Azərbaycan - Türkiyə dostluğu və əməkdaşlığı bəzi maraqlı dairələri, ermənipərəst qüvvələri ciddi narahat edir

 

Turqut Ərin uydurduğu cəfəngiyyatlar da həmin dairələrin sifarişi ilə qələmə alınıb

 

Türkiyə ilə Azərbaycan arasında münasibətlər dərin tarixi köklərə bağlıdır. Eyni dilə, eyni dinə, eyni soykökə malik Türkiyə və Azərbaycan arasında iqtisadi, sosial, humanitar və digər sahələrdə əlaqələrin hər iki dövlətin milli maraqları çərçivəsində daha da yüksək səviyyədə inkişaf etməsi bəzi dairələrin yuxusunu ərşə çəkib.

 

Qlobal maliyyə böhranına rəğmən son vaxtlar həm Azərbaycanın, həm də Türkiyənin iqtisadi cəhətdən daha da inkişaf etməsi, güclənməsi, beynəlxalq aləmdə qazandıqları əhəmiyyətli uğurlar ölkələrimizə düşmən kəsilən həmin dairələrin narahatlığını xeyli artırır. Bəzi maraqlı tərəflərin təzyiqlərinə baxmayaraq, rəsmi Bakı ilə Ankaranın Cənubi Qafqazda sülhsabitliyin bərqərar olunmasına yanaşmada prinsipial mövqedən dönməməsi, Azərbaycanın və Türkiyənin Ermənistan ilə sərhəd qapılarının açılması məsələsində işğal edilmiş torpaqların azad olunması və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli şərtini qətiyyətlə irəli sürməsi isə xarici güc mərkəzləri ilə yanaşı, hər iki ölkədə mövcud olan destruktiv qüvvələri də ciddi narahat etməyə başlayıb. Onlar da yaxşı bilirlər ki, "Bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyənin həmrəylik nümayiş etdirməsi, çiyin-çiyinə verərək bir sıra problemləri birlikdə həll etməyə çalışması, regional inkişaf naminə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırması bölgədə və dünyada syasi balansın Bakı və Ankaranın xeyrinə dəyişməsi ilə nəticələnir. Belə olan halda qarşıdurmadan faydalanmağa adət etmiş güc mərkəzləri çətin vəziyyətdə qalır, bölgədə öz siyasi planlarını həyata keçirməkdə çox ciddi problemlərlə üzləşirlər. Onların narahatlığı isə müxtəlif formalarda özünü büruzə verir. Bəzən özlərinin siyasi, iqtisadi, diplomatik, hətta hərbi imkanlarından istifadə edərək Türkiyə - Azərbaycan dostluğunu pozmağa çalışırlar. Bu yöndə heç nəyə nail olmadıqlarını gördükdə isə, daha hiyləgər vasitələrə əl atır, hər iki ölkənin daxilindəki destruktiv qüvvələrin imkanlarından faydalanırlar. Türkəyəli "yazar" Turqut Ər adlı şəxsin ermənilərin tezislərindən ibarət kitabının işıq üzü görməsi və həmin kitabdan seçmələrin Azərbaycanın dağıdıcı müxalifət düşərgəsinin ruporu olan "Azadlıq" qəzetdə ardıcıl olaraq dərc edilməsinin səbəbi də budur.

Vaxtilə Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış və fəaliyyətində yol verdiyi çoxsaylı səhvlərə görə işdən uzaqlaşdırılmış Turqut Ər ötən əsrin 90-cı illərində Türkiyə - Azərbaycan münasibətlərini qərəzli şəkildə təftiş edir, hadisələri özünün və təmsil etdiyi məhdud siyasi qrupların marağına uyğun olaraq oxucuya çatdırır. Hər sətiri oxuduqca anlayırsan ki, Azərbaycanda hansısa arzusuna çatmayan bu adamın hər iki xalqa yad ünsürlərin diqtəsi ilə yazdığı kitab incikliyin təzahürüdür. İnsanın hansısa maraqlarının təmin edilməməsi səbəbiylə inciməsi başadüşüləndir. Lakin bu hisslərlə yola çıxaraq Azərbaycan və Türkiyə əlaqələrinə zərbə vurmağa istiqamətlənmiş addımların atılması heç də başadüşülən deyil. Düşmən dəyirmanına su tökmək, onların tapşırıq və tövsiyyələri ilə hər iki ölkənin münasibətlərinin inkişafında müstəsna xidmətləri olan tarixi şəxsiyyətləri hədəfə götürmək, onların haqqında həqiqətlərə uyğun olmayan, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yaymaq, həqiqətləri təhrif etmək heç bir türk oğluna yaraşmayan iyrənc bir hərəkətdir.

Bütün dünya əbədi öndərimiz Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı olduğu həqiqətini qəbul edir. Türkiyədə isə Azərbaycanı və azərbaycanlıları sevən hər kəs ümummilli liderimizin tarixi xidmətlərini yüksək qiymətləndirir, onun təkcə Azərbaycanın deyil, ümumilikdə bütün türk dünyasının böyük dövlət xadimi olduğunu bildirirlər. Çünki Heydər Əliyev xalqın tələbi və təkidi ilə hakimiyyətə gəlməsəydi Azərbaycan parçalanacaqdı. Beləliklə, türk dünyası arasında coğrafi əlaqə də itəcəkdi. Ölkəmiz bugünkü kimi, türk dünyası arasında birləşdirici əlaqələndirici rolunu oynaya bilməyəcəkdi. Heydər Əliyev məkrli daxilixarici qüvvələrin arzusunu gözündə qoydu. Azərbaycanı bütün bəlalardan xilas etdi, müstəqil, qüdrətli bir dövlət qurdu. Beləliklə, Azərbaycanı və bütün türk dünyasını parçalamaq istəyən düşmənlərin arzuları puç oldu. Türkiyəli siyasətçilər və sadə vətəndaşlar bu həqiqəti həmişə dilə gətirir, əbədi öndərimiz Heydər Əliyevi hörmətlə yad edirlər. Təsadüfi deyil ki, bu gün qardaş ölkədə bir sıra xiyabanlar, parklar, məktəblər , böyük şəhərlərdəki mərkəzi prospektlər Heydər Əliyevin adını daşıyır, orada türk dünyasının böyük oğlunun əzəmətli heykəli ucaldılır. Bütün bu reallıqları bilən və həmrəyliyimizi, dostluğumuzu, qardaşlığımızı gözü götürməyən qüvvələr isə Turqut Ər kimi insanlardan istifadə edirlər.

Amma həmin qüvvələr hər zaman olduğu kimi, bu dəfə də yanılıblar. Təbii ki, seçimdə. Çünki Turqut Ərin kitabda təsvir etdiyi hadisələr, verdiyi şərhlər və arayışlar müəllifin və təmsil etdiyi qrupların üzünü açıq şəkildə ortaya qoyur, onun bəsit dünyagörüşlü, əyalət düşüncəsinə sahib, həm diplomat, həm də yazıçı kimi qeyri-peşəkar şəxs olduğunu göstərir. Burada "diplomat" və "yazıçı" sözündən istifadə etməklə, əslində, maraqlı əsərlərlə oxucuları sevindirən, gördüyü işlərlə dövlətinə, millətinə fayda verən insanlara haqsızlıq etmiş oluruq. T. Ərə bu sözlərdən heç biri yaraşmır. Reallıq budur ki, T.Ər və onun arxasında dayanan məlum dairələr çirkin məqsədlərinə "diplomat" adı altında nail olmağa çalışırlar. Bununla oxucularda belə bir təsəvvür yaratmaq istəyirlər ki, guya onun irəli sürdüyü fikirlər diplomatik xidməti dövründə müşahidələrinə və müxtəlif şəxslərlə görüşləri nəticəsində gəldiyi qənaətə əsaslanır. Onlar bu yolla çirkin iddiaları "mötəbərlik" pərdəsinə bürüyüb ictimai rəyə sırımaq niyyətinə düşüblər.

Əslində, Turqut Ər həqiqətən də layiqli diplomat olsaydı kitabda əbədi öndərimiz Heydər Əliyevin qardaş Türkiyənin milli maraqlarının qorunması istiqamətində atdığı ardıcıl addımlardan söz açardı. Çünki bu barədə daha çox iki ölkə əlaqələrinin inkişafına şahidlik edən diplomatlar məlumatlıdırlar. Ancaq müəllif bu haqda bir kəlmə də yazmır. Heç vaxt xatırlatmır ki, rəsmi Bakı vaxtilə ona göstərilən ciddi təzyiqlərə baxmayaraq, regiondünya üçün taleyüklü bir sıra məsələlərdə bütün türk dünyasının, o cümlədən Ankaranın mənafeyini qoruyub. Sanki "unudur" ki, Azərbaycan, istər Bakı - Tbilisi - Ceyhan, istərsə Bakı - Tbilisi -Ərzurum, istərsə də əsas iştirakçısı olduğu digər strateji enerji və nəqliyyat layihələrinin reallaşması zamanı yalnız özünün deyil, həm də Türkiyənin maraqlarının müdafiəçisi qismində çıxış edib. Strateji layihələrin Türkiyə üzərindən reallaşması onun dünyadakı mövqelərini möhkəmləndirdi, iqtisadi gücünün artmasına kömək göstərdi. Yəni Ankaranın dövlət mənafeyinin qorunmasında ölkəmiz ciddi təzyiqlərə baxmayaraq, öz prinsipial mövqeyindən imtina etməyib. Bir türkiyəli diplomat bunları etiraf etmirsə və özünün qələmə aldığı kitabda bu barədə bir kəlmə də yazmırsa, onda belə çıxır ki, o, Türkiyənin deyil, hansısa kənar dövlətin və ya qrupların mövqeyini müdafiə edir.

Bu kitabın Azərbaycanda keçirilən parlament seçkilərindən əvvəl işıq üzü görməsi də diqqətdən yayınmır. Məlumdur ki, Azərbaycanda marağı olan bəzi daxilixarici qüvvələr məhz ölkəmizdə keçiriləcək seçkilər zamanı fəallaşır, ölkəmizin imicinə zərbə vurmaq üçün əllərindən gələni edirlər. Bu baxımdan kitabla bağlı materialların "Azadlıq» qəzetində dərc olunması da həmin çirkin niyyətlərdən xəbər verir. Buradaca xatırladaq ki, "Azadlıq" qəzetinin sevimlisi olan Əli Kərimli parlament seçkiləri ərəfəsində ermənipərəst Qərb dairələri qarşısında müəyyən öhdəliklər götürmüşdübu öhdəlikləri həyata keçirmək üçün də əlindən gələni edir. Buradan da hörmətli türkiyəli "diplomatın" hansı dairələrin xidmətində olduğunu anlamaq çətin deyil. Digər tərəfdən, kitabdan da anlaşılır ki, Turqut Ər Türkiyənin Azərbaycandakı səfirliyində işlədiyi vaxtlarda diplomatik fəaliyyətdən başqa hər işlə məşğul olub. O da Fərman Dəmirqol kimi AXC-Musavat hakimiyyətinin aparıcı simaları ilə sıx əlaqədə olub, həmin vaxtlarda Azərbaycanın siyasiiqtisadi həyatında söz sahibi olmaq istəyən, qaranlıq və qeyri-real layihələr quran avantürist dairələrin sifarişini yerinə yetirib. Bu həmin dairələr idi ki, Azərbaycan və digər türk dövlətlərinin rəhbərliyinə səriştəsiz adamların gətirilməsinə çalışır və həmin dövlətləri oyuncağa çevirmək niyyətini güdürdülər.

Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin əvəzsiz müttəfiqidir. İki ölkə arasında olan münasibətlər bu gün də yüksək səviyyədədir. Bizi birləşdirən tarixi köklərimiz, dilimiz, dinimiz həmrəyliyimizi daha da möhkəmləndirir. Bu gün Azərbaycana düşmən kəsilən Ermənistan və Qərbdəki ermənipərəst dairələr Türkiyəyə qarşı da çirkin kampaniya aparır, onun imicinə zərbə vurmaq üçün hər cür hiyləyə əl atırlar. Bəzi xarici güc mərkəzlərindən dəstək alsa da bu gun Ermənistan səfil və zəlil durumdadır, ancaq Azərbaycan və Türkiyə güclüdür, birlikdə daha da güclüdürlər. Rəsmi Ankara həmişə böyük Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" prinsipi ilə hərəkət edib. Xarici təzyiqlərə baxmayaraq, Azərbaycanın Türkiyə, Türkiyənin isə Azərbaycan naminə prinsipiallıq nümayiş etdirməsi, bir-birinə arxa durması, iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini təşkil edir. Belə olan halda Turqut Ər kimilərin və onların arxasında duran çirkin qüvvələrin cəhdləri elə həmişə cəhd olaraq da qalacaqdır.

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2010.- 30 noyabr.- S. 6.