Türkiyə - Azərbaycan əlaqələri qırılmaz tellərlə bağlıdır

 

    Azərbaycan Prezidenti İlham Əliyevin hər hansı bir ölkəyə səfəri həmişə beynəlxalq aləmin diqqət mərkəzində olur. Bu da ölkəmizin son illər sürətli iqtisadi inkişafından və dünya birliyində nüfuzunun getdikcə artmasından irəli gəlir. Artıq Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan, sayılıb-seçilən dövlətlər sırasına daxil olmuşdur. Bir sıra iri infrastruktur layihələrinin reallaşdırılmasından sonra ölkəmizin beynəlxalq aləmdəki mövqeləri daha da möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Azərbaycanın öz təbii sərvətlərini heç bir ölkənin köməyi olmadan Avropa və dünya bazarlarına müstəqil çıxarması da müstəqil dövlətimizin iqtisadi qüdrətinin artmasından xəbər verir.

 

    Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çox zəngin olmuşdur. Bu səfər çərçivəsində dövlətimizin başçısı İstanbulda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında iştirak etmişdir.

    Dövlətimizin başçısı Türkiyənin dövlət rəsmilərindən başqa sammitdə iştirak edən digər dövlətlərin nümayəndələri ilə görüşmüş, ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılmışdır. Bütün görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində müzakirələr aparılmışdır. Azərbaycanla Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlıq həmişə yüksələn xətt üzrə inkişaf edib. Bu iki qardaş ölkə arasında elə bir sahə yoxdur ki, orada qarşılıqlı əlaqə sıx tellərlə bağlanmasın. Buna baxmayaraq, budəfəki işgüzar səfər zamanı da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycanla Türkiyə arasında sənədlərin imzalanması mərasimi olmuşdur. Azərbaycandan Türkiyəyə və Türkiyə ərazisindən təbii qazın satışı və nəqlinə dair Bəyannamənin imzalanması diqqət mərkəzində olmuşdur. Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüş zamanı hər iki dövlət rəsmisi iki qardaş ölkə arasında energetika sahəsində əməkdaşlığın regional əhəmiyyətini xüsusi vurğulamışlar. Qeyd olunmuşdur ki, təbii qazla bağlı imzalanmış sənəd iki ölkə arasında energetika sahəsində yeni bir mərhələ olacaq. Həmişəki kimi bu dəfə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar fikir mübadiləsi aparılmışdır. Türkiyə tərəfi bu məsələdə mövqeyinin dəyişməz olduğunu bir daha vurğulamış, Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması, doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlıların öz doğma ocaqlarına qaytarılmasının əsas şərt olduğu bildirilmişdir. Bir daha qeyd olunmuşdur ki, "bir millət, iki dövlət" olan Azərbaycanla Türkiyənin həmrəyliyi sarsılmazdır və iki qardaş ölkə arasındakı əlaqələr qırılmaz tellərlə bağlıdır. Hər hansı bir qüvvənin bu əlaqələri qırmaq cəhdi əbəsdir.

    Bu günlərdə Qəzza sektoruna humanitar yardım aparan Türkiyə gəmisinə İsrail hərbçilərinin hücumu və bu zaman Türkiyə vətəndaşlarının qətlə yetirilməsi Azərbaycan tərəfinin hiddətinə səbəb olmuş və Türkiyə ilə həmrəy olduğumuz bir daha nümayiş etdirilmişdir. Azərbaycan Prezidenti Türkiyədə keçirdiyi görüşlər zamanı da Aralıq dənizində baş vermiş xoşagəlməz hadisəni pisləmiş, Azərbaycanın Türkiyəyə tam dəstəyini ifadə etmiş, günahsız Türkiyə vətəndaşlarının öldürülməsi ilə əlaqədar başsağlığı vermişdir. Dövlətimizin başçısı qətiyyətlə bildirmişdir ki, Azərbaycan bu məsələdə Türkiyə ilə həmrəydir. Azərbaycan Prezidenti jurnalistlərə müsahibəsində də Aralıq dənizində baş verən hadisə ilə əlaqədar verilən sualı cavablandırarkən demişdir: "... Beynəlxalq sularda mülki vətəndaşlara qarşı edilən bu qanlı hadisə, bu hücum əleyhinə öz səsimizi ucaltmışıq. Bu gün də mən çıxışım zamanı bunu bir daha ifadə etdim. Biz bu hücumu pisləyirik. Biz Türkiyə ilə, türk xalqı ilə öz həmrəyliyimizi ifadə edirik, şəhidlərin yaxınlarına başsağlığı veririk. Hesab edirik ki, ciddi araşdırmalar aparılmalıdır və cinayətkarlar məsuliyyətə cəlb olunmalıdır. Yəni, burada bizim mövqeyimiz, bir daha demək istəyirəm ki, birmənalıdır, qətidir və bizimlə Türkiyə arasında qardaşlıq münasibətlərimizə, beynəlxalq hüquqa əsaslanır. Biz, əlbəttə, hesab edirik Türkiyəyə müttəfiq sayılan ölkələr də eyni mövqedən çıxış etməlidirlər. Bilirsiniz, bu, bir həqiqət anıdır. Yəni, bu çətin anlarda dostlar, əsl dostlar öz mövqeyini bildirməlidirlər... Azərbaycan bütün zamanlarda, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyini heç vaxt gizlətməmişdir. Bizə yaxın olan ölkələrə aid bütün məsələlərdə biz öz səsimizi ucaltmışıq və bu, haqq-ədalət səsi olmuşdur. Heç vaxt Azərbaycan hansısa qanunsuz hərəkəti dəstəkləməmişdir və eyni zamanda qanunsuz hərəkətlərə biganə olmamışdır, xüsusilə Türkiyə ilə münasibətlərimizdə".

    Göründüyü kimi, dövlətimizin başçısı bir daha Azərbaycanın mövqeyini açıq şəkildə, qətiyyətlə bəyan etmişdir. İki ölkə arasında olan əlaqələr əsl dostluq, qardaşlıq əlaqələridir. Bunu istəməyən qüvvələrin Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək cəhdləri həmişə iflasa uğrayıb və bundan sonra da uğrayacaq.

    Bütün beynəlxalq tədbirlərdə, rəsmi görüşlərdə olduğu kimi, bu dəfə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Ermənistan tərəfi həmişə qeyri-konstruktivlik nümayiş etdirir, müxtəlif vasitələrlə danışıqlar prosesini uzatmağa çalışır. Təbii ki, Ermənistan öz mövqeyini uzun zaman davam etdirə bilməz. Çünki artıq beynəlxalq təşkilatlar, həmçinin münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də Ermənistan prezidentinin qeyri-ciddiliyindən təngə gəliblər. Minsk qrupu tərəfindən təklif olunmuş yeniləşmiş Madrid prinsipinə Ermənistan tərəfinin bu vaxta qədər münasibət bildirməməsi də onların prosesi süni şəkildə uzatmalarından xəbər verir. Hazırda əsas variant kimi qəbul edilən Praqa prosesinin son nəticəsi yeniləşmiş Madrid prinsipləri əsasında hazırlanmış təkliflərə Azərbaycan tərəfi razılıq verib. Baxmayaraq ki, bəzi müddəalar bizi qane etmir. Bunlar bir o qədər də əhəmiyyət kəsb etmir. Ancaq Azərbaycanın mövqeyi sülh, ədalət, əmin-amanlıqdır. Dövlətimizin başçısı münaqişənin nizamlanmasında həmişə dövlətlərin ərazi bütövlüyünə əsas kimi üstünlük verib. Beynəlxalq hüququn norma və prinsiplərini də zəruri hesab edir. Artıq demək olar ki, dünyanın əksər dövlətləri, həmçinin bütün nüfuzlu beynəlxalq qurumlar da dövlət başçımızın bu mövqeyinə tərəfdar olduqlarını bildiriblər. Ermənistan tərəfi artıq təkləndiyini açıq şəkildə hiss edir.

    Ermənistanın Minsk qrupu həmsədrlərinin təkliflərini qəbul etməməsi, münaqişənin nizamlanması prosesini süni yollarla uzatması və qeyri-konstruktivlik nümayiş etdirməsi çox davam edə bilməz. Dövlətimizin başçısı da bunu xüsusi vurğulayaraq dedi: "...Nə baş verə bilər? Burada çox da böyük seçim yoxdur. Ya məsələ belə asılı vəziyyətdə qalacaqdır. Yəni, status-kvo davam edəcək ki, biz bunu heç cür qəbul edə bilmərik. Status-kvo dəyişməlidir. Ya danışıqlar bir görüntü üçün, imitasiya üçün davam etdirilməlidir ki, Azərbaycan heç vaxt buna da razı olmayacaqdır. Mən dəfələrlə demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O vaxta qədər iştirak edəcəyik ki, nəticəyə çatmaq ümidimiz olacaqdır. Ya da ki, məsələ dondurulmuş vəziyyətdən çıxıb başqa bir müstəviyə keçəcəkdir. Yəni sirr deyil ki, bu da hərbi variantdır. O heç vaxt istisna olunmurdu, bu gün də istisna olunmur və biz bu varianta hər zaman hazır olmalıyıq. Ona görə indiki dövrün öz məntiqi və öz əhəmiyyəti vardır. İndiki dövrdə həm Ermənistan, həm də həmsədr ölkələr tərəfindən atılacaq addımlar bax bu məsələnin hansı yolla həll olunmasını müəyyən edəcəkdir".

    Hər dəfə münaqişənin nizamlanmasında son mərhələnin hərbi variant olması barədə fikirlər səsləndiriləndə Ermənistan tərəfi həyəcanını ört-basdır edə bilmir və dərhal buna reaksiya verir. Onlar beynəlxalq aləmdə guya Azərbaycanın müharibə tərəfdarı olması barədə rəy formalaşdırmağa çalışırlar. Ancaq unudurlar ki, digər dövlətlərin ərazisini uzun müddət işğalda saxlamaq qeyri-mümkündür. Hər bir dövlətin öz ərazisini qorumaq onun konstitusion hüququdur. Bu hüquq beynəlxalq hüququn norma və prinsipləri ilə də tənzimlənib. Digər tərəfdən isə Ermənistanı qorxuya salan məsələlərdən biri də Azərbaycanın güclü, qüdrətli milli orduya malik olmasıdır. ABŞ Prezidenti Barak Obama bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda da Azərbaycanın güclü, qüdrətli milli ordusu olmasına işarə edərək yazmışdı: "Bu gün Azərbaycan əsgərləri Əfqanıstanda nümunəvi xidmət göstərir və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (BTYY) təkrar təchizatın asanlaşdırılması məqsədilə Azərbaycanın yollarını, dəmir yollarını və hava məkanını açmaq qərarınız ölkənizin təhlükəsizlik sahəsində qətiyyətli tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirdi".

    ABŞ kimi qüdrətli bir dövlət başçısının Azərbaycan əsgərlərinə belə yüksək qiymət verməsi, təbii ki, Ermənistanı qorxuya salıb və onlar çıxış yolunu təklif olunan varianta razılıq verməkdə görəcəklər.

    Azərbaycan Prezidenti İstanbulda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında iştirakı zamanı Rusiyanın Baş naziri Vladimir Putin, İran Prezidenti Mahmud Əhmədinejad, Ukrayna Prezidenti Viktor Yanukoviç və Makedoniya Prezidenti Georgi İvanovla görüşmüş, siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparmışdır.

 

 

    Əliqismət BƏDƏLOV

 

    Xalq qəzeti.- 2010.- 10 iyun.- S. 1.