Prezident İlham ƏLİYEV: Regional inkişaf proqramı və bütün regionlarda gedən quruculuq işləri ölkəmizi gücləndirir

 

Bunu Qəbələdə son illər görülmüş işlər bir daha təsdiq edir

 

Azərbaycan Respublikası özünün sosial-iqtisadi inkişafının növbəti mərhələsini yaşayır. Son altı ildə həyata keçirilən məqsədyönlü islahatlar, qəbul olunmuş ümummilli proqramlar, bir sıra infrastruktur layihələrinin uğurla reallaşdırılması ölkənin sosial-iqtisadi mənzərəsini əsaslı şəkildə dəyişmiş, gələcək inkişafa və davamlı yüksəlişə zəmin yaratmışdır. Ölkənin sosial-iqtisadi mənzərəsini əks etdirən statistik rəqəmlər, makroiqtisadi göstəricilər ötən müddətdə baş vermiş inkişaf və tərəqqinin miqyası barədə aydın təsəvvür yaradır. Təkcə onu demək kifayətdir ki, son altı ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə, sənaye istehsalı isə 2,5 dəfə artmış, adambaşına düşən ümumi daxili məhsulun həcmi 5 min ABŞ dollarına yaxınlaşmışdır.

 

Ötən illər ərzində ölkəmizdə həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində büdcə xərcləri 12 dəfədən çox artmış, ümumi valyuta ehtiyatlarımız 20,4 milyard dollara çatmışdır. Onu da qeyd etmək lazımdır ki, ölkədə baş verən iqtisadi artım, geniş miqyaslı islahatlar, həyata keçirilən mühüm dövlət proqramları yeni iş yerlərinin yaradılması, yoxsulluğun minimal həddə endirilməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşması ilə müşayiət olunmuşdur. Hətta son iki ildə dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanda ümumi inkişaf tendensiyası davam etmiş, ölkəmiz bu böhranlı vəziyyətdən cüzi itkilərlə çıxmağa nail olmuşdur. Ən əsası isə respublikamız keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdırmış, inkişafın Azərbaycan modeli yaradılmışdır.

Ölkəmizin son altı ildəki sosial-iqtisadi tərəqqisini təmin edən başlıca amillərdən biri də regionların davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Bunun əsası isə altı il əvvəl — 2004-cü il fevralın 11-də dövlət başçısı İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ilə qoyulmuşdur. Məlum olduğu kimi, ölkəmizin növbəti beş ili üçün əsas fəaliyyət proqramı kimi qəbul edilmiş bu mühüm, ümummilli sənədin başlıca hədəfləri regionların iqtisadi potensialını hərəkətə gətirməkdən, buradakı əmək ehtiyatlarından səmərəli istifadə etməkdən, eləcə də əhalinin həyat səviyyəsini yüksəltməkdən ibarət idi. Proqramın icrasına başlanılması ilə Azərbaycanda regional inkişafın təməli qoyulmuş, bölgələrdə iqtisadi fəallıq canlanmış, insanlarda təşəbbüskarlıq hissi güclənmişdir. Onu da deyək ki, bu mühüm dövlət sənədinin icrasını daimi nəzarətdə saxlayan Prezident İlham Əliyev bu məqsədlə ölkənin bütün şəhər və rayonlarına səfər etmiş, görülən işlərlə şəxsən maraqlanmış, 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.

Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək, iqtisadiyyatın şaxələndirilməsinə və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, həmçinin infrastruktur və kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılmasına nail olmaq dövlətin qarşısında duran prioritet vəzifələrdəndir. Ölkə Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da məhz bu məqsədə xidmət edir. Yeni proqramın icrasına başlanılması ilə həm də ölkəmizin davamlı və tarazlı inkişafı yeni, daha sürətli mərhələyə qədəm qoymuşdur.

İkinci regional inkişaf proqramı ölkəmizin bütün bölgələrinə yeni nəfəs, yeni ruh gətirmişdir. Adı çəkilən sənədin qəbulundan ötən dövr ərzində bölgələrdə kənd təsərrüfatının, emal sənayesinin, turizmin və digər sahələrin inkişafı istiqamətində mühüm işlər həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı son illər ölkəmizin, sözün əsl mənasında, cənnətməkan guşələrindən birinə çevrilmiş Qəbələ rayonunda da əsaslı yüksəlişə təkan vermişdir. Elə dövlət başçısı İlham Əliyevin həftəsonu Qəbələ rayonuna səfərini televiziya kanalları vasitəsilə izləyən hər bir şəxs son illər burada baş vermiş böyük bir tərəqqinin şahidi oldu. Bu barədə bir qədər sonra. Son illər Qəbələ rayonunun iqtisadiyyatı sürətlə inkişaf etmiş, rayonda ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə ötən il 2,1 dəfə, kənd təsərrüfatı məhsulları isə iki dəfə artmışdır. Ötən altı ildə Qəbələdə əsas kapitala yönəldilən investisiyaların məbləği 32 dəfə artaraq 23 milyon manatı ötmüşdür. Burada müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye məhsullarının istehsalı getdikcə artır. Elə ümumi sənaye mallarının 23 faizinin xaricə ixrac olunması da bu faktı təsdiqləyən mühüm amillərdəndir. Son altı ildə rayondakı 451 müəssisədə 8271 yeni iş yeri yaradılmışdır ki, bunun da 6483-ü daimidir.

Prezident İlham Əliyev fevralın 27-də Qəbələyə səfəri çərçivəsində əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış əzəmətli abidəsini ziyarət edərək gül dəstəsi qoymuşdur. Sonra dövlət başçısı rayonda bir sıra sosial və infrastruktur obyektlərinin açılışında iştirak etmiş, ictimaiyyət nümayəndələri ilə görüşmüşdür.

Məlum olduğu kimi, əlverişli iqlim şəraitinə malik olan Qəbələ rayonunda mühüm növ meyvə-tərəvəz məhsulları yetişdirilir. Son illər burada meyvə-tərəvəz məhsullarının emalı sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Təkcə onu demək kifayətdir ki, hazırda “Gilan Holdinq”in müxtəlif müəssisələrində 8 növ konyak, 14 növ şərab və 84 növ şirə istehsal olunur ki, bunlar da ölkəmizdən kənarda kifayət qədər tanınır. Bundan əlavə, “Gilan Holdinq”in zeytundan müxtəlif növ qida məhsulları hazırlayan, yeyinti məhsulları istehsal edən və süd emalı müəssisələri də fəaliyyət göstərir. Həmin müəssisələrin məhsulları dünyanın və MDB-nin 28 ölkəsinə ixrac olunur. Dövlət başçısı Qəbələyə səfəri zamanı “Gilan Holdinq”in müxtəlif müəssisələrinin istehsalı olan məhsulların sərgisinə baxmışdır.

Rayonda yetişdirilən meyvə-tərəvəz məhsullarını saxlamaq üçün ümumi sahəsi 7800 kvadratmetr olan soyuducu anbar tikilmişdir. Üç hektar sahəni əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. Məhsulların saxlanılması üçün anbarda İtaliya istehsalı olan avadanlıq quraşdırılmış, burada 50 nəfər işlə təmin edilmişdir. Soyuducu anbarla tanış olan Prezident İlham Əliyevə müəssisədəki meyvə çeşidləmə sexinin işi ilə bağlı məlumat verilmişdir.

Qəbələ “Gilan” piano fabrikinin açılışı rayonda məşğulluq strategiyasına mühüm töhfə olmaqla yanaşı, həm də bütövlükdə ölkəmizdə yeni istehsal sahəsi kimi diqqəti cəlb edir. Təkcə onu demək kifayətdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrikdə ildə 1200-1500 piano istehsal ediləcək. Hazırda fabrikdə 120 nəfər çalışsa da, müəssisə tam gücü ilə işə düşdükdən sonra işçilərin sayı 350-yə çatdırılacaq.

Yeni istehsal müəssisələri ilə yanaşı, son illər Qəbələ rayonunda infrastruktur obyektlərinin inşasına da diqqət xeyli artırılmışdır. Bu baxımdan 1,5 hektar ərazidə inşa olunmuş ikimərtəbəli yeni avtovağzal binası diqqəti cəlb edir. Rayonun nəqliyyat sahəsinin inkişafına ciddi təsir göstərəcək yeni avtovağzal bütün zəruri xidmət sahələri ilə təmin edilmiş, burada kassalar, gözləmə zalı, tibb və inzibati otaqlar təşkil olunmuş, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir. Yeni avtovağzaldan rayonun bütün kəndlərinə, eləcə də ölkədaxili istiqamətlərdə avtobus marşrutları açılacaq. Bundan əlavə, yaxın vaxtlarda Qəbələdən Türkiyə, Rusiya və MDB-nin digər ölkələrinə də avtobus reysləri təşkil olunacaq. Dövlət başçısı Qəbələyə turist axınının artmasına təkan verəcək yeni avtovağzalla tanış olmuşdur.

Rayonda inşa olunmuş yeni infrastruktur obyektlərindən biri də “Laza” yarımstansiyasıdır. Prezident İlham Əliyev Qəbələyə səfəri çərçivəsində adı çəkilən obyektin açılışında da iştirak etmişdir. Yarımstansiyanın paylayıcı qovşaq mərkəzində olan dövlət başçısı dispetçer məntəqəsində obyekti işə salmışdır. Xatırladaq ki, 110 kilovoltluq “Laza” yarımstansiyası ölkənin energetika sisteminin paylayıcı və ötürücü şəbəkəsinin yenidən qurulması və müasirləşdirilməsi işləri çərçivəsində inşa edilmişdir. Rayon üçün mühüm əhəmiyyət kəsb edən yarımstansiya Qəbələ şəhərini, “Qafqaz” turizm kompleksini, Laza və Durça kəndlərini, həmçinin bir sıra obyektləri elektrik enerjisi ilə təmin edəcək, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin etibarlı və sabit işləməsinə imkan verəcək.

Qəbələ rayonu ölkəmizin zəngin turizm potensialına malik olan bölgələrdəndir. Son illər həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində rayonun turizm potensialı hərəkətə gətirilmiş, burada dünya standartlarına cavab verən istirahət-sağlamlıq guşələri yaradılmışdır. Prezident İlham Əliyev Qəbələyə səfəri zamanı buradakı “Qafqaz Sahil” mehmanxana kompleksinin tikintisi ilə tanış olmuşdur. Burada dövlət başçısına məlumal verilmişdir ki, böyük turizm imkanlarına malik Qəbələdə inşa olunan “Qafqaz Sahil” mehmanxana kompleksi yeddi mərtəbəli əsas binadan və 38 kottecdən ibarətdir. Ümumi sahəsi 21 min 600 kvadratmetr olan binada 100-ü standart, 18-i syut və 5-i xüsusi qonaqlar üçün nəzərdə tutulmuş 123 nömrə olacaqdır. Bundan əlavə, kompleksdə 3 konfrans zalı, 2 restoran, həmçinin açıq və qapalı hovuzlar da qonaqların ixtiyarına veriləcək.

Bundan əlavə, Qəbələnin simasına əlavə yaraşıq gətirən, eləcə də rayonun turizm imkanlarının artırılmasına mühüm töhfə verən “Qafqaz-Park” Gənclik mərkəzi də öz gözəlliyi və cazibədarlığı ilə seçilir. Yeni mərkəzin açılışını bildirən lenti kəsən Prezident İlham Əliyev 900 kvadratmetr sahəsi olan süni buz meydançası ilə tanış oldu. Ümumi sahəsi 16 hektar olan parkda müxtəlif iaşə obyektləri, üzgüçülük hovuzları, süni göllər, kafelər, uşaq əyləncə mərkəzləri, eləcə də ərazidə salınmış yaşıllıq zolaqları, orijinal fəvvarələr və müasir işıqlandırma sistemi xüsusi zövq oxşayır.

Qəbələdə son zamanlar yaradılmış bu mühüm infrastruktur obyektləri və istirahət guşələri rayonun ümumi mənzərəsinə əlavə yaraşıq gətirir. Bütün bunlar, həm də ölkəmizdə həyata keçiilən məqsədyönlü tədbirlərin, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün reallaşdırılan işlərin məntiqi nəticəsidir. Rayonda məskunlaşan məcburi köçkünlər və qəbələlilərlə görüşən Prezident İlham Əliyev bütün bunları yüksək qiymətləndirərək demişdir: “Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında çox əyani şəkildə görürük. Qəbələ, sözün əsl mənasında, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Hər dəfə Qəbələdə olanda yenilikləri görəndə çox sevinirəm. Şəhər abadlaşır, müxtəlif tədbirlər görülür. Qəbələdə ən yüksək standartlara cavab verən piano fabriki istifadəyə verilibdir. Bu, çox böyük bir hadisədir və onu göstərir ki, Azərbaycanın inkişafına xarici və yerli investorlarda böyük inam vardır. Bu gün avtovağzalın açılışında iştirak etdim. Ondan sonra kənd təsərrüfatı ilə bağlı yeni yaradılmış müəssisələrlə tanış oldum. Qəbələnin, bildiyimiz kimi, çox böyük turizm potensialı vardır. Artıq bu potensialdan çox səmərəli şəkildə istifadə olunur... Gözəl təbiəti, zəngin tarixi və təbii imkanları Qəbələnin beynəlxalq turizm mərkəzinə çevrilməsində çox mühüm rol oynamalıdır və bu gün bunu görürük”.

Prezident İlham Əliyev Qəbələyə səfəri çərçivəsində burada məskunlaşmış məcburi köçkünlər üçün salınmış məhəllədə də olmuş, yeni yaşayış binalarında sakinlər üçün yaradılmış şəraitlə tanış olmuşdur. Yeri gəlmişkən, dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin öz səylərini davam etdirəcəyini bir daha bəyan edərək demişdir: “Biz çalışırıq və çalışmalıyıq, ölkəmizi hərtərəfli inkişaf etdirək, gücləndirək ki, danışıqlarda, ümumiyyətlə, Ermənistanla qarşıdurmada mövqelərimiz daha da güclənsin... Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, biz istəmirik ki, müharibə yenidən başlansın. Ancaq eyni zamanda, özümüzü gücləndiririk, ölkəmizin hərbi-iqtisadi potensialını gücləndiririk və hər an torpaqlarımızı istənilən yolla düşməndən azad etmək üçün hazır olmalıyıq”.

Məsələnin ədalətli beynəlxalq hüquq əsasında həllinə tərəfdar olduğunu bildirən dövlət başçısı indiki Ermənistanın əzəli Azərbaycan torpağında yaradılmasına baxmayaraq, bizim heç bir dövlətə qarşı ərazi iddiamızın olmadığını və bu səbəbdən də qanuni, əzəli torpaqlarımızın beynəlxalq birlik tərəfindən Azərbaycan torpaqları kimi tanınmasının, işğal edilmiş torpaqların sülh yolu ilə qaytarılmasının vacibliyini bir daha bəyan etmişdir. Prezident İlham Əliyev demişdir: “Bir tərəfdən bizə deyilir ki, məsələ sülh yolu ilə həll olunsun. Biz də bunun tərəfdarıyıq. Ancaq heç kim unutmamalıdır ki, ermənilər o torpaqları sülh yolu ilə zəbt etməyiblər. Bizim torpaqlarımız müharibə yolu ilə, başqa ölkələrin dəstəyi ilə işğal olunubdur. Baxmayaraq ki, o hadisələrdən 20 ilə yaxın vaxt keçir, bunu heç kim unutmamalıdır...

Biz yaranmış bu vəziyyətlə barışa bilmərik. Status-kvo bizi qane etmir. Status-kvo dəyişməlidir və ədalətli dəyişməlidir. Erməni işğalçı qüvvələri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır”.

Ölkə Prezidenti, həmçinin Qəbələnin inkişafı üçün həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin rayonun sosial-iqtisadi mənzərəsinin daha da yaxşılaşdırılmasına imkan yaradılacağını bildirmişdir.

Dövlət başçısının Qəbələyə ötən həftəki səfəri bir daha göstərdi ki, ölkə rəhbəri regionların inkişafına, əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına daim diqqət göstərir, mövcud problemlərin qısa müddətdə həlli üçün konkret tədbirlərin həyata keçirilməsi ilə bağlı tövsiyə və tapşırıqlar verir. Burada isə əsas məqsəd və hədəf bəllidir: ölkəmiz daha da güclənsin və qüdrətlənsin, xalqın həyat səviyyəsi getdikcə yaxşılaşsın!

 

 

Xalq qəzeti.- 2010.- 4 mart.- S. 4.