Azərbaycan elmini şöhrətləndirən alim

 

Ömrünün müdriklirk dövrünə qədəm qoymuş, həyatının əlli beş ilindən çoxunu Azərbaycan neft emalı və neft kimyası proseslərinin texnologiyası, kimyəvi kinetika və kataliz elm sahələrinin inkişafına sərf etmiş Azərbaycan Milli Elmləri Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun direktoru, texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü Musa İsmayıl oğlu Rüstəmov taleyin ona bağışladığı parlaq istedadın və işgüzarlıgın vəhdəti sayəsində elmdə yüksək nəticələr əldə etmişdir.

M.Rüstəmov 1930-cu il mayın 8-də Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuş, 1947-ci ildə orta məktəbi gümüş medalla qurtarıb Azərbaycan Sənaye institutunun kimya-texnologiya fakültəsinə qəbul olunmuşdur. Hələ tələbə olarkən İnstitut Tələbə Elmi Cəmiyyətində elmi fəaliyyətə başlamış və professor C.M.Voloxun rəhbərliyi altında ilk addımlarını atmışdır. 1952-ci ildə institutu bitirdikdən sonra gənc mühəndis-texnoloq Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda mühəndis kimi işə başlamışdır.

1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunda (NKPİ) kiçik elmi işçi kimi fəaliyyətə başlayan M.Rüstəmov sonradan böyük elmi işçi, laboratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 1988-ci ildə elmi fəaliyyəti, təşkilatçılığı və idarəçilik bacarığı nəzərə alınaraq onu NKPİ-nin direktoru təyin edirlər.

M.Rüstəmov 1961-ci ildə Kontakt-katalitik heterogen proseslərin aparılması üçün kiçik dispersli materialların birbaşa axınının tətbiqi ilə yeni yüksək səmərəli sistemlərin işlənib hazırlanması mövzusunda namizədlik, 1968-ci ildə isə Neft xammalının birbaşa axını reaktorlarında katalitik krekinq prosesinin işlənib hazırlanması və tədqiqi mövzusunda doktorluq dissertasiyalarını müdafiə edərək texnika elmləri doktoru dərəcəsi alır və 1973-cü ildə neft kimyası ixtisası üzrə professor adına layiq görülür. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Akademik M.Rüstəmovun elmi tədqiqatlarının istiqaməti heterogen katalik proseslərinin texnologiyasını , neft emalı və neft kimya prosesləri üçün katalizatorların yaradılmasını, neft emalı məhsullarının keyfiyyətlərinin yüksəldilməsini əhatə edir. O, heterogen-katalik prosesləri aparmaq üçün lift reaketorlarının hidrodinamikasını, kiçik ölçülü mikrosferik katalizatorların, qaynar lay və lift reaktorlar sistemində kimyəvi proseslərin effektlivliyini nəzəri cəhətdən tədqiq etmiş, mikrosferik katalizatorların axıcılıq indeksinin proseslərin effektifliyinə təsirini öyrənmişdir. Akademik M.Rüstəmov yüksək effektli Q 43-107 katalitik krekinq kompleksinin müəlliflərindən biridir. Bu proses Bolqarıstan, Rusiya, Ukrayna, Latviya və Azərbaycan neft emalı zavodlarında istismar olunur. Onun apardığı tədqiqatların böyük bir qismi neft emalı məhsullarının keyfiyyətini yüksəltmək, hidrokrekinq, hidroizomerləşmə, destruktiv izomerləşmə, seolit katalizatorları iştirakında avtomobil benzinləri üçün oksigenli əlavələrin alınması proseslərinin yaradılmasına həsr edilmişdir. Nəticədə tərkibində qurğuşun olmayan, ekoloji cəhətdən yararlı Aİ-93, Aİ-95 avtomobil benzinlərinin alınma texnologiyası təklif edilmişdir. İzoquruluşlu olefinlərin alınması məqsədilə yeni distruktiv izomerləşmə prosesi yaradılmışdır; bratomlu spirtlərin və katalitik krekinq və destruktiv izomerləşmə proseslərindən alınan benzin fraksiyasının aşağı temperaturda qarşılıqlı təsiri nəticəsində oksigen tərkibli yüksək oktanlı (oktan ədədi 110-115) birləşmələrin (efirlərin) alınma prosesi işlənib hazırlanmışdır. O, alkanların C-C, C-H rabitələrinin aşağı temperaturda fotokimyəvi aktivləşməsi reaksiyasını ilk dəfə tədqiq edən alimlərdən biridir.

Respublikanın neft-kimya və neft emalı sənayesinin texniki tərəqqi məsələləri akademik M. Rüstəmovun daim diqqət mərkəzindədir. Bu istiqamətdə onun rəhbərliyi ilə Azərbaycanın neft-kimya və neft emalı sənayesinin davamlı inkişafının strateji və faktiki məsələləri araşdırılmış, bu sahələrin perspektiv inkişafının konsepsiyası işlənib hazırlanmış və onun əsasında Heydər Əliyev adına və Azərneftyağ neft emalı zavodları üçün yeni mütərəqqi texnologiyaları və alimlərin ixtiralarını cəlb etməklə Azərbaycanda dünya standartlarına uyğun, yüksək keyfiyyətli neft məhsullarının alınmasını təmin edən ekoloji zərərsiz, az enerji tutumlu proseslərə əsaslanan yanacaq və yağ istehsalının mərhələli inkişafının perspektiv sxemləri işlənib hazırlanmış və tətbiq üçün qəbul edilmişdir.

Akademik M. Rüstəmov Azərbaycanda hidrogen energetikası sahəsində tədqiqatların əsasını qoymuş, respublikada ilk dəfə olaraq atom-neft emalı və atom-neftkimya komplekslərinin sxemini təklif etmişdir. Onun bu sahədəki elmi axtarışları Atomno-vodorodnaya enerqetika i texnoloqiya jurnalında çap edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında alernativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramında təbii karbohidrogen ehtiyatlarının tükənməsi və ətraf mühitin çirklənməsinin qarşısının alınması məsələsi ön plana çəkilmişdir. Bu istiqamətdə akademik M. Rüstəmovun rəhbərliyi ilə bərpa oluna bilən xammal mənbələri, yan məhsullar və polimer tullantıları əsasında neft-kimya məhsullarının ekoloji zərərsiz alınma üsulları və texnologiyaları, dərin heterogen-katalitik hidrogenləşmə prosesləri işlənib hazırlanır, yüksək fəallığa malik yeni katalizatorlar yaradılır.

Onun neft kimyası, kimyəvi genetika və kataliz, yanacaq və qazın kimyəvi texnologiyası, proses və aparatlar sahəsində apardığı çoxcəhətli elmi tədqiqatların nəticələri 600-dən artıq elmi əsərdə, o cümlədən 4 monoqrafiyada, 6 kitabda, 130-dan artıq müəlliflik şəhadətnaməsi və xarici ölkələrin patentlərində öz əksni tapmışdır.

Elmi kadrların yetişməsinə xüsusi diqqət yetirən akademik M. Rüstəmov 14 elmlər doktoru və 44 elmlər namizədi hazırlamışdır. Onun yetirmələri hazırda bir sıra xarici ölkələrdə ABŞ, Kuba, Bolqarıstan, Banqladeş, Yəmən, Hindistan, Səudiyyə Ərəbistanı və s. ölkələrdə fəaliyyət göstərirlər.

Akademik M. Rüstəmov 1980-1991-ci illərdə Hidrogen Energetikası üzrə Beynəlxalq Assosiasiyanın, SSRİ EA Rəyasət Heyəti yanında hidrogen energetikası bürosunun, SSRİ Elmlər Akademiyası neft kimyası və kataliz problemləri üzrə koordinasiya şuralarının, SSRİ Nazirlər Şurasının Elm və Texnika Komitəsi nəzdində Kataliz və onun sənayedə tətbiqi şurasının üzvü, sosialist ölkələri akademiyalarının Neft kimyası problemi üzrə katalik krekinq və destruktiv izomerləşmə mövzusunun koordinatoru olmuşdur. O, keçmiş SSRİ-də keçirilmiş 30-dan artıq və xaricdə 15 mötəbər simpozium və konfranslarda iştirak etmiş, 1994, 1996, 1998, 2000, 2002, 2005, 2009-cu illərdə neft-kimyası üzrə Bakıda keçirilmiş Y.H.Məmmədəliyev adına beynəlxalq konfranslarının təşkilatçısı olmuşdur.

Akademik M. Rüstəmov Rusiya EA-nın kataliz və neft kimyasına dair bir sıra elmi-tədqiqat institutları ilə yanaşı, Türkiyənin Egey Universiteti, Yüksək Texnoloji Universiteti (İzmir), Ankara Universiteti, Orta Doğu Universiteti, ABŞ-ın Günəş Enerjisinin Çevrilməsi İnstitutu (Florida) və Mayami Universitetinin Təmiz Enerji İnstitutu ilə birgə elmi tədqiqatlar apararaq daimi əlaqələri davam etdirir.

O, həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidenti yanında yaradılmış Neft Emalı üzrə Elmi-Texniki Şuranın sədri kimi xarici şirkətlərin respublikanın neft emalı sənayesinin yeniləşdirilməsinə yönəldilmiş təkliflərinin ekspertizasına rəhbərlik etmişdir.

Elmdə əldə etdiyi nailiyyətlərinə və elmi kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə 1979-cu ildə əməkdar elm xadimi, 1982-ci ildə isə iki mərhələli katalitik krekinq prosesinin yaradılmasına görə Azərbaycan Dövlət mükafatı laureatı adını almış, 1985-ci ildə Y. M. Məmmədəliyev adına medal, 2002-ci ildə elm və texnologiya sahəsində işlərinə görə İqtisadi Əməkdaşlıq Təşkilatının medalına, diplomuna və mükafatına, 2004-cü ildə Azərbaycan Respublikasının Şöhrət ordeni ilə təltif edilmişdir.

Akademik M. Rüstəmov Neft kimyası və neft emalı prosesləri jurnalının yaradıcısı və baş redaktoru, Azərbaycan kimyası jurnalının redaksiya heyətinin üzvü, elmi dərəcələrin verilməsi üzrə İxtisaslaşmış Elmi Şuranın sədri və NKPİ-nin Elmi Şurasının sədridir.

Musa müəllim pedaqoji fəaliyyətlə yanaşı, respublikamızın siyasi-iqtisadi həyatında da fəal iştirak edir. Onun neft emalı və neft kimyası sənayesi və elminin inkişafına, alternativ enerji mənbələrinin istifadəsinə, təhsil və ixtisaslaşdırılmış kadrların hazırlanması məsələlərinə, respublikanın ictimai-siyasi problemlərinə həsr olunmuş publisistik məqalələri həmişə böyük maraqla qarşılanmışdır.

Akademik M. Rüstəmov bacarıqlı elm xadimi və təşkilatçı olmaqla yanaşı, həm də yüksək elmi əxlaqa malik bir insandır, çoxsaylı kollektivinin hər bir əməkdaşının problemlərini həll etməyə, dəyərli məsləhətlər verməyə və kömək göstərməyə daim hazırdır. Gözəl ailə başçısı olan akademik Musa Rüstəmov özünün davamçıları olan 2 övladı və dörd nəvəsi ilə sözün həqiqi mənasında fəxr edə bilər.

 

 

A.H. ƏZİZOV,

AMEA-nın müxbir üzvü,

kimya elmləri doktoru,

professor

 

A.A. SƏİDOVA,

texnika elmləri namizədi

 

Xalq qəzeti.- 2010.- 4 may.- S. 7.