2010-Ekologiya ili

 

Səbət balı

 

Arıçılıq Azərbaycanda qədim məşğulliyyətdir. Min bir dərdin dərmanı olan balı hasil etmək üçün arılar milyonlarla çiçəyə qonub onun nektarını çəkir. Arılar həmişə halallıq rəmzi hesab olunub. Saxta bal düzəldənlərə ilk etiraz elə arılar tərəfindən olur. Bəlkə buna görədir ki, behişt kimi təbii sərvətləri ilə nümunə olan məmləkətimizdə təmiz bal az qala müşkül məsələyə dönüb. Bu haramlıqdan arılar pətəkləri tərk edərək meşələrdə ağac koğuşlarına, dağlıq yerlərdə əlçatmaz qayaların daş oyuqlarına pənah gətirirlər, Sanki onların halallığına xələl gətirənlərdən birdəfəlik üz döndərirlər.

 

Dördkünc taxta arı pətəkləri, haradasa, son 70-80 ilin təcrübəsidir. Arıçıların dili ilə desək, arılara baxım və qulluq işləri asan olur, nə etdikləri “göz qabağında” bilinir. Əslində, Qurani-Kərimdə deyildiyi kimi, insanlara şəfa neməti hazırlamaq əmri verilmiş arılar elə sirli-soraqlı bir dünyadır. Onun əsl yeri elə səbətdir – iş prinsipi xəlvəti yerdir. Hətta, Misir Universitetinin təbiətşünasları şəffaf materialdan (sülidadan) arı pətəyi düzəldərək kənardan onların iş proseslərini müşahidə etmək qərarına gəliblər. Lakin 3-4 günün içərisində bal arıları sülidanın hər yerini: bərəmumla suvayaraq eşikdən içərinin görüntülərini bağlayıblar. Bəs onda ata-babalarımızın böyük uzaqgörənliklə hazırladıqları səbət toxuması nədir, bu halallığa dayaq olmaqda görəsən nəyi əsas tutublar ?

Şahbuz rayonunun ucqar dağ kəndi Keçilidə dünyaya göz açdığımdan, ağlım kəsəndən 100-110 il yaşamış məşhur arıçılardan Hacı Nurəli, Məşədi İsa, Məşədi Qəmbər və Musa müəllimdən eşidib gördüyüm, canlı şahidi olduğum arıçılıq barədə bilgilərimi hörmətli oxucularla bölüşmək istəyirəm.

Əvvəla, səbət yalnız gərməşov bitkisinin cavan pöhrələrindən toxunur. 40 ilin söhbətidir. Məşədi İsa baba əlində səbət toxuyanda dedi ki, ay oğul, bu gərməşov şivlərinin elə kəsgin iyi var ki, ona arıların azar-bezar deyilən xəstəlikləri, kiçik arı gənələri dözüb tab gətirə bilmədən məhv olurlar. Bax, bu dördkünc təzə hazırlanan taxta pətəyin içərisində arının boğazından yapışaraq onu öldürən “Varratoz” gənələridi, yerişi açıq —aşkar görünür. Bu da 60-70 il bundan əvvəl toxunan, hələ də iyini saxlayan köhnə gərməşov səbətidir, gənələr qırılıb hamısı ölüb. İndi yeni səbətlər toxuyuram.

Məşədi İsa baba hələ yarızarafat dedi:

— Siz oğul deyilsiniz, babanız Hacı Nurəli 500-dən çox arı səbəti saxlayırdı, ayrıca arıxana tikmişdi, onun balını kəsmək azı bir həftə çəkirdi. O qədər halallıqla arı artırmışdı ki, ta təzə çıxan arı beçələrini tutmurdu. Deyirdi becəgir qətirin, kimə lazımsa, beçəni tutub aparsın, arı saxlasın, haram qatmasın. Yoxsa onun da mənim də arılarım məhv olar. Maraqlıdır ki, 130 ildən çox ömür sürən Hacı Nurəli baba 60 ildən artıqdır ki, dünyadan köçsə də onun arı damazlığı hələ kənddə kəsilməyib. Bir dəfə yeddi oğlundan sonbeşiyi Mehdi soruşur: – Ay dədə, eyni arı, eyni çöl-çəmən, necə ola bilir ki, sənin arıların səbətdə axırıncı “çeşmə”yədək bal şanları çəkib doldurur, mənə verdiyin səbətlərsə yarımçıq olur ?

Hacı deyir: – Oğul, mən günün saatlarını üç yerə bölmüşəm, 8 saatını tər töküncə çalışıram, 8 saatını ibadətə, istirahətə və çay-çörəyə ayırmışam, 8 saatını isə yatıram. Mən Tanrıya bəndəlik edirəm, əlavə olaraq da 5 hektar meyvə bağı salmışam, vaxtı bada vermirəm. Siz cavanlar isə papağı günə verirsiniz. Əlbəttə, mənim arı səbətlərim ağzınadək dolu olar. Keçilidə arı ilə bağlı “Ball düz” “Ballı qaya” toponim adları da vardır.

Toxunan səbətləri mal peyini ilə suvayıb qurudardılar. Belə pətəklər təbii havalanma mühiti yaradar. İşlək arıların iş mövsümündə ömrü 30-35 gün olsa da, hər cür çiçəkdən şirələr çəkib pətəyə gətirir. İş bölgüsünə görə, qapıda dayanan növbətçilər “tozsuz” gələn arıları, qanadı-ayaqları qırılan, şikəst arıları içəri buraxmaz. Onlar gətirilən ruzini alıb çəkdikləri şan üsküyündə bala çevirən arılara təhvil verərlər. Bal hasilatı üçün su daşıyanlar hava isti olanda qanadlarını pər kimi vızıltı ilə işə salıb sərinlik yaradan, hava yağışlı, küləkli olduqda isə nəfəsi ilə isidən işçi qruplar dayanmadan bal hazırlayırlar. Səbətdə arının düzəltdiyi bala “tapı”, “dalaq” da deyilir. Bitki çiçəkləri ilə yanaşı, tumurcuq, yarpaq və meyvələrin səthindəki örtük təbəqəsindən xüsusi maddələr daşıyan arılar ikinci arı məhsulu sayılan “bərəmum” da hazırlayır. Bal qədər bakterisid tərkibə malik olan bərəmumla arılar kənar giriş-çıxış yerlərini elə suvayır ki, oraya digər həşaratlar, xəstəlik törədiciləri yol tapa bilməsin.

Məşədi İsa baba onu da deyirdi ki, bir dəfə ərsinlə (arıçılıq aləti) səbətin içərisini təmizləyəndə əyri-üyri bir uzun bərəmuma rast gəldim. Ərsini salıb bərəmumu qaldıranda gözlərimə inanmadım. Sən demə, haradansa bir ilan səbətə daxil olur, arılar sancıb onu öldürürlər. Səbətdən eşiyə çıxarmağa gücləri çatmır, hər yandan bərəmumla ilanı suvayırlar ki, iyi-qoxu bilinməsin. Demə, min illərdi fironlardan tutmuş, ta müxtəlif hökmdarlaradək ölmüş insanları mumyalamaq arılardan qalma üsuldur.

Arı mumu, arı südü, arı tozu, arı zəhəri də min bir dərdin dərmanı olan balın tərkib hissələrindəndir. Minnətsiz, kənd camaatının dili ilə desək, halallıqla işləyən bitki florasında təbii tozlanmanın, dözümlü sortlar yaranmasında əvəzsiz rolu olan bal arılarının məhsulu pətəkdən yad adamlar tərəfindən oğurlandıqda, yaxud 5-3 kq təmiz balı əsas tutub saxta bal düzəldərək qarışıqlıq yaratdıqda arılar bunu qəbul etmir, tələf olurlar. Hətta, rayonlarda telefon qurğularının geniş radius dairəsində maqnit sahəsi yarandıqda arıları saxlamaq çətinləşir, tələf olurlar. Arı təbiətdə saf ünsürlərin dəqiq barametridir. Ekoloji çirklənmə mühitində arıdan bal gözləmək çətindir.

Bəzən arıçılar deyirlər ki, dördkünc taxta pətəkdə arı saxladıqda ona qulluq işləri asan olur, kimyəvi dərmanlarla arılara dərman üfürülür. Bəs səbətdə necə? 95 il ömür sürən, Böyük Vətən müharibəsinin I qrup əlili Musa müəllim arı pətəklərinə baldırqan, acı yovşan, sirkə iyi verən kəklikotu, gərməşov yarpaqlarını 5-6 gündən bir dəyişməklə kom halında qoymaqla kimyəvi dərman işlətmədən arı xəstəliklərilə mübarizə aparar, saxladığı 200-dən çox arı pətəyindən təmiz bal əldə edərdi. Deyərdi ki, arı zərərverici və xəstəlik törədicisi baldırğanın iyinə uyğunlaşsa, onu dərhal acı yovşanla, kəskin iyli kəklikotunu tutub onları təbii üsulla ləğv edirəm, arılar bu iydən çəkinmədən həvəslə işləyirlər.

İnfarktdan qurtarmaq olarmı? – Bu sualın cavabını da oxuculara çatdırmağı özümə borc bildim. Çünki, 28 il öncə mən qəflətən bu xəstəliyə düçar oldum. Rayon, şəhər xəstəxanalarından tutmuş, Bakının ən mötəbər kardioloji şöbələrinədək müxtəlif ünvanlara müraciət etdim, 6 aydan çox yatdım, müalicə oluna bilmədim. Vurulan çoxsaylı iynələr, dava-dərmanlar səhhətimi daha da korladı, ayaqlarım da tutuldu. Açıq-aşkar şikəst oldum. Sonda arıçı loğmanlar dadıma çatdılar. O vaxtlar 9 ilə yaxın baş aqronomu və 5 ildən çox Kənd Təsərrüfatı İdarəsinin rəisi işlədiyim Şahbuz rayonunun dağ yamaclarında 200 hektaradək(ən böyük sahələr 0,5-1 hektar olmaqla) dəmyə yerlərdə qiymətli xaşa bitkisi əkinini şəxsən öz nəzarətim altında apardım. Sən demə, dünyada xaşa bitkisi qədər arıların sevdiyi ruzi mənbəyi yoxdur. Hətta, xaşa sahələrini yamaclarda kərənti ilə biçəndə arılar aman vermirdi. Şahbuz balı elə vüsət almışdı ki, sorağı ən böyük şəhərlərdən gəlirdi: Bunu qiymətləndirən arıçılar şikəst olub işdən aralanıb evdə otursam da məni unutmadılar. Bir də baxdıq ki, saf,təbii, halal təmiz baldan gətrilən paylar 100 kilonu keçib. Dedilər ki, “Sirab” suyu ilə təmiz balın şərbətini qəbul etsən ayağa qalxa bilərsən. Bal haqqında məlumatlı idim. Can şirin olar, deyilən məsləhətləri qəbul etdim. Balı “Sirab”la qarışdırıb gündə 3 dəfə içdim, bir ildən sonra elə bil, bu azar-bezardan əsər-əlamət qalmadı.

Ana təbiətin qüdrətli möcüzəsinə mən də borclu qalmadım. Hələ 1987-ci ildə 120-dək (sonralar onları 200-ə-çatdırdım) nadir şəfa bitkilərinin ana dili, rus, ingilis, latın dillərində və Şərq xalqları üçün ərəb qrafikası ilə gözəl beynəlxalq sərgisini yaratdım. Moskva, Bakı, Naxçıvan şəhərlərində, hətta ucqar dağ kəndlərinədə nümunəvi sərgilər təşkil etdim. Mineral sular və məlhəmlər, şəfa çiçəklərinin baş tərəfində isə səbət balını nümayiş etdirdim.

Ulu öndərimiz Heydər Əliyev də bu sərgiyə tamaşa edərək, onu yüksək qiymətləndirdi. Fəxri adlar, pul mükafatları, təbriklər, təşəkkürlər alsam da, əsl mükafatım ana təbiətin güc və qüdrətini dərk etməyim oldu. 25 ildə milyonlarla tamaşaçının diqqətini təbiətə yönəltdim. Deməli, çoxumuzun qorxduğu infarktı zərif məxluq olan arı qanadlarının vızıltısı da qova bilərmiş, ümidi üzülənə həyat da bəxş edərmiş. Hətta yüksək qan təzyiqi və şəkər xəstəliyinin müalicəsində böyük rolu olan Tayqadan gətirdiyim 50 dərəcəyədək şaxtaya dözən Sibir qara və qırmızı qarağatları və mot-motu tinglərindən artırdığım kollardan bir yük maşını tutan qədər əkin materialını təmənnasız olaraq, AMEA-nın Naxçıvan bölməsinin Bioresurslar İnstitunun Nəbatət bağına hədiyyə etdim. Orada nadir süfrə üzüm sortları və öz kökü üstə 200 ildən artıq bitən nadir qazan qızılgülü də var idi. Səbəbsiz deyildi: respublikamızda, onun ayrılmaz bir parçası olan Naxçıvanda gedən böyük ekoloji səfərbərlik, əli-ayağı iş tutanların yaşıllığa, abadlığa, su çəkilişinə səfərbər olması yurdumuza düşmənlərin vurduğu yaraların sağalmasına yönəldilib. Bu işdə hamı öz payını verməlidir. Ölkə başçısı bu ili “Ekologiya ili” adlandırıb.

Ana təbiətlə sıx ünsiyyətdə olmaq, təbiəti qorumaq elə özümüzü qorumaq deməkdir. Çünki, hər birimizin saf, təbii bala arada bir ehtiyacı olur.

 

Qaşdar ƏLİYEV, respublikanın əməkdar təbiəti mühafizə işçisi, Həsən Əliyev adına Ekologiya Mükafatı laueratı

 

Xalq qəzeti.- 2010.- 14 mart.- S. 8.