Ekoloji mühitin sağlamlaşdırılması dövlət siyasətində prioritet sahəyə çevrilmişdir

 

Son illər təbiət insanları davamlı olaraq sınağa çəkir. Bir-birinin ardınca baş verən təbii fəlakətlər — daşqınlar, zəlzələlər, torpaq sürüşmələri dünyanın bütün ölkələrində ciddi narahatlıqlar yaratmışdır. Əhalinin sürətli artımı, elmi-texniki tərəqqi, kimya, biologiya elmləri sahəsində əldə edilmiş yeni biliklər, müasir tipli silahların yaradılması bəşəriyyətə təkcə fayda gətirməmişdir. Bunların nəticəsidir ki, insanla təbiət arasındakı əlaqə daha da kövrəkləşmiş, ekoloji bəlalar qlobal xarakter almışdır. Bu gün təbiətdə baş verən qlobal iqlim dəyişmələri bəşəriyyət üçün qaçılmaz bəlalar yaratmışdır.

 

Söz yox ki, Azərbaycan da bu problemlərdən kənarda qala bilməz. Ona görə də ekoloji problemlərin həlli ölkə rəhbərliyinin daim diqqətindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nı təsdiq etmişdir. Dövlət əhəmiyyətli bu mühüm sənəddə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Cənab Prezidentin, eyni zamanda, ekoloji problemlərə bilavasitə aid olan “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair”, “Hidrometeorologiyanın inkişaf proqramı”, “Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair” proqramların qəbul edilməsi ilə bağlı verdiyi sərəncamlar ölkədə ekoloji mühitin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynamışdır. Dövlət başçısının “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” sərəncamı isə Abşeronda ekoloji problemlərin həllinə əsaslı stimul yaratmışdır.

Ekoloji problemlərin həllinin zəruriliyini nəzərə alan Prezident İlham Əliyev 2010-cu ili ölkəmizdə “Ekologiya ili” elan etmişdir. Cənab Prezident Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində bu barədə görülmüş işlərdən, gələcəkdə qarşıda duran vəzifələrdən geniş bəhs etmişdir. Möhtərəm Prezident bildirmişdir: “2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edilmişdir. Bu da təsadüfi deyil. Çünki bu sahəyə böyük əhəmiyyət verilməlidir”. Doğrudan da, son illər ekoloji problemlərin həllinə yönəldilən tədbirlərin həyata keçirilməsi daha aktiv xarakter almış, ölkənin hər yerində ekoloji vəziyyətin yaxşılaşdırılması üçün səylər artırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ekoloji problemlərə həsr olunmuş müşavirə dövlətimizin bu məsələyə xüsusi önəm verdiyini bir daha təsdiq edir. Müşavirədə cənab Prezident ölkənin ekoloji vəziyyətinin dövlətin gündəlik diqqət mərkəzində olduğunu və bu sahədə genişmiqyaslı layihələrin reallaşdırılacağını bildirmişdir. Prezident bildirmişdir ki, təkcə 2010-cu ildə deyil, ondan sonrakı illərdə də ekoloji məsələlərin həllinə böyük diqqət göstərilməlidir.

Dövlətimizin ekologiya siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməsini təmin edir və hazırda ətraf mühitin sağlamlaşdırılması üçün yeni layihələr reallaşdırılır.

Prezident yanında keçirilən ekoloji problemlərə həsr olunmuş müşavirədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkədə həyata keçirilən ekoloji siyasətin real nəticələrini açıqlamışdır. O bildirmişdir ki, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində qazanılmış uğurlar əhalinin ekoloji şüurunda da müsbət dəyişikliklərə gətirib çıxarmış, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər ölkə vətəndaşlarının fəal iştirakına zəmin yaratmışdır.

Azərbaycanda son illər həyata keçirilən davamlı ekoloji siyasət artıq öz bəhrələrini verməkdədir. Belə ki, əhalinin içməli su ilə təchizatı, ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunmasına diqqətin artırılması, eyni zamanda, Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər uğurla həyata keçirilir.

Məlumdur ki, sağlamlığımız içdiyimiz suyun, udduğumuz havanın təmizliyindən çox asılıdır. Bu gün Azərbaycanda içməli su problemi həll olunmaq üzrədir. Artıq 12 rayonunun 122-dən çox kəndində yekunlaşdırılmış işlər nəticəsində əhali Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunmuşdur. Uzun illər içməli suya həsrət qalan insanlar bu gün artıq bulaq suyu kimi təmiz sudan istifadə edirlər.

Bakı əhalisinin içməli su ilə təmin edilməsi üçün Oğuz—Qəbələ—Bakı su kəmərinin tikintisi davam etdirilir. Cənab Prezident müşavirədə bildirdi ki, kəmər bu il istifadəyə veriləcək. Samur-Abşeron kanalının yenidən qurulması da təmiz su probleminin həllinə yardımçı olacaqdır.

Həllini gözləyən problemlərdən biri də şəhər və rayonlarımızın kanalizasiya məsələsidir. Artıq ötən ilin sonunda Xəzərin çirklənməsinin qarşısının alınması məqsədilə Hövsan Aerasiya Stansiyası isifadəyə verildi. Ancaq bu, məsələnin tam həlli deyildi. Bu il və gələcəkdə bu istiqamətdə işlər davam etdiriləcəkdir.

Yaşıllaşdırma ilə bağlı görülən işləri də təqdirəlayiq hesab etmək olar. Azərbaycan Respublikası Prezidentinin “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” və “Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamları bu istiqamətdə görülən işlərin sürətlənməsinə zəmin yaratmışdır. Nəticələr son dərəcə sevindiricidir. Belə ki, yolların estetik görünüşünün yaxşılaşdırılması və mühafizə zolaqlarının erroziyadan mühafizəsi məqsədilə Ələt-Hacıqabul istiqamətində magistral yolun ətrafında əvvəlki illərdə əkilmiş 172 min ədəd ağac və kollar artıq böyüməkdə və inkişafdadır. Bakını Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə birləşdirən yollarda, Zığ gölü və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı yolu boyunca gözəl yaşıllıqların salınması hələ də davam edir. Bakı–Şamaxı yolunun üstündə salınmış meşəliklər də bu istiqamətdə görülən işlərin nəticəsidir. Azərbaycan əhalisi bu təşəbbüsə böyük ruh yüksəkliyi ilə qoşulmuşdur, indi şəhərlərimizdə və rayonlarımızda yaşıllaşdırma işində böyük canlanma var və hər həftənin şənbə günləri keçirilən iməciliklərdə minlərlə yeni ağaclar əkilir, ərazilər təmizlənir.

Təkcə 2009-cu ildə ölkə ərazisində 2 milyondan çox ağac əkilmişdir. Ölkənin müasir ekoloji problemləri arasında Bakı buxtasının neftlə çirklənmədən təmizlənməsi də əhəmiyyətli yer tutur. Ona görə də cənab Prezident ekologiya müşavirəsində bu məsələyə xüsusi diqqət yetirilməsinin zəruriliyini bildirmişdir. İndi bu sahədə işlər davam etdirilir. Yəqin ki, yaxın gələcəkdə Bakı buxtası əhalinin əsl istirahət guşəsinə çevriləcəkdir.

Meşələrin qorunması və yeni meşə zolaqlarının salınması ekoloji mühitin sağlamlaşdırılmasında çox əhəmiyyətli rol oynayır. Əfsus ki, bu gün meşələrimizin qorunması işində müəyyən laqeydlik hiss olunur. Ancaq Prezidentimiz bildirmişdir ki, “meşələri qıranlar cəzalandırılmalıdır, onlara qarşı ciddi tədbirlər görülməlidir. Son illər kəndlərimizdə aparılan qazlaşdırma işləri meşələrin qırılmasının qarşısını xeyli almışdır. Gələcəkdə bu proses davam etdiriləcək və onda, yəqin ki, meşələrin qırılması da dayandırılacaqdır.

Məişət tullantıları Bakının və Abşeronun ekoloji mühitinə çox güclü mənfi təsir göstərir. Son illər bu istiqamətdə də mühüm tədbirlər həyata keçirilir. Məsələn, Bakıda məişət tullantıları zavodunun tikintisinə başlanılmışdır. Balaxanıda inşa edilən bu zavod işə düşdükdən sonra Bakının havası xeyli təmizlənəcək. Bu tədbirlər başqa sahələrdə də həyata keçiriləcək.

Xüsusi mühafizə olunan zonaların genişlənməsi istiqamətində də işlər davam etdirilir. Milli parklar genişləndirilir, yeni yaşıllıqlar yaradılır, göllər təmizlənir və s. Artıq bu zonalarda xüsusi infrastruktur yaradılır. Milli parklarda ən müasir ofislər, turistləri qəbul etmək üçün mehmanxanalar inşa edilir və s. Hazırda gündəlikdə duran məsələlərdən biri Qafqazda ikinci olan Şahdağ Milli Parkının zəruri infrastukturlarının yaradılmasıdır.

Ekologiya məsələlərinə dair keçirilən müşavirədə deyildiyi kimi, Azərbaycan dünyanın ayrılmaz bir hissəsidir. Ona görə dünyada baş verən ekoloji təzahürlər bizim ölkədən də yan keçmir. Biz bütün qüvvələri səfərbər edib ətraf mühitin çirklənməsi, ekoloji tarazlığın pozulmasına qarşı ciddi mübarizə aparmalıyıq. Çünki yaşadığımız Yer kürəsinin gələcək taleyi, bütövlükdə bəşəriyyətin, mövcudluğu dünyada bu problemin müsbət yöndə həllindən çox asılıdır.

Ümid edək ki, “Ekologiya ili”ndə bu sahədə yeni uğurlar qazanılacaq və yaxın gələcəkdə Azərbaycanda təmiz ekoloji mühit formalaşacaq.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 5 mart.- S. 5.