Jurnalistika onun ürək döyüntüləridir

 

Bütün yaradıcı adamlar kimi, jurnalistlər də müxtəlif kateqoriyalara bölünürlər: istedadlısı və qabiliyyətsizi də var, ləyaqətlisi və peşə qaydalarına məhəl qoymayanı da. Bu peşəni bazar alverçisi ilə dəyişik salanlar, reketçiliyə qurşananlar da az deyil (sonuncuların jurnalistikaya, ümumiyyətlə, aidiyyatı yoxdur və onları yalnız bütün peşələrin tullantıları ilə müqayisə etmək olar). Bugünkü jurnalistikamız cəmiyyətə özünü məhz bu fərqli çalarları ilə tanıdır.

 

Təbii ki çağdaş jurnalistikamızı daha çox istedadlı qələm sahibləri, özünə və sözünə hörmət edənlər, bu sahənin uzun və əzablı yollarını mənəvi itki vermədən keçənlər təmsil edirlər. Neçə illərdir ki, mətbuatda külüng çalan qələm dostum, tanınmış jurnalist, çoxlu sayda parlaq yazıların müəllifi Qüdrət Piriyev haqqında yubiley qeydlərini başlayanda, nədənsə bu məqam yadıma düşdü. Bəlkə, o səbəbdən ki, Qüdrət müəllim həmkarlarımız arasında təkcə parlaq istedadı ilə deyil, həm də yüksək əxlaqı, imanı,təmkini, tərbiyəsi,halal-haram bilməsi, təvazökarlığı ilə ad qazanıb. "Abırlı adam" ifadəsi məhz Qüdrət Piriyev kimi dəyərli insanlar üçün deyilib.

Biz onunla tələbə yoldaşı olmuşuq, beş il universitet auditoriyalarında birgə mühazirələr dinləyib, imtahanların zəhminə bir yerdə tab gətirmişik. Amma Qüdrət çoxlarımızdan fərqli idi, həyata, jurnalistikaya baxışı daha yetkin görünürdü. Hiss olunurdu ki, bizlərin indi-indi daddığı romantikanı o, hərbi xidmətdə qoyub gəlib. Ona görə də bütün ağıllı tələbələr kimi fikri-zikri dərslərdə, bir də yazı-pozuda idi.

Həmin dövrdə tələbənin respublika mətbuatında yazısının çap olunması fakültədə əsl hadisə sayılırdı və Qüdrət azsaylı tələbələrdən biriydi ki, tez-tez belə xoş hadisələr yaradırdı. "Azərbaycan gəncləri" qəzetinə yazırdı, əvvəlcə xəbərləri, sonra iri reportajları dərc olunurdu. Famil Mehdi, Nurəddin Babayev, Tofiq Rüstəmov, Qulu Xəlilov və Nəriman Zeynalov kimi tələbkar müəllimlərimiz bu yazıları tərifləyəndə artıq heç kimdə şübhə qalmamışdı ki, Qüdrət gələcəyin yaxşı jurnalisti olacaq. Oldu da!

1978-ci ildə universiteti bitirdikdən sonra bir müddət populyar "Azərbaycan gəncləri"qəzetində çalışdı, sonra "Bakı"qəzetində on il qələm çaldı, burada tezliklə tanındı. Sayılıb-seçilən jurnalistlərdən biri kimi tezliklə o vaxt ölkənin ən nüfuzlu mətbuat orqanı sayılan "Kommunist" qəzetinə dəvət olundu. Azərbaycanda xalq hərəkatı başlayanda öz sözünü demiş bu qəzet, sonralar ciddi böhranlarla üzləşsə də, müvazinətini saxlayaraq özünə gəldi və bir çox istedadlı jurnalistin taleyində mühüm rol oynadı. "Xalq qəzeti"nə çevrildikdən sonra da öz yaradıcılıq ənənələrinə sadiq qalmış qəzet Qüdrət üçün daimi yeri oldu.

Hər hansı jurnalistdən ötrü vacib olan peşə keyfiyyəti onun öz yazı üslubunu yarada bilməsidir. Bu mənada Qüdrət klassik jurnalistika məktəbini keçmiş, Nəsir İmanquliyev, Şamil Şahməmmədov, Cəmil Əlibəyov kimi ustad redaktorlarla çalışmışdır. Hər bir sözə zərgər dəqiqliyi ilə yanaşmağa alışmış Qüdrət Piriyev fərdi yaradıcılıq üslubuna malikdir. O nədən yazırsa-yazsın, iti ağlını, fəhmini, sözlə işləmək bacarığını səfərbər edə bilir. Məhz bu qabiliyyəti sayəsində Qüdrət bütün yazılarına maraqlı forma verməyi, oxucunu cəlb edəcək üslub cazibədar dil konstruksiyaları seçməyi bacarır.

Hələ tələbə vaxtı onun dünya işığından məhrum olmuş insanların çalışdığı sexdən maraqlı bir reportajı dərc edilmişdi - çox canlı və oxunaqlı material idi. Reportajın adı da indiyədək yadımda qalıb: "Gözlərin işığı ürəklərdədir". Yazının mövzusu, barələrində söhbət açılan insanlar,müəllifin təhkiyəsi o qədər cəlbediciydi ki, fakültəmizin müəllimləri bir müddət elə bu reportaj haqqında danışıb tələbələrə məhz belə yazmağı tövsiyə edirdilər. Əslində, bu cür maraqlı yazıları Qüdrətin publisistikadakı gələcək uğurlarının bir növ uvertürası saymaq olardı. Onun sonrakı yaradıcılığı da bunu sübut etdi.

Qüdrət Piriyev harada çalışıbsa, nə yazıbsa həmişə ürəyinin səsinə qulaq asıb. Başdansovduluq, necə gəldi yazmaq, faktların üstündən keçmək, yaxud faktı təhrif etmək onun üçün yolverilməzdir. Hər hansı mövzuda yazarkən ədalətli olmaq, haqqı nahaqqın ayağına verməmək, çağdaş jurnalistikanın qızıl qanunu olan "fakta sədaqət" prinsipi hamının imanlı adam kimi tanıdığı Qüdrət üçün çox önəmlidir. Elə buna görə də imzasını tanıyan oxucu üçün onun bütün yazıları maraqlıdır.

İndiki məlumat, qəzet və yazı bolluğu, üstəgəl, oxucu biganəliyi şəraitində jurnalistin öz imzasını tanıda bilməsi çox çətindir. Amma Qüdrət toxunduğu aktual mövzularla, məsələyə yanaşma tərzi, araşdırma metodikası və səlis müəllif üslubu ilə oxucusunu ovsunlaya bilir. Bu mənada onun sosial mövzularda yazdığı analitik məqalələri, ekologiya problemlərinə dair araşdırmaları, sözün həqiqi mənasında, yaxşı jurnalistika örnəyidir.

İndi xarici ölkələrdən səfər təəssüratları yazmaq, hansısa regiondan reportajlar vermək dəbdədir. Mənim düşüncəmə görə, bu tip yazılar çox az jurnalistdə Qüdrətdəki qədər yaxşı alınır. Onun şirin təhkiyəsi, maraqlı epizodlar seçib təqdim etməsi, oxucunu dramatik situasiyalarla üzləşdirmək məharəti bu silsilədən olan yazılarını xeyli oxunaqlı edir.

Bir vaxtlar Smolenskdən verdiyi silsilə yazılar ona görə yadda qalmışdı ki, həmin məqalələrdə Ümumittifaq zərbəçi komsomol tikintisində - Smolensk AES-də çalışan soydaşlarımızın fəaliyyəti ilə yanaşı, burada düşünülmüş imperiya siyasətinə də toxunulur, azərbaycanlı gənclərin rus qızları ilə kütləvi surətdə izdivaca şirnikləndirilməsinə və bunun respubdlika üçün gələcəkdə arzuolunmaz vəziyyət yaradacağına incə ştrixlərlə eyham da vurulurdu. Problem ciddidüşündürücü olduğundan yazılar yaxşı rezonans dogurmuşdu, lakin bununla kifayətlənməyən Qüdrət bir reportyor ustalığı ilə həmin silsilə materiallara gözlənilməz "dadlandırıcı element" də əlavə etmişdi. Yəni ilk kosmonavt Yuri Qaqarinin anası Anna Timofeyevnadan aldığı qeyri-adi müsahibə ilə bu yazıların təsirini qat-qat artırmışdı.

Yaxud, həmkarı Elman Qədirovla birgə Xəzərətrafı bölgələrə - Azərbaycanın, eləcə də Dağıstanın, Rusiyanın, Qazaxıstanın və Türkmənistanın sahil şəhərlərinə, o cümlədən Dərbənd, Həştərxan, Quryev, Krasnovodsk (indiki Türkmənbaşı) şəhərlərinə, Qaraboğazqol körfəzinə səfərinin nəticəsi kimi meydana çıxan silsilə yazılarında o, intellektual bir jurnalist olaraq, ağır ekoloji böhranın məngənəsində çapalayan Xəzərin görünməmiş miqyasda çirkləndirilməsi, qiymətli flora və faunasının sürətlə tükənməsi, dəniz suyunun səviyyəsinin vaxtaşırı qalxıb-enməsi səbəbləri və sair problemləri seçdiyi oynaq forma ilə oxuculara şirin hekayət kimi təqdim etmişdir. Həcc ziyarəti ilə baxlı səfər təəssüratlarını isə o, daha fərqli biçimdə çatdırmağa, seçdiyi yazı üslubu ilə ilahi məqamlara toxunmağa, oxucuları Məkkə və Mədinə kimi müqəddəs məkanların cazibədar aurasında saxlamağa, insanları ən ulu dəyərlər haqqında düşündürməyə nail ola bilmişdi.

Hacı Qüdrət bütün varlığı ilə jurnalistikaya bağlı qələm sahibidir, həyatını könüldən sevib-seçdiyi bu peşədən ayrı təsəvvür etmir. Jurnalistika onun həyat tərzi, düşüncəsi, ürək döyüntüləridir, ona görə peşəyə sevgisi də səmimidir. Yaradıcılığı, davranışı da ölçülü-biçilidir. Haqsızlığa qarşı barışmazdır. Qüdrətin zahiri sakitliyinin arxasında bir üsyankar ruh dayanır. Bu üsyan, hər şeydən əvvəl, diletantlığa, peşə prinsiplərinin pozulmasına, kiminsə haqqının tapdalanmasına, ədalətsizliyə qarşıdır. Onun fikrincə, jurnalistika mənəviyyatdan başlayır və peşə ləyaqəti olmadan bu sahədə uzun yol getmək mümkün deyildir. Təbii ki, çoxları belə düşünür, amma heç də hamı Qüdrət Piriyev kimi bu kredoya sadiq qala bilmir. Məhz bu keyfiyyətinə görə dostları, qohum-əqrəbası və yoldaşları da Hacı Qüdrəti sözü ilə əməli bir olan adam kimi tanıyırlar. Əslində, jurnalistikada belə adamlar çıraqla axtarılasıdır.

Jurnalistika bu sahəni seçən həqiqi yaradıcı insanları varlandırmasa da, əvəzində onlara heç bir sərvətlə ölçülməyən zəngin mənəvi dünya və şöhrət bəxş edir. Altmış yaşının qeyd olunduğu bu ğünləri sadə təmtəraqsız ömür yaşamasına baxmayaraq, Tanrı Qüdrətə uğurlu jurnalist taleyi bəxş edib: daim nüfuzlu qəzetlərdə və layiqli insanlarla çalışıb. Ağlı, istedadı və yüksək duyumu sayəsində sanballı publisistik əsərlər yaradıb, nüfuzlu yaradıcılıq müsabiqələrinin qalibi olub, mükafatlar alıb, "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Həcc ziyarəti isə ona dərin ruhi rahatlıq gətirərək əbədi arzusuna qovuşdurub. Bu, müəyyən mənada xoşbəxtlikdir, çoxlarına müyəssər olmayan tale uğurudur. "Müəyyən mənada"ifadəsini isə ona görə işlədirəm ki, bu xoşbəxtliyin arxasında adi insan qayğıları, bəzən həlli çox çətin olan məişət problemləri dayanır. Bunların davaxtsa düzələcəyinə inanaraq heç vaxt sabaha ümidini itirmir. Onun ümidləri də bütün ömrünü sərf etdiyi, həqiqətlərin üzə çıxarıldığı meydan kimi baxdığı jurnalistikadan qaynaqlanır. Çünki Hacı Qüdrət jurnalistikanı təkcə insanların məlumat mənbəyi, həqiqətin dayaq nöqtəsi yox, həm də cəmiyyətin ümid yeri hesab edir.

 

 

Qulu MƏHƏRRƏMLİ,

filologiya elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2010.- 21 oktyabr.- S. 7.