İlham
Əliyev və Azərbaycan dövlətinin teatr siyasəti
Azərbaycan Respublikası
sürətli inkişaf yolundadır. Bu inkişaf bütün sahələrlə
yanaşı, mədəniyyət və incəsənəti də
əhatə edir. Son illər Azərbaycan
teatrı da yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur. Milli teatr sənətində baş verən
bu canlanma ilk növbədə dövlətin və möhtərəm
cənab İlham Əliyevin mədəniyyətə,
xüsusilə teatr sənətinə qayğı və diqqəti
sayəsində mümkün olmuşdur. Son illərdə
milli teatr sənətinin inkişafı istiqamətində
dövlət səviyyəsində çox mühüm
addımlar atılmışdır. MDB ölkələri
içərisində ilk dəfə məhz Azərbaycanda
"Teatr və teatr fəaliyyəti haqqında" qanun (29
dekabr 2006-cı il) qəbul edilmişdir.
Daha sonra "Azərbaycan teatr sənətinin inkişaf
etdirilməsi haqqında" (19 fevral 2007-ci il)
və "Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramının təsdiq edilməsi
haqqında" (18 may 2009-cu il) Azərbaycan Respublikası
Prezidentinin sərəncamları imzalandı. Bu
sənədlər paketi milli teatrın fəaliyyətinin
hüquqi-normativ bazasını təmin etmiş oldu, həm də
teatrın inkişafına əsaslı stimul yaratdı.
Son
dövrlərdə teatr binalarının əsaslı təmiri,
teatrların ən son texnika və texnologiyalarla, müasir
avadanlıqlarla təmin olunması da dövlətimizin və
şəxsən ölkə Prezidenti cənab İlham
Əliyevin - ulu öndər, milli mədəniyyətimizin
böyük təəssübkeşi Heydər Əliyevin
dövlət siyasətini, konkret olaraq mədəniyyət
siyasətini yaradıcı tərzdə davam etdirən
görkəmli dövlət xadiminin teatr sənətinə
qayğısının bariz göstəricisidir.
Hörmətli Prezidentimiz İlham Əliyevin daxili inam və
səmimiliklə bəyan etdiyi - "Mən Heydər
Əliyev kursunu, Heydər Əliyev siyasətini dönmədən
yerinə yetirəcəyəm" - sözləri və bunun
həyata keçirilməsi istiqamətində atılan
addımlar günümüzün reallığıdır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi
altında həyata keçirilən müdrik siyasət
bütün dünyaya göstərdi ki, biz müstəqil
dövlət kimi, azad xalq kimi yaşamağa qadirik,
iqtisadiyyatımızı, siyasətimizi, mədəniyyətimizi
özümüz layiqincə idarə etməyi
bacarırıq.
Məhz 1969-cu ildən başlayaraq, əvvəllər
öz sakit axarı ilə gedən Azərbaycan
teatrının həyatında canlanma hiss olunmağa
başladı.
Görkəmli sənət adamlarının
yubileylərinin təntənəli şəkildə
keçirilməsi, forma, məzmun və üslub etibarilə
müxtəlif mədəni tədbirlərin təşkili
mütəşəkkil və müntəzəm xarakter
aldı. Elmə, mədəniyyətə, ədəbiyyata,
incəsənətə daim qayğı göstərən
Heydər Əliyev sənət adamlarına da həmişə
hamilik edirdi: "Mən hər sahəyə xüsusi diqqət
yetirirəm, nəzarət edirəm. Çünki
hamısı respublikamızın inkişafına, xalqın
maddi rifahının, həyat tərzinin
yaxşılaşmasına xidmət edir. Mədəniyyət
isə başqa aləmdir. Mədəniyyət
uşaq kimidir. Həmişə tumar və
qayğı istəyir. Siyasi rəhbər,
dövlət xadimi, ölkə başçısı, rəhbər
bunu bilməlidir".
İllər göstərdi ki, məhz bu böyük
şəxsiyyətin, dahi öndərin mədəniyyətə,
sənətə qayğıkeş münasibəti bu sahənin
inkişafında əsas amilə çevrildi. Heydər
Əliyevin teatrlarımıza tez-tez gəlməsi sənət
adamlarının nüfuzunu artırdı, sənəti
inkişaf etdirdi. Müdrik rəhbərin
obyektiv, prinsipial göstərişləri, tövsiyələri
onların məsuliyyətini artırdı, yeni-yeni sənət
axtarışlarına səfərbər etdi. Rəhbərin qayğı və məhəbbəti
sayəsində teatrlarımızda bir-birindən maraqlı
tamaşalar yarandı.
1974-cü
ildə Azərbaycan teatrının 100 illik yubileyi münasibətilə
Respublika Sarayında (indiki Heydər Əliyev adına sarayda)
keçirilən təntənəli yığıncaqda Azərbaycan
rəhbərinin teatrımızın tarixi, keçdiyi çətin,
mürəkkəb və şərəfli
yaradıcılıq yolu haqqında qüdrətli
teatrşünas və müdrik siyasətçi
baxışı ilə söylədiyi dolğun, mənalı
məruzəsi yalnız teatr ictimaiyyəti tərəfindən
deyil, teatrsevərlər tərəfindən də məmnunluqla,
heyranlıqla qarşılandı: "Teatr müqəddəs
yerdir, tərbiyə ocağıdır. Orada
çalışanlar fədakardırlar, fədaidirlər... Teatr xadimləri tamaşaçıya bir söz demək
üçün, mədəni səviyyəni yüksəltmək
üçün, irəliləyişimizə mane olanlara qarşı
mübarizəyə qaldırmaq üçün nə qədər
çalışırlar. Heç kim
bilmir ki, artist səhnəyə çıxıb rolu
tamaşaçı qarşısında oynadığı
vaxta kimi nə qədər həyəcan, sevinc keçirir. Mən həmişə teatra yaxın və
bağlı olmuşam. Bu ötəri hiss deyil,
içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm".
Ulu
öndər bütün tamaşalara baxar, quruluş
haqqında, rejissor işi, bədii tərtibat və aktyor
ifası barədə öz fikirlərini söyləyər, hər
şeyə diqqət və qayğı ilə yanaşar,
teatrda hər bir tamaşanın, hər bir aktyorun, rejissorun, rəssamın,
bəstəkarın layiq olduğu qiyməti almasına
çalışardı. "Sənətdə
hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini
almır" deyən rəhbər qayğı ilə
yanaşı, obyektiv olmağı da əsas
götürürdü. Azərbaycan
Dövlət Akademik Dram Teatrında xalq
yazıçısı İlyas Əfəndiyevin
"Mahnı dağlarda qaldı" tamaşasının
Dövlət mükafatı alması şəxsən
böyük rəhbərin təşəbbüsü ilə
baş tutub. Belə ki, Dövlət
mükafatı üzrə komissiya üzvləri bir yerə
yığışıb tamaşaya baxa bilməyiblərmiş.
Sonra onlar baxmaq istəyəndə Böyük bəy
rolunun ifaçısı İsmayıl Dağıstanlı xəstələnir.
Tamaşa göstərilmir. Odur
ki, dövlət komissiyasının yekun iclasında Heydər
Əliyevə təqdim olunan siyahıda "Mahnı
dağlarda qaldı" tamaşasının adı olmur.
Ulu öndər bunun səbəbini soruşduqda
komissiya üzvləri bir yerdə tamaşaya baxa bilmədiklərini
söyləyiblər. O, üzünü komissiya üzvlərinə
tutub deyir: "Mən tamaşanı görmüşəm. Çox bəyənmişəm. Mən tamaşaya baxanda sizin əksəriyyətiniz
də teatrda idiniz. Tamaşaya
baxırdınız. Kim tamaşanı görməyib,
yaxud bəyənməyib, qoy sözünü desin".
Heç kimin dinmədiyini görən Heydər Əliyev:
"Niyə susursunuz? Kim "Mahnı
dağlarda qaldı" tamaşasına Dövlət
mükafatı verilməsinə razıdırsa, səs versin.
Burada adları çəkilən artistlərə
etirazınız yoxdursa, gəlin səsə qoyaq".
1981-ci ildə İlyas Əfəndiyevin "Xurşud
banu Natəvan" pyesinin tamaşasına Azərbaycan KP MK-nin
büro üzvləri ilə birlikdə baxan ulu öndər əsərin
və tamaşanın müfəssəl təhlilini vermiş,
ifaçılara öz fikirlərini söyləmişdi. O, tamaşaya baxandan sonra
İlyas Əfəndiyevə demişdi: "Siz ilk növbədə
Natəvan - bu şairə haqqındakı şayiələrə
son qoydunuz. Natəvanı gözəl Azərbaycan
qadını kimi bizə təqdim elədiniz, bununla
yanaşı, gözəl xan qızının timsalında
bizim Şərq qadınlarının obrazını yarada
bildiniz. Mən buna görə sizə
sağ ol deyirəm. Həm də son monoloqunuza görə
sağ ol deyirəm".
Son illər ərzində respublikamızda, onun
ictimai-siyasi, iqtisadi və mədəni həyatında
çox əlamətdar hadisələr baş verib. Bu hadisələrin
ümumi səciyyəsi, güclü inkişaf dinamikası mədəni
həyatımıza da öz təsirini göstərib. Nəzərdə tutduğumuz təsirin bariz təzahürü
dövlətin milli mədəniyyətimizin tərkib hissəsi
olan teatr sənətinə göstərdiyi diqqət də
açıq sezilir. Amalımız bu
istiqamət meyillərini və inkişaf dinamikasını
öz fəaliyyətimizin əsas meyarları kimi qəbul
edib, yaşadığımız dövrdə teatr sənətinin
məqsəd və vəzifələrini təsdiqləməkdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənablarının
2009-cu il 18 may tarixli "Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramını təsdiqləyən sərəncamını
Azərbaycan milli teatr sənətinin inkişafında yeni mərhələnin
başlanğıcı hesab etmək olar.
Dövlət
Proqramı 16-sı müxtəlif bölgələrdə,
10-u Bakıda olmaqla dövlət büdcəsindən maliyyələşən,
Mədəniyyət və Turizm Nazirliyinə tabe olan 26 teatr -
tamaşa müəssisəsindən ibarət dövlət
teatrları sisteminin böhrandan çıxarılması
üçün irəli sürülən sistemli
islahatların başlanğıcı və hüquqi-normativ
bazası kimi çox əhəmiyyətlidir. Proqramda
nəzərdə tutulan islahatlar daha çox cari məqsədlərə
deyil, strateji niyyətlərə yönəlmişdir. Bu islahatların mütərəqqi xarakteri, milli
teatr prosesinin inkişafına əhəmiyyətli təsiri
heç kimdə şübhə doğurmur. Düşünürük ki, bu durumda məsələni
yalnız köklü islahatlar vasitəsilə həll etmək
mümkündür. Əks halda, teatr
industriyasının yenidən qurulmasına yönəlmiş
istənilən lokal tədbir və islahatlar öz nəticəsini
verməyəcək.
Prezident sərəncamının preambulasında
mövcud vəziyyət və dövlətin teatr sənətinə
münasibəti konkret açıqlanıb. Sənəddə
irəli sürülən müddəalar Azərbaycanda teatr sənətinin
rolunu, əhəmiyyətini və gərəkliliyini
açıq şəkildə təsdiqləyir. Bu bəyanat Azərbaycan Teatr Xadimləri
İttifaqında birləşən teatr xadimlərini - praktikləri
və nəzəriyyəçiləri 2 istiqamətə
yönəldə bilər. Birinci istiqamət: biz dövlətin
bu cür yüksək münasibətindən xoşlanıb
passiv şəkildə teatr prosesimizin irəlidəki mərhələsini
arxayıncasına kənardan izləyə bilərik.
İkinci istiqamət: Dövlət Proqramının həyata
keçirilməsi üzrə tədbirlər planında
göstərilən bütün işlərdə fəal
iştirak edib öhdəmizə düşən tarixi missiyanı
yerinə yetirə bilərik. Aydın məsələdir
ki, birinci istiqamət qəbuledilməzdir. İkinci
istiqamətdə məhsuldar, perspektivə yönəlmiş
iş görməkdən ötrü isə önəmli məqamlara
obyektiv baxmalıyıq.
Dövlət
Proqramında dövlət öz icra orqanlarına teatr sənətinin
idarəetmə və maliyyə-iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi,
teatr fəaliyyətinin normativ-hüquqi bazasının
möhkəmləndirilməsi haqqında, eyni zamanda, Ermənistanın
hərbi təcavüzü nəticəsində
qaçqın və məcburi köçkünlük şəraitində
fəaliyyət göstərən İrəvan Dövlət
Azərbaycan Dram Teatrı, Şuşa, Füzuli, Ağdam
dövlət teatrlarının şəraitini
yaxşılaşdırmağa yönəlmiş
tapşırıqlar verib.
Proqramda
Azərbaycan Dövlət Rus Dram Teatrının, Kukla
Teatrının, Naxçıvan Dövlət Musiqili Dram
Teatrının, Gəncə, Lənkəran, Şəki
dövlət dram teatrlarının nəzdində dövlət
büdcəsində Mədəniyyət və Turizm Nazirliyi
üçün nəzərdə tutulmuş vəsaitlər
hesabına studiyaların yaradılması, heç
şübhəsiz, öncül və müsbət
addımdır. Çünki istənilən
teatr prosesinin müəyyən avanqard və eksperiment məqsədlərini,
bir qayda olaraq, məhz studiyalar həll edir. Yuxarıda sadalanan teatrların sırasında məlum
səbəblərdən Rus Dram Teatrı üçün
studiya lap vacibdir. Digər teatrlar
üçün yeni yaradıcı kadrları Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti respublikanın görkəmli sənətkarlarını
pedaqoji işə cəlb etməklə planlı şəkildə
hazırlayır. Sözügedən
Proqramda Mədəniyyət və Turizm Nazirliyinə teatr sahəsində
təhsilin təkmilləşdirilməsi məqsədilə tədbirlərin
həyata keçirilməsi tapşırılır. Məncə, bu mühüm məsələ Təhsil
Nazirliyinin bilavasitə iştirakı ilə həll oluna bilər.
Studiya məsələsinə gəldikdə tarixi təcrübəyə
əsaslanaraq qeyd edə bilərik ki, dövlət
teatrlarının nəzdində fəaliyyət göstərən
yerli həvəskarlardan ibarət studiyaları müsbət dəyərləndirmək
lazımdır. Bu studiyalarda yetişdirilən aktyorlar
teatrda artıq aparıcı mövqeləri tutmaqdadırlar.
"Teatr
və teatr fəaliyyəti haqqında" Qanun, "Azərbaycan
teatr sənətinin inkişaf etdirilməsi" haqqında və
"Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət
Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin sərəncamları teatr prosesimizdə
müşahidə olunan geriliyi aradan qaldırmağa qadirdir. Teatr tamaşalarının hazırlanması və
kütləvi nümayişi ilə əlaqədar yaranan
münasibətləri tənzimləyən, teatr fəaliyyətinin
hüquqi əsaslarını müəyyən edən bu sənədlərdə
öz əksini tapan problemlərdən biri də Azərbaycan
teatrının dünya teatr məkanına inteqrasiya məsələsi
ilə bağlıdır.
Məlum olduğu kimi, inteqrasiya geosiyasi proseslərin
axarı ilə gündəmə gəlir. Və bu mürəkkəb
proses bütün sahələri əhatə edir. Siyasi, iqtisadi və sözsüz ki, mədəni
inteqrasiya dövlət tərəfindən
proqramlaşdırılır və
stimullaşdırılır. Qeyd etmək
lazımdır ki, bəlli hüquqi sənədlərin
müvafiq bəndləri bilavasitə Azərbaycan teatrının
dünya teatr məkanına inteqrasiyası probleminin həlli
ilə bağlı tədbirlərin həyata keçirilməsini
nəzərdə tutur.
Azərbaycan teatrı hazırda qloballaşan dünya
teatr məkanına inteqrasiya olunmağa ciddi
hazırlaşmalıdır. Əvvəla ona
görə ki, günbəgün yeniləşən Avropa
teatrının universal şərtlərini yetərincə
öyrənməliyik. Hazırda maliyyə
böhranı yaşayan Avropa, heç şübhəsiz ki,
böhrandan çıxan kimi teatr sənətində artıq
yeni səciyyələri, yeni varolma şərtlərini irəli
sürəcək. Bəs, baş verən
bu dəyişiklikləri izləməyə tələbatımız
və potensial imkanımız varmı? Avropa
teatr məkanına daxil olmaq istəyən istənilən
teatrın qarşısında çox sərt şərt və
tələblər qoyulur. Bu məkana yalnız və
yalnız yüksək səviyyəli teatrlar və prinsipial
yenilikləri ortaya qoya bilən yaradıcı insanlar daxil ola bilir.
Beynəlxalq
teatr əlaqələrimizin inkişafında noyabr ayında
ölkəmizdə keçirilən "Dünya teatr prosesi
XXI əsrdə: problemlər, perspektivlər və alternativlər"
mövzusunda I Bakı Beynəlxalq teatr konfransı
mühüm rol oynadı. Bu beynəlxalq
miqyaslı tədbir Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən təşkil
olunmuşdu. Onu da qeyd edim ki, elmi-praktiki
konfrans Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının əsaslı təmir olunmuş yeni
binasında reallaşdı.
76 ölkənin tanınmış teatr xadimlərinin -
rejissorlarının, prodüserlərinin, teatr rəhbərlərinin,
aktyorlarının, teatrşünaslarının iştirak
etdikləri bu konfransda çağdaş teatr prosesinin durumu,
problemlər, perspektivlər, birgə əməkdaşlıq
kimi məsələlər müzakirə olundu. Konfrans çərçivəsində
bir sıra maraqlı tədbirlər də keçirildi.
Tanınmış teatr xadimlərinin teatr tənqidi,
aktyor sənəti, teatr rəssamlığı, teatr geyimi,
dramaturgiya, plastika, vokal ifaçılığı kimi
mövzularda keçirdikləri seminarlar və ustad dərsləri
xüsusilə gənc teatr sənətçiləri
üçün son dərəcə səmərəli oldu.
Konfransın işçi qrupu Bakıda olduqları müddətdə
müxtəlif paytaxt teatrlarında Azərbaycan teatr mədəniyyətini
layiqincə təmsil edən bir sıra tamaşaları da -
Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun"
(Ü.Hacıbəyov), "YUĞ" Dövlət
Teatrında "Birinci akt" (A.P.Çexov), Dövlət
Pantomim Teatrında "Maska" (Z.Zeynalov), Gənc
Tamaşaçılar Teatrında "Otello" (U.Şekspir)
və s. izləmək imkanı qazandılar. Bu konfrans Azərbaycanda
teatr fikrinin inkişafına böyük təkan verməklə
yanaşı, Şərq və Qərb mədəniyyətlərinin
təmasına rəvac verdi və əslində,
hər iki mədəniyyətin zənginləşmə
faktı qeydə alındı.
Noyabr
ayında milli teatr məkanında gerçəkləşən
daha bir əlamətdar hadisə isə A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının bir
mərhələsinin Bakıda keçirilməsi oldu.
Artıq bu layihə çərçivəsində
hazırlanan iki tamaşa - Viktoriya Tere-Çaplinin (dahi
Çarli Çaplinin qızı) "Aureliyanın
oratoriyası" (Fransa) və A.P.Çexovun "Toy"
(Belarus) tamaşaları seyrçilərin ixtiyarına verilib.
Noyabr ayının son həftəsində isə
A.P.Çexov Festivalının İpək yolu mərhələsinin
sonuncu tamaşası - Daniele Finsi Paskanın
"Yağış" (Kanada) adlı səhnə əsəri
nümayiş olundu.
Beləliklə, son bir ayda paytaxtımız iki beynəlxalq
səviyyəli, möhtəşəm teatr tədbirinə
şahid oldu.
Bakının ev sahibliyi ilə baş tutan
hər iki teatr hadisəsi milli teatr tarixində ilk dəfə
reallaşır.
Müasir tarixi mərhələdə Azərbaycan
teatrının qarşısına ciddi strateji məqsədlər
qoyulur. Yəni məqsədimiz 3-cü, 4-cü dərəcəli
dostluq festivallarında deyil, 1-ci dərəcəli Avinyon,
Edinburq, Çexov festivallarının səviyyəsində
tamaşalar hazırlamaqdır.
Məlum hüquqi-normativ sənədlərin konkret bəndlərində
haqqında danışdığımız problemlərin
birbaşa həllinə yönəlmiş müddəalar kifayət
qədərdir. "Teatr və teatr fəaliyyəti haqqında"
Qanun, "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi
haqqında", "Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramının təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamları
Azərbaycan teatrının dünya teatr məkanına tam
inteqrasiyası üçün bir sıra islahatların həyata
keçirilməsini nəzərdə tutur:
-
Bakıda və bölgələrdə fəaliyyət
göstərən dövlət teatrlarına sərt nəzarət
sisteminin formalaşdırılması;
- çağdaş teatr industriyasının
inkişafı;
- dövlət teatrlarının fəaliyyətinin
mövcud qanunverici sənədlərlə
uzlaşdırılması;
- dövlət teatrlarının repertuar siyasətinə
nəzarət;
- teatrların maddi-texniki bazasının
inkişafı, müasir səhnə texnikaları və
avadanlıqları, ən yeni işıq və səs
aparaturaları ilə təchiz edilməsi;
- ardıcıl surətdə kadr siyasətinin həyata
keçirilməsi. Teatr sənətinin müasir
texnologiyalarına, yeni idarəetmə mexanizmlərinə bələd
olan kadrların yetişdirilməsi, teatr sənətinin
çağdaş tələblərinə uyğun olaraq,
yüksək səviyyəli kommersiya direktoru, prodüser,
art-menecer, səhnə mühəndisi kimi mütəxəssislərin
hazırlanması üçün şəraitin
yaradılması;
- dövlət teatrları strukturunun, ştat cədvəllərinin,
iş prinsiplərinin yeni idarəetmə mexanizmlərinə
uyğunlaşdırılması;
- dövlət teatrlarında tamaşaların
reklamı, yüksək səviyyəli nəşr və
reklam məmulatlarının çapı üçün
şəraitin yaradılması;
- teatr sənətinin təbliğini, təhlilini,
obyektiv dəyərləndirməsini həyata keçirən
nəşrlərin və mətbu orqanlarının
hazırlanması;
- müasir informasiya və kommunikasiya
texnologiyalarının teatrın inkişafı prosesinə tətbiqi,
dövlət teatrlarının hər birinin elektron
saytının, həmçinin teatr sənətinin təbliğini
həyata keçirən elektron məcmuələrin və
veb-saytların yaradılması.
- Azərbaycan
teatrlarında fəaliyyət göstərmək
üçün xarici ölkələrdən güclü
mütəxəssislərin dəvət edilməsi;
- müvafiq seleksiya tədbirləri nəticəsində
müəyyənləşdirilən istedadlı və
iddialı gənclərin kütləvi şəkildə
Avropa məkanına təhsil almaq, işləmək, staj
keçmək məqsədilə göndərilməsi;
- durğun teatr prosesində yeniliklərə rəvac
vermək məqsədilə innovasiya xarakterli layihələrin
həyata keçirilməsi.
Son illərin əlamətdar hadisəsi və teatr prosesimizə güclü inkişaf impulsunu verən yenilik, heç şübhəsiz, "Üns" Yaradıcılıq səhnəsinin açılmasıdır. Çox qısa bir müddət ərzində bu təsisat dünyanın yüksək səviyyəli örnəklərini nümayiş etdirərək paytaxtımızın mədəni həyatını xeyli canlandıran impulslar mərkəzinə dönmüşdür.
Dövlət Proqramı Azərbaycan milli teatr prosesinin çağdaş inkişaf mərhələsinin məqsəd və vəzifələrini özündə əks etdirir. Buna görə də, bu sənəd, eyni zamanda, teatr prosesimizin 10 illik inkişaf perspektivlərini müəyyənləşdirir.
Sözügedən proqramda əlaqədar təşkilatlara konkret tapşırıqlar verilir və bu tapşırıqlar artıq mərhələ-mərhələ həll olunmaqdadır. Teatr prosesində mühüm rol oynayan bədii-yaradıcı, intellektual, mənəvi-əxlaqi və digər spesifik məsələlərin həlli Azərbaycan Teatr Xadimləri İttifaqında birləşən teatr xadimlərinin öhdəsinə düşür.
Bu gün Azərbaycanda ulu öndər Heydər Əliyevin teatr sahəsində başladığı islahatlar hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaradıcı tərzdə həyata keçirilir.
Timuçin
ƏFƏNDİYEV, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin rektoru, professor
Xalq qəzeti.- 2010.- 30 noyabr.- S. 5.