Azərbaycanın xarici siyasətində hücumçu diplomatiya xətti

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qarşıda duran mühüm vəzifələrdən biri ölkənin xarici siyasət xəttinin müəyyən edilməsi idi. Sovet sisteminin çökməsi və müstəqil dövlətlərin meydana gəlməsi Azərbaycanın da daxil olduğu məkanda, geopolitik baxımdan yeni situasiya yaratmışdı. Aydındır ki, müstəqil Azərbaycan dövləti xarici siyasət xəttini müəyyən edərkən, ilk növbədə, yaxın və uzaq məqsədləri özündə əks etdirən hədəflərini dəqiqləşdirməli idi. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan dairələr xarici siyasət sahəsində qarşıda duran vəzifələri nəinki müəyyən edə bilməmiş, hətta, səriştəsiz fəaliyyətləri ilə bu sahəyə ciddi xələl gətirən hərəkətlərə yol vermişdilər.

 

Müstəqil Azərbaycanın konseptual və elmi əsaslara söykənən xarici siyasət xətti yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bütün sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də təkmil bir proqram işləyib hazırlamış və onu uğurla həyata keçirmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın qarşısında duran əsas vəzifələr sırasında Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzünü dəf etmək, beynəlxalq aləmdə bu təcavüzün ifşa olunması istiqamətində əsaslı addımlar atmaq, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək üçün lazımi tədbirlər görmək və s. bu kimi işlər əhəmiyyətli yer tuturdu.

Məlumdur ki, Sovetlər İttifaqının dağılmasından sonra yeni yaranmış müstəqil dövlətlərə təsir etmək üçün dünyanın əsas aparıcı ölkələri müəyyən siyasət həyata keçirirdilər. Yaranmış siyasi, iqtisadi boşluqdan istifadə edən Qərb dövlətləri Qafqazlarda, Baltikyanı ərazilərdə, Mərkəzi Asiyada möhkəmlənməyə çalışırdılar. Bu dövrdə xarici siyasətimizin ən ümdə vəzifələrindən biri Azərbaycanın böyük dövlətlərin mənafelərinin toqquşma meydanına çevrilməsinə imkan verməmək idi. Ulu öndərin uzaqgörən və düşünülmüş diplomatik addımları nəticəsində Azərbaycan bölgədə həm Qərb, həm də Şərq dünyası ilə çox mühüm siyasi və iqtisadi əlaqələr qurmağa nail ola bildi. Heydər Əliyev xarici siyasət xəttinin mühüm tərkib hissəsi olan balanslaşdırılmış siyasətin həyata keçirilməsi özünün səmərəli bəhrəsini verdi. Dağlıq Qarabağ məsələsində Ermənistanı açıq - aşkar müdafiə edən ölkələrin neytral mövqeyə keçməsinə, indiyə qədər bu məsələdə heç bir tərəfə meyl göstərməyən ölkələrin isə Azərbaycanla strateji tərəfdaş səviyyəsinə gətirilməsinə nail olundu. Qısa vaxt ərzində ulu öndərin böyük əzmi və qətiyyəti ilə müstəqil Azərbaycanın regional və beynəlxalq təşkilatlarda mövqeləri daha da möhkəmləndi. Bu illərdə BMT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, ATƏT, Qaradəniz Əməkdaşlıq Təşkilatı, MDB və digər qurumların tribunalarından səmərəli istifadə olunaraq, Ermənistanın təcavüzkarlığı ifşa olunmuş və Azərbaycan həqiqətləri dünyaya çatdırılmışdır.

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən danışarkən bir neçə mühüm xətti qeyd etmək lazımdır. Bunlardan birincisi, balanslaşdırılmış siyasət; ikincisi, Avroatlantik məkana inteqrasiya istiqamətində yürüdülən xətt; üçüncüsü, MDB çərçivəsində həyata keçirilən siyasət; dördüncüsü, İslam dünyası ilə qurulan münasibətlər; beşincisi, birbaşa Azərbaycanla həmsərhəd olan dövlətlərlə ikitərəfli münasibətləri özündə əks etdirən siyasət.

Ümummilli lider Heydər Əliyevin uğurlu xarici siyasəti Azərbaycanın iqtisadi, enerji, ərzaq, demoqrafiq təhlükəsizliyinin təmin edilməsinə çox mühüm töhfələr vermişdir. Ölkəmizin xarici siyasətinin başlıca və mühüm məqsədlərindən biri Ermənistanın təcavüzü ilə əlaqədar meydana gəlmiş Dağlıq Qarabağ məsələsinin həll edilməsidir. Bu yöndə Heydər Əliyevin prezidentliyi illərində ciddi irəliləyişə nail olunmuşdur. BMT çərçivəsində Ermənistanın təcavüzünü pisləyən qətnamələrin qəbul edilməsi, ATƏT - in Budapeşt (1994), Lissabon (1996), İstanbul (1999) zirvə toplantılarında qəbul edilən qərar, qətnamə, bəyanat və s. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mühüm əhəmiyyət kəsb edən sənədlər kimi tarixə daxil olmuşdur. Məhz Azərbaycan diplomatiyasının ardıcıl səyləri nəticəsində bütün beynəlxalq təşkilatlar təcavüzkar Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması haqqında birmənalı qərarlar qəbul etmişdir.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən praqmatik və balanslaşdırılmış xarici siyasət sayəsində Azərbaycan həm qonşu ölkələr, həm də dünyanın aparıcı dövlətləri ilə mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaratmışdır.

Bunun nəticəsində ölkəmizdə transmilli iqtisadi layihələr ardıcıl olaraq həyata keçirilir, milli mənafelərimiz beynəlxalq aləmdə uğurla qorunur və ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur. Bir sözlə, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünya birliyinin layiqli üzvünə və regionun liderinə çevrilmişdir.

Müasir mərhələdə Azərbaycanın dövlət siyasətinin əsas məqsədlərindən biri Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə tənzimləmək, işğal olunmuş əraziləri azad etmək, dövlətimizin ərazi bütövlüyünü bərpa etmək, Ermənistanın törətdiyi hərbi təcavüzün ağır nəticələrini aradan qaldırmaq və məcburi köçkünləri doğma torpaqlarına qaytarmaqdır. Azərbaycan beynəlxalq aləmdə öz haqq işini müdafiə etmək üçün hücumçu diplomatiya vasitəsilə davamlı və effektiv xarici siyasət həyata keçirir. Hücumçu diplomatiya xəttinin başlıca mahiyyəti düşmən Ermənistana qarşı bütün sahələrdə təzyiqin artırılmasıdır. Əslində, Ermənistanın təcavüzünün dəf olunması üçün Azərbaycan iqtidarı tərəfindən məqsədyönlü siyasət həyata keçirilir. Ermənistanla hərb cəbhəsində atəşkəs imzalansa da, müharibə vəziyyəti qalmaqda davam edir.

Düşmənə qarşı müharibə iqtisadi, diplomatik, mədəniyyət, mənəviyyat, psixoloji və s. sahələrdə davam etməkdədir. Azərbaycanda həyata keçirilən düşünülmüş siyasət sayəsində bu gün ölkənin iqtisadi gücü Ermənistandan ən azı səkkiz - doqquz dəfə çoxdur. Azərbaycanın iqtisadi cəhətdən Ermənistanı üstələməsinin çox böyük siyasi və psixoloji əhəmiyyəti vardır. Ermənistanın xaricdən aldığı yardımlar nə qədər olsa da, bu, onu böhrandan xilas etməyəcəkdir. Aparılan təhlillər və məlum faktlar göstərir ki, Ermənistanın iqtisadi durumu getdikcə pisləşməkdə, böhran total xarakter almaqdadır. Ermənistandan mühacirətin güclənməsi ölkə əhalisinin sayının azalmasına, demoqrafik problemin yaranmasına gətirib çıxarmışdır. Hazırda Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsi səviyyəsində olması faktının sadə erməninin psixoloji durumuna necə təsir etdiyini yəqin ki, geniş izah etməyə ehtiyac qalmır. Azərbaycan Prezidenti İlham Əliyevin təcavüzkar Ermənistanı iqtisadi yolla sülhə məcburetmə siyasəti ciddi uğur qazanmaqdadır. Məlumdur ki, Cənubi Qafqaz regionu geopolitik baxımdan xüsusi əhəmiyyət kəsb edir. Xəzər dənizinin karbohidrogen ehtiyatları ilə zəngin olması dünyanın aparıcı ölkələrinin bu bölgəyə diqqətini daha da artırmışdır.

Bölgənin lider dövləti olan Azərbaycanın iştirakı və razılığı olmadan burada transmilli layihələrin həyata keçirilməsi mümkün deyildir. Ermənistanın təcavüzkar siyasəti bu ölkəni Cənubi Qafqazda həyata keçirilmiş və nəzərdə tutulan beynəlxalq layihələrdən kənarda qoymuşdur. Əgər Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından öz hərbi qüvvələrini çıxarmış olsaydı, o zaman bu ölkənin də regional layihələrdə iştirak etməklə iqtisadi vəziyyətini normallaşdırmaq imkanı yaranardı. Ancaq, neçə illərdir ki, işğalçı dövlətin millətçilik və qəsbkarlıq xəstəliyinə düçar olmuş rəhbərləri öz məkrli niyyətlərindən əl çəkmir və Dağlıq Qarabağla əlaqədar aparılan danışıqlarda qeyri-konstruktivlik nümayiş etdirirlər. Münaqişənin sülh yolu ilə həll edilməsi məqsədi ilə 1992-ci ildən ATƏT-in Minsk qrupu yaradılmışdır. Bu çərçivədə aparılan danışıqlar davam edir. Lakin Ermənistana böyük dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən lazımi dərəcədə təzyiq edilmədiyindən istənilən nəticə əldə olunmamışdır.

Bəzi dövlətlərin münaqişələrə “ikili standart”la yanaşmaları təcavüzkarı daha da şirnikdirmişdir. Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun zəif fəaliyyət göstərdiyini dəfələrlə bildirmiş və diplomatik təşəbbüslərini BMT Baş Məclisi çərçivəsində davam etdirmişdir. BMT Baş Məclisində Azərbaycanın təklifi ilə keçirilən səsvermədə ölkəmizin ərazi bütövlüyü və suverenliyi bir daha müdafiə edilmişdir. Diplomatik cəbhədə əldə olunmuş digər uğur ATƏT səviyyəsində qəbul olunmuş qərarlarda dövlətlərin ərazi bütövlüyü prinsipinin millətlərin öz müqəddəratını təyinetmə prinsipindən üstün olmasını bəyan etməsidir.

İşğalçı Ermənistan Dağlıq Qarabağdakı separatizmi və özünün ilhaq siyasətini milli müqəddəratın təyin olunması prinsipi ilə ört - basdır etməyə cəhd etsə də, onun bu niyyəti boşa çıxmışdır. Müqəddəratı təyinetmə prinsipi ilə separatizmə dəstək verilməsi bütövlükdə dünya üçün olduqca təhlükəlidir. Azərbaycanın iqtisadi cəhətdən qüvvətlənməsi bütün sahələrdə Ermənistanı çıxılmaz vəziyyətə salmışdır. Prezident İlham Əliyev bu məsələdən danışarkən demişdir: “Bu gün Azərbaycan regional çərçivələrdə çox önəmli rola malikdir. Getdikcə bu rol daha da böyüyəcəkdir. Biz artıq regional çərçivələrdən çıxıb, daha böyük əməkdaşlıq məkanında öz rolumuzu gücləndiririk. Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər, konkret layihələr, əməkdaşlığa yönəldilmiş enerji siyasətimiz əlbəttə ki, ölkəmizin imkanlarını gücləndirir və Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha da əlverişli vəziyyət yaradır. Uğurlu xarici siyasətimiz, beynəlxalq təşkilatlarda təşəbbüslərimizə dəstəyin verilməsi bizim böyük siyasi və diplomatik qələbəmizdir.”

Azərbaycanın hücumçu diplomatiya xəttinin digər istiqaməti Ermənistanın davam edən işğalçı siyasətinin beynəlxalq təşkilatlarda daim gündəmdə qalması baxımından atdığı addımlarda daha aydın şəkildə özünü göstərir. Bu gün müstəqil Azərbaycan dövləti dünyanın 130-dan çox ölkəsi ilə ticarət-iqtisadi əlaqələrə malikdir. Xeyli sayda ölkədə Azərbaycanın səfirlik və konsulluqları fəaliyyət göstərir. Təcavüzkar Ermənistanın törətdiyi əməllərin dünya ictimai rəyinə çatdırılması vacib və zəruri məsələlərdən biridir.

Bu yöndə həm dövlət səviyyəsində, həm də ictimai - siyasi qurumların vasitəsilə xeyli iş görülmüşdür. Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olaraq törədilmiş cinayətlər, xüsusilə Xocalı soyqırımı haqqında sübut və dəlillər xarici ictimai rəyə ardıcıl olaraq çatdırılmaqdadır. Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər, o cümlədən, “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər siyasi və təşviqat baxımından əhəmiyyətli rol oynayır. Bununla yanaşı, Azərbaycan diplomatları, Milli Məclisin deputatları bütün keçirilən beynəlxalq tədbirlərdə erməni təcavüzünü faş edən faktları hər zaman açıqlayırlar. Prezident İlham Əliyev bu məsələdən danışarkən demişdir:

“Mən istəyirəm ki, Ermənistanın işğalçı siyasəti nəinki dövlətlərin rəsmi orqanlarında, ictimai rəydə, mətbuatda tam şəkildə ifşa olunsun. Bu da çox önəmlidir. Çünki ictimai rəy dünyada, o cümlədən Azərbaycanda çox böyük rol oynayır. Münaqişə haqqında dəqiq məlumat, Azərbaycan torpaqlarının uzun müddət işğal altında qalması - bütün bu mövzular daim danışıqlar və fəaliyyət mövzusu olmalıdır. Bu məsələdə biz bir dəfə keçirilmiş hansısa tədbirlə, yaxud da ki, bir dəfə edilmiş hansısa bəyanatla kifayətlənməməliyik. Bu, gündəlik fəaliyyət olmalıdır.” Prezident İlham Əliyevin müəyyən etdiyi hücumçu diplomatiya xətti ardıcıl olaraq həyata keçirilir. Prezident deyir: “Biz öz mübarizəmizi dayanmadan aparmalıyıq. Hücum etməliyik. Nəzərə almalıyıq ki, bunu etməyə, həqiqəti deməyə bizim tam əsasımız var.”

Azərbaycan dövlətinin xarici siyasətinin səciyyəvi cəhətlərindən biri ölkəmizin müxtəlif beynəlxalq güc mərkəzlərinin qarşıdurma məkanına çevrilməsinə yol verilməməsidir. Bu xətt ardıcıl olaraq davam etdirilir. Bu haqda danışılarkən, Prezident İlham Əliyev demişdir: “Mən bunu əvvəllər də demişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan qarşıdurma məkanına çevrilməyəcəkdir, rəqabət məkanına çevrilməyəcəkdir. Azərbaycan əməkdaşlıq üçün gözəl bir ölkədir. Azərbaycan dünyada əməkdaşlıq üçün, iş birliyi üçün, iqtisadi layihələr üçün, sosial məsələlərin həlli üçün və dünyada sivilizasiyalararası dialoqun gücləndirilməsi üçün əvəzolunmaz rol oynayır.” Hazırda dünyanın əsas hərbi - siyasi güc mərkəzləri arasında ciddi mübarizə gedir. Sovetlər sisteminin çökməsindən sonra ABŞ başda olmaqla, Qərb dünyası dünya siyasətində dominat rola malik olsa da, bu gün dünya siyasətində yeni ziddiyyətlərin ortaya çıxdığı görünməkdədir.

Dünyanın siyasi-iqtisadi həyatına təsir edən “Böyük səkkizlər” arasında-Avropa İttifaqı ilə ABŞ, Çin, Rusiya, İslam dünyası, inkişaf etmiş ölkələrlə inkişaf edən ölkələr, qlobalistlərlə antiqlobalistlər arasında gizli və açıq mübarizənin elementləri özünü qabarıq şəkildə göstərməkdədir. Ötən il dünyada maliyyə böhranı mövcud ziddiyyətləri bir daha üzə çıxarmış oldu. Dünyada gərgin mübarizənin getdiyi dövrdə müstəqil Azərbaycan maraqlarını qorumağa qadir bir siyasi xətti-ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasəti uğurla həyata keçirir. Azərbaycan regionda müstəqil siyasət yeridir. İqtisadi və siyasi cəhətdən heç bir ölkədən asılı deyildir. Başqa ölkənin “forpostu” rolunda çıxış edən Ermənistanla mövcud münaqişənin sülh yolu ilə aradan qaldırmaq istiqamətində Azərbaycanın apardığı siyasət açıq və şəffaf bir siyasətdir.

Təəssüflər olsun ki, zaman - zaman müxtəlif yollarla dünyanın aparıcı dövlətlərində özlərinə yaşamaq hüququ qazanan ermənilər, həmin dövlətlərin məmurlarını, dövlət və iş adamalarını, ictimai-siyasi xadimləri, alimləri, hökumət rəhbərlərini ciddi təsir və hətta təzyiq altına alaraq, “erməni soyqırımı”na onları inandırmağa və parlamentlər tərəfindən qəbul etdirməyə çalışmış, bəzi hallarda isə istəklərinə nail ola bilmişlər. Son vaxtlar baş verən hadisələr, Qərb dövlətlərinin Ermənistanla sərhədləri açmaq istiqamətində Türkiyəyə göstərdikləri təzyiqlər bir daha sübut edir ki, beynəlxalq miqyasda bəzi dairələr ermənilərin “soyqırımı” iddialarından öz geopolitik məqsədlərinə çatmaq üçün istifadə etmək niyyətlərindən hələ də əl çəkməmişlər.

Lakin əminliklə qeyd etmək olar ki, Azərbaycan istənilən xarici təzyiq qarşısında geri çəkilməyəcək və işğalçı Ermənistanın əsl simasını dünya ictimaiyyəti gec-tez tanıyacaq. “Soyqırımı” ittihamının tarixi faktlara söykənməyən, sırf siyasi tələb olduğunu və regionda artıq formalaşmış status-kvonu zorla öz xeyrinə dəyişmək cəhdindən başqa bir şey olmadığını yəqin ki, Qərb ölkələrindəki sağlam düşüncəyə malik qüvvələr əvvəl-axır dərk edəcəklər. Çünki ermənilərin 1988-ci ildən başlayaraq Azərbaycanın 20 faiz torpaqlarını işğal edərək, xalqımıza qarşı soyqırım siyasətini davam etdirdikləri barədə Qərbdə də bilməsi lazım olan qurumlar və şəxslər kifayət qədər məlumatlıdırlar.

Təkcə Xocalıda törədilən soyqırım ermənilərin alçaq siyasətinin, vandallığının, əslində kimin soyqırım törətməyə qadir mənəviyyat sahibi olduğunun bariz təzahürüdür. Azərbaycan tərəfi Qafqazda sülhün və sabitliyin qorunması, həmçinin regionda həyata keçirilən irimiqyaslı layihələrin təhlükə altına düşməməsi səbəbiylə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ardıcıl səylər göstərir.

Danışıqlar prosesini davam etdirmək üçün son illərdə dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində çoxsaylı görüşlər keçirilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi nizamlama prosesinə ən böyük maneə işğalçı Ermənistanın öz destruktiv mövqeyindən əl çəkməməsidir. Lakin Azərbaycan ictimaiyyətini ən çox narahat edən məqam dünya birliyinin, beynəlxalq ictimai rəyin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) münaqişənin həllinə və tərəflərə münasibətdə tutduğu mövqedir. Belə ki, işğalçı Ermənistanı təcavüzkar adlandırmaq və ələ keçirdiyi Azərbaycan torpaqlarından qeyd - şərtsiz çıxmasını qəti və birmənalı şəkildə tələb etmək yerinə, onlar hər iki tərəfə eyni münasibət göstərməklə münaqişənin uzanmasına yardım etmiş olurlar.

Lakin bütün çətinliklərə baxmayaraq, gələcək illərdə ölkəmizin xarici siyasəti qarşısında duran əsas vəzifə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına yönəlmiş diplomatik səyləri daha da gücləndirmək, BMT, ATƏT, AŞ, Aİ, İKT və digər beynəlxalq qurumların imkanlarından maksimum istifadə etməkdir. Eyni zamanda, silahlı qüvvələrimizin daha çevik idarə edilməsi və texniki təchizatını modernləşdirilməklə, hərbi sənayenin yaradılması sahəsində görülən işlər davam etdirilməkdədir. Bundan əlavə, Azərbaycan ordusunun gücü və döyüş qabiliyyəti ardıcıl olaraq artmaqda, onun maddi və texniki təminatı möhkəmlənməkdədir.

Yuxarıda sadalananlar tam məsuliyyətlə söyləməyə əsas verir ki, siyasi-iqtisadi və hərbi qüdrəti ildən-ilə yüksələn Azərbaycan dövlətinin səyləri ilə yaxın gələcəkdə ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, təcavüzkar Ermənistan isə xalqımıza qarşı əsrlərdən bəri törətdiyi ağır cinayətlərə görə tarix və beynəlxalq birlik qarşısında cavab verməli olacaqdır. Azərbaycan Respublikasının beynəlxalq mövqeləri möhkəmləndikcə, təcavüzkar Ermənistanda ictimai-rəy isterika ab - havasına bürünüb. Hər halda işğalçı ölkənin iqtidar nümayəndələrinin bəzi açıqlamaları belə deməyə əsas verir.

Təbii ki, bu prosesin sülh yolu ilə həll edilməsi daha məqsədəuyğundur. Əks halda isə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, danışıqlara ümidimiz tükənəcək: “Danışıqlara ümidimiz tükənsə, o zaman bizim başqa yolumuz qalmır. Biz buna da hazır olmalıyıq. Son illər ərzində ordu quruculuğunda görülən işlərin, təbii ki, məqsədi vardır. Biz milyardlarla vəsait xərcləyirik, ordumuzu gücləndiririk, yeni silahlar alırıq, texnika alırıq, təmas xəttində öz mövqelərimizi gücləndiririk. Bunu ona görə edirik ki, biz bu variantı heç vaxt istisna etməmişdik və etmirik də. Bizim tam hüququmuz var ki, öz torpaqlarımızı hərbi yolla azad edək. Beynəlxalq hüquq normaları bu hüququmuzu tanıyır. Biz, sadəcə, istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, müharibə olmasın. Amma, əgər Ermənistan fikirləşirsə, biz bu danışıqlarda daim iştirak edəcəyik, bu, yanlış bir fikirdir. Biz o vaxta qədər danışıqlarda olacağıq ki, ümidimiz var, məsələ həll olunacaqdır. O vaxta qədər ki, hələ ümidimiz tükənməyib. Amma görsək ki, Ermənistan tərəfi sadəcə olaraq vaxt uzadır və bu məsələni danışıqlar yolu ilə belə əbədiləşdirmək istəyir, o zaman danışıqlara son qoyulacaqdır”.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu ilin sosial - iqtisadi yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin indiki səviyyəsini mükəmməl təhlil edərək belə dəyərləndirir: “Xarici siyasətimizin əsas məsələsi–Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində 2009-cu ildə praktiki nəticələr əldə edilməsə də, hesab edirəm ki, müəyyən irəliləyiş olmuşdur. Artıq məsələnin hansı yolla həll olunması daha da dəqiqləşdi. Keçən ilin sonunda Afinada ATƏT-in xarici işlər nazirlərinin səviyyəsində keçirilən iclasda məsələ ilə bağlı qəbul edilmiş sənəd münaqişənin hansı yollarla həll olunmasını açıq-aydın göstərir. Orada göstərilir ki, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, önəmli məqam ondan ibarətdir ki, ilk dəfə olaraq Ermənistan bu sənədə qoşuldu, buna qol çəkdi və beləliklə, məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunmasını etiraf etdi. O ki qaldı xalqların öz müqəddəratını təyinetmə məsələlərinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.” Siyasi müşahidəçilərin ümumi qənaətinə görə, məhz Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü məsələsində tutduğu qətiyyətli mövqe ATƏT- in Minsk qrupu həmsədrlərinin də Ermənistana müəyyən təzyiqlər yönəltməsi ilə nəticələnib. Beləliklə, istər regionda, istərsə də təcavüzkar Ermənistanın daxilində gedən proseslər tam əminliklə söyləməyə əsas verir ki, Azərbaycan diplomatiyasının hücumçu taktikası getdikcə öz səmərəsini verməkdədir və növbəti illərdə ölkəmizin ədalətli mövqeyi beynəlxalq birlik tərəfindən daha böyük dəstək görəcəkdir.

 

 

Mübariz QURBANLI,

Milli Məclisin deputatı,

YAP idarə heyətinin üzvü

 

Xalq qəzeti.- 2010.- 4 may.- S. 3.