Vasif Adıgözəlov - 75

 

Əbədi sənət karvanı

 

Sənətkar ömrü heç bir zaman tükənmir və onun yaratdığı sənət aləmi əlçatmaz bir ümmana bənzəyir. Bu ümmanın bir zərrəsi sənətkar ömrünü əbədiləşdirir. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, respublikanın xalq artisti, professor, dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli, unudulmaz bəstəkarımız Vasif Adıgözəlov da belə sənətkar ömrü yaşamış (28.VII.1935 - 15.IX.2006), milli musiqi mədəniyyətimizə bir-birindən dəyərli sənət nümunələri bəxş etmişdir. Onun mahnılardan tutmuş irihəcmli simfonik əsərlərədək müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılığı öz yüksək peşəkarlıq səviyyəsi və musiqi dilinin orijinallığı ilə diqqəti cəlb edərək geniş dinləyici kütlələrinin rəğbətini qazanmışdır.

Bəstəkarın əsərləri nəinki ölkəmizin, habelə dünyanın bir çox ölkələrinin, o cümlədən Almaniya, Bolqarıstan, Meksika, Kosto-Riko, Venesuela, Kuba, Türkiyə, İrankeçmiş sovet məkanının musiqi ictimaiyyətinə yaxşı tanışdır. Bu günVasif Adıgözəlovun əsərləri müxtəlif beynəlxalq musiqi festivallarında məşhur dirijorların təfsirində səslənir, görkəmli kollektivlərin və ifaçıların repertuarına daxil edilir, respublikamızın musiqi təhsili ocaqlarında tədris olunur, disklərə yazılır.

Azərbaycan muğamlarının mahir bilicisi, görkəmli xanəndə Zülfü Adıgözəlovun ailəsində doğulub boya-başa çatmış Vasif Adıgözəlovun xalq musiqisi mühitində tərbiyə olunması onun yaradıcılığının milli zəmində formalaşmasına bilavasitə təsir göstərmişdir. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki Bülbül adına orta-ixtisas musiqi məktəbinin fortepiano sinfində alan V.Adıgözəlov, eyni zamanda, uşaq yaradıcılığı sinfində məşğul olmuş, bəstəkarlıq sahəsində erkən addımlarını atmışdır. Təhsilini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirərək o, konservatoriyanı iki ixtisas - bəstəkarlıq üzrə dahi bəstəkar, professor Qara Qarayevin sinfini (1958), fortepiano üzrə isə professor Simuzər Quliyevanın sinfini əla diplomlarla bitirmişdir (1959). Sevimli müəllimi Q.Qarayevdən müasir bəstəkarlıq texnikasının incəliklərini mənimsəməklə, pianoçuluq məharətinə yiyələnməklə yanaşı, V.Adıgözəlov xalq musiqisi qaynaqlarından bəhrələnərək öz zəngin təxəyyülünün məhsulu olan orijinal əsərlər yaratmışdır.

Bəstəkar iki operanın - "Ölülər" və "Natəvan", 6 musiqili komediyanın - o cümlədən "Nənəmin şahlıq quşu", "Hacı Qara"(həmmüəllif R.Mustafayev), "Boşanaq, evlənərik", "Aldın payını, çağır dayını" və s., həmçinin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" və s. simfonik poemaların, 6 instrumental konsertin bir çox kamera-instrumental əsərlərin, mahnı və romansların, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir.

Bəstəkar müxtəlif janrları əhatə edən zəngin və əhatəli yaradıcılığında ən mürəkkəb janr olan operaya iki dəfə müraciət edərək yüksək bədii keyfiyyətə malik musiqili-səhnə əsərləri yaratmağa nail olmuşdur. Əgər o, ilk operası "Ölülər"i (görkəmli Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında) 1963-cü ildə yazmışdırsa, 40 ildən sonra yenidən bu janra müraciət edərək ikinci operası "Natəvan"ı (Azərbaycan xalqının böyük şairəsi Xurşidbanu Natəvanın 170 illiyinə həsr edilmişdir) ərsəyə gətirmişdir. XXI əsrin ilk opera əsəri kimi dəyərləndirilən "Natəvan" operasında bəstəkar öz doğma Vətənini vəsf etmiş, XIX əsrin ikinci yarısında, tarixi yurdu olan Qarabağda baş vermiş hadisələri, Xan qızı Natəvanın xalqın azadlığı uğrunda apardığı mübarizəsini əks etdirmiş, bu gün də işğalçı qüvvələrin tapdağı altında qalmış torpaqlarımızın tezliklə azad edilməsi ümidini orijinal tərzdə ifadə etmişdir.

Bəstəkarın yaradıcılıq təxəyyülünün kamil formada təzahür etdiyi simfonik musiqi sahəsində də bir sıra əhəmiyyətli əsərlər yaranmışdır: dörd simfoniya (1958, 1970, 1979, 2005); dörd simfonik poema ("Qəhrəmani"(1957), "Afrika mübarizə edir"(1970), "Mərhələlər"(1970), "Bayram uvertürası"(1978)); piano ilə simfonik orkestr üçün dörd konsert (1961, 1964, 1985, 1994); violino ilə simfonik orkestr üçün konsert (1962) və violonçel ilə simfonik orkestr üçün konsert (1984). Bütün bu sadaladığımız əsərlərdə bəstəkarın parlaq simfonizm nümayiş etdirməsi, dinamik inkişaf xətti, rəngarəng orkestr üslubu diqqəti cəlb edir. Bəstəkarın xüsusilə, piano konsertləri onun bilavasitə pianoçu kimi yüksək ifaçılıq keyfiyyətlərinə malik olmasını bir daha sübut edir. Bu da təsadüfi deyil. Onun bir pianoçu kimi istedadını musiqi ictimaiyyəti həmişə yüksək qiymətləndirmişdir. Bəstəkar hələ tələbəlik illərindən başlayaraq piano üçün prelüdlərdən tutmuş iri həcmli konsert janrınadək müxtəlif əsərlər yazmışdır. Bu gün bəstəkarın həm "24 prelüd" piano silsiləsi, həm də konsertləri respublika pianoçularının repertuarında özünə möhkəm yer tuturmusiqi tədrisi sistemində geniş istifadə edilir.

Vasif Adıgözəlov həm milli musiqimizi sevən, doğma torpağımızın gözəlliklərini vəsf edən sənətkar, həm də Vətənin müdafiəsi uğrunda səfərbər olan əsl vətəndaş idi. Onun monumental vokal-simfonik yaradıcılığını xalqımızın azadlıq salnaməsi hesab etmək olar. Belə ki, "Odlar yurdu"(1987), "Qarabağ şikəstəsi"(1989), "Çanaqqala-1915"(1998) və "Qəm karvanı"(1999) oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə, "Çanaqqala-1915" qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmişbu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilmişdir.

İrihəcmli monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə qəlbləri fəth etmişdir. Onun dillər əzbəri olan "Qərənfil", "Bakı", "Xoşum gəlir", "Naz-naz", "Şuşa laylası"və s. mahnıları insanın ülvi hisslərini riqqətə gətirən təkrarolunmaz sənət inciləridir. Bəstəkarın "Şərikli çörək", "Xidmət lifti", "Kişi sözü" və s. kinofilmlərə yazılmış musiqiləri xalqımızın dərin rəğbətini qazanmışdır.

Vasif Adıgözəlov görkəmli ictimaimusiqi xadimi kimi respublikanın mədəni həyatında fəal iştirak etmiş, milli musiqimizin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Onun Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində baş redaktor (1957-1959), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş musiqi redaktoru (1960-1961), Azərbaycan Bəstəkarlar İttifaqında məsul katib (1962-1968), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında bədii rəhbər (1968-1978), A.Zeynallı adına Bakı Musiqi Texnikumunda direktor (1972-1983), Bakı Musiqi Akademiyasında xor dirijorluğu kafedrasının professorumüdiri (1995-2006), Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin birinci katibi (1990-2006) kimi geniş ictimai-pedaqoji fəaliyyətini dövlətimiz yüksək qiymətləndirmişdir.

V.Adıgözəlov "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına (1989), Dövlət mükafatına (1991), bəstəkarlarımız arasında yeganə olaraq ölkənin iki ali mükafatına - "Şöhrət" (1995) və "İstiqlal" (2005) ordenlərinə layiq görülmüşdür. Bu mötəbər mükafatlardan da üstün olanı isə Vasif Adıgözəlovun hələ sağlığında əsl xalq məhəbbəti qazanması, şərəfli sənətkar adını daşıması olmuşdur.

Belə zəngin ömür yolu keçmiş, gözəl sənət əsərləri yaratmış, böyük musiqiçilər nəsli yetişdirmiş, geniş təşkilatçılıq fəaliyyəti göstərmiş bir insan olmaqla yanaşı, V.Adıgözəlov öz səmimiliyi və alicənablığı ilə xalqımızın qəlbində əbədi ehtiram hissi yaratmışdır.

Vasif Adıgözəlov məşhur Adıgözəlovlar nəslinə mənsub, Üzeyir Hacıbəyli ənənələrini davam etdirən, Qara Qarayev məktəbinə sadiq bir sənətkar olmaqla yanaşı qayğıkeş və tələbkar ata idi. Unudulmaz bəstəkarımızın oğlu respublikamızın tanınmış dirijoru, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov bu musiqiçilər nəslinin layiqli davamçısıdır.

Görkəmli bəstəkarımız Vasif Adıgözəlovun anadan olmasının 75 illik yubileyini musiqi ictimaiyyəti təntənəli şəkildə qeyd edir. Vasif Adıgözəlovun ecazkar musiqisi zaman-zaman səslənəcək və "Vasif Adıgözəlov" adlı "sənət karvanı" daim irəliləyəcək.

 

 

Sevda HÜSEYNOVA

 

Xalq qəzeti.- 2010.- 28 iyul.- S. 4.