Şəhid leytenant

 

Azərbaycan özünün ərazi bütövlüyü, torpaqlarının toxunulmazlığı uğrunda mübarizədə çoxlu şəhid verib. Ermənistanın ölkəmizə gözlənilməz təcavüzündən sonra minlərlə gənc və cəsur oğul-qızımız müqəddəs Vətənimizin azadlığı naminə döyüşlərə qoşulub, Dağlıq Qarabağın erməni faşistlərinin əlinə keçməməsi üçün canlarını fəda etməyə belə hazır olublar.

 

Öz havadarları tərəfindən təpədən-dırnağa silahlandırılmış Ermənistanın təcavüzünə qarşı müharibənin ön sıralarında olmuş, düşmənlərlə qanlı döyüşlərin birində qəhrəmancasına şəhid olmuş oğullarımızdan biri də Nəsib Mikayıl oğlu Məlikovdur. Şəhidin bu günlərdə redaksiyamıza gəlmiş anası Lətifə Xəlilova bildirdi ki, cəmi 25 yaşında özünü Vətənin azadlığı və müstəqilliyi uğrunda qurban vermiş oğlu Nəsib 1994-cü il sentyabrın 11-də həlak olub. Həmin gün Nəsibin Bakıda qoyub getdiyi yeganə oğlunun 4 yaşı tamam olubmuş.

Nəsib Məlikov 1969-cu il yanvarın 8-də Bakı şəhərində anadan olub, Maştağadakı 1 saylı orta məktəbi bitirib. 1988-1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. Əsgəri xidmətini başa vuraraq Bakıya qayıtdıqdan sonra da Nəsib həyatını hərbçi peşəsinə bağlamaq istəyib. Müdafiə Nazirliyinin Bakı ətrafındakı hərbi hissələrindən birində kiçik komandir heyətində xidmətə başlayıb. Anası Lətifə xanımın dediyinə görə, Nəsib fiziki cəhətdən sağlam, uca boylu, enli kürəkli bir gənc olub, eyni zamanda, mənəvi cəhətdən də mətanətli, cəsarətli bir hərbçi kimi tanınıb. Elə bu xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi 1992-ci ildə onun hərbi təhsilini qardaş Türkiyədəki ali hərbi məktəblərindən birində davam etdirməsini məsləhət görüb. Onsuz da hərbçi peşəsinə ürəkdən bağlı olan Nəsib bu təklifi məmnuniyyətlə qəbul edib.

Çox keçmədən onu Ankara Hərbi Akademiyasına göndəriblər. Nəsib Məlikov burada bir il yarım müddətində mükəmməl təhsil alıb. Müəllimi olan təcrübəli türk hərbçilərindən hərb elminin sirlərini öyrənib. Özünün hərbçi peşəsinə böyük marağı və həvəsi ilə akademiyada çoxlarının diqqətini cəlb edib. Akademiyanı uğurla başa vuraraq leytenant rütbəsində doğma Vətəninə qayıdıb və "N" saylı hərbi hissədə xidmətini davam etdirib.

O, Bakıya qayıdanda artıq elə bir vaxt gəlib çatmışdı ki, Ermənistan-Azərbaycan cəbhəsində qanlı döyüşlər gedirdi. Azərbaycan Prezidenti Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Milli Ordu əsgərləri düşmənə qarşı daha inamla mübarizə aparırdılar. Artıq cəbhənin bir sıra istiqamətlərində erməni ordusuna ağır zərbələr vurulurdu. Buya digər səbəbdən işğal altına düşmüş rayon və kəndlərimizin bəziləri düşmən tapdağından azad olunurdu. Belə bir vaxtda müəyyən hərbi təcrübəyə yiyələnmiş, Türkiyədə hərbi akademiya bitirmiş Nəsib də ön cəbhədə olmaq, qazandığı bilikləri birbaşa döyüş prosesində tətbiq etmək, amansız düşməni ağır məğlubiyyətə uğratmaq haqqında düşünürdü.

Nəhayət, onun bu istəyi də reallaşdı. Nəsib Məlikov bir sıra xidmət yoldaşları ilə ön cəbhəyə göndərildi. Nəsib döyüşlərə Ağdərə cəbhəsində qoşuldu. Bu cəbhədə düşmənin nəinki irəliləməsinin qarşısı alınır, eyni zamanda, ona sarsıdıcı zərbələr vurulurdu. Türk hərb sənətinə dərindən yiyələnmiş Nəsib erməni hərbi birləşmələrini dəfələrlə ağır texniki və canlı qüvvə itkisinə məruz qoydu. O, özünün cəsarət və şücaəti, eləcə də fiziki imkanları ilə bir çox döyüşlərdə fərqləndi. Döyüş yoldaşlarını xilas etmək, qazanılmış mövqeləri axıradək əldə saxlamaq üçün çəkinmədən sinəsini sipər etdi. Bu iri gövdəli, uca boylu oğlan, sanki, ölümün özünə belə meydan oxuya bilirdi. Ancaq 1994-cü ilin sentyabrında amansız düşmən gülləsi onu da haqladı...

Anası Lətifə xanımın sözlərinə görə, Nəsib Məlikov Bakıdakı İkinci Fəxri Xiyabandakı Şəhidlər Xiyabanında dəfn olunub. Bir müddət sonra Bakının Sabunçu qəsəbəsidəki küçələrdən birinə şəhid Nəsib Məlikovun adı verilib. Ankara Hərbi Akademiyasındakı şəhidlər lövhəsinə Nəsibin də şəkli daxil edilib. Ana şəhidin yeganə yadigarı olan oğlu Eldarın müalicəsinə Qaradağ rayonunun hərbi komissarı Məhəbbət Balayevin həmişə kömək göstərdiyini də bildirdi. O, indi bir şeyə təəssüflənir ki, Nəsibin ömrü qanlı döyüş yollarında yarımçıq kəsilməsəydi, Türkiyədə təcrübəli hərbçi kimi yetişmiş bu gənc Azərbaycanın yetkin hərbi kadrlarından biri ola bilərdi...

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2010.- 1 sentyabr.- S. 6.