Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səhiyyə sahəsində proqramları çox uğurludur

 

Heydər Əliyev Fondunun talassemiya xəstəliyi ilə bağlı eksperti, Türkiyə Talassemiya Federasiyasının və Ağ dəniz qan xəstəlikləri Fondunun rəhbəri Duran Canatan Anadolu agentliyinə müsahibəsində bildirmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səhiyyə sahəsində həyata keçirdiyi proqramlar çox uğurludur.

Duran Canatan demişdir ki, talassemiya xəstəliyinə qarşı mübarizədə Heydər Əliyev Fondu ilə əməkdaşlıq edəcəkdir. Bu məqsədlə "Azərbaycanda talassemiyasız həyat" kampaniyası çərçivəsində lazımi hüquqi tədbirlər görüləcək və sentyabr ayından təlim proqramlarına başlanacaqdır. Həyata keçiriləcək tədbirlər nəticəsində 3 il müddətində Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı tamamilə alınacaq və beləliklə, ölkə büdcəsinə 13 milyon manat qənaət olunacaqdır.

Türkiyəli həkim onu da qeyd etmişdir ki, Mehriban xanım Əliyevanın tapşırığına əsasən Azərbaycanda mütəxəssislərin yetişdirilməsi üçün könüllü həkimlər Bakıya səfər edəcəklər. Noyabr ayında isə Azərbaycanda qan bankı ilə bağlı simpozium keçiriləcəkdir.

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 22 iyul.- S. 2.