Tofiq Bakıxanov - 80

 

Suraxanıda "Bakıxanovlar ədəbi-mədəni, elmi fikir tarixində" kitabının təqdimatı keçirilmişdir

 

Azərbaycan xalqı öz tarixi şəxsiyyətlərinin həyat fəaliyyətinin öyrənilməsində, bu irsin qorunmasında, eləcə təbliğində özünəməxsus qədrşünaslıq nümunəsi yaratmışdır. Milli-mənəvi irsə belə münasibətimiz hamı tərəfindən yüksək təqdir edilir. Region xalqlarının ekspertləri tərəfindən yüksək qiymətləndirilən məqamlardan biriodur ki, Azərbaycan tarixində çoxlu sayda görkəmli nümayəndələri olan nəsillər, şəcərələr onlarladır. Həmin nəsillərdən biridünya tarix elminə xüsusi töhfələr vermiş alimictimai xadim Abbasqulu Ağa Bakıxanovla başlanan Bakıxanovlar sülaləsidir.

 

XIX əsrdə 17 nəfər hərbçisi olan bu nəslin görkəmli nümayəndələri arasında general-leytenant Cəfərqulu Ağa Bakıxanov (Abbasqulu Ağanın qardaşı), general Abdulla Ağa Bakıxanov (Abasqulu Ağanın ana ayrı qardaşı), general-mayor Həsən Ağa Bakıxanov (Cəfərqulu Ağanın oğlu), polkovnik Əhməd Ağa Bakıxanov (Həsən Ağanın qardaşı), "Bakıxanovlar" musiqi məclisinin təşkilatçılarından olan Məmmədrza bəy, respublikanın xalq artisti, əməkdar incəsənət xadimi və əməkdar müəllim, görkəmli tarzən Əhməd Ağa Bakıxanov, əməkdar artist, görkəmli tarzən Məmmədxan Bakıxanov, onların qardaşı, görkəmli geoloq Haşımxan Bakıxanov, pianoçu-müəllim Zivər xanım Bakıxanova, A.A.Bakıxanov adına mükafatın laureatı, musiqiçi Məmmədrza Bakıxanov, respublikanın xalq artisti, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli bəstəkar Tofiq Bakıxanov, əməkdar artist, görkəmli kaman ustası Tələt Bakıxanov, əməkdar artist, Dövlət simfonik orkestrinin konsertmeysteri Akif Bakıxanov, fəxri dəmiryolçu, görkəmli mühəndis Rəna Bakıxanova, filologiya elmləri namizədi Nigar Bakıxanova və digər tanınmış simalar vardır.

XX əsrdə Bakıxanovlar nəslinin ən görkəmli nümayəndəsi Azərbaycan, Türkiyə, İran, Orta Asiya və Yaxın Şərqdə ustad sənətkar kimi tanınan tarzən Əhməd Bakıxanov idi. İndiki əsrdə isə həmin nəslin beynəlxalq aləmdə xalqa baş ucalığı gətirmək ənənəsini Əhməd Ağanın oğlu Tofiq Bakıxanov davam etdirir. Bu il Tofiq Bakıxanovun 80 yaşı tamam olur. Elə haqqında söz açdığımız dəyərli kitab da məhz ustad sənətkarın yubileyi münasibəti ilə tərtib edilib. Daha doğrusu, bu kitab görkəmli bəstəkarın yubileyinə həsr edilmiş silsilə tədbirlərin "üverturası"dır. Fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin elmi redaktəsi ilə ərsəyə gələn kitabın tərtibçiləri filologiya elmləri namizədi Gülzar İbrahimqızı və sənətşünaslıq namizədi, dosent Hökümə Əliyevadır. Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Əmircan qəsəbəsində keçirilən təqdimat mərasimində də (Abbusqulu Ağanın həyatının müəyyən hissəsi bu kəndlə bağlı olubböyük alimin ilk abidəsi də məhz burada qoyulub) Bakıxanovlar nəsli barədə əhatəli şəkildə söz açmaqla yanaşı kitabın tərtibçilərinin xidmətləri də yüksək qiymətləndirildi.

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin Əmircandakı möhtəşəm abidəsini ziyarət etdilər və abidə önünə tər çiçək dəstələri qoydular. Sonra Heydər Əliyev Mərkəzinin eksponatları, studiyaları, elektron kitabxanası, fotoelektron sərgisi ilə tanış oldular. Qonaqlar Mərkəzin ikinci mərtəbəsində ulu öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədilə və məhz bu mərkəzin sifarişi ilə hazırlanmış "Əyilməz iradə", "Xilaskar" və "Millət atası" qısametrajlı filmlərinə (plazma panellərdə) tamaşa etdilər. Kitabın təqdimat mərasimi də elə Heydər Əliyev Mərkəzində oldu.

Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Telman Hacıyev, AMEA Nizami adına Ədəbiyyat Muzeyinin baş elmi işçisi, filologiya elmləri namizədi Gülzar İbrahimqızı, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimi Fəridə Bünyatova, sənətşünaslıq namizədi, dosent Hökumə Əliyeva, sənətşünas Ariz Abdüləliyev, rayon icra hakimiyyəti başçısının müavini Əhməd Talıbov və digər natiqlər Bakıxanovlar nəslinin milli tariximizdə oynadığı roldan, təqdim edilən kitabın əhəmiyyətindən, tərtibçilərin böyük zəhmət hesabına ərsəyə gətirdiyi yeni çap məhsulunun zəngin tarixi faktlara əsaslandığından söz açdılar. Professor Telman Hacıyev qeyd etdi ki, bir nəsldən beş, on və bəlkə də daha çox yaradıcı ziyalının ortaya çıxması adi hal kimi qəbul edilə bilər. Eləcə də bir nəslin çoxsaylı hərbçi yetişdirməsi də tam təbii şəkildə qəbul edilə bilər. Bakıxanovlar nəsli isə həm çoxsaylı hərbçi yetişdirib, həm də onlarla yaradıcı ziyalı. Bu isə tanrının bəxş etdiyi fitri imkanlar hesabına mümkün olan haldır.

Dövlət səs yazıları arxivinin direktoru Yaqub Mədətov qeyd etdi ki, bizim arxivdəki fondlar arasında materialların zənginliyinə görə iki fond daha böyükdür. Bunlar "Azərbaycaq aşıq musiqisi" və "Bakıxanovlar" fondlarıdır. Sənətşünas Ariz Abdüləliyevin fikrincə, Bakıxanovlar nəsli barədə kitab tərtib etmək o qədər də asan məsələ deyil. Çünki, son 200 ilin istənilən tərəfinə nəzər salarkən Bakıxanovlarla bağlı zəngin materiallarla, tarixi sənədlərlə rastlaşırıq. Bu qədər zəngin materialı öyrənmək və onları cəmi 300 səhifəlik kitabda ümumiləşdirmək böyük zəhmət və diqqət tələb edən vəzifə idi. Xanım tərtibçilər - Gülzar İbrahimqızı və Hökümə Əliyeva həmin çətin missiyanın öhdəsindən bacarıqla gəlmişlər.

Bakıxanovların görkəmli nümayəndəsi, 80 illik yubileyi musiqi ictimaiyyəti tərəfindən maraq və diqqətlə qarşılanan Tofiq Bakıxanov öz şəcərəsinin xidmətlərini yüksək qiymətləndirən hər kəsə, "Bakıxanovlar ədəbi-mədəni, elmi-fikir tarixində" kitabının müəlliflərinə, təqdimat mərasiminin təşkilatçılarına və qonaqlara öz minnətdarlığını bildirdi. Bəstəkar qeyd etdi ki, bizim nəslin xidməti daim yüksək qiymətləndirilib. Ancaq biz ən böyük qiyməti ümummilli liderimiz Heydər Əliyevdən almışıq. Məmnunuq ki, bugünkü Azərbaycan Prezidenti İlham Əliyev də milli mədəniyyətimizin digər nümayəndələri kimi Bakıxanovların yaradıcılığına və ictimai fəaliyyətinə daim böyük maraq və diqqət göstərir.

Təqdimat mərasiminin bədii hissəsində tanınmış incəsənət ustalarının, eləcə də Bakı Musiqi Akademiyası və Bülbül adına orta ixtisas Musiqi Məktəbi tələbələrinin ifasında maraqlı musiqi parçaları ifa edildi.

 

 

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

 

Xalq qəzeti.- 2010.- 30 iyun.- S. 7.