Neftqaz hasilatının artması ölkə iqtisadiyyatının inkişafını sürətləndirir

 

2010-cu ilin doqquz ayında ARDNŞ üzrə 6,8 milyon ton neft və 5,7 milyard kubmetr qaz hasil edilmişdir

 

Dövlət Neft Şirkəti tərəfindən neft hasilatında əldə olunmuş sabitliyin qorunub saxlanması, eləcə də qaz istehsalının artırılması istiqamətində ilin əvvəlindən etibarən mühüm tədbirlər həyata keçirilmişdir. Neft sənayesinin maddi-texniki bazasının gücləndirilməsi, təchizatla bağlı əvvəlki illərdə müşahidə olunan çətinliklərin tam aradan qaldırılması və s. tədbirlərin iqtisadi səmərəsi getdikcə artır. Məhz bunun nəticəsidir ki, son illər Dövlət Neft Şirkəti üzrə neft və qaz hasilatına dair proqnoz tapşırıqları bir qayda olaraq vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilir.

 

Ölkə neftçiləri 2010-cu ilin doqquz ayının tapşırıqlarına da artıqlaması ilə əməl etmişlər. Dövlət Neft Şirkətinin socar.az saytının məlumatına görə, hesabat dövründə ARDNŞ üzrə qaz kondensatı da daxil olmaqla 6 milyon 806,7 min ton neft hasil olunmuşdur. Yanvar-sentyabr ayları ərzində çıxarılmış ümumi neftin 5 milyon 488,2 min tonu "Azneft" İstehsalat Birliyinin tabeliyində olan neft və qazçıxarma idarələrinin payına düşmüşdür.

Dövlət Neft Şirkətinin ölkəmizdə fəaliyyət göstərən xarici tərəfdaşları ilə birgə həyata keçirdiyi layihələrin də iqtisadi səmərəsi aybaay, ilbəil artır. Ötən 16 ildə mütərəqqi texnologiyaların tətbiqi, infrastrukturun yeniləşdirilməsi və həyata keçirilən digər tədbirlər neft hasilatının əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Qurudakı yataqların istismarını həyata keçirən müştərək müəssisələr və əməliyyat şirkətləri tərəfindən, eləcə də Dövlət Neft Şirkətinin "Azəri - Çıraq - Günəşli" və "Şahdəniz" layihələri üzrə payı çərçivəsində ilin doqquz ayı ərzində 1 milyon 318,5 min ton neftqaz kondensatı hasil edilmişdir. Bundan əlavə, hesabat dövrü ərzində müştərək müəssisələr və əməliyyat şirkətlərindən alınan yerli bazar nefti 124,2 min ton təşkil etmişdir.

2010-cu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Şirkəti üzrə emala 4 milyon 672,9 min ton neft təhvil verilmişdir. Hesabat dövründə şirkətin Marketinqİqtisadi Əməliyyatlar İdarəsi tərəfindən Azərbaycandan xaricə 1 milyon 999,5 min ton neft ixrac olunmuşdur.

Ölkəmizdə qaz hasilatının artırılması istiqamətində tədbirlər də uğurla davam etdirilmişdir. Dövlət Neft Şirkəti tərəfindən yeni qaz proqramının uğurla reallaşdırılması, yığım-nəql sisteminin təkmilləşdirilməsi, yeni quyuların qazılıb istismara verilməsi nəticəsində ölkədə əvvəlki illərdə müşahidə olunan qaz böhranının qarşısı tamamilə alınmışdır. Hətta son illər Dövlət Neft Şirkəti üzrə qaz hasilatı iki dəfəyə yaxın artmışdır ki, bu da əhalinin və iqtisadiyyatın "mavi yanacaq"la təminatının xeyli yaxşılaşdırılmasına imkan yaratmışdır. Təsadüfi deyil ki, son illər təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində görülmüş işlərin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasına "mavi yanacağın" verilməsi bərpa olunmuş, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi, Beyləqan rayonları və Ağdam rayonunun Quzanlı qəsəbəsinin, eləcə də ölkənin bir sıra kənd və qəsəbələrinin qazlaşdırılması başa çatdırılmışdır. Bu proses cari ilin ötən dövrü ərzində bir qədər də intensivləşdirilmişdir. Yeri gəlmişkən, oktyabrın 12-də Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimində Prezident İlham Əliyev ölkəmizin enerji təhlükəsizliyinin təminatı üçün son dərəcə vacib olan bu məsələyə bir daha toxunaraq demişdir: "...Bu gün Azərbaycanda qazlaşdırma ölkəmizin 90 faizini əhatə edir. Bizdən qat-qat çox qaz hasil edən ölkələrdə bu faizin aşağı olduğunu nəzərə alsaq, çox böyük göstəricidir. Biz qazlaşdırmanı 90 faizə çatdırsaq, demək olar ki, bütün bölgələr və bütün əsas yaşayış məntəqələri qazla təmin olunacaqdır. İndi həm yeni xətlər çəkilir, həm də köhnə xətlər yeniləri ilə əvəz olunur. Bu da çox müsbət göstəricidir. Potensialımız daha da sürətlə artır...Bu gün qaz anbarlarımızda 2 milyard 500 milyon kubmetr qaz yığılıbdır. Bu da tarixi nailiyyətdir".

Ölkənin "mavi yanacağa" olan tələbatının ödənilməsi, eləcə də ixrac imkanlarının genişləndlirilməsi qaz hasilatının daha da artırılmasını tələb edir. Məhz buna görədir ki, son zamanlar bu istiqamətdə həyata keçirilən tədbirlər getdikcə sürətləndirilir. 2010-cu ilin doqquz ayında Dövlət Neft Şirkəti üzrə 5 milyard 748,6 milyon kubmetr qaz hasil olunmuşdur. Hesabat dövründə çıxarılan ümumi qazın 5 milyard 319,5 milyon kubmetri "Azneft" İstehsalat Birliyinin tabeliyində olan neft və qazçıxarma idarələrinin payına düşmüşdür. "Şahdəniz" layihəsi çərçivəsində ARDNŞ-in qaz payı isə 429 milyon kubmetr təşkil etmişdir. "Azəri-Çıraq-Günəşli" layihəsinin uğurla reallaşdırılması neftlə yanaşı, səmt qazı istehsalının da ilbəil artırılmasına imkan yaradır. 2010-cu ilin yanvar-sentyabr aylarında adı çəkilən layihə üzrə Dövlət Neft Şirkətinə əvəzsiz olaraq 2 milyard 526,9 milyon kubmetr qaz təhvil verilmişdir. Bundan əlavə, hesabat dövründə "Şahdəniz" layihəsinin iştirakçıları tərəfindən ARDNŞ-ə satılan qazın həcmi 1 milyard 10 milyon kubmetr, müştərək müəssisələr və əməliyyat şirkətlərindən qəbul edilən qaz isə 51,7 milyon kubmetr təşkil etmişdir.

İlin ötən dövrü ərzində qazın təhvili planı üzrə də yüksək göstəricilər qeydə alınmışdır. Belə ki, yanvar-sentyabr aylarında dövlətə 6 milyard 369,3 milyon kubmetr qaz təhvil verilmişdir ki, bunun da 5 milyard 80,2 milyon kubmetri daxili bazarda satılmışdır. Həmin qazın 2 milyard kubmetri əhalinin, eləcə də sənaye və kommunal-büdcə təşkilatlarının "mavi yanacağa" olan tələbatının ödənilməsi üçün "Azəriqaz" İstehsalat Birliyinə təhvil verilmişdir. Ölkənin istilik elektrik stansiyalarının normal fəaliyyətinin təminatı üçün "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə isə bu dövrdə 2 milyard 886,8 milyon kubmetr qaz satılmışdır. Yanvar-sentyabr aylarında Dövlət Neft Şirkəti tərəfindən xaricə satılmış "mavi yanacağın" həcmi 1 milyard 289,1 milyon kubmetr təşkil etmişdir.

Dövlət Neft Şirkətində neft hasilatında sabitliyi qorumaq, həmçinin qaz istehsalını artırmaq məqsədilə bir sıra texnikigeoloji tədbirlərə, eləcə də cari və əsaslı təmir işlərinə xüsusi diqqət yetirilir. Onu da deyək ki, bu sahədə həyata keçirilən tədbirlərin keyfiyyətinə daha çox diqqət yetirildiyindən onların iqtisadi səmərəsi aybaay, ilbəil artır. Quyuların sabit rejimlə işləməsini təmin etmək məqsədilə yeraltı təmirlərin sayı da xeyli artırılmış, fəaliyyətsiz fondda olan quyuların əsaslı təmirdən sonra istismara qaytarılması işləri bir qədər də intensivləşdirilmişdir.

Neftqaz hasilatının artırılmasında digər vacib amillərdən biriqazma işlərinin intensivliyindən asılıdır. Bu baxımdan təqribən üç il yarım əvvəl şirkətin tərkibində ayrıca bir qurumun - Kompleks Qazma İşləri Trestinin yaradılmasını xüsusi qeyd etmək lazımdır. Məhz adı çəkilən qurumun fəaliyyətə başlaması dənizdə, eləcə də 160 ildir istismarda olan qurudakı yataqlarda qazma işlərinin xeyli canlanmasına səbəb olmuşdur. 2010-cu ilin doqquz ayı ərzində Dövlət Neft Şirkəti üzrə 105 min 572 metr qazma işi həyata keçirilmişdir. Göründüyü kimi, kəşfiyyat və istismar qazmasının aparılmasına xüsusi diqqət göstərilməsi yeni neftqaz ehtiyatlarının aşkara çıxarılmasına, eləcə də onların hasilatına geniş imkanlar yaradır.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2010.- 22 oktyabr.- S. 4.