22 İyul Milli Mətbuat Günüdür

 

Milli mətbuatın yaranması - milli istiqlala doğru atılan ilk addım

 

Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. Bu gün əsas vəzifə onun geniş imkanlarından milli dövlət quruculuğunda, demokratik dəyərlərin bərqərar edilməsində, sivil vətəndaş cəmiyyətinin formalaşmasında, islahatların həyata keçirilməsində, insanların mənəvi saflaşmasında səmərəli istifadə etməkdən ibarətdir. Mətbuat həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Bu gün Azərbaycan xalqı ictimai-mədəni tarixinin önəmli səhifələrindən birini - milli mətbuatın yaranmasının 135 illiyini ümumxalq bayramı kimi qeyd edir. Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi olmuş anadilli mətbuatımız həm də çoxəsrlik yazılı tariximizin son 135 ilinin zəngin salnaməsini yaratmışdır.

135 il əvvəl böyük maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri ilə işıq üzü görmüş ilk milli qəzetimiz "Əkinçi" xalqa söz və qələmlə xidmət göstərməyin mükəmməl nümunəsi kimi mədəni tariximizdə silinməz izlər qoymuşdur. Milli varlığımıza, xalqımızın həyatına günəş kimi, hava kimi, torpaq kimi, su kimi daxil olmuş "Əkinçi"nin səpib-becərdiyi söz tarlası ötən 135 ildə gül-çiçəkli bağ-bağçaya çevrilmişdir.

Azərbaycan milli mətbuatının tarixini qədirbilən xalqımız həmişə diqqət və məhəbbətlə yad etmiş, onun təcrübəsi, ənənəsi yazarların yeni-yeni nəsillərinin fəaliyyətində əsas götürülməklə, bu günümüzə çatdırılmışdır. 2000-ci ildə ümummilli lider Heydər Əliyevin, 2005-ci ildə və bu il Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatımızın 125, 130 və 135 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli, doğru-dürüst qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etdi.

Ulu öndər Heydər Əliyev 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşri ilə milli mətbuatımızın yaradılmasını 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə reallaşan milli istiqlalımıza doğru atılan ilk addım kimi dəyərləndirmiş, anadilli jurnalistikamızın keçdiyi mərhələləri dövlətçilik məfkurəsinin formalaşması və yaşadılması yolunda misilsiz mücadilə kimi səciyyələndirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" 10 iyun 2010-cu il tarixli sərəncamı bu demokratik ənənənin davamı kimi ölkə jurnalistlərinin və azad mətbuatın dostlarını ürəkdən sevindirmişdir. Sənəddə 135 il əvvəl ilk milli qəzetimizin nəşrə başlaması mədəniyyət tariximizin ciddi bir hadisəsi kimi dəyərləndirilir, "Əkinçi" qəzetinin həqiqət carçısı olması, xalqımızın maarifləndirilməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynaması vurğulanır. Sərəncamda, bütövlükdə, milli jurnalistikamızın 135 illik tarixinə yüksək qiymət verilərək bildirilir ki, "mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olmuşdur".

Sərəncamda respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra demokratik cəmiyyətdə yeni tipli jurnalistikanın bərqərar olması ilə bağlı həyata keçirilmiş mühüm dövlət tədbirləri, qısa müddətdə qazanılmış uğurlar da əksini tapmışdır: "Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyi nəticəsində plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır". Ulu öndərin KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl, məqsədyönlü tədbirlər də sərəncamda milli mətbuatımızın son 20 illik tarixinin mühüm faktları kimi xatırlanır.

Doğrudan da, 1993-cü ildən bəri demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər ümummilli liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb çoxalmışdır. Jurnalistlərin dostu adını qazanmış ulu öndər Heydər Əliyev ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Dövlət başçısı İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılması, onların borclarının ləğv edilməsi, son illərdə KİV-in inkişafına təkan vermiş, onun müstəqil fəaliyyətinə möhkəm əsaslar yaratmışdır.

Azərbaycan milli mətbuatının 135 illik yubileyi yenidən anadilli jurnalistikamızın dünənini göz önünə gətirir. "Əkinçi"dən sonra işıq üzü görən qəzet-jurnallarımızın hamısı milli mətbuat tariximizin həmin gündən başlandığını birmənalı olaraq qəbul etdilər, Zərdabi yoluna və məramına sadiq qalmağa çalışdılar. "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Dəbistan", "İrşad", "Tazə həyat", "Molla Nəsrəddin", "Tərəqqi", "Həqiqət", "Məktəb", "Açıq söz" kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli "Kaspi" qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrildi.

Səid və Cəlal Ünsizadə qardaşları, Məhəmmədağa Şahtaxtinski, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Haşım bəy Vəzirov, ÜzeyirCeyhun Hacıbəyov qardaşları kimi məfkurə və əməl sahibləri öz adlarını milli mətbuat tarixinə Həsən bəy Zərdabidən sonra onun ən yaxşı davamçıları kimi yazdılar.

1918-ci ilin sentyabrından işıq üzü görən ilk rəsmi qəzet "Azərbaycan" milli demokratik mətbuatımızın ən yaxşı ənənələrinə sahib çıxaraq, onun istedadlı nümayəndələrini bir yerə toplayaraq milli dövlət quruculuğuna yüksək səviyyədə xidmət göstərdi. Bu qəzet Azərbaycan Xalq Cümhuriyyəti dövrü tariximizin zəngin salnaməsinə çevrildi, mətbuatla cəmiyyətin sıx təmasını yaratdı, xalq və dövlət maraqlarını ilk dəfə paralel olaraq əks etdirmək təcrübəsi formalaşdırdı.

1920-ci ilin 28 aprel işğalından sonrakı günlərdə hakimiyyəti qəsb etmiş bolşevik rəhbərlər milli demokratik mətbuatımızın fəaliyyətinə xitam verdilər. Anadilli yazarlarımız yeni sovet-kommunist mətbuatında çalışmaq məcburiyyətində qalsalar da milli jurnalistikamız süqut etmədi. O vaxt "Azərbaycan" qəzetinin lövhəsinin yerinə bolşevik "Kommunist" qəzetinin ad göstəricisi vurulmuş, yalnız redaktor dəyişdirilmiş, yerdə qalan heyət isə fəaliyyətini yeni rəsmi nəşrdə davam etdirmişdir. 1937-ci ilin qanlı repressiyalarına qədər millətsevər ziyalılarımızın bir çoxu qəzetçilik işini "Kommunist", "Yeni yol", "Gənc işçi", "Şərq qadını", "İnqilab və mədəniyyət", "Ədəbiyyat qəzeti" kimi qəzet və jurnallarda davam etdirmiş, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, maarif və mədəniyyətin yüksəlməsi, iqtisadi inkişaf məsələləri ilə sıx bağlı olmuşlar.

Azərbaycan milli mətbuatının 135 illik tarixində ən uzunömürlü gündəlik anadilli qəzet olan "Xalq qəzeti"nin (1991-ci ilə qədər "Kommunist") nəşrə başlamasından artıq 91 il keçir. Bu 91 il mətbuat tariximizin əvvəlki 44 ili və günümüzədək olan sonrakı dövrləri ilə qırılmaz tellərlə bağlıdır. Özünəqədərki milli jurnalistika təcrübəsi və ənənəsi üzərində yaranıb inkişaf edən bu qəzet avanqard rolu və ardıcıl fəaliyyəti ilə mətbuatımızın canlı məktəbinə çevrilmişdir.

Azərbaycanın son 9 onillikdə davamlı olaraq çıxmış yeganə gündəlik anadilli nəşri "Xalq qəzeti" mətbuatımızın 135 illik yubileyi günündə özünün sadiq oxucularının görüşünə 26506-cı nömrəsi ilə gəlib. Milli mətbuatımızın 135 illik tarixində ikinci bir qəzetə bu qədər nömrəsinin buraxılması nəsib olmamışdır.

"Xalq qəzeti"nin tarixi bir cəhəti ilə də xüsusi fərqlənir. Bu onun son 92 ildə yaranmış 4 respublikanın hamısının dövründə fəaliyyət göstərməsidir. Azərbaycan Xalq Cümhuriyyətinin mətbuat azadlığı üçün yaratdığı demokratik şəraitdə Bakıda türk-müsəlman sosial-demokratların nəşri kimi 1918-ci ilin 29 avqustunda ilk nömrəsi ərəb qrafikalı əski əlifba ilə çıxan "Kommunist" qəzeti bu adla 72 il çap olunmuşdur.

1920-ci ilin 28 aprel çevrilişindən sonra respublikanın yeni hakimiyyət orqanlarının rəsmi nəşri kimi 1991-ci ilin avqustunda Kommunist Partiyasının çöküşünədək 21535 nömrəsi çıxan qəzet həmin vaxtdan fəaliyyətini "Xalq qəzeti" adı ilə davam etdirmişdir. Qəzet həmin tarixi dönüş dövründə öz müstəqilliyinə imza atmaqla Azərbaycanın dövlət müstəqilliyini 56 gün qabaqlamışdır.

"Xalq qəzeti" 91 illik gündəlik nəşr kimi hər bir nömrəsində ötən günün operativ xronikasını əks etdirmiş, gələn günə işıq salmışdır. Bu qocaman qəzet bütövlükdə 9 onilliyin nəhəng salnaməsi kimi yaşa dolmuşdur. "Kommunist" qəzeti rəsmi dairələrin orqanı kimi nəşr olunsa da həmişə xalqın maraqlarını əks etdirməyə çalışmışdır. XIX əsrin sonu və XX əsrin ilk 20 ili ərzində yaranıb formalaşmış milli demokratik mətbuatımızın ənənələri qəzetin redaksiyasında davaminkişaf etdirilmişdir.

Maarifçi ədəbiyyatın və hərəkatın tanınmış xadimləri bu redaksiya ətrafında cəmləşərək sovet dövrünün ilk illərində savadsızlığın ləğvi, əlifba islahatı, qadın azadlığı kimi kütləvi mədəni-siyasi tədbirlərin gedişini geniş işıqlandırmış, bu sahədə fəal təşkilatçılıq, təbliğatçılıq və təşviqatçılıq işi aparmışlar. Sonrakı illərdə meydana çıxmış bir sıra yaradıcılıq və elm qurumlarının fəaliyyəti də "Kommunist" qəzeti ətrafında yaranmış mədəni-elmi mühitdən qaynaqlanmışdır.

Böyük yazıçı-publisist Üzeyir bəy Hacıbəyov həm də mədəni quruculuğun öncül təşkilatçısı kimi "Kommunist" qəzetində silsilə aktual yazılarla çıxış etmişdir. Yeni dövrün dramaturgiya və kinematoqrafiyasının banisi olan Cəfər Cabbarlı bu qəzetin ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. Böyük Cəlil Məmmədquluzadənin milli varlığımızın ensiklopediyasına çevrilmiş "Molla Nəsrəddin"i sovet dövründə fəaliyyətini "Kommunist" qəzetinin himayəsi altında davam etdirmişdir.

Sovet dövrünün tarixən mütərəqqi və ziddiyyətli, sevincli və kədərli bütün prosesləri ilk gündən qəzetin səhifələrində silinməz izlər buraxdığından bu gün 70 illik kommunist rejimi barədə əhatəli və zəngin məlumat mənbələrindən biri olaraq qəzetin toplularına geniş istinad olunur. Təsərrüfat quruculuğunda, elm, təhsil, mədəniyyət və digər sahələrdə xalqımızın sovet dövründə qazandığı nailiyyətlərin davamlı mənzərəsini bu qəzetin səhifələrində izləmək mümkündür. Dövrün səhvləri, haqsızlıqları, sapmaları da eyni dərəcədə qəzetin yaddaşında qorunub saxlanır, zamanın ibrət dərsləri kimi bugünkü nəsillərə doğru yolu nişan verir.

Ötən onilliklərdə qəzet respublikamızda canlı, təcrübi jurnalistika məktəbi kimi ən yaxşı yazarların bir neçə nəslini yetişdirmiş, öz nümunəsi ilə digər mərkəzi dövri nəşrlərin, bölgə mətbuatının avanqardı və lokomotivi rolunu oynamışdır. Redaksiyanın divarları arasında çağdaş jurnalistikamız üçün gərəkli olan təcrübə və yaradıcılıq ənənələri formalaşmışdır.

Qəzetin fəaliyyətində həmişə özünü aydın göstərmiş milli-mənəvi varlığımıza sədaqət təmayülü sovet rejiminin iflasa uğradığı dövrdə aparıcı xəttə çevrilərək Azərbaycanın dövlət müstəqilliyi uğrunda ümumxalq mübarizəsi ilə qovuşmuşdur. Suverenliyimizin ilk dövrünün çətinlikləri, büdrəmələri qəzetin fəaliyyəti üçün də səciyyəvi olmuşdur. Buna görə də qəzet redaksiyası ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə respublika rəhbərliyinə qayıdışını alqışlamış, ulu öndərin xilaskarlıq missiyasına informasiya dəstəyi göstərmişdir. Tarixi Qayıdış və Qurtuluş dönəmi öz yönü və məzmunu ilə "Xalq qəzeti"nin yeni tarixi şəraitdə rəsmi qəzet olaraq öncül mövqeyini bərpa etməsi və problemlərini aradan qaldırması üçün mənəvi-siyasi özülə, mövcudluq platformasına çevrilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşrə başlayan, sovet epoxasının "baş qəzeti" olan bu qocaman nəşr öz tarixinin indiki üçüncü mərhələsində fəaliyyətini uğurla davam etdirməsi üçün ulu öndərə borcludur. 1994-cü ilin avqustunda qəzetin 75 illiyi münasibətilə kollektivə təbrikində "Xalq qəzeti" barədə söylədiyi yüksək fikirlərlə Prezident Heydər Əliyev onun yeni tarixi dövrün sınağından çıxmasına mənəvi-siyasi dəstək göstərdi.

"Xalq qəzeti" 17 ildir ki, ulu öndər Heydər Əliyevin müstəqilliyin möhkəmləndirilməsi, islahatlar yolu ilə köhnə cəmiyyətin sivil quruluşa transformasiya olunması kursunun xidmətindədir. Ümummilli liderin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin son 7 ildəki hərtərəfli inkişaf və tərəqqini təmin edən siyasəti də qəzetin səhifələrində ardıcıl və geniş əksini tapmaqdadır. 135 il əvvəl Həsən bəy Zərdabi xalqı oyatmaq və bəşəri tərəqqiyə qoşmaq üçün öz "Əkinçi"sini yaratmışdı. "Xalq qəzeti" də öz sözü ilə, yazıları ilə xalqımızın düşüncə və davranışlarında əkinçi işi görmüş, çox sayda faydalı toxumlar səpib göyərtmişdir.

Azərbaycan dövlətçiliyinin bərpa edilməsinin müjdəçisi olmuş yeni demokratik mətbuatımız ötən 19 ildə azadlıq və müstəqillik dəyərlərinin təbliğçisi olmuşdur. Formalaşmainkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzləşmiş azad, demokratik jurnalistikamız dövlətin fəal dəstəyi ilə irəli getmiş, cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa çalışmışdır. Bu gün ölkədə ictimai rəyin formalaşmasına təsir edən, sabit oxucu auditoriyası qazanan ciddi nəşrlər daha çox diqqət mərkəzindədir.

Artıq müstəqil ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, qəzet-jurnal bolluğu yaranmışdır. Lakin zaman kəmiyyət göstəricilərini keyfiyyət dəyərləri ilə tamamlamağı diqtə edir. Milli maraqlar səviyyəsində dayanan, cəmiyyət qarşısında söz imtahanından çıxa bilən, ictimai rəyin formalaşmasına fəal təsir edən nəşrlərin cəmiyyət və dövlət tərəfindən himayə olunmaqla öz dayaqlarını möhkəmləndirməsi keyfiyyət dəyişikliklərini sürətləndirir. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanmış və qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bu konsepsiyanın müddəalarını uğurla həyata keçirir.

Azərbaycan jurnalistləri növbəti yubileylərini dövlət müstəqilliyi illərində qazanılmış tarixi uğurlar, cəmiyyətin hərtərəfli inkişafı şəraitində qeyd edirlər. 135 il əvvəl Həsən bəy Zərdabinin Azərbaycanı sivil bir məmləkət kimi görmək arzusundan yaranmış "Əkinçi" qəzetində əksini tapmış əksər istək və niyyətlər artıq tarixi reallığa çevrilmişdir. Azərbaycan regionun lider dövləti, dünyanın ən sürətlə inkişaf edən, yeniləşən ölkəsidir.

Respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamda jurnalistikamızın xalqımız qarşısında tarixi xidmətləri ilə yanaşı, onun yeni hədəfləri də əksini tapmışdır: "Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır".

135 il əvvəl xalqın zəruri tarixi tələbatından yaranmış və ötən dövrdə onun köklü maraqlarına xidmət etmiş milli mətbuatımızın pozulmaz-dəyişməz amalı, tarixi təcrübəsi, gərəkli ənənələri və şəksiz xidmətləri deməyə əsas verir ki, Azərbaycan cəmiyyətinin hərtərəfli tərəqqisi və modernləşdirilməsi dövrünün vəzifələrini də jurnalistikamız uğurla yerinə yetirəcək. Mövqelərini ildən-ilə möhkəmləndirən azad mətbuat, yeni tipli KİV ölkəmizdə sivil, demokratik cəmiyyət yaradılmasına layiqli töhfələr verəcəkdir.

 

 

Həsən HƏSƏNOV

 

Xalq qəzeti.- 2010.- 22 iyul.- S. 4.