“Fəaliyyətini Vətəninə, xalqına xidmətə həsr etmiş böyük vətəndaş”

 

Sərlövhəyə çıxardığımız bu sözlər 15 il əvvəl ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi, görkəmli ictimai xadim, akademik İmam Mustafayevə anadan olmasının 85 illiyi münasibətilə ünvanladığı təbrikdən götürülmüşdür. Həmin məktubda ulu öndər aqrar sahə alimliyindən bu sahənin böyük təşkilatçısına, respublikanın rəhbərinə qədər yüksəliş yolu keçmiş, böyük hörmət və nüfuz qazanmış İmam Daşdəmir oğlunu təbrik edərək onun şərəfli, nəsillərə örnək olası ömür yoluna yüksək qiymət vermişdi:

 

“Azərbaycan xalqı sizi həyatını kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsinə sərf etmiş görkəmli alim, tanınmış ictimai xadim, fəaliyyətini Vətəninə, xalqına xidmətə həsr etmiş böyük vətəndaş kimi tanıyır. Siz 65 illik yorulmaz, məhsuldar fəaliyyətiniz sayəsində geniş xalq kütlələrinin məhəbbət və ehtiramını qazanmışsınız”.

İmam Mustafayev sovet imperiyasının tərkibində Azərbaycanın iqtisadi-sosial və elmi-mədəni inkişafı, xalqımızın milli varlığını qoruyub saxlaması üçün həm qeyrətli vətəndaş, həm geniş erudisiyalı alim, həm də müxtəlif məsul vəzifələr daşımış rəhbər işçi kimi nə mümkündürsə etmişdi. Şübhəsiz, vətəndaş alim və təəssübkeş ictimai xadim olaraq Azərbaycanın bir gün dövlət müstəqilliyi qazanmasını hər şeydən çox arzulamışdı. Tale ona bu xoşbəxtliyi də qismət eləmişdi. İmam müəllim ulu öndər Heydər Əliyevin tarixi xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin dönməz, daimi və əbədi olduğunu görüb-yəqin edəndən sonra haqq dünyasına qovuşdu. Prezident Heydər Əliyevin sərəncamı ilə layiq görüldüyü müstəqil Azərbaycan dövlətinin yüksək mükafatı — “Şöhrət” ordeni mənalı və ləyaqətli bir ömür yaşamış bu görkəmli insanın aldığı çoxsaylı mükafatlar içərisində ən qiymətlisi oldu.

Aradan 15 il keçir. Əməlləri unudulmayan, xatirəsi qədirbilən xalqımız üçün əziz olan respublikanın keçmiş rəhbərlərindən birinin — akademik İmam Mustafayevin anadan olmasının 100 illiyi tamam olur. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev bu əlamətdar yubileyin respublikamızda geniş miqyasda, yüksək səviyyədə qeyd olunması üçün sərəncam vermişdir. Dövlət başçısının bu diqqəti və qədirbilənliyi xalqımızın qəlbində növbəti xoş duyğular yaratmış, ömür yolu nəsillərə nümunə olan İmam Daşdəmir oğlunun parlaq obrazı, nurlu xatirəsi ictimai gündəmə gəlmişdir.

İmam Daşdəmir oğlu Mustafayev 1910-cu il fevralın 25-də Zaqatala qəzasının — indiki Qax rayonunun Qax-Muğal kəndində anadan olmuşdur. 1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu bitirib bir il Balakəndə aqronom, bir il isə Tərtərdə müəllim işləmişdir. Elmin, yüksək ixtisasın əhəmiyyətini düzgün anlayan, aqrar sahədə xalqına daha böyük xidmətlər göstərmək istəyən gənc mütəxəssis kimi o, 1932—1934-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil almışdır.

Tələbəlik illərində biliyi, bacarığı, təşkilatçılığı ilə seçilən 22 yaşlı gənc oxuduğu ali məktəbdə saxlanılmış, 8 il müddətində aspirantlıqdan kafedra müdirliyinə, fakültə dekanlığına, institut direktorunun müavinliyinədək yüksəlmişdi. 1938-cü ildə Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına ezam olunmuş, burada “Meyvə toxumlarının cücərməsini sürətlə təyin etmək metodu” mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır.

1940-cı ildən İmam müəllim rəhbər idarəçilik sahəsinə irəli çəkilmiş, bir il Torpaq Komissarlığı Təhsil İdarəsinin rəisi, iki il isə dövlət nəzarəti komissarının müavini olmuşdur. 1942—1946-cı illərdə torpaq komissarının müavini işləyən İmam Mustafayev 1947 — 1950-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik etmişdir. 1950-ci ildə respublika Elmlər Akademiyasının həqiqi üzvü seçilən alim 2 il akademik-katib kimi yeni yaradılmış bu elm ocağının müxtəlif istiqamətlərdə inkişafına kömək göstərmişdir. 1952-ci ildə İmam Daşdəmir oğlu Mustafayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi seçilmiş, respublikada aqrar sahəyə bacarıqla rəhbərlik etmişdir. Azərbaycan KP Gəncə Vilayət Komitəsinin birinci katibi vəzifəsində də etimadı doğrultmuşdur.

Yüksək təşkilatçılıq bacarığı, nümunəvi bioqrafiyası, qətiyyəti və nüfuzu ilə respublikanın rəhbər heyətində fərqlənən İmam Mustafayev 1954-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. O, Stalin rejimindən sonrakı siyasi yumşalma və islahatlar dövründə 5 il respublikaya təşəbbüskarlıqla, milli təəssübkeşliklə rəhbərlik etmişdir. Həmin illərdə Azərbaycanda həyatın bütün sahələrində ciddi uğurlar qazanılmış, ötən epoxanın ağır nəticələri sürətlə aradan qaldırılmış, milli-mədəni mühit canlanmışdır. Azərbaycan rəhbərinin cəsarətli addımları, respublikanın konstitusiya hüquqlarından geniş istifadə etmək təşəbbüsləri SSRİ-ni “yağışdan çıxarıb yağmura salmış” Xruşşovçu rəhbərliyin xoşuna gəlməmişdi. 1959-cu ildə İmam Mustafayev respublikanın ali rəhbərliyindən uzaqlaşdırılmışdı.

Bu yüksək məqama yüksəldiyi illərdə İmam müəllim Azərbaycan KP-nin XVIII – XXIII, Sov.İKP-nin XIX – XXII qurultaylarının nümayəndəsi, IV–V çağırış Azərbaycan SSR Ali Sovetinin, III–V çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur. Dəfələrlə Bakı şəhər partiya konfransına nümayəndə və Bakı Sovetinə deputat seçilmişdir. 1943-cü ildə “Qırmızı əmək bayrağı”, 1948-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, “Qafqazın müdafiəsinə görə”, “1941—1945-ci il Böyük Vətən müharibəsində şücaətinə görə” medallarına layiq görülmüşdür. 60 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanını almışdı. O, bir sıra elmi, praktik məclislərin, sərgilərin təşkilatçısı və iştirakçısı olmuş, elmi şuraların və cəmiyyətlərin üzvlüyünə və rəhbər heyətinə seçilmişdi.

Elmi-pedaqoji fəaliyyətdən rəhbər idarəçiliyə keçdiyi 20 ilə yaxın müddətdə də İmam Mustafayev daim elm və təhsil məsələləri ilə sıx bağlı olmuş, bu sahənin problemlərinin həllinə çalışmışdır. İmam müəllim 10 ildən artıq müddətdə respublika akademiyasının Genetika və Seleksiya İnstitutunun paxlalı-dənli bitkilərin genetikası və seleksiyası şöbəsinin rəhbəri kimi bir sıra məhsuldar taxıl sortlarının yetişdirilməsinə və geniş yayılmasına nail olmuşdur. 1964-cu ildə “Azərbaycan buğdaları və onların seleksiya və forma-yaranma prosesində rolu” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi. Aqrar elm sahəsində 60-a yaxın elmlər namizədi və elmlər doktoru hazırlamışdır.

1969-cu ildə respublikanın rəhbəri seçilən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmam Mustafayevin 60 illik yubileyi təntənə ilə qeyd edilmişdir. 1970-ci ildə akademik çalışdığı instituta direktor təyin olunmuşdur. Ulu öndər Heydər Əliyevlə akademik İmam Mustafayev arasında diqqət, hörmət həmişə qarşılıqlı olmuşdu. İmam müəllim vaxtilə respublika rəhbəri olarkən həyata keçirə bilmədiyi bir sıra məsələləri Heydər Əliyevin daha tədbirli reallaşdırdığını görüb buna sevinirdi. Ümummilli lider Heydər Əliyev isə akademikin və vaxtilə onunla birlikdə respublikaya rəhbərlik edən şəxslərin təcrübəsizliyindən, ehtiyatsızlığından məharətlə yayınmağı bacarmışdı.

Qarabağ münaqişəsi başlayan ilk gündən xalqın taleyində ziyalı, ağsaqqal sözünün rolunu və məsuliyyətini dərindən anlayan, respublikamızı hansı sınaqlar və bəlalar gözlədiyini həssaslıqla duyan akademik İmam Mustafayev bütün bilik-bacarığını, nüfuzunu səfərbərliyə almışdı, müxtəlif məclislərdə və həlledici məqamlarda kəskin sözünü demişdi, qəti mövqeyini bildirmişdi. Onun bu illərdə demokratik və humanist məramla yaradılmış “Qayğı” Cəmiyyətinə, respublika Ağsaqqallar Şurasına rəhbərliyi xalqa xidmət göstərməyin daha bir nümunəsi olmuşdu.

İmam Mustafayev Dağlıq Qarabağ münaqişəsi başlananda respublika rəhbərliyinin gözləmə mövqeyi tutmasından, xalqın iradəsinə zidd addımlar atmasından, şübhəsiz, razı qala bilməzdi. Sovet rəhbərliyinin törətdiyi 20 Yanvar qətliamının və bunun ardınca dalbadal baş verən faciələrin başlıca səbəblərindən birini İmam müəllim respublika rəhbərlərinin — Ə.Vəzirovun, A.Mütəllibovun qorxaqlığında, kölə xislətində görürdü və yeri gəldikcə həm onlara, həm də Moskvanın riyakar emissarlarına kəskin etirazını bildirirdi. O, belə bir mürəkkəb şəraitdə, xalqın sağlam düşüncəli xadimlərindən biri olaraq, Heydər Əliyev kimi zəkalı və qüdrətli bir rəhbərə ehtiyac duyulduğunu qəti yəqin etmişdi.

1993-cü ilin yayında Gəncədə vətəndaş qarşıdurması yarandı, təcrübəsiz və iddialı AXC —Müsavat hakimiyyəti bais olduğu siyasi böhranın girovuna çevrildi. Xalq ayağa qalxıb ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb edəndə başabəla rəhbərlər vəzifə stullarından dördəlli yapışdılar. Ziyalılardan və deputatlardan ibarət mötəbər heyət Gəncəyə göndəriləndə, xalq onlardan obyektiv məlumat gözləyəndə bu komissiyanın ağsaqqalı İmam Mustafayevin müdrikliyi, qətiyyəti bir daha özünü göstərdi. Akademik, el ağsaqqalı İmam Mustafayev ölkə parlamenti vasitəsilə xalqa verdiyi məlumatda mövcud iqtidarın cinayətkar hərəkətlərini cəsarətlə açıb göstərdi və belə adamların çətin bir vaxtda respublikaya rəhbərlik etməyə mənəvi haqları olmadığını bəyan etdi.

İmam Mustafayevin elmi və ictimai fəaliyyətini vaxtilə onunla çiyin-çiyinə çalışmış görkəmli alimlər, ictimai və dövlət xadimləri həmişə yüksək qiymətləndirmiş, ehtiramla xatırlamışlar. İmam Mustafayevlə həm elm cəbhəsində, həm də aqrar sahəyə rəhbərlikdə çiyin-çiyinə çalışmış görkəmli coğrafiyaçı alim və ictimai xadim, akademik Həsən Əliyev öz dostu və məsləkdaşını belə səciyyələndirmişdi: “İmam Mustafayevin elm sahəsindəki müvəffəqiyyətləri partiya və sovet işi sahəsindəki nailiyyətləri ilə paralel inkişaf etmişdir...

Görkəmli ictimai-siyasi və elm xadimi olan İ.D.Mustafayev həyatın mənasını xalqına xidmətdə gördüyündən bütün ömrünü, bilik və bacarığını bu işə sərf etmiş və edir”.

Sadə xalqın içindən çıxmış, mükəmməl təhsil görmüş, gənclik illərindən fəal ictimai həyata qoşulmuş İmam Daşdəmir oğlu uzun və mənalı bir ömür yaşamış, harada çalışmasından asılı olmayaraq xalq işinə vicdanla, peşəkarlıqla xidmət göstərmişdi. Dünən olduğu kimi, bu gün də onun çoxillik elmi, ictimai fəaliyyəti, məhsuldar əməyi yüksək qiymətləndirilir. İmam Mustafayevin anadan olmasının 100 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi xalqımızın qədirbilənliyinin, dövlətimizin milli tariximizə və görkəmli simalara ehtiramla yanaşmasının daha bir parlaq nümunəsidir.

 

 

Çingiz FƏRƏCOV,

Azərbaycan Respublikası Kənd

Təsərrüfatı Nazirliyinin şöbə müdiri,

əməkdar kənd təsərrüfatı işçisi

 

Xalq qəzeti.- 2010.- 25 fevral.- S. 5.