Ədəbiyyatın mövzusunu cəmiyyət və zaman verir

 

    Sumqayıt şəhərindəki Səməd Vurğun adına Mərkəzi Kitabxanada fəaliyyət göstərən Poeziya klubunun rəhbəri şair İbrahim İlyaslı görüş iştirakçıları adından yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmovu salamlayaraq bildirdi ki, müasirimizin əsərlərinin bu gün daha çox oxucu cəlb etməsinin bəlkə də əsas səbəbi onun gerçək həyatımızın ədəbi mənzərəsini bütün ziddiyyətləri ilə ədəbiyyatımıza gətirməsidir. Əsərləri istər respublikamızda, istərsə də bir sıra ölkələrdə müxtəlif mükafatlara layiq görülmüş H.Mirələmovun yaradıcılığının iki istiqaməti haqqında danışmaq və müəllifin özünün bizi maraqlandıran suallara cavab verməsi bu günki görüşümüzün əsas qayəsidir.

 

    İ.İlyaslı yazıçı-dramaturq Hüseynbala Mirələmovun siyasi publisistika yaradıcılığının zirvəsi adlandırıldığı Moskvanın məşhur "Molodaya qvardiya" nəşriyyatının "Görkəmli adamların həyatı" seriyasından nəşr olunan "Heydər Əliyev" əsəri barəsində məlumat verdi və bildirdi ki, əsər artıq dünyanın bir çox dillərinə tərcümə olunub və çox böyük maraqla qarşılanıb. Bu seriyadan müəllifin "İlham Əliyev: tərcümeyi hal davam edir" və "Zərifə Əliyeva" əsərləri də bu gün siyasi publisistikanın parlaq nümunələri kimi oxucuların dərin rəğbətini qazanmışdır.

    Müəllifin ədəbi-bədii yaradıcılığı haqqında görüş iştirakçılarına ətraflı məlumatı isə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə verdi:

    - İki adamı təqdim etmək həmişə çətin olub. Biri hamının tanıdığı, digəri isə heç kimin tanımadığı adamı. Mən elə bilirəm ki, hamının tanıdığı adamı təqdim etmək daha çətindir. Hər bir oxucunun yaddaşında bir Hüseynbala Mirələmov var. İndi mən nə danışım ki, oxucuların tanıdığı Hüseynbala Mirələmov haqqında yeni bir şey olsun?

    Böyük alman filosofu Hegel demişdir: "Ehtiras olmadan heç bir böyük iş görülməz". Ədəbiyyatın da canı, cövhəri insan ehtiraslarıdır və Hüseynbalanın əsərlərinin hər birində bu ehtiras var.

    Sonra alim "Görkəmli adamların həyatı" nəşri və onun bütün dünyada böyük nüfuza malik olması barədə məlumat verdi və bildirdi ki, heç də hər bir yazıçının əsəri bu seriyada nəşr olunmur. Son bir neçə ildə görüşünə toplaşdığımız yazıçının, şair İ.İlyaslının da qeyd etdiyi kimi, bu seriyada üç çox qiymətli əsəri nəşr olunub. Sual oluna bilər ki, bu yazıçının istəyi, məramı nədir ki, hələ gənc yaşlarından Heydər Əliyev ideyaları ilə əsərlər yazıb və bu gün də bu ideyalara yüksək sədaqət nümayiş etdirərək üç əsəri Azərbaycan ictimai fikir tarixinə, Azərbaycan ədəbiyyatına və oxucusuna təqdim etdi?

    Mən qətiyyətlə deyə bilərəm ki, bu üç kitab XXI əsr Azərbaycan siyasi publisistikasının ən parlaq nümunəsidir. Etiraf edək ki, ölkənin Prezidenti haqqında, ölkənin ümummilli lideri elan olunmuş və qəbul edilmiş şəxs haqqında əsər yazmaq çox çətindir. Ümumiyyətlə, dahilər böyük şəxsiyyətlər haqqında yazmaq çox çətindir. Çox çətindir ona görə ki, gərək o şəxsiyyətin xalqın yaddaşında olan obrazına xələl gətirməyəsən. Müəllif bu kitabı yazana qədər Heydər Əliyev haqqında 9 kitab yazıb. Bu onu göstərir ki, yazıçı böyük düha haqqındakı bu kitabı bütün dünyanın oxuyacağını, obrazın möhtəşəmliliyini, əzəmətini dərk edib. Azərbaycan kimi çətin və mürəkkəb bir vəziyyətdə olan ölkəni dünya sahmanına daxil edən şəxsiyyət haqqında əsər təbii ki, bir gündə yazılmır. Ona görə də burada bütün faktlar, hadisələr və gerçəkliklərlə yanaşı bir şey onun köməyinə daha çox gəlib ki, bu da onun bu şəxsiyyətə olan səmimi münasibəti, sevgisidir. Şübhəsiz ki, bu üç əsər Hüseynbala Mirələmovun təkcə Heydər Əliyev ideallarına, Azərbaycan dövlətinə, Azərbaycan xalqına sədaqətindən, bu millətə sevgisindən irəli gəlmir.

    Onun "Xəcalət" povestində bir qəhrəman var. O, yanacaq dolu maşınlarla güllə yağışı altında on cəbhəyə gedir. Heç nədən qorxmur. Bu Hüseynbala Mirələmovun özüdür. Vaxtilə Dövlət Yanacaq Komitəsində rəhbər vəzifədə işləyərkən döyüş bölgələrinə, cəbhəyə yanacaq aparıb. Heç nədən qorxmayıb. Vətən məhəbbəti buradan başlayır.

    N.Şəmsizadə yazıçının yaşadığı həyat və formalaşdığı mühütlə bağlı bir çox məqamları da görüş iştirakçılarına çatdıraraq bildirdi ki, H.Mirəlləmov halal bir ocaqda böyüyüb və dünyaya da bu ocağın işığında baxıb. Kişinin varlığında halallıq olmayanda onun uşağı əyriqıç doğulur.

    Mən bir fikrimdə də israrlıyam ki, Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu qaldıran və onu axıracan həll edən, ən ardıcıl mövqeyə malik yazıçı Hüseynbala Mirələmovdur. Deyirlər, ədəbiyyatın böyüklüyü ondadır ki, o tarixi qabaqlaya bilir. Mən belə bir faktı dönə-dönə tənqid etmişəm ki, ədəbiyyatçılar, yazıçılar gözləyir siyasətçilər Qarabağ problemini həll etsin, sonra onlar əsərlər yaratsınlar. Yanlış fikirdir. Bu düyünü ədəbiyyat açmalıdır və tarixi qabaqlamalıdır. Ədəbiyyat hadisələrin arxasında yox, önündə getməlidir.

    Hüseynbala müəllimin əsərlərində bu problemin ədəbi həlli var. "Yanan qar" romanında müharibədə qalib gəlməyin bir yolu - partizan müharibəsi göstərilir. Sual olunur, hanı bu ölkənin partizan oğlanları? Niyə Qarabağda erməni dığalarını göz yummağa qoymayan bir əli-silahlı dolaşmır?...

    Mən yazıçının "Cəza" povestinin ilk oxucularından olmuşam. Və ilk təəssüratımı yazıçı dostuma "Dünyanı gözəlləşdirən "Cəza" açıq məktubumda bildirmişəm. Təbiətə qəsd etmək olmaz. Bu qəsdin acı nəticələrini, insan tamahının ağır bəlalarını bu gün bütün bəşəriyyət çəkir. Mirələmovun "Cəza" povesti təbiətin intiqamı haqqında əsərdir. Təbiətin intiqamı Allahın intiqamıdır.

    Allah öz varlığını göstərmək üçün təbiətin gözəlliklərini, heyvanlar aləmini yaradıb. Qədim türklər Allahı günəş kimi təsəvvür edirdilər. "Kitabi- Dədə Qorqud"da yazılır:

 

    "Ucalardan ucasan,

    Kimsə bilməz necəsən".

 

    Günəşin üzünü görmək mümkün deyil.

    "Cəza" povesti sadəcə bədii ədəbiyyat faktı deyil. "Cəza" povesti təbiət və insan qarşıdurmasının ən yüksək bədii-fəlsəfi həllini verən bir əsərdir.

    Hüseynbala Mirəlləmovun "Xəcalət" povesti Yazıçılar Birliyinin ədəbiyyatın təbliği bürosunun təsis etdiyi "Yaddaş" milli mükafatına layiq görülmüş ilk əsərdir. Çünki "Xəcalət" povesti Qarabağ dərdinin, Qarabağ probleminin göz yaşı yox, böyük bir xəcalət olduğunu ədəbiyyatımıza gətirib. Kiçik bir qızın iztirabları Azərbaycan xalqının hər bir ailəsinə daxil oldu, heç kimin xəbəri olmadan hər bir evdə o kitab oxundu.

    Natiq yazıçının "Güllələnmiş heykəllərin fəryadı" əsəri barədə də fikirlərini bölüşdü və bildirdi ki, bu əsərin mahiyyəti onu göstərdi ki, o güllələr bizim yaddaşımıza atılıb. Millətin faciəsi onda başlayır ki, yadın yaddaş üzərində hakimiyyəti başlayır. Yad təkcə kənardan gəlmiş əcnəbi deyil. O, öz içimizdə də var.

    Mən elə bilirəm ki, o güllələrin vurduğu yaraların qanı hələ kəsilməyib. O qan axa-axa biz hələ də yol gedirik. Bütün dünya bizə ağıl verir ki, biz qan tökməyək. Amma bizə qanımızın tökülməsini rəva görürlər.

    Üç şey var ki, onlar ancaq səmimiyyətlə icra olunur. Bunun birincisi dua-ayindir. İkincisi sevgi, üçüncüsü isə yaradıcılıqdır. Hüseyinbala Mirələmov həqiqəti yazan səmimi yazardır.

    Yazıçı-dramaturq Hüseynbala Mirələmovun ədəbi-bədii, publisistik yaradıcılığının müasir nəslin təlim-tərbiyəsinə təsirindən, onların həqiqi vətəndaş kimi formalaşmasındakı rolundan danışan Sumqayıt Dövlət Universiteti kitabxanasının işçisi Xatirə xanım məhz bu səbəbdən namizədlik dissertasiyası üçün "Hüseynbala Mirələmovun ədəbi yaradıcılıq yolu" mövzusunu seçdiyini bildirdi və müəllifin əsərləri ilə bağlı düşüncələrini bölüşdü:

    - Bu əsərlərdə diqqət çəkən əsas cəhət mövzu aktuallığıdır. Yazıçının hansı əsərinə müraciət edirsən et, burada real həyatla üzləşəcək, müasirinlə qarşılaşacaq, onun düşüncələrini, qənaətlərini bölüşəcəksən. H.Mirələmovun reallıqlardan yaranan ümumiləşdirmələri cəmiyyəti düşündürməyə məcbur edir, onu ağladır. Nahaq deyil ki, böyük şairimiz Bəxtiyar Vahabzadə Hüseynbala müəllimin "Xəcalət" povestini oxuyandan sonra ona ünvanladığı məktubda yazırdı: "Hörmətli Hüseynbala Mirələmov, "Xəcalət" povestinizi yalnız yarıya qədər oxuya bilidm. Qəhər məni boğdu, göz yaşlarımı saxlaya bilmədim, bacarmadım. Bu boyda dərdlə qol-qola, baş-başa yaşaya bildiyimə xəcalət çəkdim. Bəli, biz hamımız babalarımızın bizə əmanət verib getdiyi cənnətməkan Qarabağı düşmənə təslim edəndən sonra yenə də yaşaya bildiyimizə görə o müqəddəs torpaqda yetişən dahilərimizin ruhundan utanmalıyıq".

    Müəllifin ədəbi-bədii yaradıcılığının əsas mövzularından olan Qarabağ dərdi, ağrısı təkcə "Xəcalət"də, "Güllənmiş heykəllərin fəryadı"nda və "Yanar qar"da yox, digər əsərlərdə də geniş əks olunur. Yazıçı təkcə bu dərdi, ağrını bizə xatırlatmır, milləti müqəddəs torpaqlarımız uğrunda cihada, müqəddəs savaşa çağırır.

    Görüş iştirakçılarından olan oxucu Səlimə Xasıyeva isə yazıçının milli-mənəvi dəyərlərimizin zamanın ağır zərbəsindən hansı deformasiyalara, aşınmalara məruz qaldığını, adət-ənənələrimizin nəzərə alınmadığı yerdə hansı faciələrin baş verdiyini ustalıqla ədəbiyyata gətirməsindən danışdı. Qeyd etdi ki, son illər gənclərin, xüsusilə gənc qızların böyük maraqla oxuduğu "Gəlinlik paltarı" romanı məhz bu baxımdan diqqət çəkir. Hüseynbala Mirələmov bu əsərdə qəhrəman səviyyəsinə qaldırdığı Fənayə obrazı ilə gənc qızlarımıza həyatın mənən zəiflərə, milli-əxlaqi dəyərlərdən uzaq düşmüş insanlara qarşı necə amansız olduğunu göstərir, onları düşünməyə, var-dövlətə deyil, ülvi məhəbbətə, sədaqətə qiymət verməyə çağırır.

    Sumqayıt Dövlət Universitetinin tələbələri Günel Mustafayeva, İradə Adıgözəlova, Günel Teymurşahova və başqaları yazıçının əsərlərində aforizm və atalar sözlərindən geniş istifadə olunduğunu, yazıçının sadə, anlaşıqlı dildə dərin fəlsəfi fikirlər ifadə etdiyini, çoxlarının göz yumduğu mənəvi aşınmaları, bəlaları çəkinmədən, cəsarətlə cəmiyyətin müzakirəsinə çıxardığını qeyd etdilər.

    Sumqayıt şəhər 5 saylı orta məktəbin dil-ədəbiyyat müəllimi Şəlalə xanım isə qeyd etdi ki, Hüseynbala Mirələmov haqlı olaraq bu gün ədəbi mühitdə Qarabağ mövzusunun baş yazarı hesab olunur. Yazıçının elə bir əsəri yoxdur ki, orada Qarabağ dərdini, ağrısını hiss etməyəsən, görməyəsən. Bu, şübhəsiz alqışa layiqdir.

    Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri doktoru Adil Baxşəliyev isə bildirdi ki, istər Azərbaycan, istərsə digər ölkələrin oxucularına Hüseynbala Mirələmovun imzası rast gələndə, ilk növbədə xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev obrazının sonsuz bir sevgi və məhəbbətlə qələmə alan, bu əvəzsiz insanın həyat və fəaliyyətinə yaradıcılığında dönə-dönə müraciət edib bir neçə samballı əsər ortaya qoyan bir yazar yada düşür. Mən elə bilirəm yanılmaram desəm ki, fenomen siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevi bunca böyük sevgi və sayğı ilə öyrənib, onun xarakterinin bütün koloritini açmağa, onu Azərbaycan xalqının rəmzi kimi təqdim etməyə yaradıcılıq imkanlarını əsirgəməyən yazıçını son on ildə bu qədər populyarlaşdıran əsas amillərdən biri məhz budur.

    Heydər Əliyev zəmanəmizin canlı əfsanəsi, dünya siyasət panteonunun nəhənglərindən idi. Düşmənlər ondan ehtiyat edir, qorxur, dostlar onu son dərəcə sevirdilər. Belə məqamlar əksər hallarda sadə adamların, Heydər Əliyev sevərlərin görə bilmədiyi anlar idi.

    Hüseynbala Mirələmov xalqının rəmzi, şərəf simvolu kimi sevə-sevə qələmə aldığı Heydər Əliyev obrazının həyatdan qaynaqlanan bu məqamlarını oxucusuna çatdırır. Dünyanın ondan çox xalqının dilinə tərcümə olunan "Görkəmli adamların həyatı" seriyasından olan "Heydər Əliyev" əsəri ilə Hüseynbala Mirələmov bütöv bir Azərbaycanlı obrazını dünyaya təqdim edib...

    Görüşün maraqlı məqamlarından biri də yazıçı-dramaturqla sual-cavab oldu. Gənc oxuculardan birinin "siz özünüzü bir yazıçı kimi xoşbəxt hesab edirsinizmi" sualına yazıçı çox səmimi bir cavab verərək dedi: - Yazıçının uğuru, əsərlərinin populyarlığı və ya yaratdığı obrazların, qəhrəmanların xoşbəxtliyi heç də onun özünün xoşbəxtliyi deyil. Yazıçı o vaxt xoşbəxt olar ki, onun xalqı, milləti xoşbəxt olsun.

    Yaradıcılığında Heydər Əliyev obrazının daimi bir mövzu olacağını vurğulayan H.Mirələmov onu da əlavə etdi ki, Heydər Əliyev şəxsiyyəti ümmansız bir dəryadır: "Mənə elə gəlir ki, onu tam öyrənmək və bitkin bir obraz kimi yaratmaq üçün bir yazıçı ömrü az olardı.

    Qarabağ mövzusuna gəldikdə isə deməliyəm ki, nə qədər bu xəcalət bizim üstümüzdədir, nəinki yazarların, heç bir azərbaycanlının Qarabağı bir an belə unutmağa haqqı yoxdur".

    Yazıçının, "ən çox nədən qorxursunuz?" sualına cavabı da orijinal səsləndi:

    - Yalandan. Mənə elə gəlir ki, təkcə bizim yox, bütün bəşəriyyətin faciəsi yalandan başlayır. Yalan insanı nəşələndirən faciədir.

    Məhz bu səbəbdən həyatı olduğu kimi görməyi və göründüyü kimi ədəbiyyata gətirməyi ədəbi yaradıcılığımın əsas prinsipi seçmişəm. Həyatda həmişə həqiqəti axtardığım üçün qəhrəmanlarım da həyatın reallıqlarından yaranır. Ona görə canlıdırlar, bütün əyər-əskikləri ilə müasirlərimizdirlər. Onlar da yaşadığımız zamanın və mühitin yetirmələridirlər.

    İnsan o zaman təsirlənir ki, ədəbiyyatda öz mühitini, öz yaşantılarını, yanaşı yaşadığı insanları və özünü görür.

    Bu gün hamı bir ağızdan dünyada yaranan problemləri iqtisadi, siyasi böhrana bağlayır. Amma mənim fikrimcə böhran insanların özündə, psixologiyalarında, daxili aləmlərində, fikir və düşüncələrində, yaxınlarına, doğmalarına və bütövlükdə insanlara münasibətindədir.

    Dahilərdən hansısa deyib ki, "uşaqlar millətin gələcəyi, qocalarsa onun vicdanıdır". Biz ədəbiyyata bu vicdanı gətirməliyik ki, millətin gələcəyi vicdansız olmasın. "Orijinal insanlar dünyanın xəzinəsidir" deyəndə Tomas Karleyl məhz belə insanları nəzərdə tuturdu. O insanları ki, onlar öz dövrlərini və mühitlərini səciyəlləndirirdilər. Mən elə bilirəm ki, bizim cəmiyyətdə belə insanlara böyük ehtiyac var.

    Görüşün sonunda yazıçı onun yaradıcılığına maraq göstərib görüşünə gələnlərin hamısına təşəkkür etdi.

 

 

    İlqar RÜSTƏMOV

 

    Xalq qəzeti.- 2010.- 3 iyun.- S. 6.