Yeni təhsil ocağı Milli Qəhrəmanın adını daşıyır

 

Biləsuvar şəhərində yeni lisey-məktəb kompleksinin açılışı olub. Regionların İnkişafı Dövlət Proqramı çərçivəsində Mərkəzi Bankın vəsaiti hesabına inşa olunmuş təhsil ocağına Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.

 

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Biləsuvarın mərkəzindəki abidəsini ziyarət etdilər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Biləsuvar şəhidlərinin xatirəsi də yad olundu.

Tədbir Dövlət himinin sədaları altında təhsil ocağının qarşısında Azərbaycan bayrağının qaldırılması ilə başlandı. Mərasimdə Milli Qəhrəman Mübariz İbrahimovun ailə üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri, kompleksin müəllim və şagird kollektivləri iştirak edirdi. Kompleksin direktoru Anar Məmmədov tədbiri açaraq kollektivin təhsil ocağına Milli Qəhrəman Mübariz İbrahimovun adının verilməsindən qürur duyduğunu bildirdi. Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov bu təhsil ocağının Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa olunduğunu bildirdi. Qeyd etdi ki, yeni lisey-məktəb kompleksinin fəaliyyəti həm Biləsuvar rayonu, həm də bütün bölgə üçün mühüm hadisədir. Burada ətraf rayonların da istedadlı və qabiliyyətli uşaqları təhsil ala biləcəklər. Natiq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatlarının ölkəmizdə böyük uğurla həyata keçirilməsindən, Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğıdan, Heydər Əliyev Fondunun təhsillə bağlı təşəbbüslərindən danışaraq dedi ki, son 7 ildə ölkəmizdə 1600 təhsil ocağı tikilib və əsaslı təmir olunub. Bu müddətdə təhsilin inkişafı ilə bağlı 16 dövlət proqramı hazırlanıb. Lisey-məktəb kompleksinə Milli Qəhrəman Mübariz İbrahimovun adının verilməsini mühüm hadisə adlandıran Elman Rüstəmov binanın ən müasir standartlar səviyyəsində inşa olunduğunu bildirdi.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov da təhsilimizin inkişafından, rayonda bu sahədə görülən işlərdən danışdı. Mübariz İbrahimovun xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulucağını və yaxın gələcəkdə kompleksin qarşısında Milli Qəhrəmanın abidəsinin ucaldılacağını bildirdi.

Şəhidin atası Ağakərim İbrahimov oğlunun adının uca tutlumasından razılığını çatdırdı. Öz növbəsində Ali Baş Komandan İlham Əliyev tərəfindən Mübariz İbrahimovun ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlərinə və göstərdiyi rəşadətə görə Milli Qəhrəman adına layiq görülməsini yüksək qiymətləndirdi və buna görə ailəsi adından dövlət başçısına minnətdarlığını bildirdi.

Tədbirdə çıxış edən liseyin müəllimləri Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bu təhsil ocağının onlarda Vətənə məhəbbət, xalqa xidmət hissini daha da artırdığını, milli təhsilimizin inkişafına stimul verdiyini bildirdilər. Şagirdlərin ifasında Vətənə, qəhrəmanlığa və Mübariz İbrahimovun igidliyinə həsr edilmiş şeirlər səsləndi.

İlk zənginin çalınmasından sonra Milli Qəhrəman Mübariz İbrahimov adına lisey-məktəb kompleksinin açılışı oldu. Bildirildi ki, 3 mərtəbəli kompleksdə 28 sinif, müəllimlər otağı, fənn kabinetləri, kompyuter və idman zalları var. Məktəb bütün zəruri avadanlıq və tədris vəsaitləri ilə təmin olunub. Geniş və zəngin kitabxanadan 100-yə yaxın şagird eyni vaxtda istifadə edə bilər. Kompleksin 210 nəfərlik yeməkxanasında gün ərzində 2 dəfə şagirdlərin pulsuz yeməklə təmin edilməsi nəzərdə tutulub. Liseyin binasında video-müşahidə kameraları quraşdırılıb. "Açıq sinif" otağında valideynlər dərslərin gedişini heç bir maneə olmadan izləyə bilərlər. Məktəbdə müasir standartlara cavab verən bilologiya, kimya və fizika laboratoriyaları da fəaliyyət göstərir. Bütün bu şəraitdən ən çox sevinən məhz şagirdlərdir.

Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan lisey-məktəbə şagirdlər və müəllimlər TQDK tərəfindən hazırlanmış test üsulu ilə silsilə imtahanlar verməklə müsabiqə yolu ilə qəbul olunublar. Hazırda məktəbdə 107 şagird təhsil alır. Növbəti dərs ilindən isə onların sayı daha da artacaq. Məktəbin pedaqoji kollektivi 34 nəfərdən ibarətdir.

Açılış mərasimində belə bir qətiyyət ifadə edildi ki, kollektiv etimadı doğruldacaq və tezliklə ölkənin ən qabaqcıl təhsil müəssisələrindən birinə çevriləcək.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2010.- 20 oktyabr.- S. 5.