Təbii fəlakətlə mübarizə genişlənir

 

Kür çayının Hacıqabul rayonunun Meyniman kəndi ərazisində bəndin yarılması nəticəsində altı yaşayış məntəqəsini su basıb. ANS TV-nin verdiyi məlumata görə, mayın 23-də gecə Meyniman kəndindəki bəndin xeyli hissəsi dağılıb. Nəticədə, Meyniman 1, Meyniman 2, Ələtli, Ağacanlı, Girvənd və Xilə kəndlərini daşqın suları ağuşuna alıb.

 

Dərhal əhalinin köçürülməsinə başlanılıb. Bu işə Fövqəladə Hallar Nazirliyinin helikopterləri də cəlb olunub. Bəndi yarmış su yaxınlıqdan keçən Şirvan kanalının cənub hissəsindən Hacıqabul gölünə tərəf istiqamətləndirilib. Əgər Hacıqabul gölü dolub daşarsa, rayon mərkəzi də daxil olmaqla ətraf ərazilər təhlükə ilə üzləşə bilər. Hazırda Fövqəladə Hallar Nazirliyinin 500-dən artıq canlı qüvvəsi və çoxsaylı texnikası ərazidə yolçəkmə və bəndbərkitmə işləri ilə məşğuldurlar. Nazirliyin rəsmi məlumatına görə, təqribən 70-ə qədər ev daşqın sularının əhatəsində qalıb.

Azərbaycanda müşahidə edilən intensiv yağışlar nəticəsində sel sularından əziyyət çəkən 4 minə yaxın insan tibbi müayinədən keçirilib. Səhiyyə Nazirliyinin məlumatına görə, 150 nəfər hospitallaşdırılıb. Ümumilikdə 79 hamilə qadın qeydiyyata götürülüb ki, onlardan da 14-ü artıq dünyaya uşaq gətirib.

Ümumiyyətlə, çadır şəhərciyində 655 azyaşlı uşaq var. Onlardan 33-ü - 0,5 yaş arası, 482 uşaq isə 1-5 və 18 yaş arasındadır. Havaların və çadırların həddən artıq isti olması ilə əlaqədar profilaktik məqsədlərlə nisbətən zəif orqanizmli 22 uşaq yaradılmış tibb məntəqələrində yerləşdirilib. 1 uşaq anadangəlmə sepsislə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutuna göndərilib. 1 uşağın üzərində cərrahii əməliyyat aparılıb ki, onun da hazırki vəziyyəti qənaətbəxşdir.

Çadırda olan 33 şəkər xəstəsinə özünənəzarət aparatları paylanıb, 6 ruhi xəstə nevroloji şöbələrə yerləşdirilib.

Sel və daşqından zərər çəkənlərin məskunlaşdığı yerlərdə yoluxucu xəstəliklərin yaranmasının və yayılmasının qarşısını almaq məqsədi ilə gigiyena və epidemiologiya mərkəzləri tərəfindən dezinfeksiya işləri gün ərzində bir neçə dəfə aparılır. Fövqəladə vəziyyətlə əlaqədar təcili tibbi yardım maşınları, eləcə də fəlakət zonasına yaxın rayonların tibb işçiləri də səfərbər olunublar. Səhiyyə Nazirliyi tərəfindən tibbi və sanitar qaydalar nəzarətdə saxlanır və bu hal təhlükə aradan qalxanadək davam edəcək.

Mayın 23-də gecə saat 3 radələrində Aşağı Qarabağa və Göyçay rayonuna yağan güclü dolu yaşayış evlərinə, kənd təsərrüfatına ciddi ziyan vurub. Verilən məlumatlara görə, dolu əsasən Şatırlı, Kürdoraki, Hacıbəyli, Əyricə icra nümayəndəliklərinin ərazisinə və rayon mərkəzinə düşüb. On dəqiqə Qısa müddət ərzində davam edən yağıntı zaman dolunun hündürlüyü 10 santimetrə çatıb. Bəzi evlərə, xüsusən kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəyib.

Tərtər rayonu ərazisinin təxminən 70 faizinə də dolu düşüb. Rayon icra hakimiyyətindən verilən məlumata görə, 7-8 dəqiqə ərzində əraziyə diametri 3-4 santimetr olan buz parçaları yağıb. Nəticədə taxıl tarlalarına, meyvə bağlarına, tərəvəz və bostan sahələrinə xeyli ziyan dəyib. Evlərin zirzəmilərinə su dolub. Təbii fəlakət nəticəsində dəymiş ziyanın miqdarı müəyyənləşdirilir.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti. – 2010.- 25 may.- S. 6.