Norveçli gənclər Azərbaycan aşıq musiqisi ilə tanış olub

 

Azərbaycanın qədim və zəngin mədəni irsinə daxil olan aşıq sənəti Norveç gəncləri və tələbələrinin marağına səbəb olub. Həmin ölkədə fəaliyyət göstərən Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAGT-NAYO) YUNESKO-nun qeyri-mədəni irs siyahısına daxil edilmiş aşıq sənətinin xaricdə təbliği istiqamətində növbəti layihəni həyata keçirib. Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verib. Oslo Universitetinin kitabxanasında keçirilmiş tədbirdə universitetin professor və müəllim heyəti, eyni zamanda, norveçli və əcnəbi tələbələr iştirak ediblər.

Norveç Konservatoriyasının tələbəsi olan həmyerlimiz Əhməd Mirzəyevin ifasında aşıq havalarımız və dünya klassik irsinin dəyərli nümunələri səsləndirilib. Onun ifasını qonaqlar böyük maraqla qarşılayıb. NAYO-nun sədri Ramil Əliyevin sözlərinə görə, aşıq sənətinin tanıtımını nəzərdə tutan tədbir "Lunsj med Kultur" layihəsi çərçivəsində gerçəkləşib və tədbirdə Azərbaycan haqqında kitab və suvenirlər də nümayiş olunub. O, həmçinin çıxışında aşıq musiqisinin YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsini Azərbaycan mədəniyyətinin uğuru olduğunu vurğulayıb. "İndi aşıq musiqimiz dünyada daha yaxşı tanınmağa başlayıb və layiqincə təbliğ olunur. Bizdiaspor təşkilatı olaraq, xalqımızın bu nadir mədəni incisinin Avropada təbliğini həyata keçirmək məqsədi ilə silsilə layihələri reallaşdırırıq" - deyə o, əlavə edib.

Bu günlərdə öz ecazkarlığı ilə hər kəsi heyrətə gətirən Azərbaycan xalçasının da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin Norveçdə yaşayan azərbaycanlıları sevindirdiyini deyən R.Əliyev qeyd edib ki, gələcək layihələrdən birini də bu sənət növünə həsr etməyi düşünürük. Onun sözlərinə görə, bu dəfə keçirilən tədbirdə də Azərbaycan xalçasının kiçik ölçülü nümunələri sərgilənib və xalçaların rəngarəngliyi tədbiri daha da maraqlı edib.

NAYO-nun üzvü, Norveçdə musiqi təhsili alan Əhməd Mirzəyev isə bildirib ki, bir azərbaycanlı sənətçi olaraq milli musiqimizin Avropada təbliğindən qürur duyur. "Bu yaxınlarda Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Azərbaycan 1-ci Beynəlxalq Aşıq Festivalı keçirilməsi məni çox sevindirdi. Mən də bu layihəyə öz töhfəmi Norveçdə NAYO-nun təşəbbüsü ilə aşıq sənəti ilə bağlı keçirilən mədəni layihədə çıxışımla verməyə çalışdım. İstədim ki, istər piano, istərsə də sazla ifa etdiyim milli musiqilərimizi layiqincə səsləndirərək onların gözəlliyini və bənzərsizliyini əcnəbilərə çatdırım"-deyə Ə.Mirzəyev bildirib. Gənc musiqiçi Norveçdə aşıq sənətinin daha geniş və əhatəli tanıtımı üçün konsert proqramı və konfrans keçirilməsini, Azərbaycandan bu ölkəyə aşıqlar dəvət edilməsini arzu etdiyini vurğulayıb.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2010.- 27 noyabr.- S. 7.