Azərbaycanın sosial-iqtisadi və hərbi potensialı sürətlə inkişaf edir

 

Bu gün orduya ayrılan xərclər Silahlı Qüvvələrimizi gücləndirir. Bu gün Azərbaycan ordusu bölgədə - Cənubi Qafqazda ən güclü, ən peşəkar, ən mübariz ordudur və əlbəttə ki, biz bu istiqamətdə aparılan işləri davam etdirəcəyik.

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən.

 

Biz bu inkişafa dövlət başçısının qətiyyəti, dövlətin ayırdığı vəsait və xalqın əzmkarlığı nəticəsində nail olduq. 2003-cü ilin oktyabrından start götürmüş inkişaf tendensiyası ildən-ilə daha geniş miqyas alır, daha böyük uğurlara imza atılır və cəmiyyət həyatının bütün sahələrində yeni nailiyyətlər əldə edilir.

 

Bütün dünyanın iqtisadi böhrandan xilas olmaq üçün variantlar axtardığı 2009-cu ildə Azərbaycanda iqtisadi artım 9 faizdən çox olmuşdur. Bu göstərici dünyanın hər yerində qeyd edilmiş və belə nailiyyətin əldə edilməsini dövlətin uğurla idarə olunmasının nəticəsi kimi qiymətləndirmişlər. 2010-cu ilin geridə qalan 9 ayında isə iqtisadiyyatımız 4,1 faiz artmışdır. Yəni, inkişaf tendensiyası davam edir. Ölkədə aparılan islahatlar və həyata keçirilən tədbirlər nəticəsində makroiqtisadi sabitliyə nail olunmuşdur. Son bir neçə ildə Azərbaycan dövləti iqtisadiyyatın şaxələndirilməsinin yeni nümunəsini yaratmışdır. Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi günümüzün uğurları sırasındadır.

Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyində ən uğurlu sosial siyasət yeridən ölkələrdən biridir. Təkcə bu ilin 9 ayında əhalinin pul gəlirləri 11 faiz artmışdır. Ölkə iqtisadiyyatındakı inflyasiya isə bu göstəricinin yarısı qədərdir. İlin geridə qalan dövründə minimum əməkhaqqı və minimum pensiyanın səviyyəsi növbəti dəfə artırılaraq 85 manata çatdırılmışdır. Bu, Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələr arasında ən yüksək göstəricidir. Elə 600 min insanı əhatə edən 128 min ailənin ünvanlı sosial yardım almasını da yada salanda bizim dövlətin qonşu ölkələrlə müqayisədə nə qədər sosialyönümlü siyasət yeritdiyinin şahidi olarıq. Həm dövlət, həm də dövlət başçısı bu məsələni daim diqqət mərkəzində saxlayır.

Xüsusilə qeyd edilməli məqamlardan biriodur ki, Azərbaycan sosial infrastrukturun yaradılmasına ayrılan vəsaitin, yatırılan investisiyanın məbləğinə görə də öz qonşularından xeyli irəlidədir. Təkcə 2000-ci ilin geridə qalan aylarında 23 səhiyyə müəssisəsi təmir olunub, 59 məktəb və əlavə korpus, 4 regional Olimpiya İdman Mərkəzi tikilib. Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzi isə bu yaxınlarda dövlət başçısının və Heydər Əliyev Fondunun prezidentinin iştirakı ilə istifadəyə verilmişdir. Bütün bunlar ona görə reallığa çevrilir ki, dövlət müdrikcəsinə düşünülmüş siyasi xətlə - Heydər Əliyev siyasi kursu ilə idarə olunur.

Azərbaycanın iqtisadi imkanlarının gündən-günə artmasının əsas səbəbləri arasında uğurlu idarəetmə, xalqın öz dövlətinə inamının artması, beynəlxalq aləmin dəstəyi və ən nəhayət, ölkənin təbii sərvətlərlə zəngin olması kimi mühüm amillər vardır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin qeyd edilən iclasında ölkənin təbii sərvətlərindən səmərəli istifadə olunması məsələsini yada salaraq demişdir: "Bu il neft-qaz sektorunda qarşıda qoyulan məsələlər həll olunur, neftqaz hasilatı artır. Mənə verilən son məlumata görə, ilin sonuna qədər Azərbaycanda 50 milyon tondan çox neft və 28 milyard kubmetrdən artıq qaz hasil ediləcəkdir. Bunun böyük hissəsi ixrac edilirixrac imkanlarımız, ixracın coğrafiyası genişlənir. Bu gün Azərbaycan qazı qonşu ölkələrə nəql edilir. Azərbaycan nefti bütün dünyaya daşınır. Demək olar ki, Azərbaycan nefti artıq bütün qitələrə çatıbdır. Əlbəttə ki, bu, ölkələrlə həm iqtisadi, həm ikitərəfli əlaqələrimizin inkişafı üçün çox müsbət şərait yaradır. Gələn il biz elə etməliyik ki, təbii resurslarımızdan daha da səmərəli şəkildə istifadə edək".

Dövlət başçısı "daha səmərəli" dedikdə neft sektorundan əldə edilən vəsaitin bir hissəsinin qeyri-neft sektorunun inkişafına və insan kapitalının - intellektual kapitalın yaradılmasına sərf edilməsini nəzərdə tutur. Qeyd edək ki, Azərbaycan dövləti həmin istiqamətlərin hər ikisində uğurlu nəticələr əldə etmişdir və həmin nəticələrin böyük bir hissəsi məhz 2010-cu ilin 9 ayının payına düşür.

Prezident İlham Əliyev bütün digər tədbirlərdə olduğu kimi, Nazirlər Kabinetinin 20 oktyabr tarixli iclasında da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün aparılan danışıqların vəziyyətindən, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən, Ermənistanın saxta tarixdən əl çəkə bilməmək xəstəliyindən, rəsmi Bakının öz problemlərini həll etmək üçün ordu quruculuğunu sürətləndirməsindən, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu ilə müqayisə edilə bilməyəcək bir hərbi potensiala malik olmasından söz açmışdır: "Gələn il bizim bütün hərbi xərclərimiz 2 milyard 500 milyon manat səviyyəsində olacaq ki, bu da 3 milyard dollardan çoxdur. Nəzərə alsaq ki, torpaqlarımızı işğal altında saxlamağa cəhd edən Ermənistanın bütün dövlət büdcəsi 2 milyard dollardan bir az çoxdur, görərik ki, Azərbaycanın hərbi xərclərinin Ermənistanın bütün xərclərindən üstün olması ilə bağlı vaxtilə qarşımıza qoyduğumuz vəzifə artıq həll olunubbu gün bu, reallıqdır... Ermənistandan fərqli olaraq biz iqtisadiyyatımızı, ordumuzu, Azərbaycan xalqının iradəsi və zəhməti hesabına qururuq... Biz çalışırıq və çalışacağıq ki, tezliklə bu işğala son qoyaq".

Prezident İlham Əliyev eyni zamanda Azərbaycan diplomatiyasının 2010-cu ildə əldə etdiyi nailiyyətlərdən birini yada salaraq demişdir: "Bilirsiniz ki, işğal edilmiş ərazilərə bu yaxınlarda ATƏT-in qiymətləndirmə missiyası göndərilmişdir. Hesab edirəm ki, bu, çox müsbət bir haldır. Beş il bundan əvvəl - 2005-ci ildə ATƏT-in fakt-araşdırıcı missiyası ilk dəfə olaraq işğal edilmiş torpaqlara göndərilmişdi. O missiya tərəfindən hazırlanmış hesabat açıq-aydın göstərir ki, erməni vandalları hansı cinayətlər törətmişlər. Bu günlərdə həyata keçirilən missiya əlbəttə ki, həm müqayisə aparmalı, eyni zamanda orada baş verən dağıntıları, cinayətləri öz hesabatında bir daha əks etdirməlidir".

Dövlət başçımız bütün bunları qeyd edəndən sonra günün reallığı olan bir məsələni də dilə gətirdi: "Bu, məsələnin siyasihüquqi tərəfidir. Məsələnin praktiki tərəfi də mövqelərimizi gücləndirir. Çünki, bu gün Ermənistanı Azərbaycan ilə müqayisə etmək mümkün deyildir".

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 23 oktyabr.- S. 1.