Dəvəçi: 2009-cu ildəki dinamik inkişaf 2010-cu ildə böyük perspektivlərə zəmin yaradır

 

2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda duran vəzifələrlə bağlı Dəvəçi Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə tər çiçək dəstələrinin qoyulması ilə başladı. Rayonun özəl şirkət və müəssisələrinin istehsal məhsullarının icra hakimiyyəti binasında düzənlənən sərgisinə baxışdan sonra hesabat yığıncağı öz işinə başladı. Dəvəçi Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov geniş hesabat məruzəsinə 2009-cu ilin ümumən respublika üçün hansı nailiyyətlərlə əlamətdar olduğunu göstərən faktları diqqətə çatdırmaqla başladı:

—Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlar, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətlə davam etdirdiyi düşünülmüş milli inkişaf strategiyası respublikamızın hərtərəfli inkişafına, qabaqcıl dövlətlər səviyyəsinə qalxmasına səbəb olmuşdur.

2009-cu ili ölkəmizin iqtisadi inkişafında yeni mərhələ kimi səciyyələndirən ölkə Prezidenti Nazirlər Kabinetinin iclasında bu barədə deyir: “2009-cu ilin yekunlarına görə Azərbaycan dünya miqyasında ən inkişaf etmiş ölkələr sırasındadır. 2009-cu ildə Azərbaycanda ümumdaxili məhsul 9,3 faiz artmışdır. Hesab edirəm ki, bu tarixi nailiyyətdir. Bu bir daha onu göstərir ki, uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır.”

2009-cu ildə ölkəmizdə ümumdaxili məhsulun real artımının böhran ili üçün çox yüksək — 9,3 faiz səviyyəsində olması, müstəqil Azərbaycan dövlətinin tarixin bu sınağından da uğurla çıxmasının əyani sübutu, siyasi və iqtisadi idarəetmənin uğurlu göstəricisidir.

Rayon icra hakimiyyətiniun başçısı 2009-cu ilin Dəvəçi üçün də yaddaqalan, uğurlu il olduğunu konkret faktlarla açıqlayaraq dedi:

— Ölkənin bütün regionlarını əhatə edən iqtisadi tərəqqi, sosial-mədəni quruculuq mühiti rayonumuzda da uğurlu nəticələrin əldə edilməsinə yol açmışdır. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2009-2013-cü illərdə)” nəzərdə tutulmuş tədbirlərin rayonumuzda müvəffəqiyyətlə icra edilməsi nəticəsində 2009-cu ildə məhsul buraxılışının ümumi həcmi 214 milyon manat olmuş, sənaye məhsulu istehsalı 7 milyon manatı ötmüş, kənd təsərrüfatı məhsullarının istehsalı 44,4 milyon manata çatmışdır.

Rayonda 12,7 milyon manat həcmində tikinti, abadlıq, quruculuq işləri görülmüşdür ki, bu da 2008-ci illə müqayisədə 1,3 milyon manat və ya 10 faiz çoxdur. Son 3 ildə isə bu abadlıq-quruculuq işlərinin həcmi 32,9 milyon manat olmuşdur.

İl ərzində yerinə yetirilən tikinti -quruculuq işlərində dövlət investisiya vəsaiti 3,59 milyon manat təşkil etmişdir ki, bu da ümumi işin həcminin 28,3 faizidir. Ötən il dövlət büdcəsinin yerli xərclərindən abadlıq-quruculuq işlərinə 1,2 milyon manat (ümumi işin 9,3 faizi həcmində) vəsait sərf edilmişdir. Bu isə 2008-ci ildəkindən 495,9 min manat çoxdur.

2009-cu ildə “Azərkörpü” SC tərəfindən Dəvəçi şəhərində 148 min, yerli özünüidarəetmə orqanlar: —bələdiyyələr 128 min, digər mənbələr və daxili imkanlar hesabına 840 min manat həcmində abadlıq, quruculuq işləri aparılmışdır. Özəl bölmənin, sahibkarlıq müəssisələrinin tikintisinin ümumi həcmi isə 6,3 milyon manata çatmışdır.

Bu müddətdə dövlət investisiya vəsaiti hesabına rayonda 8 layihə həyata keçirilmiş — 220 şagird üçün Şahnəzərli kənd orta məktəbi, şəhər 4 saylı orta məktəbi də 520 şagird üçün 26 sinif otağı tikilib istifadəyə verilmiş, Düzbilici kənd əsas məktəbinin tikintisi başa çatmışdır. Gəndov kənd orta məktəbi əsaslı bərpa edilmişdir. Şəhər Mədəniyyət sarayının yenidən bərpası başa çatmış, statistika idarəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilmişdir. 80 çarpayılıq rayon xəstəxanasının, şəhərin mərkəzi kanalizasiya şəbəkəsinin tikintisi davam etmişdir. Rayon mərkəzinin əsas küçələri — Heydər Əliyev prospekti, Nizami küçəsindəki yaşayış və inzibati binalar baş kanalizasiya xəttinə qoşulmuşdur.

Dövlət büdcəsinin yerli xərclərində nəzərdə tutulmuş vəsait hesabına Ağalıq orta, Xəlfələr əsas və Udulu ibtidai məktəbləri, uşaq xəstəxanası, mərkəzləşdirilmiş kitabxana sistemlərinin binası, Gəndov və Pirəbədil mədəniyyət evləri təmir olunmuş, 4 iki mərtəbəli 12 mənzilli bina əsaslı təmir olunaraq alkoponla üzlənmişdir.

Bakı-Quba avtomobil yolunun Dəvəçi şəhərindən keçən 2,5 kilometr hissəsinə 25 min kv.metr asfalt-beton döşənmiş, təmir olunmuşdur.

Dəvəçi şəhərində uzunluğu 4554 metr olan 9 küçəyə 27 min 143 kvadratmetr asfalt-beton verilmiş, sahəsi 41 min 842 kv.metr, uzunluğu 7520 metr olan 15 küçə isə çınqıl və qırma daşla yenidən döşənmişdir.

Dəvəçi şəhərinin giriş qapısı tikilmiş, həmin ərazidə yeni park salınmışdır. Səməd Vurğun küçəsində “Şəlalə” kompleksi, süni ot örtüklü kiçik futbol meydançası, Heydər Əliyev prospektində “Dədə Qorqud” abidəsi, “Bayraq meydanı”nda 2 fontan, “Qala” meydanında 2-ci abidə, Bakı-Quba yolunun 141-ci kilometrində, Quba rayonu ilə sərhəddə, rayonun giriş qapısında onun mədəni-tarixi keçmişini əks etdirən seyrəngah, “Şabran şəhəri” qoruğunun ərazisinin girişində “Heydər Əliyev Şabranda” pannosu, Bakı-Quba və Gəndov-Xaçmaz yolunun kənarında olan kəndlərin adlarını əks etdirən lövhələr tikilmişdir. Hazırda M.Ə.Rəsulzadə küçəsindəki Qala meydanında “Qala” abidəsinin, M.Nəzirov parkının qarşısında “Bulaq” kompleksinin, inşası davam edən Heydər Əliyev mərkəzinin qarşısında 3 yeni fontanın tikintisinə başlanmışdır.

İki nəfər Qarabağ əlili üçün Ağalıq və Şahnəzərli kəndlərində fərdi yaşayış evi, Dəvəçi şəhəri, Əmirxanlı və Şahnəzərli kəndlərində 3 poçt bölməsi üçün yeni bina tikilmiş, Pirəbədil kəndində 510 nömrəlik yeni elektron ATS quraşdırılmışdır.

Beləliklə, Dəvəçi rayonunun 2009-cu ilə dair tədbirlər planında nəzərdə tutulmuş 94 tədbirin 66-sı tam icra olunmuş, 9 tədbir qismən icra olunmuş, 19 tədbirin isə icra olunmasının təşkili istiqamətində iş aparılır.

Yola saldığımız ildə pərakəndə əmtəə dövriyyəsi 2008-ci illə müqayisədə 9 faiz artaraq 3 milyon 26 min manata, əhalinin pul gəlirləri 11 milyon 63 min manat artaraq 69 milyon 427 min manata çatmışdır. Adambaşına düşən gəlirlərin həcmi 1329 manat olmuşdur ki, bu da 2008-ci ildəkindən 219,7 manat və ya 10 faiz çoxdur. Son 6 ildə orta aylıq əmək haqqının artım dinamikası 2004-cü ildəki 65,4 manatdan 229,3 manata çatmışdır.

Çıxışında sahibkarlıqla məşğul olan təbəqənin möhkəmləndirilməsi üçün hüquqi bazanın yaradılmasını, dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsini, sahibkarlığın inkişaf etdirilməsini Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri olduğunu xatırladan N.Novruzov ötən il rayonda sahibkarlığın inkişafı istiqamətində də bəzi işlər görüldüyünü bildirdi:

— Sahibkarlıq subyektlərinin sayı artaraq 1882-yə çatmışdır. Rayonda fəaliyyət göstərən bank filialları tərəfindən kiçik və orta sahibkarlığın inkişafı ilə məşğul olan 1840 nəfərə 2 milyon 309,7 min manat həcmində kredit verilmişdir.

Rayonda yeni istehsal sahələrinin yaradılması davam edir. Dəvəçi Broyler fabrikində quş ətinin dərin emalı sexində tikinti və quraşdırma işləri aparılır, Uzunboyad “Şirə-şərab” zavodunun tikintisi, Gəndov şərab zavodunun yenidən qurulması və bərpası başa çatmaq ərəfəsindədir. “Elit” toxumçuluq təsərrüfatı üçün tutumu 1000 ton olan taxıl anbarı tikilmişdir.

Filialının açılması nəzərdə tutulan “Xalq Bank” üçün yeni bina tikilmişdir.

Yola saldığımız ildə rayonda istehsal edilmiş sənaye məhsullarının 84,8 faizi, kənd təsərrüfatı məhsullarının isə 99,8 faizi özəl sektorun payına düşür. Kənd təsərrüfatının inkişafı, əhalinin bu sahədə fəallığının daha da artırılması üçün ardıcıl tədbirlər görülür.

2009-cu ildə 12 min 224 hektar sahədə payızlıq taxıl biçilmişdir. Bu, 2008-ci ildəki taxıl əkini ilə müqayisədə 4140 hektar çoxdur. Ümumilikdə isə 25 min 835 ton taxıl istehsal edilmişdir ki, bu da ötən ilə nisbətən 9 min 279 ton çoxdur.

Tərəvəz istehsalı 446 ton artaraq 8100 tona, kartof istehsalı 586 tona, meyvə istehsalı 762 tona, üzüm istehsalı 803 tona çatmış, 39 ton bostan məhsulları istehsal edilmişdir.

İribuynuzlu mal-qaranın sayı 587 baş artaraq 23 min 591 başa, qoyun və keçilərin sayı 980 baş artaraq 42 min 832 başa çatmışdır. Yumurta istehsalı 4 milyon 593 min ədəd artaraq 23 milyon 445 min ədədə çatmışdır.

Ümumilikdə, kənd təsərrüfatında məhsul istehsalının dəyəri 44 milyon 743 min manat təşkil etmişdir ki, bu da ötən illə müqayisədə kənd təsərrüfatı məhsullarının ümumi dəyərinin 6 milyon 793 min manat artdığını göstərir.

“Kənd təsərrüfatındakı irəliləyişin əsas təminatı şübhəsiz Azərbaycan Respublikası Prezidentinin diqqəti və qayğısıdır”, — deyə natiq sözünə davam etmişdir. — Belə ki, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli Sərəncamına əsasən rayonda 1 iyun 2009-cu il tarixə kimi əkilən 13 min 290 hektar əkin və çoxillik əkmələr üçün 3 min 671 nəfər məhsul istehsalçısına 531 min 613 manat yardım verilmişdir.

“Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi qaydaları” haqqında Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli, 181 saylı qərarına uyğun olaraq 1 dekabr 2009-cu il tarixə kimi 22 min 798 nəfərə əkdikləri 6 min 396 hektar buğda sahəsinə görə 255 min 836 manat yardım hesablanmışdır.

Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyev tərəfindən 2010-cu il “Ekologiya ili” elan olunmuşdur. Respublikamızın hər yerində olduğu kimi, Dəvəçidə də kütləvi hərəkata çevrilmiş ağac əkini kampaniyası uğurla davam edir. Dəvəçi şəhərinin cənub hissəsində Bakı-Quba yolunun sağ və sol tərəflərində rayon ictimaiyyətinin köməyi ilə 4 hektar sahədə 2 min 500 ədəd, rayondan keçən magistral yolun ətrafında 2 min 800 ədəd ağac əkilmişdir. Mövsümün sonunadək daha 5 min ağac əkiləcəkdir. Eyni zamanda əkilən ağacların becərilməsi və mühafizəsi üçün də lazımi tədbirlər görülmüşdür. Daimi işçi qüvvəsi müəyyənləşdirilmiş, suvarmanın təşkili üçün arxlar çəkilmiş, su mənbələri müəyyənləşdirilmişdir.

2009-cu ildə 102 vətəndaşın fərdi mənzil, 35 sahibkarlıq subyektinin — ticarət, iaşə və digər xidmətlərlə bağlı tikinti planı qeydə alınmış, razılıq verilmişdir. İl ərzində 11200 kvadratmetr fərdi mənzil tikilmiş, sahibkarlıq subyektləri tərəfindən 3750 kvadratmetr inşaat işi görülmüşdür.

İstehlakçıların, o cümlədən əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı gündəlikdə duran vacib məsələdir. Bu istiqamətdə rayonda müvafiq qurumların yerli təşkilatları tərəfindən 2009-cu ildə xeyli iş görülmüşdür. Hesabat ilində əhaliyə normal, fasiləsiz elektrik enerjisi verilmiş və istehlak olunan enerjinin dəyəri 94 faiz, əhali tərəfindən isə 85 faiz ödənilmişdir.

2010-cu ildə elektrik enerjisi təchizatının yaxşılaşdırılması, rayon paylayıcı elektrik şəbəkəsində yenidənqurma işlərinin davam etdirilməsi, 0,4 kv-luq hava xətlərinin sibb kabel ilə tamamilə əvəz edilməsi, yeni salınmış yaşayış massivlərində layihə əsasında elektrik şəbəkəsinin qurulması ən vacib tədbirlərdəndir.

Möhtərəm cənab Prezidentin tapşırığı əsasında rayonumuzun normal qazla təmin edilməsi üçün şəbəkənin yenidən qurulması işlərinə başlanılmışdır. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən layihə smeta sənədləri tərtib olunmuş, 3 mərhələdə planlaşdırılmış tədbirlərin 2010-cu ildə başa çatdırılması nəzərdə tutulmuşdur. Artıq 2010-cu ilin yanvar ayının 1-dən 1-ci mərhələnin—Dəvəçi şəhərinin qaz təchizatının yenidən qurulmasına başlanılmışdır.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu ilin oktyabr ayına qədər qaz pulu borclarının silinməsi üçün sərəncam vermişdir. Sərəncama əsasən rayonun 7 min 200 abunəçinin 2 milyon 854 min manat borcu büdcə vəsaiti hesabına ödənilmişdir. Bu isə dövlətin əhaliyə, aztəminatlı ailələrə göstərdiyi qayğının növbəti nümunəsidir.

İçməli su təchizatını yaxşılaşdırmaq məqsədilə Dəvəçi Su-Kanal İdarəsi 2009-cu ildə magistral və məhəllədaxili xətlərdə cari təmir işləri aparmış, mərkəzi nasos stansiyasında su nasosu, Uzunboyad kəndində su nasosu yenisi ilə əvəz olunmuşdur. Yeni tikilmiş 1500 kubmetr tutumu olan su anbarı istifadəyə verilmişdir. Lakin 2006-cı ildə Dəvəçi şəhərinin yeni yaşayış massivlərinə çəkilmiş 9,8 kilometrlik yeni su xəttinə içməli su verilməmişdir. İçməli suyun israfçılığına yol verilməsi halları davam edir. 2009-cu ildə rayonda “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də tədbirlər davam etmişdir.

Rayonda fəaliyyət göstərən 49 ümumtəhsil məktəbinin 14-ü mərkəzi istilik sistemi və qaz yanacağı ilə, 35-i isə odun yanacağı ilə qızdırılır. Dəvəçi şəhər 3,4,5 saylı orta və 2 saylı əsas, Gəndov kənd orta məktəbləri üçün yeni qazanxana qurğuları və istilik şəbəkələri quraşdırılmış, həmin qazanxanalara yeni qaz xətləri çəkilmiş və istifadəyə verilmişdir. 2010-cu ildə şəhər 3 saylı əsas məktəbində və 1 saylı uşaq bağçasında yeni istilik şəbəkəsinin quraşdırılması nəzərdə tutulmuşdur.

Rayonda əhaliyə göstərilən səhiyyə xidmətinin, xəstəxananın indiki iş şəraitini normal hesab etmək olar. Mərkəzi xəstəxanada 1 nəfər xəstəyə düşən çarpayı günü və ambulator gəlişlər respublika göstəricilərindən yaxşıdır.Lakin hələ də tibb müəssisələrində ixtisaslı həkim kadrları çatışmır.

Ötən il 1 yaşa qədər uşaqlar arasında 4 ölüm qeydə alınmışdır ki, 1245 yeni doğulan uşağa görə bu normal sayıla bilər.

Rayonda Heydər Əliyev Mərkəzinin tikintisi davam edir. Mərkəzin tikintisinin tamamlanması və istifadəyə verilməsi oktyabr ayına planlaşdırılmışdır. Mərkəzin işinin təşkili və təkmilləşdirilməsi ilə bağlı 7 fevral 2009-cu il tarixdə yaradılmış 14 nəfərdən ibarət qrup müvafiq tədqiqat və araşdırma işləri aparır.

Hesabat ilində əhali arasında qanunçuluğun möhkəmləndirilməsi, ictimai asayişin qorunması və vətəndaşların hüququnun tənzimlənməsində, ictimai narahatçılıq törədə biləcək hallara qarşı rayon polis şöbəsi, Prokurorluq kifayət qədər səmərəli iş aparmışdır.

2009-cu ildə rayon icra hakimiyyəti başçısının ünvanına vətəndaşlar tərəfindən 496 müraciət daxil olmuşdur. Bu da 2008-ci ildəkindən 9 faiz azdır. Rayon icra hakimiyyətinə ünvanlanmış müraciətlərin 54 faizi müsbət həll edilmiş, 7,4 faizinin əsassız olduğu aydınlaşmış, 26,6 faizinin həlli istiqamətində vətəndaşlara müvafiq hüquqi izahatlar verilmişdir.

2008-ci ilə nisbətən 2009-cu ildə rayon icra hakimiyyəti başçısına ünvanlanan şifahi müraciətlərin sayı da 2 dəfə azalmışdır. Bunun səbəbi isə yerlərdə əhali ilə görüşlərin sayının artırılması, səyyar qəbulların keçirilməsidir.

2009-cu il ərzində rayon icra hakimiyyəti başçısı rayonun 40 yaşayış məntəqəsində səyyar qəbullar, açıq görüşlər keçirmişdir. Səyyar qəbullarda 137 məsələ qaldırılmışdır. Qaldırılan problemlərin 75 faizi öz həllini tapmışdır.

Rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov hesabat məruzəsini yekunlaşdırarkən dedi:

— 2010-cu ilin vəzifələri böyükdür. Ötən il qazandığımız nailiyyətləri daha da möhkəmləndirməliyik. Bu ilin yanvar ayının 18-də Nazirlər Kabinetinin geniş iclasında ölkədə əldə edilmiş uğurlardan və qarşıda duran vəzifələrdən danışarkən möhtərəm Prezident cənab İlham Əliyev deyib: “Əldə etdiyimiz nailiyyətlərlə kifayətlənməməliyik. Bu gün əldə olunmuş nailiyyətlər sabah daha da böyük addımın atılması üçün əsas olmalıdır.”

Amalı Azərbaycan xalqının tərəqqisi və rifahı, dövlətimizin daha da qüdrətlənməsi olan möhtərəm cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin inamla yerinə yetirilməsi biz dəvəçililərin hər birimizin ümdə vəzifəsidir.

Sonra məruzə ətrafında çıxışlar oldu. Dəvəçi rayon sosial müdafiə mərkəzinin rəisi Dəyanət Orucov, qaz idarəsinin rəisi Kamran Zülfüqarov, mərkəzi xəstəxananın baş həkimi İlqar Qasımov, meşə mühafizəsi və bərpası idarəsinin rəisi Bəybala Allahyarov və başqaları 2009-cu ildə rayonun sosial, iqtisadi və mədəni həyatında görülən işləri qənaətbəxş hesab etdiklərini və ümumiyyətlə son 3 ildə həyata keçirilən tədbirlərin bölgənin inkişafında müstəsna rol oynadığını bildirdilər.

Daha sonra hesabat yığıncağının qətnaməsi qəbul edildi. Burada 2010-cu il üçün nəzərdə tutulan sosial, iqtisadi və mədəni tədbirlərin konkret planları və həlli yolları göstərilirdi.

İclas hesabat yığıncağı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətin qəbul olunması ilə başa çatdı. Yığıncağın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi İ.Əliyev iştirak edirdi.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2010.- 12 fevral.- S. 9.