Sözün ucalığı və əbədiyyəti

 

    Yusif Abbas oğlu Kərimov 1940-cı ildə Bərdə şəhərində anadan olmuş və orta təhsil almışdır. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirən gənc jurnalist ilk fəaliyyətinə respublikanın avanqard mətbu nəşri olan "Kommunist" (indiki "Xalq qəzeti") qəzetində başlamışdır. Yusif Kərimov sonrakı illərdə rayonlararası "Yüksəliş" qəzetində məsul katib (1962-1964), "Bakı" axşam qəzetində şöbə müdiri (1964-1973), Azərbaycan Televiziyasının Gənclər redaksiyasında baş redaktor (1973-1978), "Azərbaycan gəncləri" qəzetində redaktor (1980-1995) vəzifələrində çalışmışdır. Son 15 ildə Yusif müəllim Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (1995-1997) və Ticarət Nazirliyinin (1997-2001) mətbuat katibi, İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi (2001-2007) olmuşdur. Hazırda Milli Aviasiya Akademiyasında məsləhətçi və "Gənc aviator" qəzetinin baş redaktorudur.

    1978-1980-ci illərdə ali siyasi təhsil almışdır. 2000-2007-ci illərdə BDU-nun jurnalistika fakültəsində dərs demişdir.

    1963-cü ildən Azərbaycan Jurnalistlər, 1978-ci ildən isə Yazıçılar birliklərinin üzvüdür. Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin büro üzvü, Jurnalistlər Birliyinin katibi, Yazıçılar Birliyinin komissiya sədri olmuşdur.

 

    Tanınmış yazıçı-publisist, Azərbaycan professional jurnalistikasının yetkin, sayılıb-seçilən nümayəndəsi Yusif Kərimovun 70 yaşı tamam olur. Ömrünün yarım əsrdən çoxunu Vətənə, xalqa sözlə xidmət edən istedadlı qələm sahibi anadilli jurnalistikamızda və ədəbiyyatımızda öz imzası, üslubu, mövzuları ilə populyarlaşmış, bacarıqlı media təşkilatçısı kimi layiqli nüfuz qazanmışdır.

    Yusif Kərimov yaradıcılıq mükafatının şirinliyini çox erkən dadıb. Hələ universitetdə oxuyarkən (1962) "Bakı" qəzetinin keçirdiyi ümumrespublika müsabiqəsində iştirak etmiş və tanınmış yazarların qoşulduğu bu mötəbər yarışda birinci mükafata layiq görülmüşdür. "Hələlik, əzizim..." adlı həmin sənədli hekayə gənc müəllifin sonrakı uğurlarının başlanğıcı olmuşdur. Ədəbi aləmdə "60-cı illər intibahı" kimi tanınan həmin dövrün yazarları arasında Yusif Kərimov da özünəməxsus dəst-xətti ilə seçilmişdir. "Şirin və dərin yazanlar" cərgəsində onun adı tez-tez çəkilmişdir.

    İstər publisistik, istərsə də bədii yazıları yaradıcılıq təşkilatları tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatını, "Səni mənə verməzlər" romanına görə isə Azərbaycan Yazıçılar Birliyinin "Yaddaş" Milli Mükafatını almışdır. "Nağıl adam haqqında nağıllar" silsilə esselərinə görə Heydər Əliyev adına Beynəlxalq Xeyriyyə Fondunun (Novosibirsk şəhəri, 2004) laureatı olmuşdur. Azərbaycan Mədəniyyət Nazirliyinin "Torpaq, uğrunda ölən varsa, Vətəndir!" devizi ilə keçirdiyi kinossenarilər müsabiqəsində Yusif Kərimovun "Arzu istehkamları" adlı tammetrajlı bədii film ssenarisi diploma və pul mükafatına layiq görülmüşdür.

    Yusif müəllimin yaradıcılığı çoxşaxəlidir. Publisistikanın sayagəlməz nümunələrini yaratdığı kimi, onlarca bədii əsərin - hekayə, povest və romanların, pyeslərin və kinossenarilərin də müəllifidir. Son dövrlərdə "Azərbaycan bestselleri" silsiləsindən yaratdığı iki romanı ("Zülmətin bəyaz rəngləri" və "Bakirələr xiyabanı") milli ədəbiyyatımızda yeniliyi ilə diqqəti cəlb etmişdir. Yazıçı - publisist Yusif Kərimovun iyirmiyə yaxın kitabının yeddisi Qarabağ dərdlərinə, torpaq və mənəvi itkilərimizə həsr olunmuşdur.

    Yusif Kərimovun ömürlüyünə və yaradıcılığına bu qısa ekskursdan sonra sözü onun özünə veririk:

    - Deyirlər ki, tarix keçmişin, bədii əbədiyyat gələcəyin, publisistika isə bu günün aynasıdır. Bunlardan ikisi - publisistika və bədii ədəbiyyat bilavasitə sizin yaradıcılığınızla sıx bağlıdır. Yazılarımızda hansına daha çox üstünlük vermisiniz?

    - Buna birmənalı cavab vermək çətindir. "Üstünlük" sözü nisbidir və zamanla, mövcud şəraitlə bağlıdır. Zaman tələb edəndə publisistikaya müraciət etməli olmuşam. Əlbəttə, "publisistika" deyəndə jurnalistikanın müxtəlif janrlarında çap etdirdiyim yüzlərlə yazını nəzərdə tutmuram. Mən o yazını publisistika adlandırıram ki, cəmiyyətin taleyüklü problemlərinə toxunsun və onların həllinə təkan vermiş olsun.

    - Belə nümunələrdən bir-ikisini misal çəkə bilərsinizmi?

    - Çəkəcəyim misallar öz dövrünün məhsulları kimi, çox səciyyəvidir. Ötən əsrin ortalarında ölkədə belə bir şüar dəbdə idi: "Pambığı son qozasınadək yığaq!" O zaman "ağ qızıl" SSRİ-nin əsas sərvətlərindən biri idi və onun hər kiloqramını itkiyə vermək nöqsan sayılırdı. Lakin ölkə miqyasında tətbiq edilən bu şüar Azərbaycanın təbii şəraiti üçün əlverişli deyildi və pambıqçılığın inkişafına böyük ziyan vururdu. O zaman mən rayonlararası "Yüksəliş" qəzetində çalışırdım və kənd təsərrüfatının, o cümlədən pambıqçılığın bəzi "sirlərinə" bələd olmuşdum. Mil-Muğan pambıqçılarının təcrübəsinə əsaslanaraq, "Son qozanın qiyməti" adlı analitik məqalə yazdım.

    Respublikanın baş qəzeti olan "Kommunist" qəzetində çap olunan bu yazıda "Pambığı son qozasınadək yığaq! şüarının səhv və ziyanlı olduğu iqtisadi göstəricilərlə sübuta yetirilirdi. "Pambığı son qozasınadək yığaq!" şüarı inkar edilir, əvəzində "Pambığı tez və itkisiz yığaq!" şüarı irəli sürülürdü. Həmin yazı öz dövründə ictimaiyyətin və dövlət orqanlarının diqqətini cəlb etdi. Partiyanın Mərkəzi Komitəsində yazını müzakirə etdilər, müəllifin xeyrinə qərar çıxartdılar. Lakin mənim təklif etdiyim yeni şüar yalnız 70-ci illərdə, ümummilli lider Heydər Əliyev respublika rəhbəri olandan sonra həyata vəsiqə aldı.

    80-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayətini separatizmə aparan yollardan yazırdım. O zaman "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsində çalışırdım, DQMV-da hökm sürən və getdikcə şiddətlənən antiazərbaycan siyasəti müntəzəm olaraq qəzetimizdə yer alırdı. Bu cür yazıların üstündə dəfələrlə təzyiqlərə məruz qalmışdım. Təəssüf ki, nə mənim yazılarım, nə də bu mövzuda yazılan digər çap məhsulları Dağlıq Qarabağın əldən getməsinə mane ola bilmədi. Mənim bundan sonrakı yaradıcılığım bütünlüklə Qarabağ mövzusuna, onun işğal olunmasının çoxçalarlı səbəblərinə həsr olundu.

    - Son illərdə Abşeronda artan ekoloji təhlükədən tez-tez yazırsınız...

    - "Abşeron dərdi" digər problemlərimizdən heç də az təhlükəli deyil. Məsələ burasındadır ki, Abşeron yarımadası son yüzilliklərdə bu qədər yüklənməyib, altı isə bu dərəcədə sorulub boşaldılmayıb. Mütəxəssislərin fikrincə, yarımadanın (xüsusən Bakının) amansızcasına yüklənməsi bu cür davam edərsə, Abşeron çökə bilər. Əlbəttə, təhlükənin qarşısını almaq üçün, ilk növbədə, tikinti-inşaat işlərində "ağırlıq sindromunu aradan qaldırmaq lazımdır. Qərbin və Şərqin qabaqcıl təcrübəsini Azərbaycana gətirmək, yüngül inşaat materialları istehsal və tətbiq etməklə ağır "yerdələnlər" yox, sözün əsl mənasında, yüngül "göydələnlər", habelə kommunikasiya vasitələri yaradılmalıdır. Daha vacib bir məsələ: ucaldılan hər hansı bir tikinti obyekti ayrı-ayrı fərdlərin marağına deyil, respublikanın və millətin taleyinə cavabdeh olan dövlətin mənafeyinə tabe etdirilməlidir.

    - Ədəbi ictimaiyyət sizi istedadlı və məhsuldar publisist kimi çoxdan qəbul edib. Bu sahədə daha böyük uğurlarınızı başqa yaradıcılıq növlərinə "qurban verməyinizi" necə izah edərdiniz?

    - Yəqin, bədii əsərlərimi nəzərdə tutursunuz. Əvvəla, mən heç nəyi qurban verməmişəm. Lap uşaqlıqdan bədii yaradıcılıqla məşğul olurdum. Jurnalistika peşəsinə yiyələnəndən sonra bu sahədə püxtələşməyi qarşıma məqsəd qoydum. Sonralar vaxt imkan verdikcə bədii janrlarda əsərlər yazmağa başladım. Miniatürlərim, hekayələrim, povest və romanlarım çap olundu, pyeslərim tamaşaya qoyuldu... Mütəxəssislərin fikrincə, mənim yaradıcılığım qoşa qanad (jurnalistika və bədii təxəyyül) amilindən qidalandığı üçün aktual və oxunaqlı olur.

    - 70 yaşda haradan gəlib, haraya gedirsiniz?

    - Sözün bu başından onun sonsuzluğuna doğru...

    - Ömrü vaxt çərçivəsinə salmaq düzgündürmü?

    - Yox. Ömür vaxta sığmır. O dövridir... Bizim xatırladığımız, yaxud dərk etdiyimiz ömür yaddaşımızın tutub saxlaya bildiyi ömürdür.

    - Yaddaşınızda nələr qalıb?

    - Çox şey: sevinc və kədər, uğur və uğursuzluq, sevgi və nifrət, xoşbəxtlik və bədbəxtlik...

    - Xoşbəxtlik nədir?

    - Bədbəxt olmamaq.

    - Ən böyük istəyiniz nə olub?

    - Özümə kənardan baxa bilmək.

    - "Düşüncəmiz ruhumuzdur..." Bir vaxt belə yazmısınız. Bunun açması nədir?

    - Düşüncəmizi materiallaşdırsaq, yəni yazılara, səslərə çevirsək, onu əbədiləşdirə bilərik. Deməli, yaratdığımız kitablarda, tele-radio lentlərində ruhumuzu yaşada bilərik...

    - İtirdiklərinizin ən qiymətlisi?

    - İşğal olunmuş topaqlarımız.

    - Söz sizə nə verdi?

    - İstədiyim hər şeyi: həyatda layiqli yer tutmaq, özünü ifadə etmək imkanını namusla yaşamaq, başqalarına da gərəkli olmaq üçün mübarizə meydanını, təmiz adı, cəmiyyətin diqqət və hörmətini... Həyatda insana başucalığı gətirən nə varsa mən onu qələmlə qazanmışam. Sözün qüdrətinə, ədalətinə, ədəbiyyətinə, inanmışam. Doğru söz də münbit torpaq, saf toxum kimidir: bir versən, beş qaytarar. Bütün uğurlarıma görə sözə borcluyam.

    - Yusif müəllim, sizi 48 il əvvəl ilk jurnalist fəaliyyətinə başladığınız qəzetimizin kollektivi səmimi təbrik edir. 70 yaşlı həmkarımıza möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

    - Çox sağ olun. Son nəfəsimədək sözə sadiq olacağam.

 

 

    Tahir AYDINOĞLU

 

    Xalq qəzeti.- 2010.- 30 iyun.- S. 7.