İnsan əməli ilə ucalır

 

Bu günlərdə ölkəmizin müəssisə və təşkilatlarında, ayrı-ayrı bölgələrdə və idarəetmə sahələrində ötən ilin yekunları, əldə edilən uğurlar, həllini gözləyən problemlər geniş müzakirə olunur, cari ilin başlıca hədəflərinə yetişmək yolları dürüstləşdirilir. Nəticələr sevindirici, yeni vəzifələr ürəkaçan və məsuldur. Azərbaycanın son 6 ildəki sürətli inkişafı, uğurla həyata keçirilən modernləşdirmə xətti dostlarımızı razı salır, düşmənlərimizi məyus edir. Dünyanın siyasi mərkəzləri respublikamızı regionun həlledici söz sahibi, beynəlxalq iqtisadi-maliyyə qurumları ən sürətlə inkişaf edən dövlət, sosial-mədəni dairələr isə milli və bəşəri dəyərləri üzvi sürətlə qovuşdurub zənginləşdirən nadir bir kulturoloji məkan kimi dəyərləndirirlər.

 

Bütün bunları son 6 ilin davamlı, əhatəli inkişaf göstəriciləri bir daha təsdiqləyir. Son bir neçə ildə iqtisadi yüksəliş sürəti ilə dünyada ön mövqeyə çıxmış Azərbaycan ötən ilin ağır dünya böhranı şəraitində də 9,3 faiz ümumi artımla yenə də liderliyini qoruyub saxladı. Ölkəmiz artan büdcəsi və investisiya qoyuluşu ilə də dünyanın nəzər- diqqətindədir. Ötən il investisiya qoyuluşunun həcmi 9,2 milyard manata çatmışdır. Bu, adambaşına 1200 manat inkişaf vəsaitidir. Dünyada maliyyə qıtlığı yarandığı bir dövrdə bu iri məbləğin 7,3 milyard manatı daxili sərmayənin payına düşmüşdür. Bütün bunlar o deməkdir ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar respublikamızı tərəqqi yoluna çıxarmışdır. Ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əliyev bu yolda ölkəmizə yeni yüksək nailiyyətlər qazandırır. Tərəqqinin Azərbaycan modeli milli sərvətləri və ehtiyatları tam səfərbər etməklə, köhnə iqtisadi sistemi liberallaşdırmaqla, bazar mexanizmlərini milli dövlətin fəal tənzimləyici rolu ilə əlaqələndirməklə, dünya məkanına geniş inteqrasiya və sosial yönümlü proqramlara üstünlük verməklə keçmiş SSRİ məkanında ən sürətli və miqyaslı yeniləşməyə meydan açmışdır. Bu modelin özəlliklərini dünya strateqləri diqqətlə izləyir, öyrənir və yüksək qiymətləndirirlər. Məhz belə bir mobil sistemin yaradılmasının nəticəsi oldu ki, ölkəmiz xarici ölkələrlə bağlanmış tarixi neft müqavilələrinin vaxtında, yüksək səviyyədə həyata keçməsini təmin etdi.

Bakı—Tbilisi—Ceyhan neft, Bakı—Tbilisi—Ərzurum qaz kəmərləri, Bakı—Tbilisi—Qars dəmir yolu, TRASEKA və Yeni İpək yolu avtomobil nəqliyyatı layihələri ilə Azərbaycan Şərqlə Qərb arasında mühüm strateji körpüyə çevrildi. Qlobal enerji layihələri ilə ölkəmizin enerji təhlükəsizliyi qəti təmin olundu. Azərbaycan dünyanın, xüsusən, Avropanın enerji təhlükəsizliyində də öz imkanları ilə böyük ümidlər doğurur. Hazırda respublika əhalisinin ərzaq təhlükəsizliyi ilə bağlı proqramlar həyata keçirilir. Regionların sürətli və tarazlı inkişafı yolunda qısa müddətdə ölçüyəgəlməz irəliləyişə nail olunmuşdur.

Mən ölkənin investisiya layihələrində fəal iştirak edən bir tikinti şirkətinin məsul işçisi, tikinti mühəndisi kimi son illərdə ölkənin paytaxtında və regionlarda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq, yeniləşmə işlərindən daha geniş söz açmaq istəyirəm. Tale elə gətirmişdir ki, gənclik illərindən başlayaraq uzun müddət respublikamızdan kənarda yaşamışam. Orduda xidmətdən sonra Sibirin Tümen vilayətində ali təhsil almışam, orada tikinti sahəsində müxtəlif vəzifələrdə çalışmışam. Rusiya Federasiyasının Yekaterinburq və Nijni-Tagil şəhərlərində uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Diaspor quruculuğunda fəal iştirak etmişəm. Lakin qəlbim həmişə Vətənlə bağlı olmuşdur.

Nəhayət, son illərdə Azərbaycanda gedən sürətli inkişafın cazibəsi, tikinti-quruculuq işlərinin vüsəti və sahibkarlıq, təşəbbüskarlıq üçün yaradılmış əlverişli şərait məni də doğma respublikamıza çəkib gətirdi. Dünyanın müxtəlif yerlərindən iş adamları Azərbaycana axışıb gəlirsə onun havası, suyu, çörəyi ilə böyüyən, sevgisi ilə yaşayan övladı olaraq, mən niyə kənarda qalmalı idim?

Əvvəllər də respublikamızın tikinti kompleksinə az-çox bələd idim. Sənaye, nəqliyyat, kənd, sosial-mədəni obyektlər inşa edən güclü podrat təşkilatları var idi. SSRİ-nin süqutundan sonra onların əksəriyyəti fiziki və mənəvi cəhətdən iflas etmiş, sifarişləri itirmişdi. Köhnə sistemə bağlı qurumlar kimi bu nazirlik, komitə və baş idarələr fəaliyyətini yeni tələbata uyğunlaşdıra bilməmişdi. Ümummilli lider Heydər Əliyevin tikinti kompleksinin özəlləşdirilməsi ilə bağlı cəsarətli qərarından sonra ölkənin hərtərəfli inkişafı üçün əsaslar yaradan bu sahə yeni yola çıxmışdır. Özəlləşmiş, yenidən təşkil olunmuş və təzə yaradılmış tikinti şirkətləri və idarələri ölkənin uzun illər yetişmiş, peşəkarlıq qazanmış inşaatçılarını öz ətrafına cəm etməklə, qısa müddətdə böyük bir qurucu gücə çevrilmişdir. Azərbaycanın orta sosial-iqtisadi uğurlarında, investisiya layihələrinin tam həcmdə reallaşmasında, işsizliyin aradan qaldırılmasında tikinti sektoru əhəmiyyətli rol oynamışdır.

Bakı şəhəri inşaatçıların qadir əlləri ilə tanınmaz dərəcədə dəyişmiş, gözəlləşmişdir. Qabaqcıl dünya təcrübəsini və inşaat texnologiyalarını qısa müddətdə mənimsəyən tikinti sektoru ölkəmizə sürətli quruculuq, səmərəli podratçılıq, yüksək keyfiyyət və müasir dizayn gətirmişdir. İnşaatçıların köməyi ilə paytaxtda və regionlarda yeni istehsal sahələri yaradılmışdır. Qədim və köhnə tikililər təmir və bərpa olunmuş, bir çox zəruri kommunikasiyalar təzələnmişdir. Bakının memarlıq mənzərəsini yeniləşdirən bir sıra gözəl yaşayış binaları, sosial-mədəni obyektlər tikilmişdir. Paytaxtın gecəsi gündüzü ilə, sanki yarışa girmiş, dünyanın ən gözəl şəhərlərindən gələnləri belə heyran qoymuşdur. Ölkənin digər şəhərləri, qəsəbə və kəndləri də tikinti-quruculuq meydanına çevrilmişdir. Bu gün Azərbaycan inşaatçıları uzun illərin xoş arzusu olan “tez, möhkəm və yaraşıqlı tikmək” vəzifəsinin öhdəsindən bacarıqla gəlirlər.

Mənim çalışdığım “Azinport” MMC də paytaxtda həyata keçirilən investisiya layihələrində fəal iştirak edir. Şəhərin mərkəzində bir sıra park və meydanları yenidən qurmuş, genişləndirmişik. Zərgər dəqiqliyi ilə gördüyümüz işlər nəticəsində bu obyektlər tamamilə yeni görkəm almış, eyni zamanda, ətraf tikililərlə ideal uyğunluq yaradılmışdır. Aeroport yolunun kənarındakı abadlıq və tərtibat işlərini, avtomobil yollarının mühafizə zolaqlarının dizaynını da biz həyata keçiririk. Çalışırıq ki, bizə etibar olunan işlərin öhdəsindən vicdanla və peşəkarlıqla gələk.

Ötən illərdə tikinti sektorunda üzağardan işlərlə yanaşı, ictimaiyyətin haqlı qınağına səbəb olan, məyusluq doğuran hallar da olmuşdur. Ümumi “tikinti bumu”, məsuliyyətsizlik və nəzarətsizlik şəraitində, təəssüf ki, Bakının mərkəzində lüzumsuz çoxmərtəbəli binalar da tikilmişdir. Şəhərin ətrafında isə memarlıq tələblərinə məhəl qoyulmadan salınmış massivlər problemlər yaradır. Bu günlərdə haqlı olaraq, ciddi müzakirə mövzusuna çevrilən kommunikasiya zolaqlarında qanunsuz tikintilər aparılması da məhz belə özbaşınalığın nəticəsi olmuşdur. Gərək məsul qurumlar da, vətəndaşlar özləri də, tikintini aparan inşaatçılar da unutmasınlar ki, sabah sökmək üçün yox, heç kəsə və heç nəyə mane olmadan uzun illər istifadə etmək, rahatlıq tapmaq, fayda götürmək, ətrafı gözəlləşdirmək üçün tikmək lazımdır.

Yeri gəlmişkən, quruculuq peşəsi olan inşaatçı və mühəndisliyin bir cəhətindən də söz açmaq istəyirəm. Bu xeyirxah peşənin sahibləri təkcə hansısa sifarişə əməl etdikləri obyektdə çalışmalı deyil, onları böyüdüb ərsəyə gətirən doğma yerlərdə, yaşadıqları ünvanda da övladlıq, vətəndaşlıq borclarını yerinə yetirməlidirlər. Tutaq ki, Bakıda böyük bir fabrik tikən, yaraşıqlı bir bina ucaldan, müasir bir körpü salan memar və mühəndis öz kəndində gərəkli bir layihə vermirsə, kiçik də olsa bir obyekt tikmirsə o öz peşəsindən, vətəndaşlığından tam qürur duya bilməz. Mənim doğulub, orta məktəbi bitirdiyim Şamaxı rayonunun Çöl-Bağırlı kəndi mərkəzdən uzaqda yerləşdiyindən həmişə müəyyən çətinliklər yaşamışdır.

Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin Hacıqabul—Kürdəmir yolundan Şamaxıya çəkdirdiyi yol bu zonaya yeni həyat gətirmişdi. Həmin yolun Dağ-Göylərdən Çöl-Bağırlıya ayrılan 13 kilometrlik hissəsi illər keçdikcə dağılıb sıradan çıxmışdı. Həmkəndlilərimi başıma cəm etməklə qısa müddətdə yolu təmir edib, işlək vəziyyətə gətirdik. Kəndə gələn 10 kilometrlik su xəttini də bərpa etdik. 4 min və 12 min kubmetrlik 2 su anbarı da yaratdıq. Camaatın məşğulluğunu təmin etmək üçün üzüm plantasiyası salmaq fikrimiz də var.

Mən bütün inşaatçı və mühəndisləri doğma ünvanlarda, yaşadıqları yerlərdə abadlıq-quruculuq işlərinə dəvət edirəm. Tikinti mühəndisinin yaşadığı binanın dəhlizi qapı-pəncərəsizdirsə, o hər gün buradan necə biganə ötüb-keçir? Bu ona bənzəyir ki, həmin binada yaşayan elektrik montyoru işıq xətti qırılanda baxıb keçir, müəllim isə uşaqlar həyətdə nalayiq hərəkət edəndə üzünü yana çevirir.

Azərbaycanın dövlət müstəqilliyi yolunda üzləşdiyi bir çox çətinliklər arxada qalıb. Yüksək iqtisadi inkişafın gətirdiyi qazancı, varidatı bugünkü problemlərimizin həllinə yönəltməklə Prezident İlham Əliyev ölkəmizin daha xoş günlərinə möhkəm əsaslar yaradır. Bu sahədə tikinti kompleksində çalışanların üzərinə daha ciddi və məsul vəzifə düşür. Biz dünyanın inkişaf etmiş ölkələrindəki kimi o qədər və elə keyfiyyətli tikməliyik ki, gələcək nəsillərin tələbatı ödənilsin, xalqımız yüksək rifah şəraitində yaşaya bilsin. Babalar tikib-qurmasaydılar, bu günə izləri qalmazdı. Biz də tikək, yaradaq ki, gələcəyə izimiz, sorağımız çatsın.

 

 

Vəsaid MƏLİKOV,

“Azinport” MMC-nin baş mühəndisi

 

Xalq qəzeti.- 2010.- 21 fevral.- S. 3.