Mühacirətşünaslığa dəyərli töhfə

 

Varşavanın nüfuzlu "Adam Marşalik" nəşriyyatı (Wydawnijtwo Adam Marszalek) bu yaxınlarda "Çağdaş mühacirət hərəkatı" seriyasından filologiya elmləri doktoru, professor Vilayət Quliyevin toplayıb tərtib etdiyi, geniş ön söz, qeydlər və şərhlər yazdığı "Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən" (XX əsrin 30-cu illəri) adlı irihəcmli (566 səh.) kitabı rus dilində çapdan buraxılmışdır.

 

Seriyanın redaktoru Daniyel Kava, katibi və aparıcı redaktoru Yudita Veqlovskaya, elmi rəyçilər professor, Dr. Janna Manovskaya və Dr. Qriqor Pivnikdir. Topluda əsasən 1930-cu illərdə Polşada rus dilində nəşr edilən "Şimali Qafqasiya" və "Qafqasiya dağlıları" jurnallarında Azərbaycanın görkəmli siyasi mühacirlərinin çap olunan məqalələri yer almışdır. Kitabın mütəxəssislər üçün aktuallığından söz açmamışdan öncə tərtibçi-müəllif haqqında qısa xatırlatmaya ehtiyac duyulur.

Vilayət Quliyev ötən yüzilliyin 70-ci illərindən elmi yaradıcılığa uğurla başlayan, XIX-XX əsr ədəbi prosesi və ədəbiyyat tarixi ilə ciddi məşğul olan, təcrübəli, istedadlı, cəfakeş ədəbiyyatşünasdır. Onun əsərlərinin biblioqrafiyasını nəzərdən keçirdikdə zaman-zaman tarixi vətənlərindən perik düşmüş məşhur soydaşlarımızın - görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, ədəbiyyat, mədəniyyət və düşüncə adamlarının zəngin, çoxçalarlı mənzərəsi göz önündə canlanır. Mirzə Kazım bəy, Mirzə Cəfər Topçubaşov, İsa Sultan Şahtaxtinski, Əlimərdan bəy Topçubaşov, Əhmədbəy Ağaoğlu, Əhməd Cəfəroğlu, Səməd Ağaoğlu, Adil xan Ziyadxanlı və b. haqqında məxfi arxiv materialları əsasında yazdığı və bu gün nadirəyə çevrilən monoqrfik əsərləri Vilayət Quliyevin mühacirətşünas-alim imicinin yaddaqalan ştrixləridir.

Onun toplayıb, tərtib və tərcümə etdiyi, geniş ön söz və şərh yazdığı əsərlərdən "Ağaoğlular" (1997), Ə.Topçubaşovun "Parisdən məktublar" (1999), "Azərbaycan Paris sülh konfransında" (2007), Ə.Ağaoğlunun "Seçilmiş əsərləri" (2007), "Behbud Xan Cavanşirin məhkəmə prosesi" (2008), Ə.Cəfəroğlunun "Seçilmiş əsərləri" (2008), S. Ağaoğlunun "Hekayələr, memuarlar"ı (2009) ölkəmizdən kənarda yaradılan və elmi, ədəbi-mədəni xəzinəmizə böyük zəhmətlər hesabına daxil olunan mənəvi sərvətlərimizdir. "Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən" (XX əsrin 30-cu illəri) adlı kitabı da eyni silsilədən Vilayət müəllimin növbəti yaradıcılıq uğuru, çağdaş ictimai-mədəni mühitimiz üçün hadisə adlandırmaq olar. Toplu tərtibçi-müəllifin Polşada diplomatik xidmətdə olduğu dövrdə nəşrə hazırlanmışdır. Səfir Vilayət Quliyevin 6 ildən çox Vətəndən kənarda yaşaması və fəaliyyət göstərməsi onun siyasi mühacirlərimizin taleyinə və mübarizə yoluna, duyğu və düşüncələrinə dərindən bələd olmasına, siyasi baxışların obyektiv şərhinə köməklik göstərmişdir.

Son illər Azərbaycan mühacirət ədəbiyyatı qaynaqlarının ciddi araşdırılmasına, sanballı monoqrafik işlərin işıq üzü görməsinə baxmayaraq yeni toplunun fərqli və üstün cəhətləri ondan ibarətdir ki, burada öz əksini tapan ədəbi-tarixi, siyasi-publisistik materiallar tədqiqatlardan kənarda qalmış, bu mənbələrə istinad edilməmişdir. Cümhuriyyət dövrünün hərbi, ictimai-siyasi mənzərəsini özündə əks etdirən, tariximizin qaranlıq və naməlum məqamlarına işıq salan, mötəbər və zəngin faktları ilə yüksək elmi dəyərə malik məntlər, materiallar Polşa nəşrində üstünlük təşkil edir.

Kitab üç bölməyə ayrılıb. Birinci və əsas hissədə siyasi mühacirlərimizin "Şimali Qafqaziya" və "Qafqasiya dağlıları" jurnallarında çıxan məqalələri verilib. İkinci bölüm əlavələrdən və sonuncu hissə isə müəlliflər haqqında məlumatlardan və şərhlərdən ibarətdir.

Toplu Vilayət Quliyevin "Sözfikir mübarizləri" məqaləsi ilə açılır. Tərtibçi-müəllif Azərbaycan mühacirlərinin mövcud tarixi şəraitin real imkanlarından maksimum faydalanaraq Avropa ölkələrində yaratdıqları siyasi fikir mərkəzlərinin, mübarizə metodlarının geniş şərhini verməklə yanaşı, onların Vətənə, xalqa ləyaqətlə xidmət etməkdə yeganə silahlarının söz, fikir olduğunu vurğulamışdır. Polşada fəaliyyət göstərən mühacirlərimizin isə söz tribunası funksiyasını Azərbaycan və rus dillərində çap olunan "Qafqasiya dağlıları" (1929-1934) və bu dərginin mənəvi varisliyini davamı etdirən "Şimali Qafqasiya" - "Severnıy Kafkaz" (1934-1939) jurnalları daşıyırdı. Adıgey knyazı Elmuraz Çərkəzlinin redaktəsi ilə birinci dərginin 50 sayı işıq üzü görmüşdür. 1934-cü ilin aprelində bu jurnal fəaliyyətini dayandırdıqdan sonra osetin publisistisiyasi xadimi Barasbi Baytuqanın (1899 - 1986) baş redaktorluğu ilə "Şimali Qafqaziya" - "Severnıy Kafkaz" eyni missiyanı davam etdirmişdir. Topluda bu jurnalların 60-a yaxın materialı seçilərək çapa hazırlanmışdır.

Məhəmməd Əmin Rəsulzadənin kitabda yer almış məqalələrində - "Qafqaz birliyi", "Qafqaz birliyi şüarı altında", "Qafqazın prolemləri", "Bir tarixin mahiyyəti" (Zaqafqaziya Seyminin 15 illiyinə) və s. sərlövhələrindən də məlum olduğu kimi, Qafqaz xalqlarının tarixindən, ağır həyat durumundan, ictimai-siyasi aqibətindən bəhs edir. Müəllifin "Türkiyə və Avropa", "Rusiyanın köləliyində", "Sovet İttifaqında milli təmayül", "Milli inkişafın dinamikası" adlı məqalələri, eləcə də görkəmli şəxsiyyətlərə həsr edilmiş "Firdovsi bayramı", "Yuzef Pilsudski", "Kamal Atatürkün vəfatı" portret-oçerkləri elmi-publisistik dəyəri, aktuallığı və müasirliyi ilə diqqətəlayiq əsərlərdir.

"Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən" toplusunda Doktor Mir Yaqub Mir Mehtiyevin, Mirzə Bala Məhəmmədzadənin, Əli Azərtəkinin, İsrafil bəy İsrafilbəyovun, Cahangir bəy Kazımbəyovun, Nağı Bayramlının və gizli imza, təxəllüslə yazan müəlliflərin əsərləri yer almışdır. Doktor Mir Yaqubun məqalələrində dövrün siyasi mənzərəsini əks etdirən beynəlxalq vəziyyətlə bağlı problemlərdən daha geniş bəhs olunmuşdur. Onun"ABŞ xarici siyasətinin təkamülü", "Bolşeviklər İranda", "Sovet İttifaqında milli problem və beynəlxalq vəziyyət", "Sovet İttifaqı və millətlər liqası", "Qafqaz konfederasiyası ideyası tarixindən" məqalələri müəllifinin yüksək siyasi hazırlığa, geniş dünyagörüşə və beynəlxalq prosesləri mütəmadi izləmək və ümumiləşdirmək bacarığına, səriştəsinə malik olduğunu təsdiqləyir.

Azəri ləqəbinin Mirzə Balaya məxsusluğunu nəzərə alsaq, Məhəmmədzadə burada da öz ənənəsinə sadiq qalaraq Azərbaycanın milli dərdlərinə, ağrılarına daha geniş miqyasda, əsaslı arqumentlərlə toxunmuşdur. "Azərbaycan necə və nə üçün sovetləşdirildi", "Milli respublikalarda sovet terroru", "Azərbaycanda sovet dil siyasəti", "Qafqaz mayı" və s. əsərlərində Mirzə Bala işğala məruz qalmış vətəninin, onun yurdsevər, istiqlalsevər övladlarının başına gətirilən müsibətlərdən, məşəqqətlərdən, müxtəlif bəhanələrlə torpaqların ermənilərə lpeşkəş" verilməsindən, respublikanın sərvətlərinin talan edilməsindən, "Çeka" əməkdaşlarının özbaşınalığından, kütləvi həbslərdən və sürgünlərdən ürək ağrısı ilə söz açmışdır.

Kitabda müstəqil Azərbaycan ordusu, onun yaranması və döyüş yolu haqqında polkovniklər İsrafil bəy İsrafilbəyovun, Cahangir bəy Kazımbəyovun, eləcə də Nağı Bayramlı və Afşaranlının məqalələri çağdaş tədqiqatçılarımız üçün tamamilə yenidir. Azərbaycan Milli Ordusu Ali Baş Qərargahının polkovniki İsrafil Bəy İsrafilbəyov (1886-1945) cümhuriyyətin süqutundan sonra İranda, Hindistanda, Ərəbistanda, Misirdə və Türkiyədə yaşamış, 1923-cü ildən isə müqavilə əsasında Polşa silahlı qüvvələrində xidmət etmişdir. Polkovnikin "Azərbaycan ordusu haqqında xatirələr"i M.Ə.Rəsulzadənin təklifi ilə 1923-cü ilin əvvəllərində qələmə alınmışdır. Cümhuriyyət ordusunun Avropa tipində formalaşdırılması, ümumi qüvvənin 30 000 nəfərə çatdırılması, silahlı qüvvələrdə 8 piyada alay, 3 xüsusi piyada batalyon, 3 süvari alay, 3 artileriya briqadası, 2 zirehli qatar, 6 zirehli avtomobil, 8 hidroplan, "Qars" və "Ərdəhan" adlı 2 döyüş gəmisi, 35 min dəst qış geyimi haqqında qeydlərin qürur hissiylə yazıldığını duymamaq mümkünsüzdür.

Müəllif 1920-ci il martın 20-də Bakıda yüksək səviyyədə hərbi parad keçirildiyini, axşam isə 5-ci Bakı piyada alayında zabitlər üçün ziyafət təşkil olunduğunu böyük sevinclə vurğulayır. Lakin, bu sevinc uzun sürmür. Polkovnik İsrafil bəy qəfil onların bayramlarını qara gətirən bir məşum xəbər haqqında yazır: "Təxminən gecə saat 12-də general Səlimov məni xüsusi otağa dəvət edərək dedi: Sabah saat 11-də 5-ci Bakı piyada alayı ilə Yevlaxa yola düşün. Çünki Şuşa və Xankəndindəki hərbi hissələrimizin zabitləri bayram etdikləri vaxt erməni üsyançıları yatmış əsgərlərimizin üzərinə hücuma keçmişlər. Layiqli müqavimət görsələr də, təəssüf ki, onlar mövqelərimizi və Əsgəran keçidini ələ keçirə bilmişlər".

Müəllif xatirələrində Əsgəran döyüşü haqqında müfəssəl məlumat vermişdir. Hərbi nazir S.Mehmandarovun şəxsən rəhbərlik etdiyi, səhərə yaxın - saat 3.30-da başlayan döyüş axşamayaxın qələbə ilə başa çatmışdır. General Dronun rəhbərlik etdiyi erməni bandaları darmadağın edilmiş, ağır silahlarını, pulemyotlarını atıb Keşişkəndə tərəf qaçmışlar. Hərbi nazirimiz uğurlu əməliyyat münasibətilə zabitlər qarşısında demişdir: "Çox şadam ki, ömrümün son illərini doğma xalqıma həsr edirəm, gənc ordumuz ümidlərimi doğrultdu, tapşırıq əla yerinə yetirildi. Zabitlərə təşəkkür edirəm, əsgərlərimizə ürəkdən sağ ol deyirəm".

Bu xatirələr Milli Ordumuzun döyüş yolundan bəhs edən iftixar mənbəyi, şərəf salnaməsidir. Kitabda Cahangir bəy Kazımbəyovun "Gəncə üsyanı", Nağı Bayramlının "Qafqazda partizan hərəkatı", Afşaranlının "Azərbaycan Milli Ordusunun təhlükəsizliyi" adlı məqalələrində də ordumuzun tarixi, yaranması və təşəkkül mərhələləri haqqında çox ciddi problemlərə toxunulmuşdur. Topluda Əli Azərtəkinin "Türk xadimi Azərbaycan haqqında" məqaləsi də böyük maraq kəsb edir. Burada məşhur türk jurnalistiictimai-siyasi xadimi Mühiddin Birgenin (1885-1951) İstanbulun "Son poçt" qəzetində silsilə olaraq çap etdirdiyi "On il İttihad və Tərəqqidə" sərlövhəli əsərinin təhlili verilmişdir.

Məlum olduğu kimi, Mühiddin Birgen 1922-1923-cü illərdə Bakı Dövlət Universitetinin professoru olmuş, "Maarif və mədəniyyət" jurnalının 1923-cü ildə çıxan bütün saylarında məqalə çap etdirmişdir. Respublikamızın elmi ictimaiyyəti arasında Məhiyəddin kimi tanınan Mühiddin Birgenin Azərbaycandakı tanınmış türk mühacirlərinə, Azərbaycan - Türkiyə münasibətlərinə fərqli baxışlarını, obyektiv təhlil və düşüncə tərzini Əli Azərtəkin yüksək qiymətləndirmişdir.

Toplunun "Əlavələr" bölməsində O.Nayman Mirzənin, Məhəmmət Çukuanın məqalələri və digər materiallar, sənədlər və informasiyalar yer almışdır.

"Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən" (XX əsrin 30-cu illəri) kitabı Dövlət mükafatı laureatı, Azərbaycanın Macarıstandakı fövqəadə və səlahiyyətli səfiri Vilayət Quliyevin səmərəli axtarışlarının və böyük zəhmətinin uğurlu nəticəsi olmaqla yanaşı, tariximizin mühüm mərhələsini özündə əks etdirən qaynağa, gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi üçün örnəyə, mühacirətşünaslıq elmimizə dəyərli töhfədir.

 

 

Asif RÜSTƏMLİ,

AMEA Nizami adına Ədəbiyyat

İnstitutunun aparıcı elmi işçisi

 

Xalq qəzeti.- 2010.- 20 noyabr.- S. 6.