Klassik Şərq poetikasının tanınmış tədqiqatçısı

 

    Hər bir insan Allahın ona verdiyi ömür payına düşən şərait və mühitə uyğun, həm də özünün qabiliyyətinə görə yaşayır. Ömrün mənası onun uzunluğu ilə deyil, yaşanan illərin dəyəri ilə ölçülür və kimsə başqasının ömür yolunu təkrarlamır. Mahirə xanım Quliyeva bu baxımdan mənalı və maraqlı bir ömür yolu keçmiş, həyatını öz elmi-pedaqoji fəaliyyəti ilə səmərəli etmişdir. O, 1972-ci ildə Bakı Dövlət Universitetinin "Şərqşünaslıq" fakültəsinin ərəb filologiyası bölməsini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunda (indiki M.Füzuli adına Əlyazmalar İnstitutu) elmi fəaliyyətə başlamışdır.

    M.Quliyeva Əlyazmalar İnstitutunda işə başlarkən zəngin bir xəzinə ilə qarşılaşmışdır. Burada 45 minə qədər material - qədim çap kitabları, tarixi sənədlər, klassiklərimizin arxiv materialları, Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə yazılmış 15 mindən artıq əlyazma saxlanılırdı. Əlyazmaların kataloqlaşdırılmasının təməli məhz tanınmış 3 akademik səviyyəli alimin - Məmmədağa Sultanovun, professor Cahangir Qəhrəmanovun və professor Rüstəm Əliyevin adı ilə bağlıdır. Bu üç mərhum alimlərimizin mənəvi irsimizin təbliğində olan xidmətlərini xüsusi qeyd etmək lazımdır.

    Onun ilk elmi-tədqiqat işinin seçilməsinə istiqamət verən məhz professor R.Əliyev olmuşdur. Belə ki, ərəbdilli əlyazmaların təsviri zamanı B-5668 şifri altında mühafizə edilən XIII əsr alimi Siracəddin Əbu Yəqub əs-Səkkaki əl-Xarəzminin "Miftəhul-ulum" adlı əlyazmasının təsvirini yoxlayan Rüstəm müəllim onu nəzərdən keçirib demişdi: "Nədən bu əlyazmanı elmi iş kimi götürməyəsən? Elmlərin açarı kimi tərcümə olunan bu əlyazma Şərq poetikası haqqında tam təsəvvür yarada bilən qaynaq, bir növ o dövr Şərq poetikasının aynasıdır". Onun rəhbərliyi ilə Mahirə xanım XIII əsrin görkəmli ərəb alimi Siracəddin Əbu Yəqub əs-Səkkakinin "Miftəhul-ulum" ("Elmlərin açarı") əsərində "Ərəb ədəbiyyatının nəzəri əsasları" adlı namizədlik dissertasiyası üzərində tədqiqat işinə başladı. Bu ilkin qaynaq üzərində işləməyin ağır və ciddi olduğunu vurğulayan mərhum akademik Həmid Araslı da öz xeyir-duasını verdi.

    Bu işdə ərəb-müsəlman ədəbiyyat nəzəriyyəsinin keçdiyi inkişaf yolu və mövcud nəzəri məsələlər (əruz, qafiyə, bəlağət, fəsahət, məani, bəyan və bədii) işıqlandırıldı. Bununla həmin ədəbi prosesin mühüm qolu olan Azərbaycan ədəbiyyat və poetika nəzəriyyəsinin yeni və düzgün zəmində öz milli ruh və kökləri əsasında klassik ənənəyə uyğun şəkildə öyrənilməsi yolunda ilk təməl daşı qoyuldu.

    Orta çağlar Azərbaycan ədəbiyyatını Şərq poetikasının prinsiplərinə uyğun şəkildə öyrənmək böyük önəm daşıyır. Bu, ilk növbədə, klassik ədəbiyyatın məzmununun olduğu kimi anlaşılmasına, ədəbi-estetik dəyərlərin doğru-dolğun qiymətləndirilməsinə yol açır. Klassik poetik sistemi öyrənmədən çağdaş ədəbiyyatşünaslıq terminologiyası ilə orta yüzilliklər Azərbaycan ədəbiyyatını başa düşmək və onun bütövlüyünü görmək mümkün deyil.

    Mahirə xanım namizədlik dissertasiyasını 1984-cü ildə indiki AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda müdafiə etdi. Onun opponentləri - tanınmış rus alimi B.Y.Şıtvar və Azərbaycanın tanınmış elm və mədəniyyət xadimi, Azərbaycan əruzşünaslıq məktəbinin banisi Əkrəm Cəfər idi. Aftorefarata rəyi Moskvadan tanınmış alim, professor Nuru Osmanov göndərmişdi.

    Bu tədqiqatla bağlı elmi əlaqələr yarandı, Mahirə xanım konfranslarda iştirak etdi və Moskva şərqşünaslarının bir qismi ilə tanış oldu. Bu dövrdə keçmiş Sovetlər məkanında keçirilən bir sıra mühüm elmi konfranslarda öz nəzəri müddəaları ilə çıxış etdi. Şərqşünasların IV Ümumittifaq Konfransında, Gənc elmi işçilər və aspirantların XVII Moskva konfranslarındakı uğurlu elmi məruzələri maraqla qarşılandı, sonuncu məruzə isə fəxri diploma layiq görüldü.

    Çox keçmədi ki, onun XIII əsr alimi Siracəddin Əbu Yəqub əs-Səkkaki əl-Xarəzminin "Miftəhul-ulum" adlı əlyazması əsasında apardığı elmi tədqiqat işinin sorağı Moskvadan gəldi. Tanınmış Sovet şərqşünası professor İ.M.Fliştinskinin "İstoriya arabskoy literaturı (Moskva 1991)" adlı fundamental monoqrafiyasında 600-dən artıq müəllif və ədəbiyyat qeyd edilmiş, Azərbaycandan isə yalnız M.Quliyevanın "Voprosı teorii arabskoy literaturı na osnove Miftaxul-ulum as-Sakkaki" adlı namizədlik dissertasiyasından istifadə edilmiş və ədəbiyyat siyahısına salınmışdır.

    1982-ci ilin dekabr ayından Əlyazmalar Fondunda "Elmi ekspozisiya və çöl arxeoqrafiyası" adlı şöbə yaradıldı və üç bölmədən ibarət geniş nümayiş salonu təşkil edildi. Həmin ildən Mahirə xanım ekspozisiya zalına keçirildi və Azərbaycan, rus və ərəb dillərində respublikamıza gələn qonaqlara mənəvi sərvətimizi təbliğ etdi. Qonaqlar içərisində YUNESKO-nun baş direktoru M.Bou ürək sözlərini belə ifadə etmişdi. "Bu sərgi elmin müxtəlif sahələrini - incəsənəti, poeziyanı, fəlsəfə və s. dəqiq elmləri özündə əks etdirən əlyazmalar haqqında tam təsəvvür yaratmaq imkanı verir. Qədim incəsənət abidələrinin bu şəkildə qorunub saxlanılması çox yaxşıdır. Belə sərgilər, həmçinin ümumbəşər tərəqqi tarixinin öyrənilməsində əsas mənbə olan arxivlərlə tanış olmaq imkanı yaradır. Mən bu işin təşkilində iştirak edənlərin hamısını təbrik edirəm.

    M.Bou 10 sentyabr 1983-cü il".

    1984-cü ildə Mahirə Quliyeva M.Bounun dəvəti ilə Fransanın Strasburq şəhərində keçirilən "Azərbaycan elm və mədəniyyət günləri"nin iştirakçısı olmuş və Əlyazmalar Fondunda mühafizə olunan abidələr haqqında məlumat vermişdir. O, ilk monoqrafiyasında "Elmlərin açarı" əlyazması əsasında "Şərq ədəbiyyatının nəzəri məsələləri - bəlağət elmi və onun bölmələri - fəsahət, məani, bəyan və bədii elmlərini araşdırdı. Sonrakı axtarışlar göstərdi ki, bu sahə üzrə çoxsaylı ilkin qaynaqlar var ki, onların çoxu ərəb dilində, bir qismi fars dilində və çox cüzi hissəsi isə türk dilindədir. Orta əsrlər klassik Şərq poetikası və ədəbiyyatşünaslıq nəzəriyyəsinə dair mənbələrin araşdırılıb üzə çıxarılması həmin dövr poetika nəzəriyyəsinin ümumi vəziyyəti, səviyyəsi və əhatə dairəsi haqqında düzgün təsəvvür yaradır.

    Çox təəssüflə qeyd etmək lazımdır ki, indiyədək klassik Azərbaycan ədəbiyyatı və bəlliyat sistemi ilkin bəlağət qaynaqları əsasında öyrənilməmişdir. Zəngin və çeşidli məzmunlardan qaynaqlanmış klassik şairlərin yaradıcılığı çoxcəhətli, rəngarəng və əhatəli olmuşdur. Onlar klassik poetika və bəlağət incəliklərini dərindən mənimsəmiş, bu xəzinənin dəyərli və qiymətli gövhərləri ilə söz sənətini ən yüksək zirvəyə ucaltmışlar. Buna görə də orta əsr sənətkarlarını öz sənətlərini dəyərləndirmək üçün ilkin nəzəri qaynaqlara söykənmək zərurəti yaranır. İlk dəfə belə bir çətin və gərəkli mövzunun təhlilinə girişən M.Quliyeva ədəbiyyatşünaslıq və poetika sahəsindəki bu böyük boşluğu doldurmağa çalışdı. Bu istiqamətdə tanınmış şərqşünas M.Sultanovun redaktorluğu və filologiya elmləri namizədi N.Göyüşovun elmi məsləhəti ilə 1991-ci ildə "Klassik Şərq poetikası" adlı ilk kitabı çapdan çıxdı.

    1996-cı ildə həmin kitaba "Orta əsr bədii təfəkkür sistemində Quranın yeri" adlı yeni bir fəsil əlavə etməklə "Orta əsrin bədii təfəkkürü və klassik Azərbaycan ədəbiyyatı" adlı II monoqrafiya nəşr edildi. Bunula yanaşı, ikinci kitabı birincidən fərqləndirən təkcə yeni əlavə olunmuş fəsil deyil, klassik irsimizi zinətləndirən Füzuli yaradıcılığındakı söz-məna incəliklərinin verilməsi idi. Təkcə onu bildirək ki, Azərbaycanda ən çox mütaliə edilən və daha çox araşdırılan Füzuli poetikası bu günə qədər çox bəsit şəkildə təqdim olunmuşdur. Ümumiyyətlə, Füzuli və başqa klassiklərin poetikası və bədii ifadə vasitələri öz kökləri, milli zəmini və bu zəminə əsaslanan qaynaqlar əsasında təhlil edilməmişdir. Bu sahədə yazılan işlərin bir qismi şüarsayağı gözəl sözlər və ifadələrlə doludur. Ancaq həmin işlərdə klassiklərin gerçək və əzəmətli poetik dühası görünmür.

    Bəlağət üzrə aparılan sonrakı araşdırmalar göstərdi ki, bu mövzu o qədər zəngin, mürəkkəb və genişdir ki, onları sistemli hala gətirmək, çoxsaylı qaynaqları mərhələlər üzrə tənzimləmək, bəlağət təliminin yaranma, inkişaf və təkamül prosesini ardıcıllıqla izləmək, həmin təlim əsasında klassik Azərbaycan ədəbiyyat poetikasının ümumi prinsiplərini müəyyənləşdirmək çox önəmli problemlərdəndir. Bu məqsədlə M.Quliyeva doktorluq dissertasiyasının mövzusunu həmin problemin həllinə yönəltməyi qərara aldı və 2000-ci ildə "Klassik Şərq bəlağəti (poetikası) və orta əsrlər Azərbaycan poeziyası" adlı doktorluq dissertasiyasını müdafiə etdi.

    Azərbaycanda bu mövzu üzrə mütəxəssis olmadığına görə işi aparıcı müəssisə kimi Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəyə göndərdilər. Məşhur türkoloq alim N.Stebleva işi orijinalda - Azərbaycan dilində diqqətlə oxuyub yüksək dəyərləndirmişdir. Mahirə Quliyevanın elmi fəaliyyəti onun pedaqoji fəaliyyəti ilə üst-üstə düşür, başqa sözlə desək, bunlar bir-birini tamamlayır. O, Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda elmi-tədqiqat işləri ilə məşğul olmaqla yanaşı, 10 ildən bəridir ki, Bakı Dövlət Universitetində öz ixtisasından bakalavr və magistrlara dərs demiş, magistr işlərinə rəhbərlik etmişdir. Onun pedaqoji fəaliyyətinin əsas qismi Azərbaycan Beynəlxalq Universitetinin payına düşür. Belə ki, o, 2002-ci ildən şərqşünaslıq kafedrasının dossenti, 2003-cü ildən isə regionşünaslıq fakültəsi şərqşünaslıq kafedrasının müdiri, 2007-ci ildən isə regionşünaslıq fakültəsinin dekanı vəzifəsində çalışır.

    Onun elmi fəaliyyəti, pedaqoji işləri, yüksək təşkilatçılıq qabiliyyəti ilə tam uzlaşır. İşlədiyi müddətdə Mahirə xanım ərəb ölkələrinin respublikamızdakı səfirlikləri və bəzi mədəniyyət mərkəzləri ilə əlaqələr yaradır, ərəb dilinin öyrənilməsinin təkmilləşdirilməsi üçün müxtəlif konfranslar təşkil edir, istedadlı tələbələrin yay tətili müddətində ərəb ölkələrində mövcud olan dil kurslarında biliklərini artırmaq, ABU-nu bitirmiş bəzi tələbələrin ərəb ölkələrində magistratura pilləsində təhsil alması üçün yardımçı olur. Mahirə xanım bu baxımdan Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi, Misir Mədəniyyət Mərkəzi, onun rəhbəri doktor Adil Dərviş ilə sıx əməkdaşlıq edir.

    O, 2008-ci ildə Misir Mədəniyyət Mərkəzi ilə birlikdə bəzi ərəb ölkələrindən gəlmiş dilçilər və respublikamızın şərqşünasları ilə birgə "Ərəb dilinin qeyri-ərəblərə tədrisi" mövzusunda konfrans təşkil etmişdir.

    Tələbələrin Azərbaycan xalqının gələcəkdə layiqli təmsilçisi olması üçün Mahirə xanım əlindən gələni əsirgəmir. 60 yaşınız mübarək olsun, Mahirə xanım! Həmişə sizi elm və təhsilin inkişafı uğrunda ön sıralarda görək.

 

 

     Nizami CƏFƏROV,

     AMEA-nın müxbir üzvü,

     filologiya elmləri doktoru,

     professsor

 

     Xalq qəzeti.- 2010.- 16 may.- S. 8.