Azərbaycan-İran mədəni əməkdaşlığında yeni üfüqlər

 

Qonşu ölkədə keçirilən Azərbaycan mədəniyyət günləri bu əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə oldu

 

Sentyabrın 25-dən 30-dək İran İslam Respublikasında keçirilən Azərbaycan mədəniyyət günləri bu ilin ən yaddaqalan mədəniyyət hadisələrindən biri kimi tarixə düşdü.

 

Ölkəmiz müstəqillik qazandıqdan sonra ilk dəfə idi ki, İranda Azərbaycan mədəniyyət günləri keçirilirdi. Tədbirin yüksək səviyyədə təşkil olunması iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin, Azərbaycan və İran rəhbərliyinin qarşılıqlı tərəfdaşlığa və mehriban qonşuluğa verdikləri önəmin bariz təzahürüdür. Bu əlamətdar hadisə, eyni zamanda, iki ölkə arasında qədim mədəniyyət körpüsünün daha da möhkəmlənməsi, iki ölkənin mədəniyyət mübadiləsinin yeni müstəviyə qədəm qoyması deməkdir...

İrandakı Azərbaycan mədəniyyəti günlərində ölkəmiz mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə geniş nümayəndə heyəti ilə təmsil olunurdu. Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, xalq rəssamı Ağəli İbrahimov, şairlər Taleh Həmid, Adil Cəmil sənətçilərimiz, mədəniyyət və incəsənət xadimlərinin böyük bir qrupu iştirak edirdi.

... Sentyabrın 26-da Tehranda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti İranın İslam irşadı və mədəniyyəti naziri Seyid Məhəmməd Hüseyniİran Prezidentinin müşaviri, Turizm, Mədəni İrs və Əl Sənayesi Təşkilatının sədri Həmid Bəqayi ilə görüşmüşdür.

Səmimi görüşə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən respublikamızın mədəniyyət və turizm naziri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarını qonşuqardaş İran xalqına çatdırılmasını M.Hüseynidən xahiş etmişdir. Vurğulamışdır ki, qarşılıqlı mədəni tədbirlər əsrlər boyu birgə yaşamış xalqlarımızın daha sürətlə bir-birinə yaxınlaşması prosesinə böyük töhfə olacaqdır.

Görüşdə Azərbaycanla İran arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmiş, hər il İrandan Azərbaycana gələn turistlərin sayının əvvəlki illə müqayisədə təxminən on faiz artdığı bildirilmişdir.

Görüşlərdə kino istehsalı, kino mütəxəssislərinin hazırlanması, kitab və rəsm sərgilərinin təşkili, görkəmli ədiblərin əsərlərinin Azərbaycan və fars dillərinə qarşılıqlı tərcüməsi və digər məsələlərə dair geniş fikir mübadiləsi aparılmışdır.

Sentyabrın 27-də Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti İran Prezidentinin müşaviri, Mədəni və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Mustafəvi ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə İran arasında mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilmişdir. İranla Azərbaycan arasında 2013-cü ilə qədər mövcud olan mədəni əməkdaşlıq haqqında protokolun icrası ilə əlaqədar xüsusi işçi qrupunun yaradılması barədə razılıq əldə olundu. 2010-cu ildə İranda keçirilmiş "Fəcr" Beynəlxalq KinoTeatr Festivallarında Azərbaycan tərəfinin fəal iştirak etdiyi vurğulandı. Xalqlarımızın ortaq bayramı olan Novruzun YUNESKO tərəfindən qeyri-maddi irs siyahısına daxil edilməsi əlamətdar hadisə kimi qeyd olundu.

Sentyabrın 27-də Tehrandakı "Niyavəran" Mədəniyyət Sarayında Azərbaycan mədəniyyəti günlərinin təntənəli açılış mərasimi oldu. Mərasimdə Azərbaycan və İran rəsmiləri, səfirlər, Tehranda fəaliyyət göstərən beynəlxalq təşkilatların və Azərbaycanın ayrı-ayrı dövlət qurumlarının İrandakı təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin əhəmiyyətindən bəhs edərək bildirdi ki, belə tədbirlərin qarşılıqlı təşkili Azərbaycan və İran xalqları arasında mövcud olan tarixi kökləri daha da möhkəmləndirir. Müştərək tarixə, mədəniyyətə və dini bağlılığa malik olan Azərbaycan və İran xalqlarının hazırkı münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran nazir qeyd etdi ki, dövlətlərimiz arasında qarşılıqlı etimadın yaranmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Bu mehriban qonşuluq və səmimi dostluq siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan və İran prezidentləri arasındakı səmimi dostluq iki ölkənin əlaqələrinin hərtərəfli inkişafına zəmin yaradır.

Nazir görüşdə xüsusi olaraq nəzərə çatdırdı ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasəti, torpaqlarımızın işğalı nəticəsində qədim abidələrimiz, memarlıq nümunələri qəsbkarlar tərəfindən məqsədli şəkildə məhv edilir, qəbiristanlıqlar dağıdılır, məscidlər və ibadətgahlar təhqirlərə məruz qalır. Qeyd olundu ki, Ermənistanın bu siyasəti Azərbaycan və İran xalqlarının tarixinə və mədəniyyətinə qarşı təhqirdir.

Rəsmi hissədən sonra incəsənət ustalarımız geniş və rəngarəng konsert proqramı ilə çıxış etdilər. Azərbaycan musiqisi, incəsənəti və mədəniyyəti, dünyanın hər yerində olduğu kimi, bu konsert proqramında da öz sözünü dedi.

Sonra mərasim iştirakçıları "Niyavəran" sarayının salonlarında təşkil olunan kitab və rəsm sərgilərinə tamaşa etdilər.

Sentyabrın 28-də Mədəniyyəti Günlərinin iştirakçısı olan bir qrup sənətçi Təbriz şəhərinə gəldilər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Təbrizdə İranın Şərqi Azərbaycan vilayətinin başçısı Əhməd Əlirza Beygi ilə görüşdü.

Görüşdə Azərbaycan ilə İran arasında mədəniyyət və turizm sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edildi, bu məsələdə iki ölkənin sərhəd bölgələrinin imkanlarına dair fikir mübadiləsi aparıldı.

Əlirza Beygi vurğuladı ki, İran dövləti Azərbaycanı dostqardaş ölkə hesab edir: "Bizim xalqlarımızın xüsusiyyəti və davranışları eynidir, demək olar ki, fərqli xüsusiyyətlərə malik deyilik. Bunun üçün də Azərbaycan ilə əməkdaşlıq bizim üçün zəruridir".

Azərbaycan mədəniyyəti günləri Təbrizdə də konsert proqramı ilə müşayiət olundu. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İranın Şərqi Azərbaycan vilayətinin başçısı Əlirza Beygi, ölkəmizin İrandakı səfiri Cavanşir Axundov, Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə də tamaşaçılar arasında idilər.

İranda Azərbaycan mədəniyyəti günləri sentyabrın 29-da Tehranda təşkil edilmiş zəngin konsert proqramı ilə yekunlaşdı. Tədbirdə əvvəlcə Elçin Musaoğlunun "Qırxıncı qapı" filmi nümayiş olundu.

Sonra şairlər Taleh Həmid və Adil Cəmil öz yaradıcılıqlarından nümunələr səsləndirdilər. Dövlət Kamera Orkestri bədii rəhbər və baş dirijor, xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun, M.Mirzəyevin əsərlərini ifa etdi. Orkestrin müşayiəti ilə əməkdar artistlər Samir Cəfərov və Anar Şuşalı Ü.Hacıbəylinin və T.Quliyevin mahnılarını xüsusi peşəkarlıqla ifa etdilər. Xalq artisti Mənsum İbrahimovun, əməkdar artist Təyyar Bayramovun ifasında səslənən muğamlarımız tamaşaçıların xüsusi coşqusuna səbəb oldu.

Konsert bəstəkar Rauf Hacıyevin böyük şairimiz Səməd Vurğunun sözlərinə bəstələdiyi "Azərbaycan" mahnısı ilə yekunlaşdı. Tamaşaçılar bu mahnını ayaq üstə musiqi kollektivi ilə birlikdə oxudular.

Səhnə çiçəklərə qərq oldu. Tamaşaçılar səhnəni çiçək dəstələrinə, gül çələnglərinə qərq etdilər.

İranda Azərbaycan mədəniyyəti günləri başa çatdı. İki ölkə arasında mədəniyyət körpüsü daha da möhkəmləndi. Əminik ki, mədəniyyət körpüsündən keçib bir-birimizin qapısını daha tez-tez döyəcəyik...

 

 

İntiqam HÜMBƏTOV,

"Mədəniyyət" qəzetinin baş

redaktoru Bakı-Tehran-Təbriz-Tehran-Bakı

 

Xalq qəzeti.- 2010.- 7 oktyabr.- S. 7.