Naxçıvanda Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirilmişdir

 

    Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

 

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

    Ali Məclisin sədri və tədbir iştirakçıları sarayın foyesində təşkil edilən sərgiyə baxmışlar.

    Sərgidə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Naxçıvan Muxtar Respublikası estetik tərbiyə, turist-diyarşünaslıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərindən ibarət bədii-tikmə, tətbiqi sənət nümunələri, rəsm əsərləri nümayiş etdirilmişdir.

    Sərgiyə baxışdan sonra keçirilən tədbirdə çıxış edən Ali Məclisin sədri ümummilli liderimiz Heydər Əliyevin "Mən həyatımın, bu günümün, gələcəyimin də xoşbəxtliyini, səadətini uşaqlara qayğıda, diqqətdə görürəm" kəlamını xatırladaraq demişdir: Xalqımızın böyük oğlunun uşaq hüquqları və uşaqların müdafiəsi barədə fikirlərini bu gün - Uşaqları Beynəlxalq Müdafiə Günündə böyük qürur və iftixarla yada salırıq. Çünki ulu öndərimizin dahiyanə ideyalarının və dövlətçilik fəaliyyətinin məhsulu olan müstəqil Azərbaycan uşaqların müdafiəsinin dövlətin birinci dərəcəli vəzifələri sırasında olduğu bir ölkədir.

    Bu gün Azərbaycanda və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi münasibət, diqqət və qayğı vardır. Bu sahədə dövlət siyasəti öz kökünü ötən əsrin 70-ci illərində formalaşmış siyasi fəaliyyət təcrübəsindən götürür. Ulu öndərimiz hələ o dövrdə Azərbaycanın rəhbəri kimi ölkəmizin gələcəyini düşünür, bu gələcəyi sovet rejiminin sərt qadağaları çərçivəsində yetişdirmək üçün sonsuz iradə nümayiş etdirir, təhsilə, maarifçiliyə üstünlük verirdi. İyirminci əsrin 70-80-ci illərində tikilən məktəblər, məktəbdənkənar tədris müəssisələri, kitabxanalar, məktəbli sarayları, gənclərimizin keçmiş sovetlər birliyinin qabaqcıl ali məktəblərinə oxumağa göndərilməsi, məktəblilərdə hərbi təhsilə, hərb sənətinə marağın artırılması, milli şüurun və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi Azərbaycanın gələcəyi üçün həyata keçirilən tədbirlər idi.

    Bu tədbirlərin mahiyyəti ölkəmiz müstəqillik qazandıqdan sonra daha aydın görünür. Qısa zaman içərisində-cəmi 10 ildə Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Ona görə ki, ölkəmizdə 70-ci illərdən yetişərək formalaşmış gənc mütəxəssislər ordusu vardır. Azərbaycan bu gün ona görə güclüdür ki, o, tükənməz təbii sərvətləri ilə yanaşı, milli sərvətimiz olan elmli, təhsilli, sağlam gəncliyə də malikdir.

    Bu sərvət, potensial isə asanlıqla əldə olunmamışdır. Müharibə şəraitinin yaratdığı çətinliklərə baxmayaraq hərtərəfli inkişaf etmiş uşaq və gənclərin yetişməsi, tərbiyə olunması, lazımi hüquqi bazanın formalaşdırılması daim dövlətin diqqət mərkəzindədir. 1993-cü ildən bu sahə üzrə milli qanunvericiliyin təkmilləşdirilməsinə başlanmış, Azərbaycan Respublikası Uşaq Hüquqları Bəyannaməsinə və Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, 1998-ci ildə "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. İndiyədək ölkəmizdə uşaq hüquqları ilə bağlı 10 qanun və proqram qəbul olunmuş, 70-dən çox məcəllə və qanunda uşaq hüquqlarının bu və ya digər məsələləri öz əksini tapmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin ölkəmizdə "Uşaq ili" elan olunması uşaqların layiqli vətəndaş kimi yetişmələrinə, əhalinin bu kateqoriyası ilə bağlı sosial problemlərin həllinə, onların hüquqlarının etibarlı təminatına dövlət qayğısının əyani ifadəsidir.

    Qeyd olunanlar bir daha sübut edir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti uğurla davam etdirilir. Bu siyasətin nəticəsidir ki, uşaqlar üçün müasir təhsil müəssisələrinin ucaldılması diqqət mərkəzində saxlanmış, son 15 ildə Naxçıvan Muxtar Respublikasında 62 min 744 şagird yerlik 157 orta məktəb binası tikilmiş və ya yenidən qurulmuşdur. Bu dövrdə məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin şəbəkəsi də genişləndirilmiş, 6 məktəbdənkənar müəssisə, 13 uşaq bağçası, 18 musiqi məktəbi istifadəyə verilmişdir.

    Ali Məclisin sədri demişdir: - Uşaqların istedadlarının aşkara çıxarılması, bacarıqlarının davam etdirilməsi məqsədi ilə bir sıra tədbirlər görülmüş, dövlət kukla və uşaq teatrları, Dövlət Uşaq Filarmoniyası yaradılmışdır. Ötən il istifadəyə verilən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi uşaqların hərtərəfli yetişməsinə göstərilən qayğının parlaq təzahürüdür.

    Uşaqlar arasında idmanın kütləviliyinin təmin olunması, gənc nəslin sağlam böyüməsi üçün də tədbirlər görülmüş, 150-dən çox ümumtəhsil məktəbində örtülü idman zalları, açıq idman qurğuları istifadəyə verilmiş, 2 Olimpiya-İdman Kompleksi və üzgüçülük mərkəzi, 4 şahmat məktəbi, ən müasir tələblərə cavab verən 5 stadion, süni örtüklü mini futbol meydançası, əl oyunları idman kompleksi, boks və güləş zalları tikilmişdir.

    Bu dövrdə uşaqların sağlamlığının qorunması sahəsində səylər daha da artırılmış, uşaq bərpa mərkəzi, körpələr evi və ailələrə dəstək mərkəzi üçün binalar tikilmiş, respublika mərkəzi uşaq xəstəxanası, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi kimi müasir tələblərə cavab verən səhiyyə ocaqları istifadəyə verilmişdir. Bütün bunlar isə nəticəsiz qalmamışdır. Əgər 1995-ci ildə bir yaşadək uşaq ölümü 195 idisə, 2009-cu ildə bu göstərici 16 dəfə azalaraq 12-yə enmişdir. Bu gün muxtar respublikada 145 min uşaq vardır ki, bu da 15 il əvvəlki dövrlə müqayisədə 9 faiz artım deməkdir.

    Azərbaycanı haqlı olaraq gənclər ölkəsi adlandırırlar. Bu, təsadüfi deyildir. Ölkəmizdə uşaq və gənclərin xüsusi çəkisi dinamik artıma malikdir. Əgər 5 il bundan əvvəl muxtar respublika əhalisinin 32 faizini uşaqlar təşkil edirdisə, bu gün bu göstərici 36 faizə qalxmışdır. Muxtar respublikada uşaqların və gənclərin birlikdə xüsusi çəkisi isə ümumi əhalinin 64 faizinə bərabərdir.

    Ali Məclisin sədri uşaqlara uğurlar arzulamış, bayramlarını təbrik etmişdir.

    Sonra Naxçıvan Dövlət Uşaq Filarmoniyası musiqi kollektivlərinin ilk konserti olmuşdur.

    Konsertdən sonra səhnə arxasına keçən Ali Məclisin sədri musiqi kollektivlərini 1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü və uğurlu çıxışlarına görə təbrik etmiş, bu kollektivlərin gələcəkdə Azərbaycan mədəniyyətini təmsil edərək onu yüksəklərə qaldıracağına əmin olduğunu bildirmişdir.

 

 

    Xalq qəzeti.- 2010.- 2 iyun.- S. 5.