımız son illər təkcə iqtisadi, sosial göstəriciləri ilə deyil, mədəni nailiyyətləri ilə də öncüllər sırasındadır. Bəşər mədəniyyətinə qiymətli töhfələr vermiş Azərbaycan xalqının mədəni dəyərləri bu gün dünya xalqları tərəfindən tanınır və sevilir. Bunu son illər ayrı-ayrı ölkələrdə keçirilən mədəniyyət günləri bir daha təsdiqləyir.

 

Ulu öndər Heydər Əliyevin yüksək qayğı ilə yanaşdığı Azərbaycan mədəniyyəti son illər aparılan islahatlar nəticəsində sürətli inkişaf yoluna qədəm qoymuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin mədəniyyətimizin müxtəlif sahələrinə dair imzaladığı sərəncam və fərmanlar, qəbul olunmuş dövlət proqramları mədəni həyatımızın bütün sahələrində inkişafa əsaslı stimul yaratmışdır.

Milli mənəvi dəyərlərimizin qorunmasına və inkişafına Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğı da xüsusi dəstək vermişdir.

Bütün bunların nəticəsidir ki, Azərbaycan mədəniyyəti bu gün beynəlxalq təşkilatların diqqətindədir. Azərbaycan mədəniyyət nümunələri YUNESKO-nun maddi və mədəni irs siyahılarında əks olunur, Bakımız İslam Mədəniyyətinin Paytaxtı elan edilir, dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti günləri böyük maraqla qarşılanır. Bu günlər ölkəmizin bütün regionlarında mədəniyyət abidələri bərpa olunur, yeniləri inşa edilir, yeni muzeylər yaradılır, yollar çəkilir, körpülər salınır və s. Ancaq Bakımızın mədəni həyatı daha sürətlə yeniləşir. Doğrudan da qədim mədəniyyət beşiyi olan Bakımız günbəgün yeniləşir, teatrlarımız əsaslı təmir olunur, yeni sərgi salonları yaradılır, muzeylər əsaslı təmir olunur. Bir neçə il əvvəl istifadəyə verilən Muğam Mərkəzi əsl sənət məbədinə çevrilmişdir. Bakıda möhtəşəm Xalça Muzeyi inşa edilir. Bir-birinin ardınca keçirilən musiqi festivalları, sərgilər, konsertlər və yeni tamaşalar şəhərimizin mədəni həyatına yeni gözəllik bəxş edir. Söz yox ki, bu yeniləşmədə, bu inkişafda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin də öz rolu vardır. Son illər kollektivimiz Bakı şəhər əhalisinə mədəni xidmət göstərilməsi, milli mədəniyyətimizin qorunması və gələcək nəsillərə çatdırılması, əhalinin asudə vaxtının təşkili istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi sahəsində böyük nailiyyətlər qazanmışdır. Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi bu tədbirlərin reallaşmasında bizə yardımçı olmuş, fəaliyyətimizin genişlənməsində yaxından köməklik göstərmişlər.

Ötən il Bakının mədəni həyatı daha zəngin və rəngarəng olmuşdur. Məlum olduğu kimi Bakı 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilmiş və bu missiyanı uğurla həyata keçirmişdir. Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi də öz üzərinə düşən vəzifələrin məsuliyyətlə yerinə yetirilməsini təmin etmişdir.

Bakıda keçirilən tədbirlər bir daha təsdiq etdi ki, Azərbaycan xalqı islam dəyərlərini qoruyub saxlamış və ona bu gün də hörmət və məhəbbətlə yanaşır. Bu tədbirlər ölkəmizin İslam dünyası ölkələrinə inteqrasiyası baxımından da olduqca əhəmiyyətli idi. Biz bu münasibətlə keçirilən tədbirlərdə yaxından iştirak etdik.

Ümumiyyətlə, 2009-cu ildə idarəmizin fəaliyyətinin əsas istiqaməti dövlətimizin mədəniyyət siyasətinin davamlı olaraq həyata keçirilməsindən ibarət olmuşdur. Bunun üçün bütün kollektiv səfərbər olunmuşdur. 38 mədəniyyət evi və klub, 84 MKS, kütləvi və uşaq kitabxanası, 38 uşaq musiqi və incəsənət məktəbi, 9 muzey və qoruq, Bakı Heyvanat Parkı, Vahid poeziya evi və s. müəssisə və təşkilatlar şəhər əhalisinə xidmət göstərmişdir.

Bu müəssisələrin fəaliyyətinin normal təşkili üçün mühüm tədbirlər həyata keçirilmiş, onların müasir tələblərə cavab vermələri üçün yeni iş metodları tətbiq olunmuşdur. Xüsusilə, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində aparılan işlər öz nəticəsini vermişdir. Sadəcə bir faktı nəzərə çatdırmaq istərdim. 2009-cu ildə bu müəssisələrə yeni avadanlıqların alınmasına 109933 manat vəsait sərf olunmuşdur.

Məlumat üçün bildirmək istəyirəm ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində 2 qoruq fəaliyyət göstərir. Onlardan biri “Qala” Dövlət Tarixi Etnoqrafiya qoruğu, ikincisi isə Nardaran Tarixi və Mədəniyyət qoruğudur. Bu qoruqların hər birində 13 abidə var ki, onların da gələcək nəsillərə saxlanılması üçün əsaslı tədbirlər həyata keçirilir.

Ötən ilin yeniliklərindən danışarkən bir məsələni də diqqətə çatdırmaq istərdim. Belə ki, Ə.Məmmədxanlı adına kütləvi kitabxananın bazasında Bakı Şəhər Kitabxana—İnformasiya Turizm Mərkəzi yaradılmışdır. Burada Azərbaycanda turizm imkanlarının təbliği ilə bağlı iş aparılır və gələcəkdə onun fəaliyyəti daha da genişləndiriləcək.

Tarixi hadisələr və bayram şənlikləri ilə bağlı ötən il təşkil etdiyimiz mədəni-kütləvi tədbirlərə şəhər əhalisinin böyük bir qismi cəlb olunmuşdur. Bu tədbirlərə idarəmizin tabeliyində olan bütün müəssisələr qoşulmuşlar. Mədəniyyət saraylarında, kitabxanalarda, uşaq musiqi məktəblərində keçirilən tədbirlərə tamaşaçılar böyük maraq göstərmişlər.

Qeyd edim ki, idarəmizin tabeliymində olan mədəniyyət evləri və klubların nəzdində 20 xalq kollektivi fəaliyyət göstərir. Onlardan 9-u xalq teatrı, 8-i xalq çalğı alətləri ansamblı, 7-i aşıq ansamblı, 2-i xalq rəqs ansamblıdır. Biz hər il olduğu kimi 2009-cu ildə də bu kollektivlərin işinə baxış keçirmiş, ən yaxşılarını fərqləndirmişik.

Ötən il idarəmizin tabeliyində olan mədəniyyət evlərinin əməkdaşları C.Cabbarlının 110 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” IV Ümumrespublika bədii sənət müsabiqəsində, “Azərbaycanım mənim” respublika vətənpərvərlik mahnıları ifaçılarının müsabiqəsində iştirak etmiş və mükafatlar qazanmışlar.

Məlumdur ki, 2009-cu il ölkəmizdə həm də “Uşaq ili” elan edilmişdi. Uşaqların estetik və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bir sıra tədbirlər də bu münasibətlə həyata keçirilmişdir.

“Sülh mədəniyyəti və dünya uşaqlarına münasibətdə qeyri-zorakılıq beynəlxalq onilliyi (2001-2010)” haqqında Prezident sərəncamına uyğun olaraq keçirdiyimiz tədbirlər xüsusi maraq doğurmuşdur. Bundan başqa “uşaq ili” çərçivəsində Suraxanı, Nizami, Əzizbəyov rayonlarında maraqlı tədbirlər keçirilmişdir. Bu tədbirlərdə uşaq musiqi kollektivləri fəal iştirak etmişlər.

Uşaq musiqi və incəsənət məktəblərinin Direktorları Şurasının təşəbbüsü ilə dünya şöhrətli musiqiçi M.Rostropoviç adına gənc ifaçıların I Bakı müsabiqəsi təşkil olunmuşdur. Bu müsabiqədə uşaqların qabiliyyətinin üzə çıxarılmasında əhəmiyyətli rol oynamışdır.

2009-cu ildə tabeliyimizdə olan müəssisələrin kollektivləri mütəmadi olaraq cəbhə bölgələrində olmuş və hərbçilər qarşısında konsert proqramları ilə çıxış etmişlər.

Ötən il bir sıra müəssisələrimizdə əsaslı və cari təmir işləri aparılmışdır. Bir sıra kitabxanalar, uşaq musiqi məktəbləri, mədəniyyət evləri, klublar, muzeylər təmir edilərək əsaslı şəkildə yeniləşdirilmişdir.

Bizim uşaq musiqi və incəsənət məktəblərinin folklor və rəqs qrupları müxtəlif beynəlxalq festivallarda iştirak etmişlər. Belə ki, Şimali Kiprdə keçirilən XI Beynəlxalq Uşaq və Sülh Folklor Rəqs Festivalında, Estoniyanın Narva şəhərində keçirilən ənənəvi İ.S.Bax adına gənc pianoçuların IV Beynəlxalq müsabiqəsində uşaqlarımız böyük uğurlar qazanmışlar.

2009-cu ildə tabeliyimizdə olan kitabxanaların fondu yeni ədəbiyyatla zənginləşdirilmiş, oxucu kontingenti xeyli artmışdır.

Bütün bunlar bizi arxayınlaşdırmır. Yaxşı bilirik ki, gələcək həyatımızın daha gözəl, daha mənalı olması üçün mədəniyyətin inkişafı çox vacibdir. Bu mənada 2010-cu ildə bizi yeni-yeni vəzifələr gözləyir.

Artıq yeni ilin ilk ayı arxada qalmışdır. 2010-cu ilin başlanğıcında Misir Ərəb Respublikasında Azərbaycan mədəniyyət günləri uğurla keçdi. Nümayəndə heyətinin rəhbəri kimi öz təəssüratlarım barədə oxuculara bəzi məqamları çatdırmaq istərdim. Biz Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təqdim edə bildik. İstər bizim Kamera Orkestrinin, istər Dövlət Rəqs Ansamblının, xalq artistlərimiz Mənsum İbrahimovun və Nəzakət Məmmədovanın, Azər Zeynalovun çıxışları həqiqətən bu ölkədə geniş əks-səda doğurdu. Belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir.

Bizim rəqslərimiz, musiqimiz dünyada tanınır. Bir fakt deyim. Bizim rəqs ansamblının çıxışından sonra Misirin Dövlət Rəqs Ansamblının rəhbəri mənə dedi ki, bundan sonra mən öz rəqs ansamblımızın paltarlarını yandırmalıyam. Bizim rəqslərdəki gözəllik, texniki harmoniya onları valeh etmişdi.

Onu demək istəyirəm ki, Misirdə Azərbaycan Mədəniyyəti günləri çox əhəmiyyətli bir hadisəyə çevrildi. Mən inanıram ki, belə tədbirlər hələ çox olacaq, Azərbaycan mədəniyyəti dünyanın bütün ölkələrini heyrətə gətirəcək.

Cənab Prezidentimizin mədəniyyətə, incəsənətə gündəlik qayğısı onu deməyə əsas verir ki, Azərbaycan mədəniyyəti bundan sonra daha da çiçəklənəcək və milli mənəvi dəyərlərimiz yüksək səviyyədə gələcək nəsillərə çatdırılacaq.

 

 

Əlikram ƏLİYEV,

Bakı Şəhər Mədəniyyət və

Turizm İdarəsinin rəisi

 

Xalq qəzeti.- 2010.- 11 fevral.- S. 8.