Azərbaycan üçün yaşanan ömür

 

Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanda, türkdilli ölkələrdə deyil, dünyanın hər yerində baş verən hadisələri düzgün qiymətləndirməyi, onlardan çıxış yolunu tapmağı bacaran nadir şəxsiyyətlərdəndir. Müasir dövrdə dünya miqyasında gedən prosesləri Heydər Əliyev şəxsiyyətindən kənarda təsəvvür etmək mümkün deyildi. Tanrı bu əziz bəndəsinə hər şey bəxş etmişdi: yaraşıqlı qədd-qamət, müdriklik, aqillik, qətiyyət, güclü iradə, heyrətamiz təhlil qabiliyyəti, yüksək erudisiya, əyilməzlik, alicənablıq, nadir iş qabiliyyəti, natiqlik istedadı, ətrafındakı adamların məziyyətlərini və imkanlarını müəyyənləşdirmək bacarığı, fenomenal və ensiklopedik yaddaş, universal bilik, çevik idarəetmə məharəti, xalqın gücünə və qüdrətinə arxalanmaq bacarığı!

1993-cü ilin iyununda Azərbaycan xalqı dövlətin idarə olunmasını yenidən Heydər Əliyevə etibar edəndə, bu dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə hakimiyyətsizlik, hərc-mərclik, özbaşınalıq baş alıb gedirdi. Xalqımızın böyük oğlu həmin dövrü belə xarakterizə edirdi: "1993-cü ilin iyunundan başlayaraq, ilk növbədə, hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilməyə başlandı, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Dövlət qurumları ilə xalqın birliyi, yekdilliyi təmin edildi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarda dövlətə və Vətənə mənsubluq hissləri aşılanmağa başlandı".

Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı sosial sifariş idi. Məhz Heydər Əliyevin qayıdışı ilə Azərbaycan xalqında ruh yüksəkliyi, öz gələcəyinə inam yarandı və böyük siyasi xadim ölkəyə milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni stimul verdi, zaman-zaman Azərbaycanın başı üstündə dolaşan qara buludlar dağılmağa başladı, Azərbaycan parçalanma təhlükəsindən xilas oldu. Nəzərə alsaq ki, milli azadlığa gedən yol məhz milli oyanışdan, milli dirçəlişdən, milli ruhun canlanmasından keçir, onda Heydər Əliyevin gəlişinin nə demək olduğunu açıqlamağa ehtiyac qalmır.

Heydər Əliyevin gəlişi ilə Azərbaycanı məhv etmək istəyən qüvvələrin təhriki ilə törədilən vətəndaş müharibəsinin, separatçılığın qarşısı alındı. 1994-cü ildə cəbhədə atəşkəsə nail olunması da Heydər Əliyevin tarixi xidmətidir, bununla o, ölkəyə sabitlik gətirdi, iqtisadi islahatları işə saldı, Azərbaycana nəhəng xarici sərmayələr cəlb etdi, "Əsrin müqaviləsi" imzalandı, Azərbaycan neftini Qərb bazarlarına nəql edəcək Bakı-Tbilisi-Ceyhan kəməri tikilməyə başlandı. Bakı-Tbilisi-Ceyhan layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Heydər Əliyevin çox böyük uzaqgörənliyini nümayiş etdirir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, o, müstəqil yaşamaq istəyir və öz ərazisinin sahibi olmağa, bütün sərvətləri ilə bağlı müstəqil qərar qəbul etməyə qadirdir. İqtisadiyyatı güclü olan dövlətin hər şeyə qadir olduğunu dəfələrlə vurğulayan Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin əsasını onun iqtisadi cəhətdən azadlığı şərtləndirir.

Lakin bədnam qüvvələr respublikamızın bu uğurları ilə barışmaq fikrində deyildilər. "Əsrin müqaviləsi"ndən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından dövləti cinayətdə ittiham olunan dörd məhbusun qaçırılması, sentyabrın 29-da Ali Sovetin sədr müavininin və Prezident yanında Xüsusi İdarənin rəisinin qətlə yetirilməsi, oktyabr ayının 2-də Xüsusi Təyinatlı Polis Dəstəsi üzvlərinin respublika Prokurorluğunu zəbt etməsi, onun ardınca Gəncə İcra Hakimiyyəti binasının ələ keçirilməsi, Bakıda qiyamçıları müdafiə edən iki hərbi hissənin dövlət çevrilişində iştiraka cəlb olunması əslində bunu aydın göstərdi. Xalqının psixologiyasını, ona məxsus tarixi-mental keyfiyyətləri çox gözəl bilən, bütün varlığı ilə xalqına bağlı olan və ona inanan Heydər Əliyev oktyabrın 3-dən 4-nə keçən gecə dövlət müstəqilliyinin xilası naminə radio və televiziya ilə xalqa müraciət etdi. Gecə yarısı olmasına baxmayaraq, yüz minlərlə insan Prezident Sarayı qarşısına toplaşdı. İnsanları buraya Azərbaycan dövlətçiliyinin itirilməsi təhlükəsindən doğan narahatçılıq və həyəcan gətirmişdi. Həmin gün Heydər Əliyev ölkədə yaranmış təhlükəli vəziyyəti hərtərəfli təhlil etdi və Azərbaycanı daha böyük sınaqların gözlədiyini bəyan etdi. Xalq və Heydər Əliyev birliyini görən qiyamçılar geri çəkilməyə məcbur oldular.

Daha belə bir cəhd 1995-ci ilin martında Xüsusi Təyinatlı Polis Dəstəsi tərəfindən edilsə də, bu çevriliş cəhdinin qarşısı da müvəffəqiyyətlə alındı.

Bütün çətinliklərə baxmayaraq, Heydər Əliyevin polad iradəsi, zəngin idarəçilik təcrübəsi, Vətənin azadlığı və müstəqilliyi uğrunda apardığı gərgin mübarizə nəticəsində ölkədə ictimai-siyasi sabitlik, əmin-amanlıq bərqərar oldu, demokratik dövlət quruculuğu prosesləri uğurla davam etdirilməyə başlandı.

1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu, Azərbaycanın ilk Milli Məclisi seçildi, ictimai-siyasi vəziyyət ardıcıl surətdə sabitləşdirildi. Bunların hamısı bizə Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, Azərbaycana xarici investisiyanın cəlb edilməsini təmin etmək, Azərbaycanın ordusunu yaratmaq, onu möhkəmləndirmək və insanların rifah halını yaxşılaşdırmaq üçün imkanlar yaratdı.

Zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edən Heydər Əliyevin başçılığı ilə hazırlanmış yeni Konstitusiyamız və demokratik əsaslarla seçilmiş ilk parlamentimiz Azərbaycanın müasir tarixində tamamilə yeni səciyyəli bir mərhələnin başlanğıcı olmuşdur. Bu illər ərzində Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə xeyli tədbirlər həyata keçirilmişdir.

Hüquq islahatları sahəsində çox önəmli sənədlərdən biri Heydər Əliyevin 1996-cı il iyun ayının 8-də imzaladığı "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi haqqında"sərəncamdır. Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunması da ulu öndərimizin tarixi xidmətlərindəndir.

1998-ci ilin fevralında respublikamızda ölüm hökmünün tamamilə ləğv olunması və beləliklə, Azərbaycan Respublikasının Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə olması da məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev milli qanunvericiliyimizin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunmasının daha etibarlı təmin edilməsi məqsədilə 22 iyun 2002-ci il tarixli fərmanla Konstitusiyada dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının referendum aktı layihəsini ümumxalq müzakirəsinə çıxardı. Fərmanda bildirilirdi ki, bu addım respublikamızın "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulmasından, ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsindən, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilməsi zərurətindən irəli gəlir.

Referendumun keçirilməsi insan hüquq və azadlıqlarının qorunmasını daha da gücləndirdi, vətəndaşlara, Ombudsmana, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verdi, ölkənin seçki sistemini daha da təkmilləşdirdi. Milli Məclisdə referendumun nəticələrindən irəli gələn müxtəlif qanun layihələri hazırlandı.

Heydər Əliyevin apardığı uğurlu xarici siyasət Azərbaycanın bir çox ölkələrlə, mötəbər beynəlxalq təşkilatlarla əlaqəsini gündən-günə möhkəmləndirdi. Bu gün Azərbaycanın ATƏT, Avropa Şurası, NATO Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və başqa beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı, bu qurumlarda bilavasitə iştirakı hüquq islahatları sahəsində təcrübə qazanmaqda respublikamıza çox böyük fayda verir.

Ümumiyyətlə, 1993-cü ildən 2003-cü ilə kimi ölkəmizdə hüquqi islahatların, demokratik dəyişikliklərin gerçəkləşdirilməsi Heydər Əliyevin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Bu illər ərzində ölkədə demokratik dövlət quruculuğu və yeni iqtisadi sistemin formalaşdırılması üçün hüquqi baza olan yüzlərlə qanun qəbul edilmiş, qanunların sivil dünya dövlətlərinin hüquqi dövlət quruculuğu ənənələrinə, beynəlxalq hüquq normalarına uyğun hazırlanması üçün Azərbaycan Respublikası Prezidenti yanında xüsusi Hüquqi İslahatlar Komissiyası yaradılmışdır.

Milli təhsilimizin dirçəlişi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə ölkəmizdə elm və təhsilin inkişafı üçün zəruri elmi baza yaradılmış, insanların təhsil hüququ, icbari ümumi orta təhsil, istedadlı uşaq və gənclərin aşkara çıxarılaraq onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılması Konstitusiya səviyyəsində təsbit olunmuşdur.

Təhsilimiz öz inkişafının ən mühüm mərhələsinə "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" ilə daxil olmuşdur ki, o da ulu öndərimizin sərəncamı ilə təsdiq edilmişdir. Bilavasitə təhsil sahəsinə aid "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında", "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında", "Milli-mənəvi dəyərlərin qorunması haqqında","Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" və s. onlarla tarixi fərman və sərəncamlar ulu öndərin təhsilə göstərdiyi diqqətin nəticəsidir.

Heydər Əliyev müstəqilliyə gedən yolun konturlarını hakimiyyətə gəldiyi ilk illərdən cızmağa başlamışdır. 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olunması, gənclərin ana dilində təhsilinə üstünlük verilməsi, onların gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər Birliyinin müxtəlif nüfuzlu ali məktəblərinə göndərilməsi, milli hərbçi kadrların hazırlanması, Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulmasını təmin edən mümkün bütün tədbirlərin həyata keçirilməsi, bütövlükdə respublika iqtisadiyyatının, elminin, təhsilinin, mədəniyyətinin inkişafına xüsusi diqqət yetirilməsi, dövlət quruculuğu sahəsində görülən işlər əslində gələcəyin müstəqil Azərbaycanı naminə atılmış cəsarətli addımlar idi.

1970-ci illərin sonlarında Azərbaycanda milli şüurun inkişafı sahəsində görülən işlər, heç şübhəsiz ki, Azərbaycanın bugünkü müstəqilliyi üçün olduqca önəmli addımlar kimi dəyərləndirilməlidir. Heydər Əliyev vaxtilə xəyalında qurub-yaratdığı xoşbəxt və firavan Azərbaycanı, nəhayət ki, həyatda qurmağı bacardı və Azərbaycan dövləti onun sayəsində əbədi yaşamaq haqqı qazandı.

Bütün Azərbaycan vətəndaşları yeni əsrin başlanğıcında belə bir həqiqəti tam dərk etmişlər ki, ölkəmizdə milli tərəqqinin 30 ildən artıq bir mərhələsi milli mənafeyi hər şeydən uca tutan, zəmanəmizin böyük siyasi və dövlət xadimi, milli dövlət quruculuğumuzun memarı Heydər Əliyevin millət və vətən sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlıdır.

Heydər Əliyevin atdığı hər bir addım, birinci növbədə, canından əziz bildiyi doğma Azərbaycanın, başı bəlalar çəkmiş xalqımızın mənafeyi ilə bağlı olmuş, ona xidmət etmişdir. Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verəndə də, 1990-cı ilin 20 Yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Moskva şəhərində həyatını təhlükə altına ataraq xüsusi bəyanatla çıxış edəndə də, 1991-ci ilin iyununda Sov.İKP sıralarını tərk edəndə də məhz xalqının çəkdiyi bəlaları əsas götürərək onun səsini dünyaya çatdırmaq istəmişdir. Heydər Əliyevin bitib-tükənmək bilməyən enerjisinin təməlində məhz ona olan ümumxalq məhəbbəti dayanır.

Xalqımızın böyük oğlu müqayisəyəgəlməz bir şəxsiyyətdir, mənalı yaşamaq nümunəsi, mədəniyyət, intellekt mücəssəməsidir, idarəçilik və siyasət məktəbidir, Azərbaycanı zülmətdən aydınlığa çıxaran, onu zirvələrə yüksəldən sərkərdədir.

Zəmanəmizin böyük filosofu və mütəfəkkiri Heydər Əliyevin yaratdığı fəlsəfi konsepsiyanın qayəsi Azərbaycanın müasir dünyada yerini və gələcəyini müəyyənləşdirməkdən ibarətdir. Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin təməlini təşkil etməklə dünya azərbaycanlılarının həmrəyliyi üçün zəmin yaratmışdır. Azərbaycançılığı dövlətçilik ideologiyası kimi sistemləşdirən Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Tanrının qüdrətindən pay alan Heydər Əliyevin xalqı, Vətəni qarşısında gördüyü işlər, göstərdiyi xidmətlər ölçüyəgəlməzdir. Azərbaycan həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev əməyinin, Heydər Əliyev zəkasının izi olmasın. Bu əməyin, bu zəkanın qədrini bilmək, onu qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.

Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev siyasəti, Heydər Əliyev fəlsəfəsi, Heydər Əliyev ideologiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzm və səbrlə davam etdirilir. Heydər Əliyev kimi siyasət və idarəçilik korifeyindən sonra ölkənin idarə edilməsi nə qədər çətin görünsə də, Prezident İlham Əliyev bu işin öhdəsindən layiqincə gəldi. Möhtərəm Prezidentimiz öz cahanşümul fəaliyyəti ilə sübut etdi ki, o, polad dayaqlar üzərində mövqe tutan və xalqını xoşbəxt gələcəyə aparmağa qadir liderdir. Təkcə doğma Azərbaycanın deyil, Qərbin, bütövlükdə dünyanın qlobal problemlərinə həssaslıqla yanaşan, baş verən hadisələri dərhal analiz etmək və nəticə çıxarmaq imkanları ilə fərqlənən möhtərəm Prezidentimizin fəaliyyəti ilə yaxından tanış olarkən ondakı enerjiyə, xalqına olan sonsuz məhəbbət və sədaqətə heyran olmaya bilmirsən. İlham Əliyev bu gündən sabaha baxan, bütün çətinliklərə məharətlə sinə gərən, hakimiyyətə gəldiyi birinci gündən lider kimi görünən, "Mən hər bir vətəndaşın prezidenti olacağam" andına əməli işləri ilə sadiq qalan, hər zaman xalqının yanında olan, ağlın gücünə və qüdrətinə söykənən, yeni zirvələri fəth etmək üçün yeni yollar açmağa qadir dövlət başçısıdır, fəxarət və qürur mənbəyidir.

Hər dəfə Prezident İlham Əliyevin fəaliyyətinə nəzər salarkən ulu öndər Heydər Əliyevin onun haqqında çox böyük uzaqgörənliklə söylədiyi bu fikir yada düşür: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. ...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, iqtisadi tərəqqi və müasirləşmə, demokratik inkişaf, hər bir vətəndaşa sosial qayğı, ədalətli cəmiyyət İlham Əliyev fəaliyyətinin təməl prinsipləridir. Heydər Əliyev ənənələrinə sadiq qalaraq fəaliyyətində demokratik dəyərlərə söykənən möhtərəm Prezidentimiz qısa zaman kəsiyində Azərbaycanı təkcə regionda deyil, bütövlükdə dünyada sayılıb-seçilən dövlətə çevirdi, ona yeni nəfəs verdi. Keçən illər ərzində yüz minlərlə yeni iş yerlərinin açılması, əlverişli biznes mühitinin yaradılması və vətəndaşların iqtisadi təşəbbüskarlığına geniş meydan verilməsi, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun minimuma endirilməsi və yaşayış səviyyəsinin yüksəldilməsi, elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına dövlət qayğısının gücləndirilməsi, indiki qloballaşma şəraitində dilimizin, dinimizin, adət-ənənələrimizin - bütövlükdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, alternativ nəqliyyat dəhlizlərinin yaradılması, Azərbaycanın enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsi, dünya standartlarına cavab verən nəqliyyat layihələrinin reallaşdırılması, gənclərin sağlam və hərtərəfli inkişafı üçün hər cür şəraitin yaradılması, respublikamızın ərzaq təhlükəsizliyinə bağlı kompleks tədbirlərin həyata keçirilməsi, demokratik və açıq cəmiyyət qurulmasının prioritet kimi qəbul edilməsi, balanslaşdırılmış xarici siyasət kursu, hərbi qüdrətin artırılması, ərazi bütövlüyünün bərpası üçün bütün imkanların səfərbər olunması ilə bağlı görülən işlər, o sıradan tarixi Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərlərinin həyata vəsiqə alması, Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikintisinə start verilməsi İlham Əliyev cənablarının fəaliyyətinin ana xəttini təşkil etmişdir. Dünyanın dərin iqtisadi böhranla üz-üzə dayandığı indiki şəraitdə Azərbaycanda ümumdaxili məhsulun artım təşkil etməsi məhz görülən işlərin, çəkilən zəhmətin, ölçülüb-biçilmiş, düzgün iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirilməlidir. İndi Azərbaycan inkişafın elə bir mərhələsinə qədəm qoymuşdur ki, qarşılaşdığı bütün problemlərin öhdəsindən öz gücü hesabına gəlmək iqtidarındadır. Təsadüfi deyil ki, Avropa məkanına inteqrasiya olunan Azərbaycan hazırda onun enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməkdədir. Bu gün, sözün əsil mənasında, Azərbaycan dünyaya yenidən təqdim olunur.

Bu illər ərzində iqtisadiyyatın dinamik inkişafı təhsilin inkişafı üçün də əlverişli şərait yaratmış, təhsil sistemində irimiqyaslı islahatlar prosesi dönməz xarakter almışdır. Hazırda Azərbaycan təhsili maddi-texniki bazanın gücləndirilməsi baxımından özünün yeni inkişaf dövrünə qədəm qoymuşdur.

Biliklər əsri olan XXI əsrdə inteqrasiya və qloballaşma kimi ümumbəşəri prosesin fəal iştirakçısı olmağın yolu elmdən və təhsildən keçir ki, onun da konturları, bu sahə ilə bağlı strateji hədəflər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən zərgər dəqiqliyi ilə müəyyənləşdirilmişdir:"Biz elə etməliyik ki, Azərbaycanda yetişən gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin gələcəyini məhz bilik, savad təmin edəcəkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, onların inkişafı təbii sərvətlərin hesabına deyil, bilik, savad, elmi-texniki tərəqqi hesabına mümkün olmuşdur. Biz də bu yolla getməliyik və gedirik".

Keçən dövr ərzində təhsillə bağlı 16 Dövlət Proqramının təsdiq edilməsi və buna uyğun olaraq yüzlərlə yeni məktəb binalarının və korpusların tikilməsi, təlim-tərbiyə müəssisələrinin müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilməsi, əvvəllər Azərbaycan dilində kiril qrafikasında çap olunmuş Azərbaycan və dünya klassikləri əsərlərinin qısa müddət ərzində, həm də poliqrafik cəhətdən müasir tələblərə cavab verən bir biçimdə latın qrafikalı əlifba ilə nəşr edilərək ölkə kitabxanalarına, o sıradan məktəb kitabxanalarına verilməsi, informasiya-kommunikasiya texnologiyalarının təhsildə geniş tətbiqi, "qara qızıl"ın "insan qızılı"na çevrilməsi prosesinin əsas tərkib hissəsi kimi Azərbaycan gənclərinin qabaqcıl xarici ölkələrdə təhsil almağa göndərilməsi bu sahəyə olan dövlət qayğısının əyani təzahürüdür.

İndi biz təhsil işçiləri qarşısında duran başlıca vəzifə təlim prosesinin səviyyəsini və inkişaf tempini dövlətin, ölkə Prezidentinin təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində gördüyü işlərin səviyyəsinə və inkişaf tempinə uyğunlaşdırmaqdan, işimizi yeni tələblərə, yeni dövrün ab-havasına uyğun qurmaqdan, dövlətin təhsil siyasətinin uğurla həyata keçirilməsi üçün daha əzmlə çalışmaqdan, əməli işimizlə Prezidentimizə dəstək olmaqdan ibarətdir.

 

 

Hüseyn ƏSGƏROV

 

Xalq qəzeti.- 2010.- 18 iyul.- S. 3.