Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti yaranmışdı.

 

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Hələ Milli Məclisin sədri seçilərkən Heydər Əliyev xarici siyasətin başlıca vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlam düşüncəli xarici siyasəti olmayıbdır”.

Sözünə davam edərək Heydər Əliyev bu sahədə buraxılan səhvlərə diqqəti yönəldir: “Azərbaycanın bütün dövlətlərlə gərək bərabər hüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəbistan dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabər hüquqlu əlaqələri olmalıdır”.

Heydər Əliyev son illərdə Azərbaycanın xarici siyasətində yer tutan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğuladı. O, özünütəcrid xəttinin acı nəticəsi kimi dünyanın Azərbaycanı tanımamasını, problemlərimizi bilməməsini, haqq səsimizi eşitməməsini göstərir və belə siyasəti “özümüzün özümüzə vurduğumuz zərbə” adlandırırdı. Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının vacibliyini vurğulayan Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı.

İlk növbədə, yaxın xariclə münasibətləri qaydaya salmaq, əlaqələri bərpa etmək lazım gəlirdi. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması bu yöndə atılmış ilk addımlardan biri idi. Bu quruma daxil olan keçmiş Sovet respublikaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparıldı. Bu ölkələrlə iqtisadi, ticarət və mədəni əməkdaşlıq məsələlərinə xüsusi önəm verildi.

Azərbaycanın tarixən bağlı olduğu Rusiya ilə münasibətlərində uğurlu dialoq və anlaşma mühitinin yaranması isə ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli idi. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra Rusiya ilə əməkdaşlığın inkişafına həmişə böyük əhəmiyyət vermişdir. İki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolu və xidmətləri olmuşdur. Məhz onun səyləri ilə bu əlaqələr dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Heydər Əliyevin Rusiyanın Qərbin və Şərqin böyük sivilizasiyalarını özündə təcəssüm etdirən və dünya siyasətində nadir rol oynayan bir ölkə olması haqqında söylədiyi fikir Azərbaycanın xarici siyasətində Rusiyanın rolunu və yerini son dərəcə aydın müəyyən edir.

Ölkələrimizin münasibətlərinin yeni mərhələsi Rusiya Prezidenti V.Putinin Azərbaycana tarixi səfərindən başlanmışdır. Bu, Rusiya Prezidentinin suveren Azərbaycana ilk səfəri idi. Ulu öndər Heydər Əliyevin Rusiyaya cavab səfəri, Bakı Bəyannaməsinin imzalanması, Xəzərin statusu ilə əlaqədar məsələlərin həlli iki ölkənin müxtəlif səviyyələrdə münasibətlərinə nəzərəçarpacaq tərəqqi və dinamizm gətirmişdir.

Hər iki ölkə siyasi və iqtisadi əməkdaşlığın dinamik inkişafında maraqlıdır. Bu gün Azərbaycan Cənubi Qafqazda Rusiya ilə bərabərhüquqlu münasibətlər sistemi yaratmağa nail olmuş yeganə dövlətdir. Rusiya ilə qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. İqtisadi, siyasi və hərbi potensial baxımından beynəlxalq münasibətlər sistemində xüsusi yeri olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş Sovet İttifaqı dövründən mövcud olan çoxşaxəli əlaqələri müasir geosiyasi gerçəkliklərə nəzərən inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində vacib məsələlərdən biri kimi nəzərdən keçirilir. Moskva ilə Bakı arasında çox möhkəm siyasi və iqtisadi əlaqələr mövcuddur. İki ölkə arasında 2008-ci ilin iyulunda Bakıda imzalanmış Dostluq və strateji əməkdaşlıq haqqında Bəyannaməyə Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin təmin olunmasının ayrıca bənd kimi salınması Rusiyanın niyyətlərinin ciddi olduğundan xəbər verir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını ehtiva edən beynəlxalq norma və prinsiplər əsasında tezliklə tənzimlənməsi qeyd olunur.

İkitərəfli əməkdaşlıq sistemində Gürcüstan, Ukrayna və Moldova ilə yaradılan yeni əlaqələr də çox əhəmiyyətli olmuşdur. Bu ölkələrlə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin yeni mühüm uğuru idi. Ukrayna bizim üçün hər cəhətdən inkişaf etmiş böyük və zəngin ölkə olmaqla iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üçün əlverişli tərəfdaş kimi əhəmiyyətlidirsə, Gürcüstan da yaxın qonşu, Avropaya çıxışımız, orada yarım milyona yaxın soydaşlarımızın yaşaması, Qafqazın bugünkü dolaşıq düyünlərinin açılması və bu qaynar regionda sülhün və sabitliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan və Gürcüstan arasında ikitərəfli strateji tərəfdaşlıq və dərinləşən əməkdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir. Odur ki, Azərbaycanın dövlət başçısı Qafqaz bölgəsinin bütün dövlətləri ilə, ilk növbədə Gürcüstanla əlaqələrin genişləndirilməsi və inkişafına, xarici qüvvələr tərəfindən süni olaraq milli münaqişələrin qaynar nöqtəsinə çevrilmiş bu regionda sülhün və əməkdaşlığın təmin olunması məsələlərinə böyük diqqət yetirirdi. Onun Qafqazda sülh və əməkdaşlıq məsələlərinə dair irəli sürdüyü kompleks təkliflər proqramı, Ermənistan istisna olmaqla bütün region dövlətləri, əsasən də Gürcüstan tərəfindən rəğbətlə qarşılanmışdır.

Bu illərdə Ermənistanın davam edən təcavüzünün qarşısının alınması və müharibənin dayandırılması xüsusi əhəmiyyət kəsb edirdi. Ən başlıcası isə, erməni təcavüzünün mahiyyətini, ermənilərin vəhşiliklərini dünyaya yaymaq, Azərbaycan ətrafında yaradılmış informasiya blokadasını yarmaq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya birliyinin diqqətinə çatdırmaq kimi vacib işlər öz həllini gözləyirdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Prezident Heydər Əliyevin geniş və çoxşaxəli fəaliyyətinin əsas məzmununu münaqişənin beynəlxalq normalara uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizama salınması təşkil edirdi. Vaxtilə dünya siyasətindən demək olar ki, təcrid olunmuş, informasiya blokadasında sıxılan, haqqı tapdandığı halda erməni təbliğatı sayəsində üstəlik dünya birliyinin də qınağına tuş gələn, ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi Azərbaycana hər cür yardım göstərilməsini qadağan edən “Azadlığı dəstək aktı”na 907-ci düzəliş” deyilən ədalətsiz sənədlə ayrı-seçkiliyə məruz qalan Azərbaycan yalnız Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın bütün demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətini kökündən dəyişdirməyə nail ola bildi.

Münaqişənin həlli istiqamətində ən mühüm addımlardan biri atəşkəsin əldə edilməsi oldu. 1993-cü ilin sonları və 1994-cü ilin əvvəllərində ATƏT-in və digər vasitəçilərin səyləri ilə aparılan danışıqlar nəticəsində 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edildi. 1993-1995-ci illərdə Azərbaycan Prezidentinin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə də dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı. Azərbaycana, onun problemlərinə dünya birliyinin münasibətindəki təkamül prosesi özünü ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərində qabarıq şəkildə büruzə verdi. Lissabon sammitində ilk dəfə olaraq ATƏT-in 54 üzvündən 53-ü münaqişənin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Bu, Azərbaycanın xarici siyasətinin böyük uğuru olmaqla yanaşı, ölkəmizin cəlb olunduğu münaqişənin nizama salınmasında keyfiyyətcə yeni mərhələ idi.

Etiraf etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məqsədyönlü və səmərəli siyasət artıq özünün real nəticələrini verməkdədir. Azərbaycan dövlətinin ardıcıl səyləri sayəsində beynəlxalq aləmdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının tanınması və ermənilərin işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti apararaq separatçı qurum yaratma cəhdinin təsdiqlənməsi, bu məsələnin BMT Baş Məclisinin sessiyasının gündəliyinə salınması, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bəyan edən, erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən, bu ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtma hüququnu təsdiq edən və işğal nəticəsində yaranmış vəziyyəti heç bir dövlətin qanuni hesab edə bilməyəcəyini vurğulayan qətnamə qəbul etməsi, ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə ermənilərin qeyri-qanuni olaraq məskunlaşdırılmasını etiraf etməsi Azərbaycanın xarici siyasət sahəsində apardığı gərgin və məqsədyönlü işin parlaq nəticəsi, Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində qazanılan mühüm diplomatik nailiyyətlərdir.

Əminliklə söyləmək olar ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş danışıqlar prosesində vaxt Azərbaycanın xeyrinə işləyir. Ölkəmiz ildən-ilə güclənir, beynəlxalq mövqelərini möhkəmləndirir və bütün bunlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına olan ümidləri artırır. Təhlillər göstərir ki, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında müvafiq qətnamələrinin mövcudluğu, Avropa Şurası və ATƏT-in qəbul etdiyi bir sıra qərarlarda Ermənistanın təcavüzkar dövlət olduğunun təsbit edilməsi, Prezident İlham Əliyevin hücumçu diplomatiyasının uğurlu nəticələri, informasiya müharibəsində münaqişə barədə erməni tərəfin dünyada yaydığı dezinformasiyanın getdikcə ifşa olunması, Azərbaycanın iqtisadi-hərbi baxımdan güclənməsi, nəhayət, münaqişənin digər vasitələrlə həlli hüququnun ölkəmizdə qalması problemin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunacağına ciddi əsaslar verir.

20 ildir davam edən, beynəlxalq və regional sülhə, təhlükəsizliyə ciddi təhlükə olan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulmasının ən canlı nümunəsidir.

Münaqişənin həllinin hüquqi əsasları BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi A/RES/62/243 saylı qətnaməsi, habelə ATƏT və Avropa Şurasının müvafiq sənədləri və qərarlarında əks olunan beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bütün bu sənədlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını təsdiqləyir.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə başqa bir dövlətin ərazisinin güc tətbiq etmək yolu ilə ələ keçirilməsinin yolverilməzliyi və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi vurğulanmış, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınmış, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin qeyd-şərtsiz çıxması çağırışı əksini tapmışdır. BMT Baş Məclisinin 14 mart 2008-ci il tarixli Azərbaycanın “işğal edilmiş ərazilərində vəziyyət” qətnaməsində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək bir daha ifadə olunmuşdur. BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qətnamələrində əks olunmuş yanaşma Azərbaycanın tutduğu mövqe ilə tamamilə üst-üstə düşür. Azərbaycan ilk gündən münaqişənin mərhələli həllinin yeganə mümkün yol olduğunu demişdir. İşğal olunmuş bütün ərazilərdən erməni silahlı qüvvələrinin çıxarılması, həmin ərazilərin bərpası və qaçqın və məcburi köçkünlərin doğma yurdlarına - Dağlıq Qarabağa və ətraf rayonlara geri qayıtması, qarşılıqlı istifadə üçün bütün kommunikasiyaların açılması kimi bir sıra vacib işlər görülməlidir. Bu, müharibənin nəticələrini aradan qaldırmağa, regionun azərbaycanlı və erməni icmalarının qarşılıqlı razılığı nəzərə alınmaqla Azərbaycan daxilində Dağlıq Qarabağ regionunun hüquqi statusunun işlənib hazırlanmasına, regionda davamlı sülhün və sabitliyin təşəkkül tapmasına zəmin yaradacaqdır.

2008-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən Moskvada imzalanmış Bəyannamədə Ermənistan tərəfinin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında mərhələli həllini qəbul etməsi yaxşı əlamətdir. Azərbaycan Cənubi Qafqaz regionunda və ondan kənarda təhlükəsizlik və sabitlik naminə Ermənistan rəhbərliyi ilə danışıqları davam etdirir və bu da gələcəkdə geniş regional imkanları bütün tərəflərin faydası üçün istifadə etməyə şərait yaradacaqdır.

Beynəlxalq birlik münaqişədə status-kvonun saxlanılmasının yolverilməzliyini və münaqişənin tezliklə həllinin zəruriliyini dərk edir. Bu xüsusda, 2009-cu il iyulun 10-da “Böyük səkkizliy”in İtaliyanın Akvil şəhərində keçirilmiş sammitində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatının, habelə dekabrın 1-də Afinada keçirilmiş ATƏT-in Nazirlər Şurası çərçivəsində Minsk qrupunun həmsədr ölkələri nümayəndə heyətlərinin rəhbərləri olan Rusiya və Fransa xarici işlər nazirlərinin və ABŞ dövlət katibinin müavininin, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin birgə bəyanatının qəbul olunması münaqişənin nizamlanmasına ən yüksək səviyyədə diqqətin artdığını göstərir.

ATƏT-in xarici işlər nazirləri səviyyəsində Afinada keçirilən iclasında bu münaqişənin məhz ərazi bütövlüyü çərçivəsində həllinə dair sənəd qəbul edilmişdir. Münaqişə dövrü ərzində ilk dəfə Ermənistan bu sənədə qoşulmuş və etiraf etmişdir ki, problemin həlli yalnız ərazi bütövlüyü çərçivəsində mümkündür. Beləliklə, ərazi bütövlüyü prinsipinin xalqın öz müqəddəratını təyin etməsi problemi ilə qarşı-qarşıya qoyulduğu uzun dövr başa çatmış, ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə prinsiplərinin hüquqi tətbiq edilməsində kolliziyanın aradan qaldırılması məsələsində taktiki hücum fəaliyyətinə keçid əldə olunmuşdur. Nəticə sadədir: öz müqəddəratını təyinetmə məsələsi ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmalıdır.

Dünyanın ən qüdrətli ölkəsi ABŞ-la münasibətlərin qurulmasında və daim yüksələn xətlə inkişaf etdirilməsində Heydər Əliyevin xidmətləri misilsizdir. Müstəqil Azərbaycanla bu ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə yaradılmışdır. Lakin bu, hələ ancaq ilk addım idi. Bu yolla irəliləmək, bir sıra məsələlərə aydınlıq gətirmək, əlaqələri genişləndirmək, etimad, etibar qazanmaq, Azərbaycanı layiqincə təmsil etmək üçün çox iş görmək, böyük diplomatik fəallıq göstərmək tələb olunurdu. Bu, vacib və olduqca zəruri idi. Çünki dünyəvi dövlət qurmaq istəyən və çətin problemlərlə qarşılaşmış gənc, müstəqil bir ölkənin taleyində dünya siyasətində həlledici rolu olan bu fövqəldövlət mühüm rol oynaya bilərdi. Buna nail olmaq, mövcud imkanları reallığa çevirmək üçün ardıcıl, məqsədyönlü səy göstərmək, müxtəlif yollar axtarmaq, vasitələr tapmaq lazım gəlirdi. Nəhayət, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması bu yolda ən mühüm və ən başlıca amil, Azərbaycanla Qərb arasındakı münasibətlərdə dönüş nöqtəsi oldu. Belə ki, Azərbaycana, onunla iqtisadi əməkdaşlığa, onun problemlərinə, geosiyasi əhəmiyyətinə maraq yarandı. Bu maraq ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, münaqişəli problemin dinc yolla həllinə tərəfdar olduğunu bəyan etməsilə nəticələndi.

Beynəlxalq münasibətlərə əsaslı təsir göstərən 2001-ci ilin 11 sentyabr terror hadisələrindən dərhal sonra Heydər Əliyevin bütün bəşəriyyət üçün təhlükə doğuran beynəlxalq terrorizmi pisləyən bəyanatla çıxış etməsi, Azərbaycanın antiterror koalisiyasında fəal iştirak edəcək dövlətlərdən biri olacağını qətiyyətlə bildirməsi ABŞ-ın respublikamıza olan etimadını daha da gücləndirdi və iki ölkənin münasibətlərində vacib keyfiyyət dəyişikliyinə səbəb oldu. Heydər Əliyevin antiterror koalisiyasına verdiyi dəstək və ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin gerçəkləşdirilməsi, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Azərbaycan üzərindən Qərbə nəql edilməsi istiqamətində dövlətimizin başçısının göstərdiyi ardıcıl və qətiyyətli səylər, nəticə etibarilə illər boyu xalqımızın haqlı narazılığına səbəb olan “Azadlığı dəstək aktı”na ədalətsiz 907-ci düzəlişin qüvvəsinin dayandırılmasına gətirib çıxardı. 2001-ci ilin oktyabrında ABŞ Prezidenti C.Buş və Dövlət katibi K.Pauell Konqresə müraciət edərək 907-ci düzəlişin aradan qaldırılmasının ABŞ-ın milli maraqlarına xidmət etdiyini vurğuladılar. Erməni lobbisinin ABŞ Konqresinə təsir imkanlarının miqyasını nəzərə alsaq, 907-ci düzəlişin qüvvəsinin dayandırılması, heç şübhəsiz, Heydər Əliyevin xarici siyasətinin böyük uğuru idi.

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a 2006-cı il aprelin 25-28-də ilk rəsmi səfəri son illərdə sürətlə inkişaf edən ikitərəfli münasibətlərdə yeni mərhələnin təməlini qoymuş və bir sıra uğurlu nəticələrlə yadda qalmışdır. Səfərin yekunları tam əminliklə deməyə əsas verir ki, ABŞ Azərbaycanla mövcud əlaqələrin daha da genişlənməsində və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsində maraqlıdır. Bu maraq, ilk növbədə, Azərbaycanın Qərblə Şərqi qovuşduran geostrateji tranzit xətlərinin təmas məkanında yerləşməsi, qlobal enerji və kommunikasiya layihələrinin reallaşdırılmasında aparıcı rol oynaması, habelə zəngin intellektual resurslara malik olması ilə şərtlənir.

Azərbaycanın yeni xarici siyasət kursunda bütövlükdə Avropa dövlətləri ilə münasibətlər məsələsi yeni bir istiqamət təşkil edirdi. Hər bir ölkənin özünəməxsus xüsusiyyətlərini bütün incəliklərinə qədər nəzərə alan bu yeni kurs çevik taktiki gedişlərlə həyata keçirilirdi. Qısa müddət ərzində Azərbaycanın özünə Böyük Britaniya, Almaniya, Fransa, İtaliya kimi nüfuzlu müttəfiqlər qazanması Heydər Əliyev xarici siyasətinin Avropa istiqamətinin çox mühüm bir uğuru oldu. Prezident Heydər Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Avropanın siyasi və iqtisadi həyatında mühüm rol oynayan Belçika Krallığı, Hollandiya, Norveç və digər ölkələrlə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi Azərbaycanın Avropa ilə inteqrasiyasına yeni yollar açdı, beynəlxalq aləmdə nüfuzunun artmasına və mövqelərinin möhkəmlənməsinə kömək etdi.

Ötən əsrin 90-cı illərinə doğru sosializm dəyərlərindən imtina edərək bazar iqtisadiyyatı və demokratiya yolunu seçmiş dövlətlər arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin qurulması həm də yeni dövrün reallıqları ilə şərtlənir. Məsələ bundadır ki, vaxtilə keçmiş SSRİ də daxil olmaqla, sosializm düşərgəsinin üzvü olan bu ölkələrin ümumi iqtisadi-siyasi sistem çərçivəsində yerləşməsi onların hər birində oxşar iqtisadiyyatın təşəkkül tapmasına səbəb olmuşdur. Rəsmi Bakının Mərkəzi və Şərqi Avropa ilə qarşılıqlı faydalı əməkdaşlığı bütün səviyyələrdə genişləndirməyə çalışması bu məkanda yerləşən dövlətlərin Avropanın siyasi atmosferinin müəyyənləşməsində mövqeyinin və fəal xarici siyasətinin mühüm təsirə malik olması ilə şərtlənir. Azərbaycan iqtisadi və siyasi islahatları uğurla başa çatdırmış həmin ölkələrin Avropanın siyasi, iqtisadi və təhlükəsizlik sistemlərinə inteqrasiya sahəsindəki mütərəqqi təcrübəsindən səmərəli şəkildə yararlanmaq niyyətindədir. Hazırda Qərbi Avropa ilə yanaşı, Avropa İttifaqı və NATO ilə münasibətlərdə yüksək nəticələr əldə etmiş Polşa, Rumıniya, Bolqarıstan, Macarıstan, Çexiya, Sloveniya, Xorvatiya kimi ölkələr də Azərbaycanın avrostrukturlara inteqrasiyası prosesinə fəal şəkildə dəstək verir, təcrübələrini bölüşürlər. Eyni zamanda, Mərkəzi və Şərqi Avropa respublikamızın Transqafqaz nəqliyyat-kommunikasiya sistemi vasitəsilə Qərbi Avropaya çıxışının təmini baxımından əlverişli geosiyasi məkandır.

Qeyd etmək lazımdır ki, xaricdən enerji asılılığının minimal həddə endirilməsi dünyanın əsas karbohidrogen ehtiyatlarına nəzarəti əldə etmək uğrunda rəqabətin gücləndiyi hazırkı şəraitdə ayrı-ayrı dövlətlərin təkcə milli təhlükəsizliyinin deyil, həm də müstəqil siyasət yeritməsinin vacib şərtinə çevrilmişdir. Azərbaycan isə bütövlükdə Avropanın enerji təhlükəsizliyində geniş imkanlara malik ölkə kimi Mərkəzi və Şərqi Avropa dövlətlərinin maraq dairəsindədir. Məsələn, 2007-ci ildə ilk enerji sammitinin keçirilməsi təşəbbüsünü üzərinə götürən Polşa Xəzər neftinin Odessa-Brodı-Plotsk-Qdansk kəməri ilə nəqlini təklif edir. Bu marşrut Qara dənizə çıxarılan neftin Baltik dənizi sahilinə çatdırılmasını, oradan Avropa və dünya bazarlarına daşınmasını nəzərdə tutur. Rumıniya isə Xəzər neftinin Rumıniyadan tankerlər vasitəsilə - Supsa limanından Konstansa limanına, daha sonra isə boru kəməri ilə Avropaya nəqli layihəsini dəstəkləyir. Ümumiyyətlə, əksər Avropa ölkələri enerji asılılığından çıxmaq üçün neftin nəqlində tranzit və istehlakçı qismində çıxış etmək niyyətlərini bəyan edirlər.

Heydər Əliyevin ölçülüb-biçilmiş yeni xarici siyasət kursunda Azərbaycanla qonşu olan ölkələrlə, müsəlman ölkələri ilə münasibətlərə də xüsusi diqqət yetirilirdi. Belə ki, bu ölkələrlə münasibətlərdə süni yaradılmış xeyli kəskin problemlər mövcud idi. Yaxın qonşumuz olan İranla hətta siyasi-ideoloji qarşıdurma, Türkiyə barəsində isə real şərait nəzərə alınmadan, ağına-bozuna baxmadan tam etnik birlik, türk birliyi zəminində aparılan emosional siyasət hər iki dost ölkə ilə münasibətlərə xələl gətirir, Azərbaycanın beynəlxalq mövqeyinə ziyan vururdu. Məhz buna görə də Heydər Əliyev çox təcrübəli siyasətçi kimi bu ölkələrlə münasibətlərdə tezliklə dönüş yaratmaq, onlarla qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə, beynəlxalq hüquq normalarına əsaslanan sivilizasiyalı münasibətlər qurmaq üçün böyük əmək sərf etməli oldu.

Həmin xarici siyasət xəttinin mühüm istiqamətlərindən birini də bu iki və digər qonşu ölkələrlə, İslam dünyası ilə münasibətlər təşkil edirdi. Bu baxımdan, dövlət başçısı Heydər Əliyevin İrana, Türkiyəyə, Səudiyyə Ərəbistanı və Pakistana səfərləri və apardığı danışıqlar çox əhəmiyyətli oldu. Belə ki, İran və Türkiyə ilə münasibətlərdə xeyli və əhəmiyyətli dəyişikliklər edildi. İranla münasibətlərin yenidən qurulması, gərginliyin aradan qaldırılması, əməkdaşlığın genişləndirilməsi qısa bir zaman ərzində bu yeni xarici siyasət xəttinin düzgün və faydalı olduğunu göstərdisə, Türkiyə ilə münasibətlərdəki dərin düşünülmüş çox ağıllı dəyişikliklər isə ölkəmiz üçün, həm də ümumiyyətlə, ümumtürk birliyinin inkişaf edərək möhkəmlənməsi üçün çox əhəmiyyətli oldu. Bu işdə Prezident Heydər Əliyevin Türkiyəyə səfərləri mühüm rol oynadı. Nəzərə alındı ki, Türkiyənin əsası Atatürk tərəfindən qoyulmuş ənənəvi xarici siyasəti ilk növbədə ölkənin, millətin mənafeyinə uyğun olan elə xətti əsas götürür ki, bu, təbii sərvətlərlə zəngin olmayan ölkənin iqtisadi inkişafına kömək olsun. Bu isə Xəzər neftinin daşınmasında dörd dənizlə əlaqəsi olan Türkiyənin tranzit əhəmiyyətini, Xəzər neftinin də Türkiyə üçün önəmini artırır. Odur ki, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında imzalanmış sənəd başqa amillərlə yanaşı həmin cəhəti əsas götürərək münasibətləri və dostluğu yeni, yüksək əməli əməkdaşlıq səviyyəsinə qaldırmaqla bu sahədə böyük imkan və perspektivlər açdı. Bu illər ərzində Türkiyə ilə əlaqələr “bir millət, iki dövlət” formulu əsasında, sarsılmaz təməl üzərində qurulmuşdur.

Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli siyasi, iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamışdır. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur, bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Türkiyə beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi səyləri dəstəkləyir. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və söz sahibi olan iştirakçılarıdır. Hər iki ölkə özünün iqtisadi-enerji imkanlarından və geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi naminə səmərəli istifadə edir. Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və dərinləşən əməkdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Türkiyə də daxil olmaqla, bütün türkdilli dövlətlərin ümumi maraq və mənafelər naminə konsolidasiyası istiqamətində inamlı addımlar atmışdır.

Ötən ilin oktyabr ayında Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammitinin keçirilməsi isə ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamıdır. İlk dəfə 2006-cı ildə türkdilli ölkələrin dövlət başçılarının sammitində Prezident Nursultan Nazarbayev Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ideyasını irəli sürmüşdür. Ortaq mədəni irsə, dinə, dilə malik olan dövlətləri bir araya gətirdiyi üçün Assambleya böyük əhəmiyyətə malikdir. Türkdilli Ölkələrin Parlament Assambleyası parlamentlərarası ünsiyyətin demokratik forumu kimi təşəkkül tapacaq, bölgələrin əmin-amanlıq və inkişaf ərazilərinə çevrilməsi məqsədi ilə müxtəlif təşəbbüslərin irəli sürülməsinə və həyata keçirilməsinə əlverişli şərait yaradacaqdır.

Nəhayət, türkdilli ölkələrin dövlət başçılarının yenə də 2009-cu ilin oktyabrında keçirilmiş IX zirvə görüşü Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından mühüm nəticələrlə yadda qalmışdır. Faydalı müzakirələrlə əlamətdar olan zirvə toplantısında türk dövlətləri arasında hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin yaradılması vacibliyi önə çəkilmişdir. Eyni zamanda, türkdilli dövlət başçıları ildə iki dəfə - rəsmi və qeyri-rəsmi görüşmək barədə razılığa gəlmişlər. Rəsmi imzalanmış Naxçıvan Bəyannaməsinə görə isə, yaxın perspektivdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması nəzərdə tutulur.

Ölkəmiz İranla mütərəqqi və gələcəyə istiqamətlənmiş dialoq aparır və İran dövləti ilə xalqlarımızın mənafeyinə cavab verən mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlərin inkişafına müvəffəq olmuşdur. Hər iki dövlətin mühüm coğrafi mövqedə yerləşməsi və zəngin iqtisadi potensiala malik olması mövcud əməkdaşlığı daha da genişləndirmiş, Azərbaycanla İran arasında iqtisadi əlaqələrin sürətlə inkişafına, əmtəə dövriyyəsinin həcminin ildən-ilə artmasına gətirib çıxarmışdır.

Son illər qlobal və regional məsələlərin həllində Azərbaycan İslam Konfransı Təşkilatı ilə sıx əməkdaşlığını inkişaf etdirərək, onun siyasi rolunun artırılması, beynəlxalq problemlərin həllində təsiri və iştirakının gücləndirilməsi istiqamətində apardığı fəal siyasətini davam etdirmişdir. 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi çox əlamətdar və mühüm hadisə olaraq, Azərbaycanın İKT ilə apardığı səmərəli və faydalı əməkdaşlığın, bütövlükdə ölkəmizin İslam ümməti arasında qazandığı nüfuzun mühüm göstəricisi olmuşdur. Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqi, müxtəlif millətlər və dinlər arasında dözümlülüyün, qarşılıqlı anlaşmanın və tolerantlığın inkişafına xidmət edən səmərəli meyarların hazırlanması, beynəlxalq ictimaiyyətdə, ilk növbədə Avropada İslamın, onun mədəniyyət, dəyər və fəlsəfəsinin düzgün dərk edilməsi məqsədi ilə fəal səylər göstərmiş, geniştərkibli bir sıra iri beynəlxalq təşəbbüslər həyata keçirmişdir.

Azərbaycanın xarici siyasətində fəal istiqamətlərdən biri Şərqdir. XXI əsrdə Asiya-Sakit okean bölgəsinin dünya siyasətində rolu xeyli artmalıdır. Azərbaycanı Mərkəzi Asiya ilə həm də etnik və mədəni yaxınlıq birləşdirir. Ölkəmiz tarixdə İpək Yolunun əsas məntəqələrindən biri kimi də geosiyasi və mədəni imic qazanıb. Bu faktorlar kompleks halda Azərbaycanın xarici siyasətində Asiya-Sakit okean istiqamətinin də mühüm yer tutmasını şərtləndirir. Bu prosesdə, şübhəsiz ki, Mərkəzi Asiya regionunun xüsusi yeri vardır. Azərbaycan həmin dövlətlərlə aktiv əməkdaşlıq siyasətini yeridir ki, bu da Uzaq Şərq istiqamətində əməkdaşlığı gücləndirmək üçün meydan rolunu oynaya bilər. Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın münasibətlərinin türkdilli dövlətlərin əməkdaşlığını inkişaf etdirmək müstəvisində də qurması əlavə imkanlar açmaqdadır.

Azərbaycanın xarici siyasətinin özünəməxsus xüsusiyyətlərindən biri onun balanslaşdırılmış xarakter daşıması ilə səciyyələnməsidir. Ölkəmizin geosiyasi vəziyyəti və üzləşdiyi problemlər xarici siyasət kursunda müəyyən tarazlığı gözləməyi, Azərbaycanın manevr imkanlarını saxlamağı və regionda möhkəmlənmək uğrunda mübarizə aparan müxtəlif güc mərkəzləri arasındakı münasibətlərdən səmərəli istifadə etməyi zəruri edirdi. Azərbaycan Prezidenti Heydər Əliyevin xarici ölkələrə səfərləri, həmin ölkələrin dövlət başçıları, digər rəhbərləri və iş adamları ilə keçirdiyi məhsuldar görüşlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə təkan vermiş, onun keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoymasına münbit şərait yaratmışdır.

Heydər Əliyevin uğurlu xarici siyasət fəaliyyətinin daha bir məqamı Azərbaycanın nüfuzlu beynəlxalq və regional təşkilatlarla münasibətlərinin yaradılması və daha yüksək səviyyəyə qaldırması ilə diqqəti cəlb etmişdir. Beynəlxalq təşkilatlara üzv olmaq, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də Azərbaycan BMT, ATƏT, Avropa Şurası, MDB, GUAM, İKT, QİƏT, İƏT kimi beynəlxalq təşkilatların üzvü olmaqla bərabər, Avropa İttifaqı, NATO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq edir.

Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında fəal təmsilçilik açıq və demokratik cəmiyyət quruculuğu yolu ilə sürətlə addımlayan müstəqil Azərbaycan dövlətinin xarici siyasət strategiyasında bu gün də aparıcı istiqamətlərdən birini təşkil edir. Ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bu təşkilatlarla siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri çoxşaxəli xarakter daşımaqla Azərbaycanın milli maraqlarının daha dolğun şəkildə ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə yönəlmişdir.

Azərbaycanın ardıcıl şəkildə Avratlantik məkanına inteqrasiyası da Heydər Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən idi. Belə ki, 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı yeni müstəqillik qazanmış ölkələrə təklif olunduqdan dərhal sonra Heydər Əliyev Brüsselə səfər edərək ölkəmizin bu proqrama qoşulması haqqında çərçivə sənədini imzalamışdır. Sonralar o, NATO-nun sammitlərində iştirak etmiş və Azərbaycanın Şimali Atlantika Alyansı ilə tərəfdaşlığının əsas prioritetlərini müəyyən etmişdir.

Ötən illərdə olduğu kimi, indi də Avropa və Avratlantik strukturlara inteqrasiya Azərbaycan xarici siyasətinin mühüm istiqamətini təşkil edir. Avropa və Avratlantik birliyin dəyərləri ilə bölüşən Azərbaycan, çoxtərəfli Transatlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını uğurla inkişaf etdirərək Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə töhfə verir. Bu gün NATO ilə regional və enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, kütləvi qırğın silahlarının yayılmaması, narkotiklərin qeyri-qanuni dövriyyəsi və insan alveri, sərhədlərin mühafizəsi, fövqəladə halların fəsadlarının aradan qaldırılması, təhlükəsizlik və digər sahələrdə islahatlar istiqamətində əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Avratlantik Tərəfdaşlıq Şurası və digər vasitələrlə NATO ilə mümkün tərəfdaşlıq mexanizmlərindən tam şəkildə bəhrələnir. NATO ilə fəal siyasi dialoq qarşılaşdığımız birgə çağırışlar üzrə ortaq anlayışın yaradılması və möhkəmləndirilməsinə imkan yaradır. Azərbaycan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının növbəti fazasını açan və NATO ilə siyasi dialoqun dərinləşdirilməsini, müdafiə və təhlükəsizlik sahələrində islahatların həyata keçirilməsini, elm və ictimai diplomatiya sahəsində əməkdaşlığı nəzərdə tutan Fəaliyyət Planı üzrə ikinci sənədin icrasını uğurla başa vurmuşdur ki, bu da növbəti illərdə Azərbaycan-NATO münasibətlərini istiqamətləndirəcəkdir.

Heydər Əliyevin xarici siyasət kursunun digər bir mühüm prioriteti Avropa İttifaqı ilə münasibətlərin qurulması və inkişafı idi. Azərbaycan bu nüfuzlu qurumla əməkdaşlığında milli iqtisadiyyatı səmərəli inkişaf etdirməyi, milli iqtisadiyyatın Avropanın iqtisadi və maliyyə məkanına tam inteqrasiyasını və ümumavropa proseslərində, xüsusən Avropa təhlükəsizliyinin sabit və səmərəli arxitekturasının qurulmasında öz rolunu və əhəmiyyətini daim artırmağı qarşısına məqsəd qoymuşdur. Avropa İttifaqı ilə Azərbaycan arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, demokratik institutların inkişafına dəstək, iqtisadi əməkdaşlıq və sərmayələrin təşviqi kimi mühüm proseslərdə çərçivə bazası rolunu oynamaqdadır. Avropa İttifaqının göstərdiyi yardım Azərbaycanda islahatlar prosesinin sürətləndirilməsinə, müxtəlif layihələrin həyata keçirilməsinə yönəldilmişdir. Bütün bunlar Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edən amillərdəndir. Bu siyasət bu gün də səylə davam etdirilir. Təsadüfi deyil ki, Azərbaycan dünyanın və dünya siyasətinin mərkəzinə çevrilmiş Avropanın ən mühüm istiqamətlər üzrə tərəfdaşı kimi tanınır. 2004-cü ildə Azərbaycanın Avropa İttifaqı tərəfindən “Yeni qonşuluq siyasəti”nə daxil edilməsi qarşılıqlı iqtisadi inteqrasiyanın və siyasi əməkdaşlığın genişlənməsinə təkan vermişdir. 2006-cı ildə “Yeni qonşuluq siyasəti” çərçivəsində ikitərəfli fəaliyyət planı imzalanmış və əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilmişdir. Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” Anlaşma Memorandumu da birgə fəaliyyət üçün yeni imkanlar açır. 2009-cu ilin may ayından Azərbaycan Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də əməkdaşlıq etməyə başlamışdır. Bu proqram üzrə Praqa zirvə görüşünün Birgə Bəyannaməsinin imzalanması Azərbaycan ilə Avropa İttifaqı arasında gələcək yaxınlaşma və əməkdaşlığın inkişafına yeni təkan vermişdir. Zirvə görüşü çərçivəsində Transxəzər enerji daşıyıcıları layihələrini dəstəkləyən və dövlətimizin enerji təhlükəsizliyinin təminatına yönələn maraqları əks etdirən “Cənub Dəhlizi-Yeni İpək Yolu” Bəyannaməsinin qəbul edilməsi, eyni zamanda, ötən ilin dekabrında Avropa İttifaqının bir sıra ölkələrlə, o cümlədən Azərbaycan ilə assosiasiya sazişi ilə bağlı danışıqlara başlaması niyyətində olduğunu bəyan etməsi xüsusi diqqətə layiqdir.

Prezident Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində 2001-ci ilin yanvarında Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilərək ümumavropa ailəsinə qovuşmuş və burada öz layiqli yerini tutmuşdur. Bununla da ölkəmizdə hüquqi islahatların uğurla aparılması, demokratik, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi kimi bəşəri dəyərlərə dönmədən əməl olunması özünün layiqli qiymətini almışdır. Bu nüfuzlu panavropa qurumu ilə sıx əməkdaşlıq şəraitində Azərbaycan qanunun aliliyinə əsaslanan demokratik cəmiyyət quruculuğunu indi də müvəffəqiyyətlə davam etdirir. Ölkədə demokratikləşmə prosesləri, xüsusilə vətəndaş cəmiyyəti institutlarının gələcək inkişafı, vətəndaşların hüquq və əsas azadlıqlarının müdafiəsinin təmin edilməsi, dövlət idarəçiliyi sahəsində səmərəliliyin artırılması və digər məsələlər Azərbaycanın Avropa Şurası, onun Parlament Assambleyası, ATƏT/DTİHB, eləcə də aparıcı qeyri-hökumət hüquq müdafiə təşkilatları ilə əməkdaşlığı da diqqət mərkəzində saxlanılır.

Prezident Heydər Əliyevin uğurlu xarici siyasət kursunun mühüm tərkib hissələrindən biri 2001-ci il 11 sentyabr hadisələrindən dərhal sonra Azərbaycanın ABŞ başda olmaqla antiterror koalisiyasına qoşulması və terrorizmə qarşı mübarizədə öz səylərini əsirgəməməsidir. Erməni terrorundan əziyyət çəkən bir ölkə kimi Azərbaycan dövləti bu problemin aradan qaldırılması üçün beynəlxalq qurumlar və ayrı-ayrı ölkələrlə geniş əməkdaşlıq etmişdir. Bu gün Azərbaycan beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə ilə bağlı çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa fəal cəlb olunmuşdur. Terrorizmə qarşı mübarizəyə dair bütün beynəlxalq sənədlərə qoşulan Azərbaycan bu sahəyə dair daim məlumat mübadiləsi həyata keçirir və müvafiq məruzələr hazırlayır. Azərbaycanın sülhməramlıları Kosovo, İraq və Əfqanıstanda beynəlxalq birliyin digər üzvlərindən olan əsgərlərlə çiyin-çiyinə xidmət göstərmişlər. Azərbaycan hökuməti və şirkətlərinin Əfqanıstana yardımı və bu ölkənin bərpası ilə bağlı səyləri ehtiyac içində yaşayan əhali üçün də imkanlar yaradır.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi meqalayihələr nəinki region miqyasında, habelə bütün Avrasiya məkanı üçün xüsusi əhəmiyyətə malikdir. Bu qlobal partnyorluq Qara dəniz və Xəzər dənizi regionunu ədalətli və bərabər əməkdaşlıq meydanına çevirmiş, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsini təmin etmişdir.

Xəzər dənizinin zəngin enerji ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəql edilməsi istiqamətində həyata keçirilən irimiqyaslı layihələrin uğurla başa çatdırılması əhalinin rifahının yaxşılaşması, ölkəmizin iqtisadi potensialının dirçəldilməsi, xarici investisiyaların həcminin artması üçün geniş imkanlar yaratmışdır. Azərbaycanın 2004-cü ildə Böyük Britaniyanın Baş naziri Toni Bleyer tərəfindən irəli sürülmüş Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə qoşulması da bunun bariz göstəricisidir. Bütün bunlar Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu, ölkəmizin enerji siyasətinin düzgün və uzaqgörənliklə həyata keçirildiyini bir daha təsdiqləyir. Bu, Avropanın enerji təhlükəsizliyi ilə bağlı baş verən bəzi proseslərdən sonra özünü daha qabarıq göstərir.

Heydər Əliyevin şəxsi təşəbbüsü və nüfuzu, uzaqgörən siyasəti sayəsində tarixi İpək Yolunun bərpası ilə bağlı kommunikasiya layihələrinin həyata keçirilməsində Azərbaycanın həlledici rol oynaması, proqramın icraçı katibliyinin Bakıda yerləşməsi haqqında qərarın qəbul edilməsi də ölkəmizin iqtisadi inkişafına təkan verməklə yanaşı, onun beynəlxalq və regional siyasətdə mövqeyinin güclənməsini şərtləndirmişdir.

Bu gün Azərbaycan dünya miqyasında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək, Avropa ilə Asiya arasında körpü rolunu səmərəli surətdə həyata keçirir. Cənubi Qafqaz regionu ərazisindən beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizlərinin genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı strategiyasının vacib elementidir. Bu mənada, Azərbaycan Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRASECA) layihəsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinə fəal cəlb olunmuşdur. Habelə, Azərbaycan Türkiyə və Gürcüstanla geostrateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin qurulması istiqamətində əməkdaşlıq edir. Bu xəttin həyata keçirilməsi regional əməkdaşlığın sürətləndirilməsi və gücləndirilməsi üçün vacib addım olacaq, eyni zamanda, qlobal təsirlərə malik yeni regional imkanlar yaradacaqdır.

Azərbaycanın Şərqlə Qərbin, Şimalla Cənubun əsas nəqliyyat yollarının kəsişdiyi məkanda yerləşməsi və regional avtomobil və dəmir yol şəbəkəsinə birləşən sürətlə inkişaf edən milli nəqliyyat infrastrukturu ölkənin strateji əhəmiyyətini artırır. Azərbaycan, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi olacaq və 20-dək ölkəni internet, telekommunikasiya sistemləri, elektron informasiya resursları ilə təmin etməyə qadir olan Trans-Avrasiya Super İnformasiya Magistralı yaratmaq təşəbbüsü ilə çıxış etmişdir.

Azərbaycan diasporunun təşkilatlanması, dünya azərbaycanlılarının Azərbaycan Respublikası ilə əlaqələrinin hüquqi, siyasi, ictimai və mədəni əsaslarının gücləndirilməsi Prezident Heydər Əliyevin xarici siyasət konsepsiyasında mühüm yer tutmuşdur. Heydər Əliyev özünəməxsus uzaqgörənlik və müdrikliklə xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil. Məhz bu səbəbdən də Azərbaycan hakimiyyəti dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirməyə, bu sahədə sistemli və ardıcıl siyasət yeritməyə çalışmışdır. Xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu sahədə dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirmək, habelə digər hüquqlarını reallaşdırmaqdan ibarətdir. Ermənistanın həmin tarixi mərhələdə getdikcə genişlənən işğalçılıq siyasətini, erməni lobbisinin beynəlxalq ictimaiyyəti riyakarlıqla çaşdırmaq cəhdlərini ciddiliklə nəzərə alan ulu öndərimiz xarici ölkələrdə Azərbaycan diasporu və lobbisinin formalaşdırılması məsələsini mühüm dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Diaspor və lobbi quruculuğuna göstərilən xüsusi diqqət Heydər Əliyevin yüksək diplomatik və peşəkar siyasətçi keyfiyyətlərindən qaynaqlanırdı.

Azərbaycan regionun nadir ölkələrindən biridir ki, çətin geosiyasi mühitdə müstəqil xarici siyasət yürüdür. Bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tezliklə bərpa edilməsi, qonşu dövlətlərlə mehriban və qarşılıqlı surətdə faydalı münasibətlərin inkişaf etdirilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, Avropa və Transatlantik strukturlarına inteqrasiya məsələlərinə və s. yönəldilmişdir.

Azərbaycan beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün dövlətlərə münasibətdə onların ərazi böyüklüyü, hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq, dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan praqmatik xarici siyasət həyata keçirir. Şəffaflıq və öncədən müəyyənləşdirmə Azərbaycanın xarici siyasətini səciyyələndirən əsas xüsusiyyətlərdir. Azərbaycan bütün ölkələrlə dostluq və qarşılıqlı səmərəli ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirməklə öz regionunda və onun sərhədlərindən kənarda sülh içində birgə yaşama və mehriban qonşuluğu təşviq edir.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunun davamlılığını təmin edən Prezident İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Bu gün dünyanı narahat edən bir sıra məsələlərdə böyük dövlətlərin başçıları Azərbaycanın - onun rəhbərinin mövqeyi ilə hesablaşırlar. Avropa və Asiyanın qovuşuğunda yerləşən mühüm geostrateji məkan kimi Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün dayaq nöqtəsi kimi ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz.

Azərbaycan qonşu dövlətlərlə təhlükəsizliyin təmini aspektində regional lider səviyyəsində münasibətlər qurmuşdur, enerji təhlükəsizliyi məsələsi ilə əməkdaşlığın digər sahələri arasında unikal harmoniya formalaşmışdır. Rusiya, İran və Türkiyə Azərbaycanla regional lider qismində əlaqələr qurur və bunu açıq etiraf edirlər. Bu əlaqələr qarşılıqlı faydalılıq prinsipi üzrə yaradılıb və təkmilləşdirilir. Azərbaycan diplomatiyasının regional qurumların yaradılmasındakı fəallığı hamıya məlumdur. Bu qurumların tərkibində aktiv iştirak edən ölkəmiz, eyni zamanda, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımlarını atmaqdadır.

Rusiya ilə münasibətlərin dinamikası və əhatəliliyi bunun əyani sübutlarındandır. İndi iki dövlət arasında bütün sahələr üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi kimi diqqət mərkəzindədir. İranla əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində Azərbaycan lazım olan bütün addımları atır. Bu proseslərdə Azərbaycanın xarici siyasəti üçün əsas meyar regionun sabitliyi, təhlükəsizliyi və inteqrasiyası üçün çalışmaqdır.

Bütövlükdə, Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır. Əsasını varislik ilə yenilik arasındakı tarazlıq təşkil edən bu model mövcud konyunkturanın dəyişikliklərinə əməli surətdə cavab verməyə, eyni zamanda, ölkənin davamlı inkişafını təmin etmək üçün əlverişli xarici şəraitin yaradılmasına yönələn diplomatik strategiyanın saxlanılmasına imkan yaratmışdır.

Qeyd olunmalıdır ki, qlobal miqyasda dünya siyasəti və diplomatiyasının müəyyən problemləri mövcuddur. Onları hətta “siyasət və diplomatiyanın ümumi böhranı” da (Ramiz Mehdiyev. “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə kursu”) adlandırırlar. Bu şəraitdə Azərbaycan dövlətinin xarici siyasəti həm milli maraqları gözləyir, həm də dünya siyasətinin bütün subyektlərinin bərabərhüquqlu iştirakını təmin edən fəaliyyət modelinə üstünlük verir. Azərbaycanın xarici siyasətində çoxvektorluq üstünlük təşkil etdiyindən onun qlobal miqyasda geosiyasi çəkisi durmadan artır. Bu məqamları nəzərə alsaq, belə nəticəyə gələ bilərik ki, Azərbaycanın regional və qlobal siyasətin müstəqil mərkəzi olmasında, Heydər Əliyev tərəfindən müəyyən edilmiş çoxvektorlu xarici siyasət kursu həlledici rol oynamışdır. Həmin məqam ölkəmizin dinamik inkişafı üçün geniş perspektivlər açır.

 

 

Novruz MƏMMƏDOV,

Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının xarici əlaqələr

şöbəsinin müdiri, səfir,

YAP Siyasi Şurasının üzvü

 

Xalq qəzeti.- 2010.- 9 may.- S. 5-6.