Balakən: görülən iş də çoxdur, qazanılan uğurlar da

 

Balakəndə aprel də mart ayı kimi uğurlu... və yağmurlu keçdi. İkisi də bin-bərəkət, çörək, ruzi bolluğu deməkdir. Uğur da, yağmur da. Birini insanlar qazanır, birini Tanrı göndərir. İkisi də zəhmət adamının üzünü ağ edir. Qabaqçöllü dostum Ramazan Bazarovun fikrincə isə arada fərq olmamış deyil. Ramazan deyir ki, uğur nə qədər çox olsa, bir o qədər yaxşıdır. Yağmur isə çox olanda işin ahəngi də pozulur, nəticəsi də. Bu məsələyə Katexli Cavanşir Piriyevin özünəməxsus münasibəti var.

 

Cavanşir qədim bir xalq hikmətini də yada saldı. Danışdı ki, lap keçmişlərdə varlı adamlardan biri çox qiymətli, təmtəraqlı imarət tikdiribmiş. Gördüyü işin layiqli qiymətini almaq üçün elan edir ki, kim mənim sarayımın dəqiq qiymətini söyləsə, ona hədiyyə verəcəyəm. Biri deyir ki, mənim on minlərlə qoyun olan sürüm, bir o qədər naxırım, ilxım var. Bu saray onların hamısının dəyərindən də qiymətlidir. Saray sahibi razılaşmır. İkinci adam sarayı yüz karvan yüklü ipək, zər-xara və xalça-palazın qiymətinə tay tutur. Yenə qiymət qəbul edilmir. Ömrü əkin-biçinlə, torpaqla keçən bir ağsaqqalın verdiyi qiymət isə saray sahibini tamamilə məmnun edir: “Bu saray hətta, martın axırında, aprelin əvvəlində yağan yağış kimi qiymətlidir”. Əkin-biçin adamı saray sahibinin vəd etdiyi qiymətli hədiyyəni alır.

Cavanşir bu hikməti danışandan sonra mənə diqqətlə baxdı və soruşdu:

— İndi nə oldu, hansı nəticə çıxdı?

— Yaz yağışının qiymətini öyrəndim.

— Yox, tək o deyil. Bu hikmətin müəllifi olan babalarımız bizi başa salırdılar ki, halal zəhmət, torpağa bağlılıq, əkin-biçin insanı hər yerdə, hətta, şahın hüzurunda da qazanclı edir. O kişi təbiətə bağlanmasaydı, öz müşahidələrinə inanmasaydı o biri adamlar kimi saraydan əliboş qayıdacaqdı. Torpaq böyük hikmətdir, çox böyük.

Doğrusu hikmət ifadəsinin kəlama, kitaba, el məsəlinə, elə Cavanşir Piriyevin danışdığı kimi qədim rəvayətlərə aid olduğunu eşitmişdim. Amma hikmət və torpaq... bu sözlər beynimdə o qədər dolaşdı ki, rayon icra hakimiyyəti başçısının müavini Mehparə Nuriyeva ilə söhbət zamanı da torpaq və hikmətə münasibət eşitmək istədim. Elə bu həmsöhbətim də Qabaqçöldə və Katexdə söhbət etdiyim balakənlilər kimi bütün uğurların təməlini torpaqda görürmüş:

– Elə siz özünüz də qəzetdə dönə-dönə yazmısınız. Balakəndə son illər çox böyük tikinti-quruculuq işləri görülüb. Bu işlərin miqyası, bəlkə, də əvvəlki 15-20 ildəkindən çoxdur. Yeni istehsal sahələrinin, emal müəssisələrinin yaradılması, iş yerlərinin açılması, məktəb, xəstəxana, yol tikintisi və turizmi inkişaf etdirmək üçün bütün Qafqazda analoqu olmayan kanat yolunun inşa edilməsi və başqa nailiyyətlərimiz göz qabağındadır. Ancaq mənə elə gəlir ki, Balakənin bütün uğurlarının təməli torpaqda və torpağa baş əyən insanlardadır. Hesabat yığıncaqlarında və ya başqa tədbirlərdə iştirak edirsiniz və görürsünüz ki, icra hakimiyyətinin başçısı Asif Məmmədov aqrar sektorun inkişafına nə qədər diqqət ayırır. Elə düşünürəm ki, Səməd Vurğunun “Çörək bol olarsa, basılmaz Vətən” – ifadəsi də taxıl əkib-biçməyin təbliğinə yox, dövlətin daha da qüdrətləndirilməsində hamının iştirakının vacib olduğunun sübutuna xidmət edirdi.

Sevindirici haldır ki, Respublika Prezidenti İlham Əliyev bu məsələni dövlət həyatının prioritet məsələlərindən biri kimi diqqət mərkəzində saxlayır. Azərbaycan keçmiş müttəfiq respublikalar arasında öz ərzaq təhlükəsizliyini tamamilə təmin edən iki-üç ölkədən biridir. Ermənistanda isə əhali aclıq üzündən ölkəni, Vətəni tərk edərək xaricə üz tutur. Bizim siyasətimizin nə qədər doğru olduğu göz qabağındadır. O da göz qabağındadır ki, həmin siyasətin layiqincə icra edilməsində Balakənin və balakənlilərin də böyük xidməti vardır. Yəni siz bu gün eşitdiyiniz “torpaq böyük hikmətdir” – ifadəsini yada salanda o biri məsələni də – 9 milyonluq respublika əhalisinin ərzaq təhlükəsizliyini təmin edən Azərbaycan torpağından söhbət getdiyini də xatırlayın.

Başçının müavini danışdı ki, bir-birindən uğurlu gələn illərin hər biri yaddaşlara bir mühüm hadisə ilə yazılır. Məsələn, ötən il bütün Azərbaycan kimi, Balakən ictimaiyyəti də qarşıya qoyulan vəzifələri yerinə yetirməklə yanaşı, maliyyə böhranına qarşı uğurlu mübarizə apardı. Nəticədə nəinki böhranın təsirinin qarşısı alındı, üstəlik, ili az da olsa iqtisadi artımla başa vurduq. 2010-cu ili isə iqtisadi böhrandan sonra böyük sosial-iqtisadi uğurlar əldə etdiyimiz il kimi başa vurmaq əzmindəyik. Bunun üçün rayon rəhbərliyinin qətiyyəti, camaatımızın isə iradəsi yetərincədir.

İlin birinci rübündə əldə etdiyimiz göstəricilər də elə bundan xəbər verir. Məsələn, ilin ilk üç ayından bu il istifadəyə verilməsi nəzərdə tutulan bütün obyektlərdə, o cümlədən 235 çarpayılıq xəstəxana kompleksində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Kompleksin kommunikasiya sistemlərində, daxili və xarici görünüşdə tamamlama işlərinə başlanılıb. İndiyədək obyektdə 2 milyon doqquz yüz min manatlıq iş görülüb. 100 yerlik “Qubek” mehmanxana kompleksində də daxili tamamlama işləri ilə yanaşı, qazanxana və transformator yarımstansiyasının inşası davam etdirilir. Burada artıq 1 milyon 260 min manatlıqdan çox iş görülüb. İdman kompleksinin tikildiyi Cəfər Cabbarlı küçəsində daxili imkanlar hesabına abadlıq və quruculuq işləri davam etdirilir. İdman kompleksində indiyədək 3 milyon manatlığa yaxın iş görülüb. İndi kompleksin ətrafında tamamlama və yaşıllaşdırma işləri görülür. Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən 36 mənzilli yaşayış evində də inşaat işləri yüksək templə davam etdirilir.

Başçının müavini ilə söhbətimizdən məlum oldu ki, Balakəndəki sərhəd gömrük-keçid məntəqəsində aparılan tikinti-quraşdırma işləri də nəzərdə tutulan qrafik üzrə davam etdirilir. Obyekt tezliklə istifadəyə veriləcəkdir. 180 şagird yerlik Acılıqbinə kənd orta məktəbində 428 min manatlıq tikinti-quraşdırma işləri görülüb. Yeni dərs ilinə qədər məktəbin tikintisinin başa çatdırılması nəzərdə tutulur. Rayonda inşa edilən Gənclər evinin tikintisində ilin üç ayında 102 min manatlıq iş görülüb. Heydər Əliyev prospektinin və digər küçələrin işıqlandırma sistemində dəyişiklik və yeniliklər edilibdir. Katex-Gürcüstan, Balakən-Qabaqçöl, Qazbinə-İtitala yollarının kənarlarında bardür və hasarlar təmir olunaraq müasir tələblər səviyyəsinə gətirilibdir.

Faşizm üzərində qələbənin 65 illiyinin yüksək səviyyədə qeyd edilməsi üçün imzalanan Prezident sərəncamından sonra bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. Katex kəndindəki “Ana” abidəsi daxili imkanlar hesabına təmir edilib, yubiley günlərində orada keçiriləcək tədbirlərin təşkili üçün şərait yaradılıb. Kortala kəndindəki xatirə kompleksinin təmiri isə artıq tamamlanmaq üzrədir.

İlin ilk üç ayında Katex kəndinin bütövlükdə qazlaşdırılmasına başlanılıb. Bu məqsədlə 20 kilometrə yaxın müxtəlif diametrli, orta təzyiqli qaz xətti çəkilib. Sentyabr ayınadək orta təzyiqli qaz xətti tikintisinin başa çatdırılması və evlərin qazlaşdırılmasına başlanması nəzərdə tutulur. Şəhərin yeni yaşayış massivinə 250 metr aşağı təzyiqli qaz xətti çəkilib, rayona daxil olan 530 millimetrlik orta təzyiqli qaz xəttində təmir işləri aparılıbdır.

Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması da daim diqqət mərkəzindədir. İlk üç ayda 9 ədəd güc transformatoru cari, 3 transformator isə əsaslı şəkildə təmir edilib. Əhaliyə verilmiş elektrik enerjisinin, təbii qazın və içməli suyun dəyəri 100 faiz ödənilib. Kommunal xidmət haqlarının ödənilməsi sahəsində işin səmərəli təşkili məqsədiylə rayon icra hakimiyyəti başçısının yanında yaradılmış qərargahın iclasları həftədə bir dəfə olmaqla müntəzəm keçirilir. Qarşıya çıxan çətinliklərlə bağlı konkret tədbirlər görülür, müvafiq qurumlar qarşısında məsələ qaldırılır. Bu da bir yeni faktdır ki, ilin ilk üç ayında əhaliyə qaz satışı sahəsində fəaliyyət göstərən “Azqazservis” Məhdud Məsuliyyətli Cəmiyyətin Balakən idarəsi fəaliyyətə başlayıb.

Bu gün Balakəndə elə bir sahə, idarə, müəssisə yoxdur ki, fəaliyyəti barədə söz açarkən təqdiredici fikirlər səsləndirilməsin. Suvarma sistemləri idarəsi, əhaliyə rabitə xidməti göstərən qurumlar, sosial sığorta haqlarının toplanılması, sosial müavinət və təqaüdlərin verilməsinə məsul olan təşkilatlar, tibbi xidmət strukturları, mədəniyyət ocaqları, gənclər və idman idarəsi, turizm obyektləri, ümumiyyətlə, hamı inkişaf edən Azərbaycanın tərəqqisinə öz payını, töhfəsini verir. Vətəndaşların qəbulu və şikayətlərə baxılması məsələsi, müraciətlərin araşdırılması prosesi məhz günün tələbləri səviyyəsində qurulur.

Rayon icra hakimiyyətinin başçısı Asif Məmmədovla söhbətimiz zamanı bütün bunlar barədə daha əhatəli şəkildə məlumat aldım. Asif müəllim eyni zamanda, Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş toplantısının rayon rəhbərləri qarşısında yeni vəzifələr qoyduğunu söylədi. Bildirdi ki, Prezident İlham Əliyev həmin müşavirədə ölkənin ümumi inkişafını səciyyələndirən, makroiqtisadi göstəricilərə toxundu, icrasına başlanan və ya başlanması nəzərdə tutulan layihələrdən danışdı. Görülən bütün işlərin əsas məqsədinin məhz əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, ölkəmizin qüdrətli bir dövlətə çevrilməsi olduğunu vurğuladı. Ölkə başçısı eyni zamanda qarşıda duran vəzifələrə toxundu, konkret tapşırıq və tövsiyələrini verdi. Hökumətin iclasında ekoloji tarazlığın qorunması məqsədiylə mütəmadi şəkildə ekoloji monitorinqlərin aparılmasının vacibliyi qeyd olundu, istehlak mallarının qiymətinə və keyfiyyətinə ciddi nəzarət, özəl sektorda qeydiyyata düşmədən işləyənlərin aşkar olunması tapşırığı verildi. O da vurğulandı ki, aparılan işlər, görülən tədbirlər kampaniya xarakteri daşımamalıdır.

Balakənlilər ölkə Prezidentinin qarşıya qoyduğu bütün tapşırıq və vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində əməli işlərə başlamışdır. Xüsusən, bu gün bütün dünyada ciddi narahatlıq doğuran ekologiya məsələsi bizim gündəlik iş planımızda özünə daimi yer tutur.

...Biz Balakəndən qayıdanda yenə də yağış yağırdı. Bu gözəl diyara ruzi-bərəkət gətirəcək yaz yağışı...

 

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 5 may.- S. 5.