1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür

 

Azərbaycanda uşaq problemlərinin həlli dövlət strategiyasının prioritet istiqamətlərindən biridir

 

Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Yaşadığımız 2010-cu il Azərbaycanda ardıcıl inkişaf prosesinin uğurla davam etməsi ilə xarakterizə olunur. Bütün dünyada gedən qlobal iqtisadi böhran fonunda ölkəmizdə müsbət inkişaf dinamikasının qorunub saxlanması möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının müəyyən etdiyi uzaqgörən siyasətin məntiqi nəticəsidir. Dünya Bankı tərəfindən açıqlanmış iqtisadi memoranduma Azərbaycanın başqa ölkələrlə müqayisədə qlobal böhranı daha güclü mövqe ilə qarşılamasının və bütövlükdə böhrandan kənarda qalmasının, o cümlədən Avropa məkanında iqtisadi artım meylini qoruyub saxlayan yeganə ölkə olmasının göstərilməsi buna əyani sübutdur. Əldə edilən yüksək iqtisadi göstəricilər sosial problemlərin həllinə yönəlmiş dövlət proqramlarının reallaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətin həyata keçirilməsini təmin edir.

Bu baxımdan möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 22 dekabr 2008-ci il tarixli sərəncamına müvafiq olaraq 2009-cu ildə Azərbaycanda elan olunmuş "Uşaq ili" çərçivəsində nəzərdə tutulan tədbirlər proqramının uğurla icra olunması qanunauyğundur.

Vurğulamaq lazımdır ki, Azərbaycanda uşaq problemlərinin həlli uzunmüddətli dövlət strategiyasının prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti cəmiyyətin bu mühüm hissəsinin hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Bu prinsipial kursun davamı olaraq müasir dövrdə ölkəmizdə həyata keçirilən dövlət siyasətində uşaq problemlərinin həllinə xüsusi önəm verilir.

Artıq neçə ildir ki, müvafiq istiqamətlər üzrə kompleks tədbirlər həyata keçirilmişdir. Müvafiq tədbirlər proqramı bir sıra dövlət strukturlarının əlaqələndirilmiş fəaliyyətini, bu prosesə qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların cəlb olunmasını nəzərdə tutur.

Bu baxımdan xüsusilə fərəhlidir ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva ailə, qadın və uşaq məsələlərinə böyük diqqət göstərir.

Mehriban xanımın təşəbbüsü ilə uşaqların hərtərəfli inkişafı istiqamətində görülən tədbirlər məktəblərin yenidən qurulması və inşası, sağlamlıq və tərbiyə müəssisələrinin bərpası, əlil uşaqlara həssas münasibət bütün cəmiyyəti, hər bir dövlət qurumunu vahid ideya ətrafında məqsədyönlü fəaliyyətə səfərbər edir. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Bakıda, Azərbaycan hökumətinin BMT ilə birgə 29 oktyabr 2009-cu ildə "Azərbaycanda Uşaqların Müdafiəsi İslahatı" mövzusunda Milli Konfransın keçirilməsi bu istiqamətdə görülən işlərə böyük təkan vermişdir.

Hazırda ölkəmizdə uşaq problemlərinin həlli 30-dan artıq Dövlət Proqramı ilə həyata keçirilir. Müxtəlif dövlət strukturlarının cəlb olunduğu bu proqramlarda Komitəmiz də fəal iştirak edir. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi respublikada ailə, qadın və uşaq problemləri sahəsində dövlət siyasətini həyata keçirən, bu sahələrdə inkişafı təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunması, onların pozulmasının qarşısının alınması, respublikamızın tərəfdar çıxdığı aidiyyatı sahələr üzrə beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək Komitənin vəzifələrinə daxildir.

BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 20 illiyinə təsadüf etməsi və konvensiyanın icrasına dair Azərbaycan Respublikasının dördüncü dövrü hesabatının təqdim olunması xüsusilə diqqətəlayiqdir. Biz müvafiq tədbirlər planını hazırlayarkən, məhz konvensiyanın icrası ilə bağlı tövsiyələri nəzərə almış və onların həyata keçirilməsini təmin etməyə çalışmışıq.

Bu gün Azərbaycanda uşaqlar haqqında hərtərəfli informasiyanın toplandığı vahid məlumat bazasının formalaşdırılması birinci dərəcəli vəzifədir. Məhz belə məlumat bazası əsasında ölkədə uşaqların vəziyyətini, onların inkişafı ilə bağlı həllini gözləyən əsas problemləri müəyyən etmək mümkündür. Artıq bu istiqamətdə xeyli iş görülmüşdür və özündə geniş informasiya spektrini əhatə edən uşaq məlumat bazasını əhatə edən məlumat bazasının yaradılmasına başlanmışdır.

Uşaqların sağlamlığının möhkəmləndirilməsi ilə bağlı müxtəlif layihələr reallaşdırılmışdır. Bu sahədə atılan əməli addımlar sırasında perenatal qulluq sistemində islahatların aparılması, yeni doğulanlara müasir qulluq təcrübəsinin tətbiqi, bu sahədə müvafiq proqramların həyata keçirilməsi qeyd oluna bilər. Möhtərəm Prezidentin müəyyən etdiyi sosial siyasətə uyğun olaraq dövlət tərəfindən müasir tələblərə cavab verən 7 yeni perenatal mərkəz yaradılmışdır. Komitə tərəfindən ana və uşaqların sağlamlığının qorunması və reproduktiv sağlamlıq mövzusunda respublikanın bir çox regionlarında 3155 nəfər arasında təlimlər həyata keçirilmiş, çap materialları, sosial çarxlar hazırlanmışdır. Şəhər və regionlarda təşkil olunmuş görüşlər nəticəsində gənclərin reproduktiv sağlamlıq məsələləri üzrə müraciət etmələri üçün qeyri-tibbi "Gənclərlə Dostluq Reproduktiv Mərkəzləri" açılmışdır. Nəzərdə tutulan 12 mərkəzdən 5-i artıq fəaliyyətdədir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Qanunun icrasını təmin etmək üçün nəzərdə tutulan malların təhlükəsizlik və keyfiyyət göstəricilərinə, uyğunluğunu müəyyən etmək məqsədilə Komitəmiz və digər aidiyyatı dövlət qurumları nümayəndələrinin iştirakı ilə mütəmadi monitorinqlər keçirilmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və YUNİSEF-in maliyyə dəstəyi ilə Azərbaycanın regionlarında erkən nikahların yayılma səviyyəsini öyrənmək məqsədilə sorğular keçirilmişdir. Əldə olunan nəticələrin təhlili əsasında müvafiq qurumlara tövsiyələr təqdim edilmiş, o cümlədən "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsinə təkliflər verilmişdir.

Ümumiyyətlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq bir sıra praktik əhəmiyyətli layihələrin reallaşdırılmasına təkan verir. Komitəmizin təşəbbüsü və BMT-nin Beynəlxalq Qadınlar Gildiyasının dəstəyi ilə hemofiliyalı uşaqlar üçün pulsuz stomatoloji kabinet fəaliyyətə başlamışdır.

Komitənin nəzdində fəaliyyət göstərən Şüvəlan və Goranboydakı Uşaq və Ailələrə Dəstək mərkəzlərində və "Save the Children" təşkilatı ilə təşkil olunmuş ailələrə dəstək mərkəzləri şəbəkəsində aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələr və onların uşaqları üçün kurslar, pulsuz aktiv terapiya məşğələləri təşkil edilmişdir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ABŞ-ın "Save the Children" beynəlxalq humanitar təşkilatı ilə birgə respublikanın daha doqquz regionunda (Ağdam, Sabirabad, Zaqatala, İsmayıllı, Qəbələ, Göygöl, Zərdab, Saatlı, Hacıqabul) Uşaq və Ailələrə dəstək mərkəzləri açılmışdır. Bizim məqsədimiz bu yardım mərkəzlərinin potensialından daha səmərəli istifadə edilməsinə nail olmaqdır, gələcəkdə həmin şəbəkə dövlətin balansına keçirilməklə həssas təbəqədən olan ailələrə dövlət dəstəyinin genişləndirilməsi mümkündür.

Uşaqların formalaşdığı əsas mühit kimi ailənin müstəsna əhəmiyyəti nəzərə alınmaqla, ilboyu ailə dəyərlərinin təbliğinə yönəlmiş silsilə tədbirlər həyata keçirilmişdir. "Azərbaycan ailəsi" adlı xüsusi tədqiqat proqramının icrasına başlanmışdır və müasir ailə modelinə dair müvafiq tövsiyələr işlənib hazırlanır.

15 may "Beynəlxalq Ailə Günü" münasibəti ilə Qax şəhərində keçirilmiş "Ailə bayramı"nda respublikanın 67 rayon və şəhərində keçirilən müxtəlif müsabiqələrdə qalib gəlmiş nümunəvi ailələr iştirak etmişlər.

Ailə dəyərlərinin qorunub saxlanılması istiqamətində maarifləndirmə kampaniyası çərçivəsində milli-mənəvi dəyərlərin qorunub saxlanılması mövzusunda silsilə mühazirələr təşkil edilmişdir.

Azərbaycan Respublikası hökumətinin təşkilatçılığı, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun dəstəyi ilə "Azərbaycan ailəsi" qısametrajlı beynəlxalq filmlər festivalı keçirilmişdir.

Uşaq hüquqlarının qorunması və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində kifayət qədər geniş tədbirlər proqramı həyata keçirilib. Bu sıradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 noyabr tarixli 180 nömrəli qərarı ilə "İnsan alverinə məruz qalmış uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydalar"ının qəbul edilməsini misal gətirmək olar.

"Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı" çərçivəsində aidiyyatı dövlət qurumları ilə birgə uşaqlar arasında zorakılıq, uşaq intiharı, uşaq alveri, uşaq cinayətkarlığı, uşaq əməyinin istismarı, erkən nikah, zərərli vərdişlər və dini biliklər mövzusunda maarifləndirmə kampaniyası həyata keçirilmişdir.

"NUR" Uşaq və Gənclər İctimai Birliyi tərəfindən Azərbaycanda 2009-cu il - Uşaq ilinin yekunlarına həsr olunmuş Azərbaycan Uşaqlarının I Forumu keçirilmişdir. Azərbaycanın 56 rayon və şəhərlərindən nümayəndə seçilmiş 250 uşaq foruma arzuları, təklifləri və təşəbbüsləri ilə qatılmışlar. Azərbaycan Uşaqlarının I Forumu ölkəmizdə uşaqların iştirakı ilə bağlı ən böyük tədbir olmaqla ictimaiyyətin diqqətini uşaqlara bir daha cəlb etmiş, uşaqların müdafiəsi və inkişafına dair ən yaxşı təcrübələri, bu sahədə qarşıya çıxan maneələri, mövcud problemləri və zəruri tədbirləri nəzərdən keçirmişdir.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların məşğulluğunun təmin olunması məqsədilə Bakı və regionlar üzrə xüsusi ixtisas kursları təşkil edilmişdir. Kurslara qaçqın və məcburi köçkün ailələrindən olan, müəssisələrdə məskunlaşan, aztəminatlı ailələrdən, xüsusi qayğıya ehtiyacı olan, islah olunan və tərbiyə müəssisəsini tərk etmiş yeniyetmələr (Əzizbəyov, Xətai, Suraxanı, Yasamal rayonları, Bilgəh qəsəbəsi, Şüvəlan və Goranboy UADM və Şəki, Goranboy, Xaçmaz, Gəncə, Ağcabədi və s.) cəlb edilmişdir. Uşaqların kurslara cəlb olunması üçün onların ehtiyacları öyrənilmiş və kurslar uşaqların arzusu, fiziki və əqli imkanlarına uyğun seçilmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müntəzəm olaraq qaçqın və məcburi köçkünlərin problemləri araşdırılaraq ehtiyacları müəyyənləşdirilir və bu istiqamətdə müvafiq tədbirlər görülür. Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı ilə birlikdə belə ailələrdən olan uşaqların dolğun istirahəti üçün xüsusi yay düşərgəsi təşkil olunmuşdur.

Uşaq hüquqları, sağlam həyat tərzi, ekoloji mühitin qorunması və digər mövzularda, uşaq yaradıcılığının və idmanının inkişafına, uşaqların biliklərinin artırılmasına, intellektual inkişafına, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq mühitində tərbiyə edilməsinə yönəlmiş müsabiqələr, sərgilər, konsertlər, festivallar və digər tədbirlər, habelə muzeylərə ekskursiyalar və digər əyləncəli proqramlar təşkil edilmişdir. Uşaqların estetik tərbiyəsi onların yaradıcılıq potensialının inkişafı istiqamətində xüsusi tədbirlər proqramı reallaşdırılmış, o cümlədən "Biz Azərbaycanın övladlarıyıq" devizi altında uşaq yaradıcılıq festivalı, Beynəlxalq Bakı "Şərq-Qərb uşaqlarının gözü ilə" rəsm müsabiqəsi, uşaq rəqs kollektivlərinin respublika baxış-festivalı, uşaq xor kollektivlərinin respublika festivalı, habelə Əlilliyi olan Uşaq və Gənclərin İnteqrativ Tamaşaların IV Milli Festivalı təşkil olunmuş, Uşaq Kino Evi yaradılmışdır.

Bütövlükdə uşaq problemlərinin həlli istiqamətində fəaliyyət göstərən bütün dövlət strukturlarının işinin koordinasiya olunma səviyyəsi yüksəlmiş, bu prosesə qeyri-hökumət təşkilatlarının daha geniş surətdə cəlb olunması təmin edilmiş, müvafiq istiqamət üzrə beynəlxalq təşkilatlarla iş birliyi daha da gücləndirilmişdir.

Biz əminik ki, bundan sonra da uşaq hüquqlarının təmin edilməsinə yönəlmiş fəaliyyət davam etdiriləcək. Uşaq problemlərinin ayrı-ayrı aspektləri, o cümlədən inklüziv təhsilin inkişaf etdirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların tələbatına yönəlmiş infrastrukturun yaradılması, uşaqlar arasında hüquq pozuntularının qarşısının alınması, yuvenal ədliyyə sisteminin formalaşdırılması istiqamətində fəaliyyətin daha da gücləndirilməsinə yönəlmiş bir sıra əlavə tədbirlərin həyata keçirilməsi zəruridir. Komitə bu sahədə qarşıda duran vəzifələrin həlli istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirəcəkdir.

 

 

Hicran HÜSEYNOVA,

Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin sədri, siyasi elmlər

doktoru, professor

 

Xalq qəzeti.- 2010.- 1 iyun.- S. 5.