Şərəfli istiqlal yolunun başlanğıcı

 

Hər bir xalqın milli varlıq və özünüdərkinin ali təzahür forması olan müstəqil dövlət ideyasının praktik həyata vəsiqə alması əsrlərlə davam edən tarixi mücadilə nəticəsində mümkün olur. Dünyanın ən qədim etnoslarından biri olmaqla, bəşər sivilizasiyasına böyük töhfələr vermiş azərbaycanlılar da taleyin qismətindən minilliklər boyu milli özünəməxsusluğunu şərtləndirən keyfiyyətləri, milli dövlətçilik ənənələrini yaşatmaq, azadlıq, müstəqillik nemətinə qovuşmaq üçün ən çətin və sərt sınaqlardan çıxmışlar. Bu baxımdan azərbaycanlıların da milli dövlətçilik şüurunun və ənənələrinin inkişafı prosesi uzun əsrlər boyu davam etmiş, xalqın formalaşma, təşkilatlanma və özünütəsdiqləmə prosesinə əsaslı təkan vermişdir.

 

Tarix boyu bir sıra böyük sərkərdələr, dövlət xadimləri Azərbaycan torpaqlarını vahid dövlət bayrağı altında birləşdirmək, milli dövlət qurmaq istəsələr də, obyektiv və subyektiv səbəblərdən qarşıya qoyduqları müqəddəs məqsədə çata bilməmişlər. Müstəqil Azərbaycan dövlətinin de-fakto qurucusu, ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, əgər XX əsrin əvvəllərində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail olubdur: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır".

Qısa zaman kəsiyində mövcudluğu ilə daim qürur duyduğumuz Azərbaycan Xalq Cümhuriyyəti kifayət qədər çətin və mürəkkəb tarixi mərhələdə meydana gəlmişdir. Rusiyada 1917-ci ilin fevralında baş vermiş inqilabdan dərhal sonra Zaqafqaziya Dövlət Dumasına seçilmiş deputatlar əvvəlcə Zaqafqaziya idarəsi üzrə xüsusi komitə, sonra isə Zaqafqaziya Komissarlığı yaratmışdılar. Zaqafqaziya respublikalarından Rusiyanın Müəssislər Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşaraq Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratmaq barədə qərar qəbul etdilər. Zaqafqaziya Seymində və hökumətində təmsil olunan deputatlar isə öz xalqlarının mənafeyini ümumqafqaz mənafeyindən üstün tuturdular. Onların ümumi platformaya malik olmaması isə növbəti parçalanma prosesini qaçılmaz edirdi. Bu ziddiyyət və fikir ayrılıqlarının nəticəsi olaraq 1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin də mövcudluğuna son qoyuldu: ilk olaraq Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26-da istiqlaliyyətini elan etdi.

Zaqafqaziya Seymi dağıldıqdan sonra, mayın 27-də seymin 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplandı. Fraksiya Azərbaycanın idarə olunması səlahiyyətini üzərinə götürmək qərarına gələrək özünü Azərbaycanın Milli Şurası elan etdi, M.Ə.Rəsulzadə isə sözügedən şuranın sədri seçildi. 1918-ci il mayın 28-də isə Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın İstiqlal bəyannaməsini qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti həmin bəyannamədə xalqın istiqlal və azadlıq əzminin nəticəsi olaraq əldə olunmuş müstəqilliyi qoruyaraq inkişaf etdirməyi, səmərəli sosial-iqtisadi islahatların həyata keçirilməsi yolu ilə xalqın firavan həyat tərzinə nail olmağı, hər bir fərdin qanuni maraq və mənafeyinin müdafiəsində dayanmağı qarşıda mühüm vəzifələr kimi müəyyənləşdirmişdi. 1918-ci il mayın 28-də elan olunan "İstiqlal bəyannaməsi"nin 4-cü və 5-ci bəndlərində deyilirdi: "...4.Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən qəməlrovunda (hüququ daxilində) yaşayan bütün vətəndaşların hüquqi siyasiyyə və vətəniyyə təmin eləyir...5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişaflar üçün geniş meydan buraxır".

Həmin dövrdə Milli Şuranın və hökumətin qarşısında duran ən mühüm vəzifələrdən biri də Azərbaycanın istiqlaliyyətinin beynəlxalq aləmdə tanınması idi. 1918-ci ilin mayın 30-da radioteleqrafla dünyanın əsas siyasi mərkəzlərinə Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə məlumat verilmişdi. 1918-ci il iyunun 4-də "Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi" imzalanmışdı. Bu müqavilə Azərbaycan Respublikasının xarici dövlətlərlə imzaladığı ilk rəsmi sənəd idi. 11 maddədən ibarət müqavilənin mühüm əhəmiyyətə malik 4-cü maddəsində "Dinclik və asayişi möhkəmləndirmək ölkənin təhlükəsizliyinin təmini üçün əgər zərurət olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür" müddəasının əksini tapması son dərəcə əhəmiyyətli idi.

Milli Şura ilk hökumətin təşkilini F.Xoyskiyə tapşırmışdı: ilk hökuməti "Müsavat", "Müsəlman sosialist bloku", "Hümmət", "İttihad" və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi. Bu dövrdə Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar müxtəlif qüvvələr arasında mübarizə gedirdi. İyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyət nəzərə alınaraq bütün ölkə ərazisində hərbi vəziyyət elan edildi. Nazirlər Kabinetinin 1918-ci il 26 iyun tarixli 164 saylı sərəncamına əsasən, Azərbaycan Milli Ordusu yaradıldı.

1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncə şəhərinə köçdü. Həmin dövrdə Gəncədə real hakimiyyət Türkiyənin Qafqaz Ordusunun baş komandanı Nuru paşanın əlində idi. Azərbaycan Milli Şurası və hökumətinin həyata keçirməyə çalışdıqları tədbirlərin "həddindən artıq demokratik istiqamətindən" narazı qalan bəzi qüvvələrin təsiri ilə Nuru paşa Azərbaycan Milli Şurası və hökumətini şübhə ilə qarşıladı. Uzun danışıqlardan sonra qarşılıqlı güzəştlər əsasında Milli Şuranın buraxılması və bütün hakimiyyətin yeni yaradılacaq hökumətə həvalə olunması barədə razılaşma əldə edildi. Bu məsələlərin müzakirəsi üçün 1918-ci il iyunun 17-də Milli Şuranın növbəti - sayca yeddinci iclası keçirildi. Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul edildi. İclasda çıxış edən F.X.Xoyski bəyan etdi ki, onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır.

Milli hökumət Gəncədəki fəaliyyəti dövründə - 1918-ci ilin iyunun 27-də "Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında" fərman imzaladı. Azərbaycan dilli savadlı kadrların çatışmazlığı nəzərə alınaraq, dövlət idarələrində müvəqqəti olaraq rus dilindən də istifadəyə icazə verilirdi. İyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul olundu. Noyabrın 9-da isə həmin bayraq üçrəngli - mavi , qırmızı və yaşıl zolaqdan ibarət olan bayraqla əvəz edildi. Həmin il Azərbaycan Xalq Cümhuriyyətinin himninin qəbul edilməsi ilə də əlamətdar oldu. Azərbaycanın milli valyutasının - manatın dövriyyəyə buraxılması da cümhuriyyət hökumətinin qısa müddət ərzində həyata keçirdiyi uğurlu tədbirlər sırasında idi.

Milli hökumət ilk gündən Azərbaycan ətrafında mövcud informasiya blokadasını yarmağa, respublikanı dünya miqyasında tanıtmağa çalışır, eyni zamanda, fəaliyyəti haqqında xalqı məlumatlandırmağa ciddi ehtiyac duyurdu. Təsadüfi deyildir ki, Azərbaycanın istiqlaliyyətinin bəyan edilməsindən cəmi bir il sonra hökumət rəsmi mətbuat orqanı yaratmaq qərarına gəlmiş və bu istiqamətdə ardıcıl addımlar atmağa başlamışdı. Nəhayət, maliyyə problemlərini dəf edən hökumət Gəncədə rəsmi dövlət orqanı "Azərbaycan" qəzetinin ilk sayının çapdan çıxmasına nail oldu. "Azərbaycan" qəzeti həmin dövrə qədər çap olunan bir çox qəzetlərdən fərqli olaraq tarixi bir missiyanı həyata keçirir, gənc, müstəqil Azərbaycan dövlətinin həyatında baş verən ictimai-siyasi və iqtisadi prosesləri işıqlandırır, hökumətin rəsmi mövqeyini ifadə edirdi.

Bakı şəhərini 1918-ci il iyulun sonlarında süqut etmiş Bakı kommunasından sonra ələ keçirmiş eser-menşevik və daşnak nümayəndələrindən ibarət "Sentrokaspi diktaturası"ndan təmizləmək həmin dövrdə Azərbaycan hökuməti qarşısında həyati vacib vəzifələrdən biri idi. Bir neçə ay davam edən qızğın döyüşlər nəticəsində Qafqaz İslam ordusu 1918-ci il sentyabrın 15-də Bakını düşmən ünsürlərdən təmizləməyə nail oldu. Sentyabrın 17-də isə F.X.Xoyskinin başçılıq etdiyi hökumət Gəncədən köçdü və Bakı şəhəri paytaxt elan olundu.

1918-ci il iyunun 17-də Gəncədə fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da işini yenidən bərpa etdi. Bu iclasda F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssislər Məclisini çağırmaq üçün görülməli işləri də öhdəsinə götürdu. Əslində, müstəqil parlamentin yaradılması respublikanın "İstiqlaliyyət bəyannaməsi"ndə əksini tapmış məqsədlərin reallaşdırılması zərurətindən irəli gəlirdi. Həmin bəyannamənin ikinci bəndində göstərilirdi ki, müstəqil Azərbaycanın siyasi quruluş forması demokratik respublikadır. Məhz bu baxımdan milli hökumət möhkəm qanunvericilik bazası yarada biləcək orqanın formalaşdırılmasını tez bir vaxtda başa çatdırmalı idi. Azərbaycan parlamenti, eyni zamanda, gənc respublikanın dünyaya tanıdılmasında, onun legitimləşdirilməsində zəruri olan qanunvericilik bazasını çox sürətlə formalaşdırmalı idi.

Milli hökumət Azərbaycan parlamentini mümkün qədər tez formalaşdırmağa çalışır, bunu bir tərəfdən milli hakimiyyəti qanuniləşdirmək, digər tərəfdən dövlət idarəetməsini demokratik prinsiplər əsasında formalaşdırmaq istəyi ilə əsaslandırmağa çalışırdı. 1918-ci il noyabrın 16-da toplanan Milli Şura mövcud fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar olaraq ali hakimiyyət orqanı kimi "Azərbaycan parlamentinin yaradılması haqqında" qanun layihəsini hazırladı və həmin il noyabrın 19-da bu qanunu qəbul etdi. Milli Şuranın tərkibi demokratik tələblərə cavab vermədiyi üçün birpalatalı parlamentə gizli seçkilər keçirilməsi qərara alındı. Parlament haqqında qanun siyasi-hüquqi hadisə kimi təqdirəlayiq olmaqla, seçkilərin keçirilməsi üçün də hüquqi baza yaratdı. Parlamentin yaradılması ərəfəsində ən mühüm addımlardan biri də məhz müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsi oldu.

Ekstremal şəraiti nəzərə alan Milli Şura seçkili orqan olan parlamentə koopitasiya qaydasında - ümumi seçki keçirmədən, məhdud seçki qaydaları əsasında, yerlərdəki nümayəndələrdən müəyyən edilməklə, - Azərbaycan Cümhuriyyəti müvəqqəti parlamentini yaratmaq qərarına gəldi. 120 nəfər deputatdan ibarət olacaq qanunverici orqanın inzibati ərazi vahidləri təmsilçilərindən də təşkil edilməsi nəzərdə tutulmuşdu. Məhz bu bölgü prinsipi həm də Azərbaycan sərhədlərini dəqiqləşdirməklə bütün bölgələrin iştirakını təmin edirdi. Seçki qanunu siyasi, sinfi, dini, milli fərqləri nəzərə almadan səsvermə hüququna malik bütün vətəndaşların iştirakını təmin edirdi. Milli Şura üzvlərinin qətiyyətli siyasi mövqeləri demokratik parlamentin formalaşmasına gətirib çıxardı. Milli hökumətin varlığını istəməyən ermənilər və Rusiya tərəfdarları, habelə milli hökuməti tanımaq istəməyən o vaxtkı ingilis hərbi komandanlığı parlamentin yaradılmasına mane ola bilmədilər.

Yeni formalaşdırılacaq parlament ölkə əhalisinin hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı, 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları, 1 nəfər isə yəhudiləri təmsil etməli idi. Milli Şuranın 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən, 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə də birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. 1918-ci il dekabrın 7-də Azərbaycanın tarixində böyük hadisə baş verdi. Bakıda H.Z.Tağıyevin qız məktəbinin binasında Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Milli Şuranın sədri M.Ə.Rəsulzadənin giriş sözü və təbrik nitqi ilə açıldı.

Azərbaycan parlamentində ermənilərə 21, ruslara 10 yer ayrılmasına baxmayaraq, onlar 2 ay müddətində ali qanunverici orqanın açılışında iştirak etməmiş, onun fəaliyyətini pozmağa çalışmışlar. Bakıda fəaliyyət göstərən Rus Milli Şurası isə Azərbaycanın öz müstəqilliyini elan etməsi ilə "vahid və bölünməz Rusiya"nın parçalanmasına yol açdığını "əsas" gətirərək Azərbaycan parlamentini boykot etmək barədə qərar qəbul etmiş, bu qərarı erməni daşnakları da dəstəkləmişlər. İki ay sonra parlamentin iclaslarına qatılan ermənilər həmişə olduğu kimi, Azərbaycan dövlətçiliyinə xəyanət mövqeyindən çıxış etmişlər.

İlk iclasda "İttihad" fraksiyasından Q.Qarabəyli Azərbaycan parlamentinin açılışı münasibətilə siyasi məhbuslara ümumi amnistiya verilməsi təklifi ilə çıxış etdi. Parlament fraksiyaları bu təklifi yekdilliklə qəbul edərək amnistiya haqqında qanun layihəsini hazırlamaq üçün 5 nəfərdən ibarət işçi heyəti yaratdılar. "Azərbaycan parlamentinin açılması münasibətilə siyasi əfvi-ümumi" adlanan ilk qanun say etibarı ilə Azərbaycan Demokratik Cümhuriyyətinin 7-ci rəsmi qanunu idi. Azərbaycanda özünü ali hakimiyyət orqanı elan etmiş Milli Şuranın "Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında", "Birinci Müvəqqəti hökumətin tərkibi haqqında", "İkinci Müvəqqəti hökumətin tərkibi haqqında", "Müvəqqəti hökumətin hüquq və vəzifələri haqqında", "Milli Şuranın buraxılması haqqında" və "Azərbaycan parlamentinin yaradılması haqqında" qanunları ilkin mərhələdə milli qanunvericiliyin inkişafı baxımından böyük əhəmiyyət kəsb edirdi.

Azərbaycan parlamentinin 1918-ci il yanvarın 25-də qəbul etdiyi "Deputatlıq və məmurluq haqqında" Qanun isə hakimiyyətlərin bölgüsü prinsipinin geniş tətbiqinə imkan yaradırdı. Qanun layihəsi qanunverici və icraedici hakimiyyətlərin bir-birindən ayrılıb müstəqil olması və respublika dövlət quruluşunun demokratik ənənələrinə müvafiq olmasını nəzərdə tuturdu. Dövlət qulluğu ilə paralel şəkildə parlament üzvü kimi fəaliyyət göstərməyin qaydalarını tənzimləyən "Deputatlıq və məmurluq haqqında" Qanun nazirlər istisna olmaqla, bütün məmurlara hər iki hakimiyyət qolunda təmsilçiliyi qadağan edirdi. İdarə xidmətində çalışmayan məktəb məmurları və ya professorlar, eləcə də müxtəlif azad peşə sahibləri - hüquq məsləhətçiləri, həkimlər, dövlət məmurları olmadıqlarına görə bu sırada istisna təşkil edirdilər. "Deputatlıq və məmurluq haqqında" Qanun Azərbaycan parlament təcrübəsində istifadə olunan "qanun dərc olunduğu gündən qüvvəyə minməsi" qaydasının tətbiqini də nəzərdə tuturdu. Lakin qanun parlament qulluqçularına və son dövrdə mükafat almış qulluqçulara şamil edilmirdi.Parlament,eyni zamanda,"Səpmə,yatalaq xəstəliyi ilə mübarizə aparmaq üçün Nuxa şəhər ictimai özünüidarə-bələdiyyəsinə 200 min rubl dövlət xəzinəsindən kredit ayrılması haqqında" qanunu qəbul etmişdi.

Bundan başqa, parlament "Yollar və qara yollar, onların təmiri və inşasının Yollar Nazirliyinə verilməsi haqqında", "Müəssislər Məclisinə seçkilər üçün qanunnamə hazırlanmasına görə 20 min rubl ayrılması haqqında", "Vergilər sahəsində şikayətləri araşdırmaq üçün Maliyyə Nazirliyi nəzdindəki Ali Şura instansiyasının yaradılması haqqında", "Poçt və teleqraf nizamnaməsinin 131-ci və digər maddələrinin ləğv edilməsi haqqında", "Azərbaycan quberniya sənaye vergisi idarəsinin təşkili haqqında", "1918-1919-cu illər üçün quberniya və dairə vergi idarələrinin seçilməsi qaydaları haqqında" qanunları qəbul etmişdi.

Hökumət, eyni zamanda, 1918-ci il mart soyqırımının da təhqiqatının aparılmasını diqqətdə saxlayırdı. 1918-ci il mart soyqırımını təhqiq edən Azərbaycan Məhkəmə Palatası fövqəladə istintaq komissiyasının ləğv edilməsi haqqında məlumatı "Azərbaycan" qəzetinin 1919-cu il 26 aprel tarixli sayında vermişdi. Məlumatda göstərilirdi ki, Azərbaycan Məhkəmə Palatasının ali sədri, xüsusi sərəncamla mart hadisələri ilə bağlı materiallar toplanmasının dayandırılması və toplanmış sənədlərin bir hissəsinin Versal konfransına yola düşən nümayəndə heyətinə verilməsi barədə əmr vermişdir. Şifrələnmiş rəqəmli məlumatların xüsusi kuryer vasitəsilə Parisə göndərilməsi qərara alınmışdır.

Azərbaycan parlamenti 1919-cu ilin yayında qanunvericilik sahəsindəki fəaliyyətini davam etdirərək, ən müxtəlif sahələri əhatə edən qanun layihələrini o cümlədən, "Balaxanı-Sabunçu mahalında vergi polisi təsisi haqqında", "Şəhərlərdə bələdiyyə idarələri seçkiləri haqqında", "Əsgəri xidmətin müddəti barəsində", "Alkoqol məhsulundan aksiz vergisi miqdarının artırılması haqqında", "Azərbaycan hökuməti sərhəd mühafizə polkunun təsisi haqqında", "Teatr tamaşaları və əyləncə yerlərindən tutulan vergilərin hökumət xəzinəsinə idxalı haqqında", "İrəvan xeyriyyə işləri naziri və vəkilin (səlahiyyətli nümayəndə) maaşı və onun idarəsinə 177 min rubl ayrılması haqqında", "Lisenziyası olmayan içki ticarətindən alınan cərimələrin artırılması haqqında" və s. qanun layihələrini müzakirəyə çıxarmış və qəbul etmişdi.

Parlamentdə "Hərbi mükəlləfiyyət haqqında" Qanuna nəzərdə tutulan əlavələr və dəyişikliklər isə orduya çağırılanların xidmət müddətini müəyyən edirdi. Həmin vaxta qədər Rusiya imperiyası qanunlarına müvafiq olaraq Azərbaycan Cümhuriyyətində əsgəri xidmət 3 il 3 ay tətbiq olunurdu. Göstərilən müddət məqbul sayılmadığından, onun 2 ilə qədər azaldılması nəzərdə tutulurdu. Müddətin azaldılmasında məqsəd gənclərin hamısını orduya cəlb etmək, nisbətən qısa müddətdə xidmət edib, ehtiyatda olanların sayını artırmaqdan ibarət idi. Qanuna görə, 19-24 yaşı olanlar əsgərliyə çağırılırdılar.

Ali qanunverici orqanın fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan "Azərbaycan parlamentinin nakazı (təlimatı)" ilə tənzimlənirdi. Parlament Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğuna mühüm töhfə verdi, ölkə həyatının müxtəlif sahələrinə dair bir sıra vacib qanunlar, qərarlar qəbul etdi. Həmin dövrdə Azərbaycan müsəlman Şərqində yeganə parlamentli respublika idi. 23 ay ərzində respublika parlamentinin 145 iclası keçirildi, 270-dən artıq qanun layihəsi müzakirəyə çıxarıldı, onlardan 230-a yaxını təsdiq edildi.

Azərbaycan parlamenti geniş səlahiyyətlərə malik olmuş və ölkənin milli maraqlarının qorunması baxımından mühüm addımlar atmışdı. Parlamentin sədri Ə.Topçubaşovun rəhbərliyi altında nümayəndə heyətinin Paris sülh konfransında uğurlu diplomatik fəaliyyəti sayəsində 1920-ci il yanvarın 11-də Antanta dövlətləri Azərbaycanın istiqlaliyyətini de-fakto tanımışdılar. AXC fəaliyyət göstərdiyi 23 aylıq müddət ərzində 20-dən çox dövlətlə, o cümlədən Türkiyə, Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və s. baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail olmuşdu.

Ötən əsrin əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olaraq bugünkü müstəqil dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırmışdır. Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi, "1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir, xalqımızın böyük nailiyyətidir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm intellektual, həm də mədəni potensialını yaradıbdır".

Azərbaycan Xalq Cümhuriyyəti müəyyən obyektiv və subyektiv səbəblər üzündən süquta uğrasa da, xalqımız milli özünüdərk və özünəməxsusluq duyğularını, milli "mən"ini sovet imperiyasının dövründə də yaşada bildi. Zəngin mədəniyyətə malik mükəmməl etnos kimi bütün dünya tərəfindən etiraf olunan azərbaycanlıların genetik birliyi, eyni etnomədəni sistemə mənsubluğu, həmçinin milli dövlətçilik təfəkkürü bu kimi amillərə qarşı kəskin qadağalar müəyyənləşdirmiş Sovetlər Birliyi dövründə də məhdudlaşdırıla bilmədi.

Ulu öndər Heydər Əliyevin ötən əsrin ortalarında Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi isə respublikamızı həqiqi müstəqilliyə aparan nurlu yolun başlanğıcı kimi xatırlanır. Tarixin kamil şəxsiyyət, milli lider kimi Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə azərbaycanlıların müstəqil düşüncə ətrafında birləşməsi, gələcəkdə müstəqil dövlət üçün hərtərəfli zəmin yaradılması imkanları genişləndi. Əsrlər boyu əxz etdiyi dövlətçilik təfəkkürünü, özünəməxsus milli-mənəvi dəyərləri, adət-ənənələri, mental xüsusiyyətləri müdrik rəhbərin sarsılmaz iradəsi, qətiyyəti sayəsində vahid sistem halına gətirərək özünütəsdiq imkanı qazanmış xalqımız hələ keçmiş ittifaq dövründə gələcək müstəqilliyinə etibarlı təməl formalaşdıra bildi.

Ümumilikdə, Heydər Əliyevin rəhbərliyi altında 70-80-ci illərdə istər icra strukturları, istərsə də parlament səviyyəsində həyata keçirilmiş kompleks tədbirlər respublikamızın ötən əsrin 90-cı illərə doğru müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdır. Bu gün əminliklə demək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının ideallarında yaşatdıqları müstəqil hüquqi, demokratik, dünyəvi dövlət məhz ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda respublikaya qayıdışından sonra mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədə qanunçuluğun, hüquq qaydalarının bütün sahələrdə möhkəmlənməsini təmin etməklə yanaşı, qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır.

Ali Sovetin Sədri seçildikdən sonra ulu öndər Heydər Əliyev ona göstərilən etimadı doğrultmağa çalışacağını vurğulamışdır: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafına həsr edəcəyəm. Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir".

Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılacağı və inkişaf etdiriləcəyi ilə bağlı verdiyi bu vədini praktik olaraq gerçəkləşdirmiş, sabit dövlətçilik ənənələrini yaratmış, respublikamızı davamlı inkişaf yoluna çıxarmış lider kimi xalqının qəlbində yaşayır və rəğbətlə anılır. Bu gün istər Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının, istərsə də ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik məsələləri ilə bağlı həyata keçməyən arzuları Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilir. Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın daxili və xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.

Uzun illər regionda siyasi orbitr rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi bu gün Azərbaycanın müstəqil siyasət yeritməsinin ən mühüm göstəricisi kimi vurğulana bilər. "Müstəqillik o deməkdir ki, ölkə tam şəkildə müstəqil siyasət apara bilsin. Ölkələr var ki, müəyyən səbəblərə görə müstəqil siyasət aparmaq iqtidarında deyildir, haradasa imkanları yoxdur, haradasa tədbirlər görülməyibdir. Azərbaycan bu baxımdan ayaq üstə çox möhkəm dayanan ölkədir. Bizim vəzifəmiz, borcumuz, bütün Azərbaycan xalqının borcu ondan ibarətdir ki, bu müsbət meylləri daha da möhkəmləndirək" - deyə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi ilə bağlı keçirilən təntənəli mərasimdə vurğulamışdır.

Bu gün ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın daxili və xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir. Dünyada gedən mürəkkəb, ziddiyyətli proseslərə baxmayaraq, ölkə vətəndaşları əmindirlər ki, cənab İlham Əliyevin yeritdiyi siyasət respublikanın siyasi müstəqilliyini və milli təhlükəsizliyini daha da möhkəmləndirəcək, onun inkişaf etmiş ölkələr sırasına yüksəlməsini təmin edəcəkdir.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2010.- 28 may.- S. 4.