Yevlax: dinamik inkişaf möhkəm intizamın, təşəbbüskarlığın, bir də yurdsevərliyin nəticəsidir

 

Bölgə müxbiri kimi xidmət etdiyim şəhər və rayonların hamısı mənə əzizdir, doğmadır. Ancaq, söhbət açıq və səmimi etirafdan gedirsə, Yevlaxa daha çox can atıram. Bu şəhərdə olmaq, onun son illər sürətlə tikilən-qurulan, abadlaşan təmiz və səliqəli küçələri, prospektləri ilə addımlamaq, böyük zövq və məharətlə qurulan park və xiyabanlarında gəzmək, füsunkar fəvvarələrinə heyranlıqla tamaşa etmək, ana Kürün sahili boyu uzanan istirahət guşəsində dincəlmək insanda xoş, unudulmaz duyğular yaradır. Bu gözəlliyi, rahatlığı yaradanlara ürəkdən təşəkkür etmək istəyirsən. Bəli, bu gün Yevlax tamamilə dəyişmiş, gözəlləşmiş müasir şəhərə çevrilmişdir.

 

Elə buradaca yadıma çox da uzaq olmayan xatirələr düşür: bir vaxtlar hətta yolüstü keçənlər belə yayda toz-torpaq, qışda zığ-palçıq əlindən buradan mümkün qədər tez ötüb keçmək istəyirdilər. İndi isə ... nə qədər qəribə görünsə də, Yevlaxa istirahətə, gəzməyə, dincəlməyə gəlirlər. 5—6 il bundan əvvəl şəhərin bütün küçələrində qıfıllı evlər qapısı açıq evlərdən daha çox idi. İndiki statistika isə tamamilə başqadır: şəhərə köçüb gələnlər gedənlərdən 2 dəfə çoxdur. Biz hələ payız-qış aylarında müxtəlif bölgələrdən bura müvəqqəti yaşamağa gələnləri demirik.

Hər dəfə il başa çatanda, ilk növbədə, Yevlax şəhərinin iqtisadi və sosial yekunları ilə maraqlanıram, rəqəmlərin müqayisəsini aparıram, nəticələri təhlil edirəm. Sözün düzü, bu həvəs və marağın səbəbi heç özümə də bəlli deyil. Bəlkə, son illər Yevlaxın dinamik inkişafı haqqında daha çox yazdığıma görə, burada yaranan, formalaşan möhkəm intizam, mütəşəkillik və qayda-qanuna görə? Bəlkə də şəhər icra hakimiyyətinin, onun yerli strukturlarının, şəxsən icra hakimiyyəti başçısının başqalarına da nümunə ola biləcək maraqlı iş üslub və metodlarına, təşkilat-idarəetmə məsələlərinə göstərdiyim həvəs və marağa görə? Demək çətindir. Hər halda, bu nəticələrlə tanışlıq çoxları kimi, məndə də böyük məmnunluq, xoş və rahat duyğular yaradır.

2009-cu ilin iqtisadi və sosial yekunları, hərtərəfli yüksəliş, dinamik inkişaf, analoqu olmayan abadlıq və quruculuq tədbirlərini əks etdirən rəqəm və göstəricilər isə məndə daha böyük maraq oyatdı.Bu marağımızı məmnunluqla cavablandıran Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, nəhayət, bölgənin sosial-iqtisadi yüksəlişinin başlıca yönlərindən söz açaraq bildirdi:

— 2009-cu il sosial-iqtisadi inkişaf baxımından şəhərimiz üçün də uğurlu olmuşdur. Yevlaxlılar 2009-cu ildə Prezident İlham Əliyevin şəhərimizə son altı ildə dördüncü tarixi səfərinin və görülən işlərə verdiyi yüksək qiymətin, söylədiyi gözəl fikirlərin təsiri altında çalışmışlar. Dövlət başçısının daimi diqqət və qayğısından ruhlanaraq əvvəlki dövrlərdə olduğu kimi, 2009-cu ildə də şəhərimizin hərtərəfli inkişafı üçün bütün qüvvələri səfərbərliyə aldıq. Geniş quruculuq, abadlıq, tikinti işlərinin aparılması davam etdirildi, infrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılmasına xüsusi fikir verildi. Ayrı-ayrı sahələrdə uğurlarımız sevindiricidir.

 

Ümumdaxili məhsulun artım dinamikası

 

2009-cu ildə ümumdaxili məhsulun həcmi 446,7 milyon manat olmuşdur. Bu, 2008-ci ilə nisbətən 102,6 milyon manat və yaxud 30 faiz çoxdur. Ümumdaxili məhsulun 98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur. Bu artım əsasən, məhsul istehsalının, tikinti işlərinin və xidmətlərin artması hesabına olmuşdur.

ÜDM-in 10,3 milyon manatını sənaye, 78,6 milyon manatını kənd təsərrüfatı, 181,4 milyon manatını tikinti, 139,9 milyon manatını ticarət, 3,8 milyon manatını nəqliyyat, 1 milyon manatını rabitə, 31,7 milyon manatını digər xidmətlər təşkil etmişdir. 4762 min manatlıq sənaye məhsulu ixrac olunmuşdur. Bu, satılmış sənaye məhsulunun 51,4 faizini təşkil edir. 2009-cu ildə hər nəfərə 3772,6 manat ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da 2008-ci ilə nisbətən 843,9 manat və yaxud 28,8 faiz çoxdur.

Rayon üzrə orta aylıq əmək haqqı 167,3 manat olmuşdur ki, bu da 2008-ci illə müqayisədə 6,1 manat çoxdur. 2009-cu ildə əhalinin pul gəliri 245,7 milyon manat olmuşdur. Bu, 2008-ci ilə nisbətən 59,8 milyon manat və yaxud 32,2 faiz çoxdur. Adambaşına pul gəlirləri 2074,8 manat olmuşdur. Bu isə 2008-ci ilə nisbətən 493,8 manat və ya 31,2 faiz artıqdır.

Hesabat dövründə ümumilikdə 78,6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 17,2 faiz çoxdur. 2009-cu ildə bu ilin məhsulu üçün 2031 nəfər buğda istehsalçılarına 382 min manat dövlət yardımı verilmişdir. Keçən il torpaq mülkiyyətçilərinə 1054 tondan çox mineral gübrə güzəştli şərtlərlə satılmışdır. Nəticədə, bu ilin məhsulu üçün 11303 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 9569 hektarı buğdadır. Keçən il taxıl istehsalı 43,8 min tona çatmışdır. Bu, 2008-ci ildəkindən 16,8 min ton çoxdur.

2009-cu ildə 2008-ci ilin eyni dövrü ilə müqayisədə 106 ton ət, 96 ton süd, 157,2 min ədəd yumurta, 4 ton çox yun istehsal edilmişdir.

 

Tikinti-quraşdırma, abadlıq

 

2009-cu ildə bütün maliyyə mənbələri hesabına şəhərdə və rayon ərazisində kapital qoyuluşunun həcmi 181,4 milyon manat olmuşdur. Bu, 2008-ci ilin müvafiq dövrünə nisbətən 29,5 milyon manat və yaxud 19,4 faiz çoxdur.

2009-cu ildə kapital qoyuluşunun 136,5 milyon manatı əsas kapitala yönəldilmişdir. 2008-ci ilə nisbətən əsas kapitala 13,7 milyon manat və yaxud 11,1 faiz çox investisiya qoyulmuşdur.

Şəhərin 14, 15, 17, 18, 25 və 31-ci məhəllələrini əhatə edən 42 içtimai yaşayış binasının həyətində abadlıq- quruculuq işləri aparılmışdır. 6 yeni nümunəvi məhəllənin salınmasna başlanmışdır. İ.Dəmirov küçəsində yerləşən içtimai binaların həyətində nümunəvi məhəllə yaradılmışdır.

Hazırda Kür çayının sağ sahilində əhalinin istirahəti üçün istirahət zonası yaradılır. Əraziyə torpaq daşınmış, dəmir-beton dayaqlar quraşdırılmışdır. 1,5 kilometr uzunluğunda bulvarın salınması və mehmanxana kompleksinin tikintisi davam edir.

Şəhərdən çıxan yağış, sel və çirkab sularının Mil—Qarabağ kollektoruna axıdılması üçün K-11 kollektoru üzərində nasos stansiyası tikilir. 720 millimetrlik boru ilə 610 metr təzyiqli xəttin çəkilməsi işləri başa çatmaq üzrədir. Ərazidə geniş abadlıq işləri görülür. Beləliklə, uzun müddət şəhər sakinlərini narahat edən antisanitariya problemi aradan qaldırılacaqdır.

Şəhərdə və rayonun kəndlərində yolların təmir olunması asfatlanması işlərinə xüsusi diqqət yetirilmişdir. Rayon ərazisindən keçən 28,1 kilometr respublika əhəmiyyətli, 31 kilometr yerli yollar əsaslı təmir olunaraq asfatlanmışdır. “İpək yolu”nun 276 kilometrdən 292-ci kilometrinədək hissəsi yenidən tikilmişdir. Yol kənarlarında və iki yol arasında yaşıllıq salınmışdır. Rayonun 21 kəndində 92,9 kilometr daxili yollara çınqıl daşınaraq hamarlanmışdır. Hacıselli—Varvara kəndlərini birləşdirən 9 kilometr yol asfatlanmışdır.

 

İnfrastrukturun yaxşılaşdırılması

 

İçməli su təminatı. Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə əsaslı tədbirlər həyata keçirilmişdir. Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi üçün Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında kredit sazişi imzalanmışdır. Bu il şəhərimiz üçün müstəsna əhəmiyyəti olan bu işlərin görülməsinə başlanacaqdır. 2009-cu ildə 36,9 kilometr, o, cümlədən şəhərdə 4,3 kilometr, kəndlərdə 32,6 kilometr içməli su xətləri çəkilmişdir. Aran qəsəbəsində, Aşağı Bucaq, Yuxarı Bucaq və Duzdağ kəndlərində sutəmizləyici qurğular istifadəyə verilmişdir. Beləliklə, 14 kənddə sutəmizləyici qurğu quraşdırılmış, kəndarası su xətləri çəkilmiş, 380 bulaq tikilmişdir.

Son illərdə içməli suyu olmayan və buna ciddi ehtiyacı olan 21 kənddən 19-u su ilə təmin olunmuşdur. Əkşəm, Meyvəli, Ərəbbəsrə kəndlərinin içməli su təminatı üçün su təmizləyici qurğular quraşdırılacaqdır. Eyni zamanda, 48 əlavə artezian və subartezian quyuları qazılaraq, 26 kəndin əhalisi də içməli su ilə təmin olunmuşlar.

Şəhərin Heydər Əliyev və Nizami prospektlərində, Füzuli, C.Mustafayev, Bakıxanov, Z.Tağıyev, S.Əliyev küçələrində, 31-ci məhəllədə və digər ərazilərdə 4180 metr kanalizasiya xətləri çəkilmişdir.

Elektrik enerjisi təminatı. Şəhər icra hakimiyyətinin təşəbbüsü nəticəsində elektrik verilişi hava xətlərində yenidənqurma, əsalı təmir və bərpa işləri aparılmışdır. Bu işlərin görülməsi üçün 88 km “ŞİP” kabel xətti çəkilmiş, 3100 dəmir beton dayaq dəyişdirilmişdir. 28,2 kilometr elektrik xətləri əsaslı qurulmuş, 38,6 kilometr xətlər təmir olunmuşdur. 13 transformator quraşdırılmış, 50 transformator məntəqəsi təmir olunmuşdur.

Şəhərdə “Smart” tipli, əvvəlcədən ödəmə aparılan sayğacların quraşdırılması işləri başa çatdırılmışdır. 2009-cu ildə yerli əhali üzrə elektrik enerjisinin dəyərinin ödənilməsi 102 faiz təşkil etmişdir. Ümumi şəbəkə üzrə isə 81 faiz olmuşdur. 2009-cu ildə 2008-ci ilə nisbətən şəbəkə üzrə 15,1 milyon kilovatsaat enerjiyə (121 min manat) qənaət edilmişdir.

Təbii qaz təminatı. Yevlax rayonunda 2 qazpaylayıcı stansiya tikilmiş, 1 qaz paylayıcı stansiya əsaslı təmir-bərpa edilmişdir. Stansiyalardan şəhərə və kəndlərə ortatəzyiqli daşıyıcı xətlər çəkilmiş, kənddaxili qaz xətləri əsaslı təmir və bərpa olunmuşdur. Eyni zamanda, istehsalat müəssisələrinin təbii qaz təminatı üçün orta təzyiqli qaz xətti çəkilmişdir. Şəhərdə müxtəlif diametrli borularla 2,9 kilometr qaz xətti çəkilmiş, 1,2 kilometr qaz xətləri əsaslı təmir olunmuş, 9 paylayıcı şkaf quraşdırılmışdır. İl ərzində 1312 ailə təbii qazla təmin olunmuşdur.

Tanrıqulular, Hürüuşağı, Boşçalı kəndlərinə təbii qaz verilmişdir. Yaxın vaxtlarda Qaramanlı, Hacımahmudlu, Dəlləklər, Nuralılar, Köyük, Nəmərli kəndlərinin təbii qaz ilə təmin edilməsi ücün əsaslı işlər görülür. 2009-cu ildə təbii qazın dəyərinin ödənilməsinin həcmi artmışdır. Belə ki, il ərzində əhali üzrə 877 min manat ödəmə aparılmışdır ki, bu 2008-ci ilə nisbətən 331 min manat və ya 60,6 faiz coxdur.

Rabitə və poçt xidmətləri. Rayonun bütün kəndləri telefonlaşdırılmışdır. 2009-cu ildə əhaliyə 436 min manat, o, cümlədən şəhərdə 193, kəndlərdə 243 ədəd telefon çəkilmişdir. Nuralılar kəndində yeni poçt binası tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə, 2004- 2009-cu illərdə 17 poçt binası tikilib istifadəyə verilmişdir. Rabitə sahəsinə 432 manat investisiya qoyulmuşdur ki, bu da keçən ilə nisbətən 316 min manat çoxdur.

 

Təhsil, səhiyyə, mədəniyyət

 

Təhsil. Rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, təhsilin məzmununun yeniləşməsi, təlimin müasir tələblər baxımından təşkili, təhsilə münasibətdə müasir düşüncə tərzinin formalaşması istiqamətində 2009- cu ildə də əsaslı uğurlar əldə olunmuşdur. 2009-cu ilin mart ayının 2-3-də Prezident İlham Əliyevin Yevlaxa səfəri zamanı bir sıra yeni tikilmiş müəssisələrlə yanaşı şahmat məktəbinin açılışında iştirak etməsi, idmançıların qazandığı uğurlarla maraqlanması hər bir təhsil işçisinə böyük sevinc bəxş etməklə yanaşı, onların məsuliyyətini daha da artırmışdır.

Təhsil naziri Misir Mərdanovun, ali məktəb rektorlarının, akademik və professorların, millət vəkillərinin iştirakı ilə 2009-cu ilin may ayında şəhər 8 nömrəli orta məktəbin əsaslı təmirdən sonra açılışı, o cümlədən Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə icma layihəsi əsasında Nemətabad kənd uşaq bağçası və Nemətabad kənd orta məktəbinin idman zalının əsaslı təmir edilməsi, məktəbin və bağçanın həyətinin abadlaşdırılması təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində növbəti tədbirlərdən olmuşdur.

Hazırda Uşaq Gənclər İdman Məktəbinin ikinci korpusunda əsaslı təmir və bərpa işləri davam edir. 420 şagird yerlik Yevlax şəhər 1 saylı orta məktəbin və Cırdaxan kəndində 180 şagird yerlik yeni məktəb binasının tikintisi aparılır. Ötən dərs ilində orta məktəblərin məzunlarından 226 nəfər ali məktəblərə qəbul olunmuşdur. 2 nəfər 600-dən, 19 nəfər isə 500-dən çox bal toplamışdır. 9 nəfər ali hərbi məktəblərə, 12 nəfər C.Naxçıvanski adına hərbi liseyə qəbul olunmuşdur. Son üç il ərzində 42 nəfər ali hərbi məktəblərə, 52 nəfər hərbi liseyə qəbul olmuşdur.

Səhiyyə. Ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş şəhər uşaq xəstəxanası istifadəyə verilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir. Rayonun səhiyyə müəssisələrində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilmişdir.

Mərkəzi Şəhər Xəstəxanasının mətbəxində, reanimasiya və ginekologiya şöbələrində əsaslı təmir işləri başa çatmışdır. Hazırda urologiya şöbəsində cari təmir işləri davam etdirilir. 70 adda müxtəlif növ qan analizlərinin müayinəsi məqsədilə xəstəxanaya müasir tibbi avadanlıq alınmışdır. Ümumilikdə, xəstəxananın şöbələrinə 21 min manatlıq inventar və avadanlıq alınmışdır.

Mədəniyyət. 2009-cu ilin mart ayının 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə şəhərdə teatr binasının açılışı Yevlax mədəniyyətinin tarixində böyük və yaddaqalan hadisə olmuşdur. Son illər olduğu kimi, 2009-cu il ərzində də əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra ardıcıl tədbirlər həyata keçirilmişdir. Şəhərdə ən müasir tələblərə cavab verən elektron kitabxana tikilib istifadəyə verilmiş, kitabxanalara 5159 nüsxə yeni bədii, elmi-publisistik kitablar verilmişdir.

Müntəzəm olaraq respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə şəhərin Heydər Əliyev Sarayında və xiyabanında, Xalq Teatrının binasında konsert və teatr tamaşalarının, yay mövsümündə həftənin şənbə və bazar günləri şəhər əhalisi üçün konsert proqramlarının təşkili böyük rəğbətlə qarşılanmışdır.

 

2010-cu ildə görüləcək işlər

 

Hazırda ötən ildən başlanmış və yeni obyektlərdə tikinti-quraşdırma və təmir-bərpa işləri davam etdirilir. “Azərtoxum MMC, Qala kompleksi, ”Lalə Tekstil" tikiş fabrikinin II növbəsi, laminat-parket zavodu ilin buraxılış obyektləridir. Biznes Mərkəzində, Mərkəzi Bankın Yevlax Ərazi İdarəsində, Mərkəzi Klinik Xəstəxanada, Miqrasiya Xidməti İdarəsində, Bulvar-Otel kompleksində sürətli tikinti işləri gedir.

1 nömrəli şəhər orta məktəbin, Cırdaxan kənd orta məktəbinin binaları bu il istifadəyə veriləcək. Beynəlxalq Bankın Yevlax filialı, Fövqəladə Hallar Nazirliyinin Aran Regional İdarəsi, Milli Təhlükəsizlik Nazirliyinin Yevlax şəhər şöbəsi, Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax rayon şöbəsi üçün də yeni binalar tikilir.

Avtovağzal kompleksi, ayaqqabı fabriki, Uşaq Gənclər İdman Məktəbi və Sənaye Energetika Nazirliyinin Regional İdarəsinin binalarında da işlər davam etdirilir. Bu il istifadəyə veriləcək obyektlərin siyahısında Azəriqaz Regional Tikinti İdarəsinin, Yevlax Qaz İstismarı İdarəsinin, Baytarlıq idarəsinin və aqrolizinqin inzibati binaları da var. Bundan əlavə, 642 ailəlik mikrorayon salınması da nəzərdə tutulur.

Ötən ili həyatın bütün sahələrində ciddi uğurlarla başa vurmuş yevlaxlılar cari ilin qarşıda duran vəzifələrini də layiqincə həyata keçirmək üçün bu günlər yorulmaq bilmədən çalışırlar. Dinamik inkişafı davam etdirmək üçün möhkəm intizam, təşəbbüskarlıq, bir də yurd sevgisi Yevlaxda başlıca amillərə çevrilmişdir.

 

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 23 fevral.- S. 4.