Azerfon BakuTel-2010 sərgisində nümayiş olunan məhsulları KİV nümayəndələrinə təqdim etdi

 

Azerfon MMC Beynəlxalq "Telekommunikasiya və İnformasiya Texnologiyaları" BakuTel-2010 sərgisi çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "3G texnologiyaları: imkanlar və üstünlüklər" mövzusunda seminar keçirdi. Azerfon MMC-nin korporativ ünsiyyət direktoru Elşad Fərzəliyev jurnalistlərin telekommunikasiya sahəsində maariflənməsi üçün Azerfon tərəfindən keçirilən seminarların artıq ənənə halını aldığını qeyd etdi. Onun sözlərinə görə, belə seminarlar jurnalistləri telekommunikasiya bazarında mövcüd xidmətlər haqqında geniş məlumat almağa və onların peşə fəaliyyətini daha mükəmməl davam etdirməyə imkan yaradır. E.Fərzəliyev qeyd etdi ki, Azerfon gələcəkdə də jurnalistlər üçün seminarları davam etdirəcəkdir.

 

Seminarda jurnalistləri salamlayan Azerfon MMC-nin baş direktoru Yurgen Pitz Azerfonun fəaliyyəti haqqında danışdı. Onun sözlərinə görə, Azerfon hazırda ölkəmizdə mobil rabitə bazarının 20 faizini tutmağa müvəffəq olmuş və 1,7 milyonadək abonentə xidmət göstərmişdir. Bu gün Azerfon mobil rabitə şəbəkəsi Azərbaycanın 80 faizini əhatə edir. 2009-cu ildən Azerfon Azərbaycan bazarında ilk mobil operator olaraq 3G xidmətlərini göstərir. Hazırda 3G xidmətləri Azerfon-Vodafon və Nar Mobile brendləri tərəfindən Azərbaycan bazarında təqdim olunmuşdur. Y.Pitz həmçinin 2010-cü ildə Azərbaycanın mobil rabitə bazarında təqdim olunmuş 3G kamera, 3G Mobil TV, 3G USB Modem, 3G netbuk kimi texnologiyalar haqqında danışdı. Seminarda Azerfonun mütəxəssisləri jurnalistlərə şirkətin bazarda təqdim etdiyi texnologiyaları nümayiş etdirdilər.

Azerfon-Vodafonun məhsulların inkişafı üzrə meneceri Həsən Əsgərov Azerfon-Vodafon ticarət markası altında 3G texnologiyasının dəstəklədiyi məhsullar və bazarda olan xidmətlər haqqında ətraflı məlumat verdi.

Nar Mobilenin məhsulların inkişafı üzrə meneceri İlqar İbrahimli Nar Mobile abunəçiləri üçün təqdim olunmuş 3G texnologiyalı xidmətlər və avadanlıqlar haqqında jurnalistləri məlumatlandırdı.

3G Mobil TV xidməti yüksək sürətli 3G texnologiyası vasitəsilə dəstəkləyən mobil telefon istiafadəçiləri üçün bir sıra televiziya kanallarını seyr etməyə imkan yaradır.

3G+ müşahidə kamerası - qeyri-adi dizayn, üstün xarakteristikası ilə anbar, qaraj, ev, ofis, uşaq və ya ev heyvanlarını məsafədən izləməyə imkan verir. Sim-kart yerləşən 3G+ müşahidə kameraya birbaşa video zəng etməklə müşahidə imkanlarından yararlanmaq olar.

3G USB modemi vasitəsilə Azerfon mobil şəbəkəsinin əhatə etdiyi istənilən yerdən müxtəlif internet xidmətlərindən istifadə etmək imkanları yaranmışdır. Genişzolaqlı mobil internet bağlantısı vasitəsi ilə 3G texnologiyasının mümkün servis və xidmətlərinə abunəçilər üçün birbaşa çıxış imkanları yaradılmışdır.

3G netbukları vasitəsilə əlavə qurğulardan istifadə etmədən və 3G texnologiyasını dəstəkləyən sim-kartı netbukda quraşdırmaqla yüksək sürətli genişzolaqlı mobil internetə bağlantı əldə etmək imkanları yaradılır.

 

Qabil YUŞİFOĞLU

 

Xalq qəzeti.- 2010.- 25 noyabr.- S. 8.