Böyük uğurla reallaşdırılan islahatlar Azərbaycanın siyasi və iqtisadi qüdrətini daha da artırmışdır

 

Cənab İlham Əliyevin prezidentliyinin 7 ili və Azərbaycanın dinamik inkişaf yolu

15 oktyabr 2010-cu ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin yeddi ili tamam olur. Əlbəttə, yeddi il vaxt göstəricisi kimi çox qısa bir zaman kəsimidir, amma bu illər ərzində əldə edilən nailiyyətləri analiz etdikdə, ölkəmizdə çox böyük sosial-iqtisadi tərəqqinin və yüksəlişin şahidi oluruq.

 

Cənab İlham Əliyevin qətiyyətli, düşünülmüş və məqsədyönümlü siyasi addımları Azərbaycan Respublikasında mövcud təbii-iqtisadi resurslardan düzgün və səmərəli istifadəni təmin etməklə qısa müddətdə ölkəmizi regionda lider dövlətə, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə və ən əsası, öz sərvətlərinin şəriksiz sahibinə çevirdi.

Bu gün Azərbaycan Respublikası beynəlxalq aləmə sürətlə inteqrasiya olunan, dünyada cərəyan edən iqtisadi proseslərdə özünəməxsus yeri və mövqeyi olan, dinamik iqtisadi inkişafını və siyasi stabilliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq Azərbaycan mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir olan, zəngin iqtisadi potensiala malik dövlətdir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş ölkə iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək, zəif və xaotik dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, eləcə də vahid məqsədə xidmət etməsinə, qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti olan uca millətimizin bütün dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin nəticələrinə görə, hələ uzun illər öncədən qədirbilən xalqımızın qəlbində əvəzsiz dövlət xadimi qiymətini almış ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyənləşdirdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurlarımızın əsasını təşkil edir.

Dünya təcrübəsindən də məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifahı və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyət, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı, ümummilli lider bəxş etmişdir. Eyni zamanda, belə bir reallıq da mövcuddur ki, əsl siyasətçinin və liderin başlıca xüsusiyyətlərindən biri də özündən sonrakı dövrü düzgün təhlil etməsi, layiqli davamçı yetişdirməsidir. Əlbəttə, dahi Heydər Əliyevin ucalığını, Vətənə və millətə məhəbbətini, əsl ümummilli lider olmasını sübut edən nümunələrdən biri də zaman-zaman lazımi keyfiyyətlərə cavab verən liderlərin olmamasından zərər çəkmiş xalqımız və Vətənimiz üçün cənab İlham Əliyev kimi uzaqgörən, Heydər Əliyev ideyalarını layiqincə davam etdirməyə qadir olan siyasətçi yetişdirməsidir. Başqa sözlə desək, biz ümummilli liderimiz Heydər Əliyevə həm də ona görə borcluyuq ki, o, özündən sonrakı Azərbaycanı təsadüflərin ixtiyarına buraxmadı, layiqli davamçı və gənc lider yetişdirdi.

"Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" deməklə fəaliyyətə başlayan cənab İlham Əliyev ötən illər ərzində öz praktiki fəaliyyətində sözün əsl mənasında, hər bir kəsin Prezidenti olduğunu sübut edərək, ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin qorunub saxlanması, Azərbaycan Respublikasının beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində mütərəqqi islahatların aparılması istiqamətində çoxlu mühüm addımlar atmışdır.

Ümummilli liderin iqtisadi strategiyasının cənab İlham Əliyev tərəfindən inamla həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycan dövləti müstəqilliyin möhkəmləndirilməsi, ölkədə tarazlı və davamlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımlar və əldə edilən iqtisadi uğurları ilə dünyanın aparıcı dövlətinə, eləcə də beynəlxalq aləmdə söz sahibinə çevrilmişdir. Artıq dünya birliyinə yaxından inteqrasiya olunan müstəqil Azərbaycan Respublikasında bütün proseslər xalqımızın milli mentalitetinə və dövlətçilik prinsiplərinə uyğun olaraq beynəlxalq birliyin, nüfuzlu beynəlxalq təşkilatların rəyləri nəzərə alınmaqla müasir dövrün tələbləri səviyyəsində qurulmaqdadır. Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr nəticəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadır.

2003-cü ildə prezident seçkiləri zamanı cənab İlham Əliyev Azərbaycanın gələcək inkişafını regionların müəyyən edəcəyini, bölgələrdə güclü insan potensialının olduğunu və burada güclü iqtisadi potensialın yaradılacağını bəyan edərək, regionların inkişafının sürətləndirilməsini özünün sosial-iqtisadi platformasının başlıca hədəflərindən biri kimi müəyyənləşdirmişdi. Ölkə başçısı regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadəni təmin etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və aqrar sektorda islahatları sürətləndirmək, yeni iş yerləri yaratmaq, məşğulluq səviyyəsini və insanların yaşayış şəraitini yüksəltməklə yoxsulluğu azaltmaq, infrastruktur sahələrini təkmilləşdirmək və yeniləşdirmək, əlverişli investisiya şəraiti formalaşdırmaqla ölkənin, xüsusilə regionların investisiya cəlbediciliyinə nail olmaq, mövcud potensiala və yerli şəraitə uyğun müasir müəssisələr yaratmaq və beləliklə də tarazlı regional inkişafa nail olmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2004-cü il 11 fevral tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nı təsdiq etmişdir. Eyni zamanda, ölkə başçısı sonrakı beş ildə Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran, Aran, Gəncə-Qazax və s. iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə sərəncamlar da imzalamışdır.

Bütün bunlarla yanaşı, Azərbaycan hökumətinin sosial məsuliyyət prinsipinə ciddiliklə riayət edərək fəaliyyəti ilə bağlı vaxtaşırı xalq qarşısında hesabat verməsi artıq ənənə halını almışdır. Bu istiqamətdə bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin Azərbaycanın dövlətçilik tarixində əsasını qoyduğu xoş bir ənənə də mövcuddur, bu da verilən göstərişlərin icra vəziyyətinə birbaşa nəzarət olunmasıdır. Məhz bunun nəticəsidir ki, yalnız 2003-2008-ci illər ərzində ölkə başçısı regionların bütün rayonlarını əhatə etməklə 127 səfər etmiş, o cümlədən 6 dəfə Naxçıvan Muxtar Respublikasında olmuş, yerlərdə görülən işlərlə, xalqımızın həyat səviyyəsi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermiş, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004- 2008-ci illər) Dövlət Proqramı"nda nəzərdə tutulan vəzifələrin icrası ilə tanış olmuş, ölkəmizin abadlaşması və inkişafı üçün əhəmiyyətli olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak etmişdir.

Bütün dövrlərdə sahibkarlığın inkişafı dövlət tərəfindən birmənalı olaraq dəstəklənmişdir. Hələ 2006-cı il oktyabrın 21-də 9 ayın yekunlarına dair müşavirədə cənab İlham Əliyevin səsləndirdiyi bir fikri xatırlatmaq yerinə düşərdi: "Unutmayın ki, mən bu sahəyə ciddi yanaşıram və iş adamlarını dəstəkləyirəm".

Yeri gəlmişkən, cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk dövrlərindən başlayaraq özəl sektorun inkişafına mane olan amillərin müəyyənləşdirilməsi və sahibkarların qarşılaşdığı problemlərin həlli məqsədilə iş adamları ilə vaxtaşırı görüşlər keçirmiş və mühüm qərarlar vermişdir. Ölkə Prezidenti dəfələrlə bəyan etmişdir ki, Azərbaycanda biznesin inkişafına dövlət qayğısının artırılmasını həmişə diqqət mərkəzində saxlayacaq, bu sahədə mövcud çətinliklərin aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlərin görülməsinə şəxsən özü nəzarət edəcəkdir. Məhz 21 oktyabr 2006-cı ildə keçirilən müşavirədə "Biz sahibkarları qorumalıyıq. Məni eşidən bütün icra hakimiyyəti orqanlarının nümayəndələri də bilməlidir ki, bu sahədə ciddi dönüş yaranmalıdır" söyləyən dövlət başçısının fasiləsiz diqqət və qayğısının nəticəsidir ki, son illər ölkə iqtisadiyyatında, həmçinin regionların həyatında mühüm rolu olan sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti yaradılmışdır.

Hələ cənab İlham Əliyevin ilk prezidentlik dövrünü əhatə edən beş il ərzində dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılmış, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 324 milyon manat kredit verilmişdir ki, bunun da 87 faizi, kreditlərin isə 70 faizi məhz regionların payına düşür. Regional inkişaf proqramının icrası ilə bağlı regionlarda həyata keçirilən layihələrin maliyyələşdirilməsinə beynəlxalq maliyyə qurumlarından 2,2 milyard dollar məbləğində kredit cəlb edilmişdir. Nəticədə dövlət proqramının uğurlu icrası ilə yanaşı, makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bir sözlə, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl sosial-iqtisadi siyasət nəticəsində 2003-2008-ci illər ərzində Azərbaycanda özəl sektorun ümumi daxili məhsuldakı payı 85-87 faizə qədər yüksəlmişdir. Sənaye istehsalı 3,7 dəfə, investisiyalar 2,4 dəfə, strateji valyuta ehtiyatları 9,8 dəfə, ümumu daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə, bu sahəyə yönəldilən investisiyalar 6,2 dəfə, qeyri-neft məhsullarının ixracı 2,2 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 11 faizə enmişdir. Təsadüfi deyil ki, aparılan islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmiş və 2008-ci ildə Dünya Bankı Azərbaycanı ən islahatçı ölkə elan etmişdir.

Məlumdur ki, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" 2004-cü ildə təsdiq edilmiş və fevral ayında proqramın icrasına başlanmışdır. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, proqram tam uğurla icra olunmuşdur. Ümumiyyətlə, cənab İlham Əliyevin prezidentliyi dövründə regionların sosial-iqtisadi inkişafı məsələləri həmişə diqqət mərkəzində olmuş, dövlətin iqtisadi siyasətinin prioritet istiqaməti kimi qəbul edilmiş və hazırda da bu istiqamətdə davamlı inkişafın təmin olunması mühüm vəzifə kimi qarşıya qoyulub. İnkişaf etmiş dövlətlərin təcrübəsindən də məlumdur ki, regionların inkişafı bir tərəfdən güclü infrastrukturun yaradılmasına, yeni iş yerlərinin açılmasına xidmət göstərir ki, bu da sonda miqrasiya meyillərinin, urbanizasiya prosesinin və s. qarşısını almaqla ölkədə tarazlı inkişafı təmin edir. Regionların sosial-iqtisadi inkişafına dair proqramların da ən ümdə məqsədi məhz mövcud potensialdan maksimum qənaətlə və səmərəli istifadəni təmin etməklə dinamik regional inkişafa nail olmaqdan ibarətdir. Bu gün regionların sosial vəziyyətinə, iqtisadi durumuna, eləcə də bu mənzərəni daha əyani şəkildə canlandıran statistik rəqəmlərə nəzər saldıqda əldə edilən uğurların bir daha canlı şahidi oluruq.

Məhz həyata keçirilən tədbirlərin və qəbul edilən proqramların nəticəsidir ki, yalnız 2003-2008-ci illər ərzində Azərbaycanda 2,6 dəfə iqtisadi artıma nail olunmuş, adambaşına düşən gəlir 5500 dollara çatmışdır. Bu dövrdə ölkə ərazisində yüzlərlə yeni müəssisə açılmış, SSRİ-nin süqutundan sonra fəaliyyətini dayandırmış və ya məhdudlaşdırmış bir çox müəssisənin tam fəaliyyəti bərpa edilmişdir. Həyata keçirilən düşünülmüş uğurlu iqtisadi islahatlar nəticəsində büdcə xərcləri 12 dəfədən çox artmışdır. İqtisadiyyatın dinamik inkişafında mühüm rol oynayan uğurlu fiskal siyasətin həyata keçirilməsi nəticəsində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 5,3 dəfə, onun ümumi daxili məhsulda xüsusi çəkisi isə 7,7 faiz artmışdır. Bu illər ərzində ölkədə vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 184 minə, onların ticarət dövriyyəsi isə 4,7 dəfə artaraq 16 milyard manata çatmışdır. Bu müddətdə Azərbaycan Respublikasının dünya iqtisadi sisteminə inteqrasiyası daha da sürətlənmiş, ticarət əlaqələri genişlənmişdir ki, bunun nəticəsində də xarici ticarət dövriyyəsi 9,9 dəfə, o cümlədən ixrac 17,5 dəfə artmışdır. Əlbəttə, bütün bunlar gələcəkdə daha inamlı və genişmiqyaslı regional proqram və layihələrin icrasına imkan yaradır. Məhz büdcə gəlirlərinin artımı büdcə xərclərinin də artırılmasına şərait yaradır ki, bu da Azərbaycan hökumətinə xalqın rifah halının yaxşılaşdırılması istiqamətində daha ciddi və təsirli addımlar atmağa imkan verir.

Son illər sürətlə inkişaf edən sahələrdən biri də həm regionların sosial-iqtisadi inkişafında, həm regionlarda məşğulluğun təmin olunmasında, həm də, ən əsası ölkənin ərzaq təhlükəsizliyinin qorunmasında mühüm əhəmiyyət kəsb edən aqrar sektordur. Statistik məlumatlardan aydındır ki, yalnız 2003-2008-ci illər ərzində aqrar bölmədə real artım 4,5 faiz olmuş, 1191 kollektiv, 156 kənd təsərrüfatı istehsal kooperativləri, 2651 kəndli-fermer təsərrüfatı yaradılmışdır. Eyni zamanda, ölkə başçısının sərəncamı ilə kənd təsərrüfatı istehsalçılarına məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin təqribən 50 faizinin dövlət tərəfindən ödənilməsi, "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, ASC tərəfindən kənd təsərrüfatı texnikalarının və texnoloji avadanlığın lizinqlə verilməsi, ödəmə müddətinin 5 ildən 10 ilə qədər artırılması, buğda istehsalçılarına əkilən hər hektar sahəyə görə 40 manat miqdarında yardım verilməsi və s. tədbirlərin nəticəsidir ki, aqrar bölmədə bütün zəruri məhsulların istehsalı üzrə müvafiq uğurlar təmin edilmişdir.

Aydındır ki, regionlara yönəldilmiş investisiya resurslarının ölkənin ümumi iqtisadi inkişafında, eləcə də regional inkişafda xüsusi rolu vardır. Dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin məbləği 2003-cü illə müqayisədə 2008-ci ildə 6 dəfə artaraq 3,9 milyard manat təşkil etmişdir ki, bu da ümumi investisiyaların 83 faizi deməkdir. Ümumilikdə, 2003- 2008-ci illər ərzində regionlara 6,8 milyard manat həcmində dövlət investisiyaları qoyulmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq, mühərrik yağları, buğda, toxum və gübrəyə görə subsidiyaların verilməsi, texnika, gübrə və toxum təchizatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən vəsaitin ayrılması və vergi güzəştlərinin tətbiqi nəticəsində məhsul istehsalının nominal dəyəri 2,4 dəfə artmışdır. Təbii ki, gələcəkdə də kənd təsərrüfatının inkişafına dair yeni proqramlar qəbul ediləcək və bu sahəyə dövlət qayğısı göstəriləcəkdir. Bunu ölkə başçısı İlham Əliyevin söylədiyi aşağıdakı fikirlər də bir daha təsdiq edir: "Gələcəkdə kənd təsərrüfatının inkişafına yeni proqramlar əlavə ediləcək və biz bu sahəyə maksimum dərəcədə diqqət göstərməliyik. Bu, həm təhlükəsizlik məsələsidir, həm iqtisadi məsələdir, həm də sosial məsələdir. Çünki Azərbaycan əhalisinin demək olar ki, yarısı kənd təsərrüfatı bölgələrində yaşayır".

Əldə edilmiş uğurlar sonrakı dövrlərdə də davam etdirilmiş və artıq Azərbaycan Republikası aparılan islahatların nailiyyətləri ilə keçid dövrünü uğurla başa vuraraq davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur. Müasir milli iqtisadiyyatımız ən sürətli və dinamik inkişaf edən iqtisadiyyat olmaqla yanaşı, iqtisadi inkişaf göstəriciləri ilə artıq nəinki regionda və ya MDB-də, hətta dünyada lider dövlətlər sırasına qoşulan Azərbaycan Respublikasında əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində çoxşaxəli və davamlı islahatlar həyata keçirilməsinə şərait yaradır. Artıq ölkəmiz bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyət subyektlərinin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində də ciddi nailiyyətlərə imza atmışdır. Bu gün ümumi daxili məhsulda özəl sektorun payı 85 faiz təşkil edir. Bu da onu göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə tətbiq olunur və ölkədə davamlı inkişaf üçün münbit şərait formalaşdırılmışdır.

Təbii ki, bütün bunların əsas səbəbi maliyyə-vergi siyasətinin təkmilləşdirilməsi, maliyyə-kredit sisteminin yaxşılaşdırılması, ayrı-ayrı sahələrin texniki təchizatının gücləndirilməsi və s. ilə yanaşı, həm də həyata keçirilən islahatların istiqamətinin düzgün müəyyənləşdirilməsindən ibarətdir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə özəl sektorun inkişafı, bizneslə məşğul olmaq üçün gözəl şərait yaradılmışdır. Bütün bunların beynəlxalq təşkilatlar tərəfindən dəqiqliklə qiymətləndirilməsi və Dünya Bankı kimi nüfuzlu bir beynəlxalq təşkilatın Azərbaycanı "Doing Business" proqramında (2008-ci il) bir nömrəli islahatçı ölkə kimi tanıması, dünyanın ən mötəbər qurumlarından olan Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək bazarının səmərəliliyi, dövlət idarəetməsinin, infrastruktur təminatının və maliyyə bazarının mükəmməllik səviyyəsi və bu kimi digər mühüm meyarlar əsasında 2009-2010-cu il üçün hazırladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlməsi onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli, stabil və dinamikdir. Məlumat üçün qeyd edək ki, adıçəkilən hesabatda qonşu ölkələrdən Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan 90-cı yerdədir. Bu isə təbii ki, ölkəmizdə aparılan islahatların, düşünülmüş siyasət və atılan düzgün addımların nəticəsidir və cənab İlham Əliyevin yeddi illik hakimiyyətinin real uğurlarıdır.

Artıq cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında təbii-iqtisadi imkanlardan istifadə etməklə çox güclü və dayanıqlı bir iqtisadiyyat formalaşmışdır. İstər ümumi iqtisadi göstəricilərin, istərsə də sənaye, kənd təsərrüfatı, sosial və s. sahələrə dair göstəricilərin dinamik formada dəyişməsi, ilbəil artması ölkəmizin iqtisadi qüdrətini və inkişaf tempini xarakterizə edir. Eyni zamanda, dünyada davam edən iqtisadi böhran nəticəsində ayrı-ayrı ölkələrin iqtisadi vəziyyətinin pisləşdiyini, ÜDM həcminin azaldığını, investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi imkanlarının məhdudlaşdığını, bir çox ölkələrin milli pul vahidlərinin devalvasiya edildiyini, işsizlik səviyyəsinin artdığını və bütün bunların Azərbaycanda ciddi formada hiss edilmədiyini nəzərə alsaq, ölkəmizin iqtisadi qüdrətini təsəvvür etmək olar. Uzağa getmədən, elə MDB ölkələrinin timsalında iqtisadi böhranın ümumi mənzərəsi ilə tanışlıqdan aydın olur ki, bir çox qonşu respublikalarda iqtisadi vəziyyət kəskin pisləşmiş və 2009-cu ilin əvvəlindən, ölkələrin iqtisadi durumunu xarakterizə edən makroiqtisadi göstəricilər aşağı düşmüşdür. Konkret olaraq bu ölkələrdə ÜDM 9 faiz, o cümlədən, ölkələr üzrə Rusiyada 14 faiz, Qazaxıstanda 1,5 faiz, Belarusda 4,6 faiz, Qırğızıstanda 12,7 faiz, Ukraynada 29,6 faiz və s. azalmışdır.

Təsadüfi deyil ki, artıq öz iqtisadi inkişaf yolu olan, qlobal maliyyə böhranının təsirini minimum həddə endirməyi bacaran Azərbaycanın uğurları bütün dünyada diqqətlə izlənilir və ölkəmizin inkişaf tempini təmin edən şərtlər geniş təhlil obyektinə çevrilir. Bunu son vaxtlar dünyanın aparıcı mətbu orqanlarında Azərbaycanın iqtisadi artımına dair dərc olunan yazılardan, beynəlxalq reytinq agentliklərinin ölkəmizə verdiyi qiymətlərdən də əyani görmək mümkündür. Böyük Britaniyada nəşr edilən "Financial Times" qəzeti Azərbaycanın investisiya imkanlarını şərh edərək yazır ki, qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir göstərməyib. Ölkə iqtisadiyyatında son on ildə 900 faiz artım olduğunu qeyd edən qəzet, bu inkişafda özəl sektorun böyük rol oynadığını xüsusi vurğulayıb. Məqalədə o da qeyd edilir ki, Mərkəzi Asiya regionunun digər ölkələri böhrandan çıxmaq üçün səylər göstərdiyi halda, Azərbaycanda sürətli dinamik iqtisadi artım müşahidə olunur. Ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu qeyd edən "Financial Times" beynəlxalq ekspertlərin fikirlərinə əsaslanaraq 2010-cu ildə Azərbaycana daha çox investisiyanın cəlb ediləcəyini qeyd edir. Eyni zamanda, nüfuzlu "The Ekonomist" də yazır ki, beynəlxalq maliyyə böhranı 2010-cu ildə də davam edəcək, bununla belə Azərbaycan sürətli inkişafını davam etdirərək liderlər sırasında yer alacaq.

Məlum olduğu kimi, 2009-cu il həm də yeni, daha böyük müəssisələrin açılması və ya təməlinin qoyulması ilə də yadda qalmışdır. Belə ki, il ərzində yeni sement zavodunun və Azərbaycan dövləti tərəfindən ekoloji vəziyyətin yaxşılaşdırılmasına əsaslı dərəcədə xidmət edəcək yeni məişət tullantıları emalı zavodunun təməli qoyuldu, eyni zamanda, "Sumqayıt texnopark"ın bir hissəsi istifadəyə verildi. Sumqayıt şəhərinin əvvəlki şöhrətinin bərpa edilməsi, şəhərin həqiqətən müasir sənaye mərkəzinə çevrilməsi üçün bu texnoparkın çox böyük əhəmiyyəti olacaqdır. Texnoparkda ən azı 10 nəhəng zavod qurulacaqdır ki, bu da minlərlə yeni iş yeri və 100 milyon dollarlarla investisiya qoyuluşu deməkdir. Cənab İlham Əliyev demişdir: "Bütün bunlar imkan verir ki, makroiqtisadi sabitliyi qoruyaq, ölkədə gedən bütün sosial proqramları, bütün infrastruktur layihələrini vaxtında icra edək. 2010-cu ildə həyata keçiriləcək investisiya layihələri ölkəmizin hərtərəfli inkişafına xidmət göstərməlidir. Biz tezliklə investisiya proqramını təsdiq etməliyik. Vaxt itirmədən maliyyə vəsaiti ayrılmalıdır ki, 2010-cu ildə də sürətli inkişafımızı davam etdirək".

Digər tərəfdən, son 6 il ərzində 840 min, o cümlədən yalnız 2009-cu il ərzində 74 min yeni iş yeri yaradılmışdır. Məhz bunun nəticəsidir ki, altı il əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdısa, bu gün bu göstərici 11 faizdir. Yalnız 2009-cu il ərzində Azərbaycanda 64 məktəb, 59 səhiyyə müəssisəsi tikilmiş və ya yenidən qurulmuş, o cümlədən beş böyük olimpiya kompleksi istifadəyə verilmişdir. Bütün bunlar o deməkdir ki, dünyanı bürüyən böhrana baxmayaraq Azərbaycanda nəzərdə tutulan layihələrin uğurla icrası davam etdirilmişdir. 2009-cu ilin yekunlarına valyuta ehtiyatları 20, 4 milyard dollar olmuşdur ki, bu da Azərbaycanda planlaşdırılan işlərin fasiləsiz həyata keçirilməsinə imkan yaratmışdır. Əlbəttə, bütün bunlar vaxtında və düşünülmüş və ardıcıl surətdə həyata keçirilən layihələrin nəticəsidir.

 

(ardı növbəti sayımızda)

 

 

İsa ALIYEV,

AMEA İqtisadiyyat İnstitutunun direktoru,

iqtisad elmləri doktoru, professor,

 

Aqil ƏSƏDOV, i

nstitutun şöbə müdiri,

iqtisad elmləri üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2010.- 14 oktyabr.- S. 3.