Sözdən başlayan azadlıq

 

və ya Azərbaycanda söz və mətbuat azadlığına bir baxış

 

Vaxtını, vədəsini deyə bilmərəm, amma yəqin bilirəm ki, azadlığı hamıdan və hər şeydən tez söz qazanıb. İnsanın da azadlığı elə sözdən başlayıb. Çünki sözü azad olmayan insan, özü azad ola bilməz.

Demokratiya beşiyi olan Qərbdə də, bundan çox-çox sonra ulu Şərqdə də, elə bu iki fərqli dünyanın qovşağında yerləşən Azərbaycanda da, azadlığın ilk mücadiləsi söz üstündə olub və bu haqqı ilk dəfə söz alıb. Bu mücadilənin tarixinə ötəri nəzər salsaq, sözün dəyərinin və sözün gücünün mənzərəsini daha aydın görərik.

 

Azərbaycanın da daxil olduğu Rusiya imperiyasında XIX əsrə qədər öz əqidəsini ifadə etmək azadlığı yalnız monarxa — yəni çara məxsus idi. 1804-cü ildə rus imperatoru I Aleksandrın imzaladığı və sonradan senzorlar üçün təlimata çevrilən nizamnamədə deyilirdi ki, “senzura azad düşünməyi və yazmağı sıxışdırmaq üçün deyil, yalnız ondan sui-istifadənin qarşısını layiqli vasitələrlə almaq üçündür”. Təbii ki, real işdə bunların heç biri nəzərə alınmırdı. 1917-ci ildə fevral-burjua inqilabı senzura məhdudiyyətlərini aradan qaldırdı. Azərbaycan milli mətbuatının da yenicə formalaşmağa və öz sözünə nəfəs verməyə başladığı bu dövr çox uzun sürmədi.

Sonralar 15 respublikanın zorən qardaş olduğu SSRİ-nin Konstitusiyasında söz və mətbuat azadlığı təsbit olunurdu. Lakin həqiqətdə Sov.İKP-nin xətti ilə ziddiyyət təşkil edən hər hansı fikrin azad ifadəsi kökündən baltalanırdı. Beləcə sözü azadlığa qovuşdurmağa çalışanlar 1990-cı illərin əvvəllərinə qədər ciddi təqib və təzyiqlərə məruz qalırdılar. Azərbaycan istisna deyildi, əksinə daha çox əziyyət çəkirdi.

Bütün bunlara baxmayaraq, söz və mətbuat öz azadlığı uğrunda mücadilədən vaz keçmirdi. Əksinə, həmin dövrdə jurnalistlər peşəkarlıqla və ən müxtəlif ədəbi priyomlarla öz düşüncələrini sətiraltı da olsa oxucularına çatdırırdılar.

“Yada salaq keçmiş ittifaqın informasiya məkanı necə idi? Bu, məkan əzəl başdan cəmiyyətin komanda siqnal sistemi kimi formalaşmışdı. Qəzet və efir partiya və hökumətin fərmanlarını, direktivlərini auditoriyaya çatdırır, növbəti təbliğat-təşviqat müddəalarını adamların şüuruna yeridir, “sosializm yarışı”nın gedişinə nəzarət edir, “xalq düşmənləri”ni gözdən qoymur və şəxsiyyətə pərəstişin xronikasını yaradırdılar. Lakin ideoloji senzorların aradan qaldıra bilmədikləri başqa hal da vardı: sıravi insana, vətəndaşa, onun ehtiyac və qayğılarına diqqət yetirilməsi”. Məncə, sovet mətbuatının belə dəqiq və aydın təhlilini onu bütün incəliklərinə qədər bilən bir insan verə bilərdi — Heydər Əliyev. Həmişə olduğu kimi, qərəzsiz və ədalətli yanaşma.

Etiraf olunmalıdır ki, postsovet respublikalarının hər birində olduğu kimi, Azərbaycanda da söz azadlığının reallaşması modeli əslində müəyyən mənada SSRİ vaxtlarının aşkarlığından gəlir. 1990-cı ildə SSRİ Ali Soveti “Mətbuat və digər kütləvi informasiya vasitələri” haqqında Qanun qəbul etdi. Bu tam da olmasa, sözün azadlığa bir addım da yaxınlaşması demək idi. Bundan sonra Azərbaycanda bir çox mətbu orqanlar — “Azadlıq”, “Azərbaycan”, “Aydınlıq” və sair qəzetlər nəşr olunmağa, özəl studiyalar yaranmağa başladı. Bütövlükdə kütləvi informasiya vasitələrində söz azadlığına daha böyük yer ayrıldı. Mətbuatda söz azadlığının dairəsi genişləndikcə respublikada milli azadlıq hərəkatı da böyük vüsət almağa başladı.

Ümummilli lider Heydər Əliyev 2000-ci il iyulun 21-də Respublika sarayında jurnalistlərlə görüşündə məhz həmin azadlıq mücadiləsinin iştirakçılarından birinin adını tutaraq demişdi: “Azadlıq” qəzeti Azərbaycanda 1990-cı illərin əvvəllərində çıxmış ilk azad, sərbəst bir qəzetdir. O vaxt onun yaranması məni çox sevindirmişdi...”

Mübaliğəsiz demək olar ki, Azərbaycan jurnalistikasının qızıl dövrü başlamışdı. Azərbaycanın milli azadlıq və müstəqillik savaşında söz ən kəskin silaha, jurnalistlər isə azadlıq fədailərinə çevrilmişdilər. Sözün azad, dağıdıcı gücü imperiyanı çökdürməkdə idi. Jurnalistlər sözün həqiqi mənasında millətin, xalqın mənəvi liderlərinə çevrilmişdilər. Sözə, istər televiziya və radioda səslənən, istərsə qəzetlərdə çap olunan sözə inam çox böyük idi. Jurnalistlərin hər çağırışı minlərlə insanı “Azadlıq” meydanına, azad sözün şərbətini dadmağa gətirirdi.

1991-92-ci illərdən başlayaraq KİV Azərbaycanda müəyyən nisbi müstəqillik qazandı. Lakin onlar ölkənin siyasi müstəqilliyi bəyan ediləndən sonra, tərəzinin gah bu, gah da digər gözünə ağırlıq salan özünəməxsus güc mərkəzlərinə çevrilirdilər. Hakimiyyət uğrunda gedən kəskin mübarizədə özlərini xalq hərəkatının liderləri sayan AXC üzvləri formalaşmaqda olan azad mətbuatda demokratiya vədlərinin üstündə hakimiyyətə gəldilər. İlk baxışdan, demokratik dəyərlərə hörmətlə yanaşacağı gözlənilən yeni hakimiyyət çox tezliklə vədlərini unutdu. Ölkədə fövqəladə vəziyyət rejimi qaldı, senzura bir qədər də gücləndi və hakimiyyət pilləsinə ayaq basana qədər iqtidarı hər cür tənqidə məruz qoyanlar, artıq iqtidar olaraq azad sözün acısını udmaq istəmədilər. Çox keçmədi ki, hakimiyyətin verdiyi səlahiyyətlərdən jurnalistlərə qarşı zorakılıqda istifadə etməyə başladılar. Redaksiyalara hücum, canlı yayıma nazir müdaxiləsi, jurnalistlərin döyülməsi çox qısa bir zamanda “demokratlar”ın neobolşevizmini üzə çıxardı.

Ölkədə siyasi hakimiyyətin müəyyənləşdiyi vaxtda televiziyalara nəzarətin əslində hakimiyyətə nəzarət olduğunu anlayan AXC hakimiyyəti onların havasını oynamayan və bir qədər də müstəqillik nümayiş etdirən yeni yaranmış özəl televiziyaları belə qapamağa çalışdılar. Hətta o vaxtlar redaksiya heyətinin təsisçiliyi ilə müstəqil nəşr olunan “Xalq qəzeti”nə də binasının əlindən alınacağı xəbərləri çatdırılmışdı. Lakin tarix hər şeyi yerinə qoydu.

Beləcə, elə ilk vaxtlardan başlayaraq AXC hakimiyyəti nəinki mətbuatın, KİV-in dəstəyini itirdi, hətta medianı öz hakimiyyətinə qarşı çevirdi. Bununla da nəinki demokratik prinsiplərə hörmət etdiyini, əksinə, onun təməl prinsiplərindən birini kobud şəkildə pozduğunu nümayiş etdirdi. Belə hakimiyyətin ömrü təbii ki, uzun ola bilməzdi. Mətbuat isə sözün azadlığını rəsmən bəyan etmək istəsə də buna hələ çox qalmışdı.

1993-cü ildə Azərbaycanda siyasi hakimiyyət dəyişdi. Xalqın təkid və xahişi ilə, dünyanın siyasət panteonunda öz yeri olan dövlət adamı Heydər Əliyev hakimiyyətə gəldi. Bu böyük siyasi dühanın hakimiyyətə gəlişi təkcə müstəqillik tariximizdə deyil, həyatımızın bütün sahələrində, o cümlədən mətbuat tariximizdə də yeni bir mərhələ açdı. Sözə və söz adamına son dərəcə böyük dəyər verən, sözün qiymətini, mətbuatın dövlətçilikdə yerini və rolunu incəliklərinə qədər bilən Heydər Əliyev 2000-ci ilin ortalarında Rusiyanın “Jurnalist” jurnalının baş redaktoruna verdiyi müsahibədə deyirdi:

“Demokratik mətbuat nə deməkdir? Çox ümumiləşdirilmiş şəkildə desək, bu, rəsmi və sırf fərdi nöqteyi-nəzərlərin ifadəsi üçün hüquqların bərabərliyinə nail olmaqdır, hakimiyyətin müxtəlif qollarının (o cümlədən də “dördüncü” qolunun, yəni mətbuatın özünün) fəaliyyəti haqqında operativ xəbərlər axınıdır. Nəhayət, mətbuat dövlətlə cəmiyyəti birləşdirən canlı əlaqə vasitəsidir, fasiləsiz ikitərəfli əlaqə kanalıdır. Yalnız bu şərtlər təminat yaradır ki, hökumət xalqın iradəsinə uyğun olaraq hərəkət edəcəkdir”.

Mətbuata, söz azadlığına demokratiyanın təməl prinsipləri kimi qiymət verən Heydər Əliyev çökməkdə olan bir dövlətin dayaqlarını möhkəmləndirmək, müstəqillik atributlarını yaratmaq, işğalı dayandırmaqla bərabər, vətəndaş azadlıqlarını təmin edən hüquqi qanunvericilik bazasını da yaratmağa başladı. Hakimiyyətə qayıtdığı gündən mətbuata və mətbuat işçilərinə hörmət və diqqətlə yanaşan Heydər Əliyev bu nümayişkaranə fəaliyyəti ilə bütün məmurların münasibətində bir dəyişiklik yaratdı.

1995-ci il noyabrın 12-də şəxsən Prezident Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi və müstəqil dövlətimizin bu əsas Qanununda fikir və söz azadlığı hər bir vətəndaşın qanuni haqqına çevrildi. Lakin bu qanuni haqqın qarşısında senzura kimi bir əngəl hələ də qalmaqda idi.

1998-ci il avqustun 6-da Azərbaycanda mətbuat azadlığına bütün məhdudiyyətlərə Respublika Prezidentinin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə son verildi. Bu, sadəcə senzuranın ləğvi deyil, Azərbaycanın hüquqi, dünyəvi dövlət quruculuğunda israrlı olduğunu göstərən dəyərli fakt idi.

Fərmanda KİV-lərin maddi-texniki vəziyyətlərinin yaxşılaşdırılması, onlara dövlət qayğısının artırılmasını nəzərdə tutan, söz, fikir, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən proqramın hazırlanması, müvafiq qanun layihələri hazırlanarkən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdə Azərbaycan Konstitusiyasında təsbit edilmiş insan və vətəndaşların fikir, söz və məlumat azadlığı müddəaları əsas prinsiplər kimi rəhbər tutulurdu. Bundan bir il sonra — 1999-cu il dekabrın 7-də KİV haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

Beləliklə, söz azadlığı, kütləvi informasiya azadlığı və senzuranın ləğvi Azərbaycan Konstitusiyasının müvafiq maddələri (47 və 50) ilə təmin olunmuş baza dəyərləri kimi müasir hüquqi respublikanın hüquqi standartlarının ayrılmaz tərkib hissəsinə çevrildi.

Doğrudur, ulu öndərin qısa bir zaman kəsiyində mətbuatın və KİV-in azadlığının təminatı və senzuranın ləğvi istiqamətində atdığı addımlar yaşlı nəslin bir çox nümayəndələrini bir qədər narahat etməyə başladı. Hətta “Axı, birdən-birə mətbuata bu qədər azadlıq və sərbəstlik vermək pis nəticələr verə bilər” kimi ehtiyatlı fikirlər də səsləndi. Lakin azadlığı qətrə-qətrə vermək nə demək olardı?! Azadlıq, müstəqillik ya tam verilməliydi, ya da heç verilməməliydi. Uzun illər yüksək səviyyələrdə basqının nə demək olduğunu çox gözəl bilən müdrik və uzaqgörən siyasət adamı məhz birincini seçdi. Bundan dərhal sonra Azərbaycanda əsl mətbuat bumu başladı. Mətbu nəşrlərin sayı sürətlə artdı.

Heydər Əliyev sadəcə qərarlar verməklə kifayətlənmir, mətbuatın, azad sözün inkişaf istiqamətlərini də daim diqqətdə saxlayırdı. “Əlbəttə, KİV-in demokratikləşməsi prosesi mürəkkəbdir, birmənalı getmir”, deyən dövlət başçısı bunun hansı nəticələrə gətirib çıxardığını da açıqlayırdı: “Mətbuat azadlığı müxtəlif baxışları, nöqteyi-nəzərləri, ideyaları, rəyləri açıq ifadə etməyi nəzərdə tutur. Amma bəla burasındadır ki, tənqid bəzən tənqidbazlığa çevrilir, belə olanda isə konstruktivlik, obyektivlik itirilir. Aşkar dezinformasiya, böhtan, şantaj, şişirdilmiş sensasiyalı ifşalarla birlikdə bu cür siyasi nihilizm cəmiyyətdə, insanların mənəvi sağlamlığına, demokratiya mədəniyyətinin özünə ağır ziyan vurur”.

Bütün bunlara baxmayaraq, Heydər Əliyev azad mətbuatın inkişafına dəstəyini əsirgəmirdi. 2001-ci il dekabrın 27-də “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayan dövlət başçısı KİV-in maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, söz, fikir və mətbuat azadlığının imkanlarını genişləndirmək üçün 5 maddədən ibarət fəaliyyət proqramı müəyyən edir. Burada müvafiq nazirliklər və Respublika Baş Prokurorluğu qarşısında duran vəzifələr, aparıcı qəzet redaksiyalarının mükafatlandırılması, qəzetlərin “Azərbaycan” nəşriyyatına 2001-ci il üçün mövcud borclarının ödənilməsinin bir il uzadılması və bir çox digər göstərişlər əksini tapır.

2002-ci ilin martında Azərbaycan Prezidenti Heydər Əliyev “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi 2001-ci ildə “Jurnalistlərin dostu” mükafatı ilə mükafatlandırılır. Çox çəkmir ki, ulu öndərin tövsiyəsi ilə Azərbaycan Mətbuat Şurası yaradılır və fəaliyyətə başlayır.

Gənc, praqmatik düşüncəli siyasi lider İlham Əliyev də dövlət başçısı kimi fəaliyyətə başlayanda ümummilli liderin demokratik dövlətçilik strategiyasının prioritetlərindən biri kimi mətbuata, KİV-in inkişafına xüsusi qayğı ilə yanaşır. 2005-ci ildə “Əməkdar jurnalist” adı bərpa olunur və bir qrup jurnalist bu fəxri ada layiq görülür. İlham Əliyev mətbuatın, bütövlükdə KİV-lərin əsas probleminin iqtisadi sferadan keçdiyini bilirdi və ona görə onun ilk addımlarından biri də mətbu nəşrlərin “Azərbaycan” nəşriyyatına borclarının silinməsi barədə sərəncamı oldu.

Lakin bununla problemin bitməyəcəyini yaxşı bilən dövlət başçısının tapşırığına əsasən müstəqil mətbuatın inkişafının əsas istiqamət- lərini göstərən dövlət konsepsiyası işlənib hazırlandı və Prezidentin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiq edildi. 2009-cu il aprelin 3-də isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və qısa zamanda fəaliyyətə başladı. Az bir vaxtda Milli Mətbuat Günü münasibəti ilə əlaqədar 39 KİV-in hər birinə 10 min manat birdəfəlik yardım göstərildi.

Dövlətin mətbuat və KİV-ə dəstəyi şübhəsiz ki, bununla bitmir. Məqsəd mətbuatın müstəqil inkişafı, azad sözün siyasətdən, digər öhdəliklərdən xilas olması və vətəndaşların həqiqəti bilmək hüququnun təmin olunmasıdır.

KİV-in azadlığı problemi artıq çoxdan Azərbaycanın aktual problemləri cərgəsindən kənarda qalıb. Mənə elə gəlir ki, sivil dünyanın ən danılmaz, ən dəyərli və vacib insan hüquqlarından olan söz və mətbuat azadlığının təmin olunması üçün ulu öndər Heydər Əliyevin dövründə və sonra Prezident İlham Əliyev tərəfindən dövlət səviyyəsində qəbul olunmuş qanunlar, imzalanmış fərman və sərəncamlar bu istiqamətdə zəruri hüquqi baza yaratmışdır. Və müstəqil Azərbaycanda demokratiyanın və vətəndaş cəmiyyətinin vacib göstəricilərindən olan bu azadlıqlara indi heç bir siyasi dəyişiklik ciddi təsir etmək iqtidarında deyil.

Bu gün söz və mətbuat azadlığı həyatımızın bütün sahələrinə — mədəniyyətə, sosial həyata, məişətə, münasibətlərə və digərlərinə elə nüfuz edib ki, ölkədə bu azadlıqlara döyüş çağırışı elan edən hər hansı siyasi sistem məğlubiyyətə məhkum olacaq. Qənaətimi əsaslandırmaq üçün böyük siyasət ustadı Heydər Əliyevin belə bir fikrinə diqqət çəkmək istərdim: “...Azərbaycanda KİV-in azad fəaliyyət göstərməsi Konstitusiyanın müvafiq maddələri ilə, KİV haqqında qanunla, nəhayət senzuranın hədsiz hakimiyyətinə son qoyulması ilə təmin olunmuşdur... Biz bütün bunları Azərbaycan cəmiyyətinin Qərbin demokratiya standartlarına yaxınlaşdığını sübut edən müsbət əlamətlər sayırıq”.

Faktlar aydın şəkildə göstərir ki, söz və mətbuat azadlığının inkişaf səviyyəsi hakimiyyətin xarakterindən, cəmiyyətin və KİV-in özünün inkişaf səviyyəsindən asılıdır. Mənə yaşadığımız bu cəmiyyətdə bir adam göstərin ki, o, öz fikrini, düşüncəsini və mövqeyini sərbəst, azad ifadə edə bilməsin? Elə bilirəm ki, bunun özü o qədər də kiçik nailiyyət deyil. İnsan düşüncəsinin, təfəkkürünün, inkişaf səviyyəsinin baş verənləri hansı prizmadan dərk etməsi bir başqa məsələdir. Mühüm məqam ondan ibarətdir ki, insan fikrini azad ifadə edir, birbaşa söz ifadəsinin azadlığını yaşayır, onu duyur, özünü buxovda hiss etmir.

Doğrudur, söz, mətbuat azadlığı mahiyyət etibarı ilə konkret cavabı olan mövzu deyil. Onun dərinliyi həmişə mübahisə mövzusudur. Lakin bu reallıqdır ki, sadə adamın, adi vətəndaşın hiss edə biləcəyi səviyyədə söz azadlığı var, vətəndaş onu dəyərləndirir, ondan geniş istifadə edir və çətin ki, onun əldən getməsilə razılaşsın. İlk növbədə bu gün söz azadlığının bu səviyyəsinə heç bir təhlükə ola bilməz.

Söz azadlığının ikinci bir səviyyəsi var və burada o özünün daha mürəkkəb formalarında mövcuddur. Bu səviyyədə peşəkar yanaşma, bilik və təcrübə, informasiya axınına bələd olmaq, sosial institutların fəaliyyət mexanizmini bilmək tələb olunur. Bu səviyyədə təbii ki, ilk növbədə mətbuat və KİV-də əsas sima olan jurnalistlər nəzərdə tutulur.

Qərbdə belə bir fikir mövcuddur ki, “Harada demokratiyanı güclü və məsuliyyətli jurnalistlər möhkəmləndirirsə, o ölkədə demokratiya güclü olur”. Güclü və məsuliyyətli jurnalist necə olmalıdır sualı isə ayrıca bir söhbətin mövzusudur.

 

 

İlqar RÜSTƏMOV,

Məqalə Azərbaycan Respublikasının

Prezidenti yanında Kütləvi İnformasiya

Vasitələrinin İnkişafına Dövlət Dəstəyi

Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

Xalq qəzeti.- 2010.- 27 fevral.- S. 5.