Ölümü ilə ölməzliyə qovuşan fədakar gənc

 

28 oktyabr 1995-ci il. Həzin, mülayim bir payız günü idi. Şənbə günü olduğundan paytaxtda bir sakitlik hökm sürürdü. Həmin gün iş başında olanlar növbədən bir qədər tez çıxmışdılar. Ağır iş həftəsinin yorğunluğunu canlarından çıxarmaq üçün insanlar sabahkı istirahət günü necə və harada dincəlmək barədə düşünür, planlarını götür-qoy edirdilər. Dükan-bazara üz tutanlar da evə tələsirdilər. Bir sözlə, evə tələsən, axşam növbəsinə yollanan, doğmalarına baş çəkmək üçün evdən çıxanlar paytaxtın ən rahat nəqliyyat vasitəsi sayılan metronun yaxınlıqdakı stansiyalarına doğru axın-axın, aramla hərəkət edirdilər. Görəsən, hara tələsirdilər bu insanlar? "Ölüm reysi"nəmi gecikirdilər? Bir də ki, bu zavallılar hardan biləydilər ki, qarşıda - yerin altında, qaranlıq tuneldə onları hansı faciə gözləyir.

 

...Cəmşid Naxçıvanski adına Bakı Hərbi Məktəbi növbəti tədris həftəsini başa vurmuşdu. Hər şənbə olduğu kimi bu dəfə də müdavimləri bir sutka müddətinə evə buraxmışdılar. Uşaqlar "birinci gün görüşənədək" - deyə xudahafizləşirdilər. Onlar hardan biləydilər ki, bəzi yoldaşlarını , xüsusən də sevimli komandirləri Çingiz Babayevi bir daha görməyəcəklər?! Beləcə, üçüncü və beşinci rotanın müdavimləri axşam saat beş radələrində məktəbdən çıxıb şəhərə yollandılar. Onlardan bəziləri həmişə istifadə etdikləri metroya üz tutdular.

Bakı Metropoliteninin "Əhmədli" stansiyası. Qaranlıq tuneli işıqlandıran qatar stansiyaya yaxınlaşır. Bayaqdan perronda dayanıb qatar gözləyən sərnişinlər tədricən hərəkətə keçirlər. Qapılar açılan kimi onlar vaqonlara doluşurlar. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbinin taqım komandiri, baş leytenant Çingiz Babayev, müdavimlər Nicat Səfərov, Ruslan İsayev və Samir Məmmədov da qatarın sərnişinləri arasında idilər. Qatar stansiyaları bir-bir arxada qoyduqca vaqonları tərk edən sərnişinləri yeniləri əvəz edirdi. Baş leytenant Çingiz Babayevlə müdavimlər isə hələ bir neçə stansiya da gedəcəkdilər. Başları şirin söhbətə qarışdığından "Ulduz" stansiyasına nə vaxt gəlib çatdıqlarını belə hiss etməmişdilər. Yalnız "Qapılar bağlanır. Növbəti stansiya "Nəriman Nərimanov" sözlərindən sonra gənclər harada olduqlarını bildilər. Bu zaman qatar yenidən qaranlıq tunelə girdi.

Stansiyadan bir qədər aralanan qatar qəfil dayandı. Birdən dördüncü vaqonda gurultulu səs eşidildi, ətrafı qatı, boğucu tüstü bürüdü. Nəyin baş verdiyini anlamayan sərnişinlərin arasına çaxnaşma düşdü. İnsanlar vahimə içində bu dəhşətli mənzərədən xilas olmağa çalışırdılar. Qışqırıq, hay-küy, qatı tüstüdən boğulan insanların fəryadı bir-birinə qarışmışdı. Sanki hamı bir-birindən kömək istəyir, xilaskar axtarırdı. Qatarın alışmaqda olan üçüncüdördüncü vaqonlarında isə alov getdikcə şiddətlənirdi. Elə bu andaca insanları xilas etmək üçün irəli atılan Çingiz və gənc müdavimlər çəkmələri və metal su qabları ilə alışmaqda olan vaqonun şüşələrini qırdılar. Yerə atılan gənclər əsl hərbçi fədakarlığı ilə qocaları, qadınları və uşaqları xilas etməyə başladılar. Alovlanmaqda olan vaqonlardan ətrafa yayılan qatı tüstü isə qaranlıq tuneldəki insanları getdikcə ağuşuna alır, onları ölüm adlı kabusa doğru sürükləyirdi. Taqım komandiri, baş leytenant Çingiz Babayev müdavimlərə belə ekstremal vəziyyətlərdə necə hərəkət etməyin yollarını dərs vaxtı dönə-dönə təkrarlamışdı. Kimyəvi hücumdan qorunma dərsində demişdi ki, əleyhqaz olmadıqda ağız-burnu yaş dəsmalla bağlamaq zəhərlənmənin qarşısını müəyyən müddətədək alır. Budur, onlar cib dəsmallarını çıxarıb relslərin arasına yığılmış suda isladaraq qatı, zəhərli tüstünün təsirindən nəfəsləri təngiyən insanlara paylayır, digərlərə də belə hərəkət etməyi bildirirlər. Özləri isə həyatları bahasına olsa belə, mümkün qədər daha çox adama kömək etmək istəyir, onları ölümün pəncəsindən qurtarmağa çalışırdılar. Onların bu fədakarlığına digər gənclər də qoşulurlar.

Hadisə yerinə xilasedicilər gəlib çıxınca Çingiz dostları və ürəyinin səsinə qulaq asıb özlərini unudaraq insanların imdadına yetişən gənclərlə birlikdə əsl fədakarlıq göstərdilər. Onların səyi ilə yüzlərlə adamı ölümün pəncəsindən qurtarmaq mümkün oldu. Bu çətin, ağır işdə xüsusi fədakarlıq göstərən zabit Çingiz Babayev sanki "ölüm reysi"nin son sərnişinini də xilas etməyə çalışırdı. Onun gücü isə getdikcə tükənirdi. Bir təhər son qüvvəsini toplayıb qatı tüstünün içində dəhşətli çığırtıları ilə qaranlıq tuneli lərzəyə gətirən adamlara doğru addımlamaq istədi. Amma dizlərində taqəti qalmadığından nəfəsi getdikcə daralır, onsuz da qaranlıq olan tunel gözlərində zülmətə dönürdü. Beləcə, vicdanının səsi ilə çoxlarını ölüm kabusundan xilas etməyə müvəffəq olan 31 yaşlı Çingiz Babayev özü qəhrəmancasına həlak oldu. Tələbələri Samir, NicatRuslan da ağır zəhərlənmə səbəbindən dünyalarını dəyişdilər. Həmin gün əsl qəhrəmanlıq, fədakarlıq nümunəsi göstərən C.Naxçıvanski adına Hərbi Məktəbin bir neçə müdavimi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi.

...1995-ci il oktyabrın 28-də Bakı Metropolitenində baş vermiş bu faciəli hadisə dünyada ən böyük metro qəzası kimi tarixə düşdü. Həmin hadisə nəticəsində 289 nəfər dünyasını dəyişdi, yüzlərlə adam ağır dərəcəli bədən xəsarəti ilə paytaxtın müxtəlif xəstəxanalarına yerləşdirildi. Faciəli metro qəzası zamanı əsl şücaət göstərərək həyatları bahasına yüzlərlə insanı ölümün pəncəsindən qurtaran Çingiz Babayev və tələbələri Samir Məmmədov, Ruslan İsayevNicat Səfərov isə xalqımızın hünər, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə yazdılar. Təsadüfi deyil ki, hadisənin ertəsi günü milli televiziyaradio ilə xalqa müraciət edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdir: "Hadisənin qarşısını almaq, insanları xilas etmək üçün çalışarkən həlak olanlardan üç nəfərin xidmətini xüsusilə qeyd etmək istəyirəm. Bu onların böyük vətənpərvər olduqlarını nümayiş etdirir. Onlar insanları xilas etmək üçün özləri həlak olublar, özlərini qurban veriblər. Güman edirəm ki, onların xatirəsi xüsusi qeyd olunacaqdır". Ulu öndərin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə Çingiz Adil oğlu Babayevə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi. Müdavimlər Samir Məmmədov, Nicat Səfərov və Ruslan İsayev isə (hər üçü ölümündən sonra) "İgidliyə görə medalı" ilə təltif edildilər.

28 oktyabr 1995-ci il nakam bir gəncin, baş leytenant Çingiz Babayevin dünyasını dəyişdiyi, əbədiyyətə qovuşduğu gündür. Həmin günü Çingizin Vətənin, millətin qəhrəmanı kimi təvəllüd tarixi kimiqeyd etmək olar. Məhz bu gün neçə-neçə insanı ölüm təhlükəsindən qurtaran, onlara işıqlı dünyanı yenidən bəxş edən cəsur, mərd Vətən övladı öz adını Azərbaycanın qəhrəmanlıq salnaməsinə əbədi həkk etdirdi.

Çingiz Adil oğlu Babayev 1964-cü ildə Bakıda ziyalı ailəsində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə daxil olmuş, 1986-cı ildə ali təhsilini başa vuraraq təyinatla Azərelektroterm zavodunda əmək fəaliyyətinə başlamışdır. İstehsalatda çalışmaqla yanaşı, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili üzrə ikillik kursu bitirmişdir. Zavodda ştat ixtisarından sonra 1992-ci ildə atası Adil Babayevin çalışdığı Yasamal Rayon Əmək və Məşğulluq Mərkəzində işə düzələn Çingiz elə həmin ilin avqust ayında könüllü olaraq torpaqlarımızın müdafiəsi uğrunda döyüşmək üçün cəbhəyə yollanır. 1994-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə göndərilən Çingiz Babayev burada əvvəlcə taqım komandiri, sonra isə yüksək vətənpərvərliyinə, hərbi-siyasi biliyinə görə bölük komandirin siyasi və tərbiyəvi işlər üzrə müavini vəzifəsinə irəli çəkilir. Hərbi məktəbdə çalışdığı illərdə rəhbərliyin yüksək etimadını və rəğbətini qazanan baş leytenant Çingiz Babayev yaxın günlərdə kapitan rütbəsi alacaqdı. Ancaq təəssüf ki, bu ona qismət olmadı.

Ötən illərdə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bir sıra işlər görülmüş, Bakı Metropoliteninin "Ulduz" stansiyasında abidə kompleksi, C.Naxçıvanski adına Hərbi Liseydə büstü qoyulmuş, təhsil aldığı Bakı şəhər 20 saylı məktəbin və Azərbaycan Texniki Universitetinin qarşısına xatirə lövhələri, yaşadığı Yasamal rayonu Ə.Ələkbərov küçəsi, 507-ci məhəllə, ev 4 ünvanında barelyefi vurulmuşdur.

Milli Qəhrəman Çingiz Babayevin valideynlərinin, doğmalarının tez-tez baş çəkdikləri müqəddəs bir ünvan da var. Adına məzarıstan deyirlər. Əzizləri, ciyərparaları Çingizin uyuduğu soyuq bir məzar. Bu yer nə qədər soyuq olsa da, ağbirçək anası Səadət xanımın bacısı Aidənin isti göz yaşları, atası 84 yaşlı ixtiyar qoca Adil müəllimin ilıq nəfəsi, qəlbinin hərarəti, xilas etdiyi yüzlərlə insanın, onların yaxınlarının duaları, ən başlıcası isə millət, xalq sevgisi burada ədəbi yuxuya getmiş Çingizi üşüməyə qoymur.

Milli Qəhrəmanımız Çingiz Babayevin fədakarlığı, şücaətləri barədə mətbuatda çox yazılıb, mavi ekranlarda silsilə verilişlər verilib. Heç şübhəsiz, bütün bunlar Çingizin valideynləri üçün təsəllidən başqa bir şey deyil. Fikrimcə, ən böyük yazını elə Çingizin özü yazıb. Hünər dolu, qəhrəmanlıq dolu bir yazı.

İndi atası Adil Babayevi narahat edən bir məsələ var. Oğlunun həlak olmasından sonra C.Naxçıvanski adına Hərbi Liseyin komandanlığının, Bakı Metropoliteni kollektivinin, respublika Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin, Yasamal Rayon İcra Hakimiyyətinin və digər əlaqədar təşkilatların müraciətindən sonra Nazirlər Kabinetində metronun "Ulduz" stansiyasına Çingiz Babayevin adının verilməsi məsələsinə baxılıb. Çox təəssüf ki, bu məsələ indiyədək rəsmi həllini tapmayıb.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2010.- 27 oktyabr.- S. 6.