Müəllim adı şərəfli olduğu qədər də məsuliyyətlidir

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin milli təhsilimizin inkişafına göstərdiyi qayğı nəticəsində islahatlar uğurla həyata keçirilmiş, təhsilin inkişafı ölkəmizdə prioritet sahəyə çevrilmişdir. Bu gün artıq müstəqil Azərbaycan təzsili məzmunca yeniləşmiş, məktəblərimizə informasiya texnologiyaları gətirilmiş, yeni nəsl dərsliklər yaradılmış, yeni məktəblərin tikintisi geniş vüsət almışdır.

 

Bütün bunlarla yanaşı, müəllim əməyinə verilən qiymət, onun nüfuzunun yüksəldilməsi istiqamətində də davamlı tədbirlər həyata keçirilmişdir.

Son illər müəllimlərə ölkəmizdə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanda müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində xeyli tədbirlər həyata keçirilmişdir. Ümummilli lider hələ 1998-ci il sentyabrın 25-də Azərbaycan müəllimlərinin XI qurultayındakı məruzəsində demişdir: "Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır".

Doğrudan da, ömür-gününü müəllimlik peşəsinə həsr edən insanlar cəmiyyətin gələcək taleyinə xidmət edirlər. Onlar öz bilik və təcrübələrini yetişməkdə olan nəslə öyrətməklə gələcəyin qurucularını hazırlayır, mayak kimi cəmiyyətin yoluna işıq salırlar. Ulu öndərin hakimiyyətdə olduğu son on ildə müəllimlərin əməkhaqları dəfələrlə artırılmış, onların sosial vəziyyəti xeyli yaxşılaşdırılmışdır. Təhsil islahat Proqramının reallaşmağa başlaması müəllimlərin də güzəranına müsbət təsir etməklə, onların həyat səviyyəsinin tədricən yüksəlməsinə səbəb oldu. Təsəvvür edin ki, ötən əsrin 90-cı illərinin əvvəllərində müəllimlərin çoxu öz peşəsini atıb başqa sahələrdə çalışmağa gedirdilər. Ancaq sonradan onlar yenidən məktəblərə qayıtdılar.

Ulu öndər deyirdi ki, həqiqi müəllim adını daşıyan insan həmişə, tarixin ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və mənəviyyatını hər şeydən yüksək tutubdur.

Azərbaycan müəllimi tarixən öz şərəfli adını qoruyub saxlamış, həmişə cəmiyyətdə nüfuzlu mövqe tutmuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllimlərə qayğısının nəticəsində onların sosial statusları xeyli yüksəlmişdir. Elə bu yaxınlarda təhsil işçilərinin əmək haqlarının artırılması ilə bağlı cənab Prezidentin imzaladığı sərəncam müəllimlərin sosial vəziyyətinin davamlı olaraq yaxşılaşdırılmasının bariz nümunəsidir. Müfəllimlər günü münasibətilə ölkə Prezidenti bir neçə sərəncamı ilə müəllimlərimizi "Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, "Əməkdar müəllim" fəxri adları ilə təltif etmişdir. Mənim də əməyimi qiymətləndirib, mənə "Əməkdar müəllim" fəxri adını verdiyinə görə hörmətli Prezidentimizə öz minnətdarlığımı bildirirəm.

Ölkəmizdə müəllim kadrlarının yetişdirilməsinə xüsusi önəm verilir. Belə ki, hazırda respublikamızın bir çox ali məktəblərində, kolleclərdə müəllim kadrları hazırlanır və onların keyfiyyətinə xüsusi diqqət yetirilir.

Müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Son illərdə müəllimlərin peşəkarlığının artırılması, əlavə təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişikliklərinin aparılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Bu prosesdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, o cümlədən Britaniya Şurası, YUNİSEF və digər qurumlarla əməkdaşlıq ümumi işə xeyli fayda vermiş, 12 min müəllim müasir təlim texnologiyaları əsasında təşkil olunan treninqlərdən, öyrədici təlim kurslarından keçirilmiş, eyni zamanda 950 nəfər xüsusi kurslar vasitəsilə "məşqçi müəllim" kimi hazırlanmışdır.

Dövlətimiz müəllimlərin əməyini həmişə yüksək qiymətləndirmiş, ən yaxşı müəllimlər mükafatlandırılmış, fəxri adlara layiq görülmüşlər. 2003-2008-ci illər arasında mindən çox təhsil işçisi Prezident sərəncamları ilə dövlət təltiflərinə layiq görülmüşdür ki, bu da bütövlükdə sovet dövründə təltif olunanların sayından xeyli artıqdır.

Təhsil tariximizdə ilk dəfə olaraq Prezident sərəncamı ilə hər il "Ən yaxşı müəllim", "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələrinin keçirilməsi və hər il 100 nəfər müəllimin 5000 manat məbləğindət mükafatlandırılması müəllim əməyinə verilən yüksək qiymətdir. Bu mükafatın verilməsi müəllimlər arasında sağlam rəqabəti, onların innovativ fəaliyyətini gücləndirməklə nəticə etibarilə təhsilin keyfiyyətinin yüksəlməsinə təsir göstərmişdir.

Təhsil naziri Misir Mərdanov doğru deyir ki, müəllim əməyini əsl vətənpərvərlik nümunəsi adlandıranlar heç də səhv etmirlər. Belə bir obrazlı ifadə də var: Müəllim dəyişəndə cəmiyyət də dəyişir.

Cəmiyyət müəllimə borclu olduğu kimi, müəllim də cəmiyyətə borcludur. Belə bir deyimvar ki, hər bir öyrədən müəllim deyil, o kəs müəllimdir ki, ondan öyrənirlər.

Son illər ödkəmizdə təhsilin inkişafına yönəldilən dövlət proqramlarının qəbul olunması əslində müəllimlərin də məsuliyyətini xeyli artırmışdır. Bu günün müəllimi müasir təlim texnologiyalarından, dünyada baş verən proseslərdən baş çıxaran, yüksək dünyagörüşə, savad və biliyə malik mütəxəssslər olmalıdır. Onlar tək bilik və bacarıqları ilə deyil, həm də öz şəxsi nümunələri ilə cəmiyyətdə fərqlənməlidirlər.

Dövlətimiz onsuz da biz müəllimlərin sosial statusunun yüksəlməsi üçün mümkün olan hər şeyi edir. Elə ucqar kəndlərə göndərilən müəllimlərə əlavə ödənclərin verilməsi bu qayğının nümunəsi deyilmi? Bu gün ölkədə nə qədər müəllim Prezident təqaüdü alır.

Müəllimlərə həmişə müqəddəs peşə sahibləri kimi yanaşılmışdır. Müqəddəs dinimizdə də müəllimə böyük hörmət bəslənilməsinin vacibliyi vurğulanır.

Müəllim peşəsi strateji xarakterli peşələrdən biridir. Onun ictimai reytinqini artırmaq üçün cəmiyyət bir sıra həvəsləndirici mexanizmlər seçməlidir. Və bu gün artıq bu reytinq getdikcə güclənməkdədir.

Mən Qubadlı Rayon Təhsil Şöbəsinə rəhbərlik edirəm. Əhalisi məcburi köçkün olan bu rayonun təhsil problemi artıq həll olunmuşdur. Respublika Prezidentinin məcburi köçkünlərə göstərdiyi qayğı nəticəsində təhsil sahəsində də bir sıra uğurlar qazanılmışdır. İndi Bakı və Sumqayıt şəhərlərində Qubadlının yeni məktəbləri inşa olunmuş, təhsilin maddi-texniki bazası xeyli möhkəmlənmişdir. Demək olar ki, bütün rayon müəllimləri işlə təmin olunmuşlar. Onların sosial vəziyyəti xeyli yaxşılaşmışdır. Ona görə bir daha cənab Prezidentə, təhsil nazirinə Qubadlı təhsilinə göstərilən qayğıya görə rayonun pedaqoji ictimaiyyəti adından minnətdarlığımı bildirirəm.

 

 

Afət ALLAHVERDİYEVA,

əməkdar müəllim, Qubadlı Rayon

Təhsil Şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2010.- 7 oktyabr.- S. 7.