İstedadlı alim, yorulmaz tədqiqatçı

 

Ötən əsrin ortalarından etibarən respublikamızda elmin bütün sahələrində istedadlı şəxsiyyətlər, bacarıqlı tədqiqatçılar ordusu yetişmişdir. Xüsusən də ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunmasından sonra bu iş bir qədər də intensiv xarakter almış, respublikamızın istedadlı gəncləri SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə oxumağa göndərilmişdir.

 

Məhz elmi kadrların yetişdirilməsinə göstərilən bu cür qayğı və diqqət Azərbaycanı Sovet İttifaqının geridə qalmış aqrar respublikasından inkişaf etmiş zəngin sənaye potensialına malik qabaqcıl bir diyarına çevirmişdir. Həmin illərdə Azərbaycanda bir çox elm sahələri kimi aqrar-sənaye bölməsi də sürətlə inkişaf etmiş, kənd təsərrüfatının başdan-başa mexanikləşdirilməsinə nail olunmuşdur. Azərbaycanda, bütövlükdə keçmiş SSRİ-də qabaqcıl texnika və texnologiyaların kənd təsərrüfatında tətbiqi məsələlərinə mühüm töhfələr verən alimlərdən biri də professor Nəriman Məmmədovdur.

Nəriman Rəhim oğlu Məmmədov 1936-cı il mayın 10-da Şəmkir rayonunun Miskinli kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirən N.Məmmədov sənədlərini Azərbaycan Sənaye İnstitutuna vermiş, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanmışdır. Lakin səhhəti ilə əlaqədar olaraq o, təhsilini yarımçıq qoymaq məcburiyyətində qalmışdır. Buna baxmayaraq 1957-ci ildə Gəncə şəhərində yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatı proseslərinin mexanikləşdirilməsi fakültəsinə daxil olan N.Məmmədov 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək mühəndis-mexanik ixtisasına yiyələnmişdir.

N.Məmmədov 1962-1964-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda əvvəlcə kiçik elmi işçi, sonra isə baş elmi işçi vəzifələrində çalışmışdır. Elmi araşdırmalara, tədqiqat işlərinə olan sonsuz marağı onu Moskva şəhərində yerləşən Dövlət Ümumittifaq Elmi-Tədqiqat Maşın-Traktor Təmiri və İstismarı İnstitutunun aspirantura şöbəsinə gətirmişdir. 1965-ci ilin fevral ayında aspiranturaya qəbul olan N.Məmmədov üç il sonra oranı müvəffəqiyyətlə bitirmişdir. Aspirantura təhsili, zəngin savadı və çalışqanlığı sayəsində o, 1969-cu ildə dissertasiya işini müvəffəqiyyətlə tamamlayaraq texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.

Bununla da gənc alimin elmi fəaliyyətinin məhsuldar, həm də şərəfli bir dövrü başlayır. Belə ki, 1968-ci ilin mart ayında Ümumittifaq bölgüsü əsasında Minsk şəhərinə göndərilən gənc azərbaycanlı mütəxəssis burada yerləşən Ümumittifaq Elmi-Tədqiqat Heyvandarlıq və Quşçuluq Ferma Komplekslərinin Maşın və Avadanlıqlarının Quraşdırılması, İstismarı və Təmiri İnstitutunda düz 12 il şöbə müdiri vəzifəsində çalışır. O, eyni zamanda, 1972-1980-ci illərdə SSRİ “Dövlətkəndtexnika” Komitəsinin kənd təsərrüfatı obyektlərinin maşın və avadanlıqlarının yığılması və quraşdırılması üzrə baş texnoloqu vəzifəsini icra edir. Bu müddət ərzində bacarıqlı mütəxəssisin rəhbərliyi və bilavasitə iştirakı ilə 90-dan çox avadanlıq, tərtibat, mexanizm və alət yaradılmış və ölkənin regionlarında müvəffəqiyyətlə istehsalata tətbiq edilmişdir. Elmi-tədqiqat sahəsində yüksək uğurlara imza atan Nəriman Məmmədov partiya fəalı kimi də diqqəti cəlb etmişdir. Məhz bunun nəticəsi olaraq, o, 1972-ci ildə Belarusiya Kommunist Partiyası Minsk şəhər Komitəsinin nəzdində fəaliyyət göstərən Marksizm-Leninizm Universitetinin partiya-təsərrüfat aktivinin təsərrüfat rəhbərləri fakültəsini bitirmişdir.

Professor N.Məmmədov maşın və avadanlıqların quraşdırmaya yararlılığı sahəsində böyük alimdir. O, ilk dəfə olaraq etibarlılıq nəzəriyyəsinin tərkib hissəsi olan maşın və avadanlıqların quraşdırmaya yararlılığı nəzəriyyəsini işləyib hazırlamışdır. Həmin nəzəriyyə əsasında doktorluq dissertasiyası üzərində işləmiş və onu başa çatdırmışdır. Alimin doktorluq dissertasiyası ölkənin kənd təsərrüfatında geniş tətbiq edilən stasionar maşın və avadanlıqların quraşdırmaya yararlılığının qiymətləndirilməsi metodlarının işlənib hazırlanmasına, quraşdırmaya yararlılıq göstəricilərinin qiymətlərinin optimallaşdırılmasına və onların proqnozlaşdırılmasına, konstruksiyaların istismar obyektlərində asanlıqla quraşdırılması probleminin həllinə həsr edilmişdir. O, bu dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. Tədqiqatçı alimin doktorluq dissertasiyasının nəticələrinə əsasən dövlət və sahə standartları, metodikalar, normativ sənədlər yaradılmış və keçmiş Sovet İttifaqının maşınqayırma müəssisələrində, xüsusi konstruktor bürolarında, dövlət sınaq stansiyalarında geniş tətbiq edilmişdir. Professor N.Məmmədovun rəhbərliyi altında və bilavasitə iştirakı ilə kənd təsərrüfatında istifadə edilən maşın və avadanlıqların istismar obyektlərində quraşdırılma texnologiyaları işlənib hazırlanmış, quraşdırmada istifadə olunan avadanlıqlar, cihazlar, tərtibatlar və alətlər layihələndirilmiş və müxtəlif zavodlarda geniş çeşiddə istehsal edilərək istehsalatda uğurla tətbiq olunmuşdur. Tədqiqatçı alim, professor N.Məmmədovun nəzəri tədqiqatlarının nəticələri hazırda respublikamızda neft-mədən avadanlıqlarının quraşdırmaya yararlılıq probleminin həllində də geniş tətbiq olunur. Yeri gəlmişkən, alimin quraşdırmaya yararlılıq sahəsində apardığı elmi-tədqiqat işlərinin nəticələri onun müxtəlif illərdə Minsk və Moskva şəhərlərində rus dilində nəşr olunmuş monoqrafiyalarında geniş şərh edilmişdir.

Professor N.Məmmədovun çoxşaxəli elmi fəaliyyəti, uğurlu tədqiqat işləri, əldə etdiyi yüksək elmi nəticələri ona bütün İttifaq miqyasında böyük nüfuz qazandırmışdır. Təsadüfi deyil ki, tanınmış mütəxəssis alim 1975-1980-ci illərdə kənd təsərrüfatı obyektlərində quraşdırma işlərini yerinə yetirmək üçün mexanikləşdirilmiş istehsal vasitələrinin yaradılması üzrə SSRİ - Macarıstan qrupuna rəhbərlik etmişdir. Həmin qrupun yaratdığı avadanlıqlar, mexanizmlər və nəzarət vasitələri uzun illər hər iki ölkədə geniş tətbiq edilmişdir.

Görkəmli alim, bacarıqlı mütəxəssis Nəriman Məmmədovun sonrakı əmək bioqrafiyası və elmi fəaliyyəti doğma Vətəni ilə bağlıdır. Belə ki, 1980-ci ilin mart ayında Azərbaycana dəvət olunan N.Məmmədov iki il müddətində “Azərkəndtexlayihə” İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1982-ci ilin yanvar ayında partiya işinə irəli çəkilən professor N.Məmmədov dörd il ərzində Azərbaycan KP MK-nın kənd təsərrüfatı və yeyinti sənayesi şöbəsində əvvəlcə bölmə müdiri, sonra isə şöbə müdirinin müavini kimi məsul vəzifələrdə işləmişdir. 1986-cı ildə isə o, on bir nazirlik və komitənin birləşdirilməsi əsasında yaradılmış Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir. Tanınmış alim, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan Nəriman Məmmədov bu vəzifədə çalışdığı iki il ərzində, əsasən, kadrların seçilməsi, yerləşdirilməsi, hazırlanması, ixtisaslarının artırılması işlərinə, eləcə də xarici əlaqələr üzrə məsələlərə bilavasitə rəhbərlik etmişdir. Onun bu sahədəki səmərəli fəaliyyəti respublikamızın aqrar-sənaye kompleksinin işində xüsusi canlanmaya səbəb olmuşdur.

1988-ci ilin yanvar ayında yenidən partiya işinə göndərilən N.Məmmədov 1990-cı ilin oktyabr ayınadək Azərbaycan KP Yevlax Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır. Sonradan ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə qayıdan Nəriman Məmmədov 1991-1992-ci illərdə Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsinin “Elektromexanikləşdirmə” Tresti müdiri müavini vəzifəsində çalışmışdır.

Kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə mühüm töhfələr verən, tanınmış alim Nəriman Məmmədov 1993-cü ildən etibarən pedaqoji fəaliyyətlə məşğuldur. O, 1993-1996-cı illərdə Azərbaycan Texniki Universitetinin metrologiya və standartlaşdırma kafedrasının professoru vəzifəsində çalışmışdır. 1996-cı ilin sentyabr ayından 2000-ci ilin iyun ayına kimi Bakı Dövlət Əmtəəşünaslıq - Kommersiya İnstitutunun standartlaşdırma və sertifikatlaşdırma kafedrasının müdiri vəzifəsində çalışan alim o vaxtdan eyni vəzifəni Azərbaycan Dövlət İqtisad Universitetində daşıyır.

Professor N.Məmmədovun çoxillik elmi fəaliyyəti öz məhsuldarlığı ilə diqqəti cəlb edir. Təkcə onu demək kifayətdir ki, iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi töhfələr verən alim 240-dan çox sanballı elmi əsərin, o cümlədən 5 ixtiranın, 7 irihəcmli monoqrafiyanın, 4 dövlət və sahə standartının, 12 dərslik və dərs vəsaitinin, 10 metodiki göstərişin, 19 tədris proqramının, 51 elmi-istehsalat xarakterli kitabın, albom və broşüraların və 130-dan artıq elmi məqalənin müəllifidir. Alimin əsərlərindən 154-ü Moskva və Minsk şəhərlərində, qalanları isə Bakda nəşr olunmuşdur.

Ali təhsil müəssisələrində çalışdığı ötən dövrdə, o bakalavr və magistr pillələri üçün bir sıra dərslik və dərs vəsaitləri hazırlamış və nəşr etdirmişdir. “Standartlaşdırmanın əsasları” (Bakı. “Elm”, 2003), “Sertifikatlaşdırmanın əsasları” (Bakı. “Elm”, 2001), “Qarşılıqlı əvəzetmənin əsasları” (Bakı. “Elm”. 2004), “Kvalimetriya və keyfiyyətin idarə edilməsi” (Bakı, “Elm”, 2007), “Eksperimentin nəticələrinin riyazi işlənməsi” (Bakı, “Elm”, 2005), “Metrologiya” (Bakı. “Elm”, 2009) və digər bu kimi əsərlər məhz alimin çoxillik elmi-tədqiqatlarının, gərgin əməyinin nəticəsidir.

Professor Nəriman Məmmədov 1993-cü ilin yanvar ayından 2003-cü ilin iyun ayına kimi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının texnika elmləri üzrə ekspert şurasının üzvü kimi fəaliyyət göstərmişdir. Üç illik fasilədən sonra o, 2006-cı ilin mart ayından yenidən adı çəkilən qurumun ekspert şurasının üzvü kimi fəaliyyətini davam etdirir.

Azərbaycan texnika elminin tanınmış siması, yorulmaz tədqiqatçı, elm fədaisi Nəriman Rəhim oğlu Məmmədov keçmiş sovet dönəmində Belorusiya və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətlərinin fəxri fərmanlarına layiq görülmüş, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı ilə təltif olunmuşdur. O, Azərbaycan elminin inkişafı naminə bu gün də yorulmadan çalışır, gənc mütəxəssislərin yetişdirilməsi istiqamətində bilik və bacarığını əsirgəmir.

 

 

Elmidar ƏLƏKBƏROV,

Azərbaycan Kooperasiya Universitetinin

assistent professoru, biologiya elmləri namizədi

 

Xalq qəzeti.- 2010.- 14 mart.- S. 7.