Tovuz gözəlləşir

 

Tovuzun inkişafı üçün bütün imkanlardan istifadə olunur. Həm daxili imkanlar, həm də dövlət səviyyəsində göstərilən kömək nəticəsində rayonun siması büsbütün dəyişib. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 7 oktyabr 2009-cu il tarixli sərəncamı bu işlərin görülməsində mühüm rol oynayıb.

 

Rayonda bütün sahələrdə canlanma hiss olunur. Abadlıq, quruculuq işlərinə, yaşıllıqların salınmasına diqqət artırılıb. Bu ilin ötən 6-7 ayı ərzində xeyli görülüb. Hərçənd rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovla söhbət edərkən o, bunu "xırda işlər" kimi qiymətləndirdi. Lakin başçının təvazökarlığı öz yerində. Fakt isə faktlığında qalır. Gəlin nəzər yetirək.

 

Makroiqtisadi göstəricilər

 

Bu ilin birinci yarısında 3 milyon 603 min 400 manatlıq sənaye məhsulu istehsal edilmişdir. Əsas kapitala yönəldilən investisiyalar 10 milyon 538 min 200 manat ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çox olmuşdur. Bu dövrdə 14 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Əhaliyə 364,2 min manatlıq həcmində poçt rabitə xidməti göstərilmiş, pərakəndə əmtəə dövriyyəsinin həcmi 81 milyon 580 min manat təşkil etmiş, 16 milyon manatlığa yaxın pullu xidmətlər göstərilmişdir.

2010-cu ilin birinci yarısında rayon üzrə müəyyən edilmiş 4 milyon 58 min 200 manat proqnoza qarşı 4 milyon 410 min manat vəsait daxil olmuş, proqnoz tapşırığına 108,8 faiz əməl edilmişdir. Bütövlükdə, ötən ilin müvafiq dövrünə nisbətən 611 min manatlıqdan çox vəsait toplanmışdır.

Abadlıq, quruculuq

Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun yenidən qurulmasına başlanılmışdır. Hazırda yolun yüksək keyfiyyətlə asfaltlaşdırılması işləri aparılır.

Aşıq Ə. Cəfərov adına Mədəniyyət evinin fasadında yenidənqurma işləri davam etdirilməkdədir. YAP Tovuz rayon təşkilatının binasının fasadı nəfis şəkildə yeni dizaynla işlənmişdir. Rayon maliyyə idarəsinin bir sıra digər təşkilatların yerləşdiyi binanın girişində müasirliklə klassik üslubun sintezindən ibarət yeni layihə əsasında gözəl bir portikin tikintisi başa çatdırılmışdır.

Heydər Əliyev meydanının genişləndirilməsi istiqamətində məqsədyönlü işlər görülmüşdür. Uzun illərdən bəri öz istismar müddətini başa vurmuş ikimərtəbəli bina, digər yöndəmsiz obyektlər sökülmüş, müasir dizayn əsasında meydanda yenidənqurma işləri görülmüşdür. Yeraltı avtomobil keçidində yenidənqurma işləri başa çatdırılmışdır.

Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun başlanğıcında yeni möhtəşəm giriş qapıları inşa edilir. Tovuz şəhərinin girişindəki Qovlar qəsəbə parkında ötən ildən başlanılmış yenidənqurma işləri davam etdirilməkdədir.

 

Sosial sahə

 

Ölkə başçısının müvafiq sərəncamına "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq rayonun bütün əhalisinin təbii qaz yanacağı ilə təmin olunması sahəsində lazımi tədbirlər görülür. Hazırda əvvəllər qazdan istifadə etmiş abonentlərin 93 faizindən çoxuna təbii qaz verilir.

Yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər həyata keçirilir. Uzunluğu 39,1 km olan Zəyəmçay-Tovuz su kəmərinin ilkin layihə üzrə tikintisi başa çatdırılmış, hazırda bu xətt Tovuz şəhərinin mövcud şəbəkəsinə qoşulmuşdur. Kəmərin bütövlükdə tikintisinin başa çatdırılması istiqamətində işlər davam etdirilir. Tovuz şəhərinin ona bitişik ərazilərin içməli su kanalizasiya xətlərinin yenidən qurulması layihəsinin yaxın vaxtlarda icrasına başlanılması gözlənilir.

Rayonda yaşıllıqlar salınması sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsinin kənarlarında, eləcə rayondaxili yollar boyunca 31 min 300 ədəd iməcilik yolu ilə müxtəlif növ ağaclar əkilmişdir. Bu tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

 

Təhsil, səhiyyə

 

Təhsil sahəsində görülən işlər nəticəsində müəyyən uğurlar qazanılmışdır. A. S. Puşkin adına Tovuz şəhər orta məktəbi "İlin ən yaxşı məktəbi" müsabiqəsində iştirak edərək müsabiqənin qalibləri sırasında olmuşdur. A. Hüseynov adına Aşağı Öysüzlü kənd orta məktəbinin coğrafiya müəllimi Həsənov İlqar Səlim oğlu "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qaliblərindən olmuşdur.

Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəblərin tikintisi əsaslı təmiri ilə bağlı müəyyən işlər görülmüşdür. A.Hüseynov adına Yanıqlı kənd orta məktəbinin mövcud binası qəza vəziyyətində olduğundan həmin məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi davam etdirilir.

Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması tədbirləri davam edir. İlin birinci yarısında rayonun səhiyyə sistemində tibb müəssisələri şəbəkəsinin rasionallaşdırılması məqsədi ilə aparılan islahatlar başa çatdırılmışdır.

Mərkəzi rayon xəstəxanasının 80 çarpayılıq yeni binasının tikintisində işlər davam etdirilir. Məqsəd əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinini qaldırılmasına nail olmaqdır.

Rayon ərazisində epidemioloji vəziyyət sabit olmuş, xüsusi təhlükəli yoluxucu xəstəliklər qeydə alınmamışdır. Sanitar qaydalara əməl olunması ekoloji tarazlığın qorunması məqsədi ilə 22-dən çox yaşayış məntəqəsində təmizlik müəssisələri yaradılmışdır bunlar hazırda fəaliyyətdədir. Təmizlik müəssisələrinin işinə yardımçı olmaq yerli icra nümayəndələrinin bələdiyyə sədrlərinin qarşısında bir vəzifə kimi qoyulmuşdur.

Turizmin inkişafı ilə əlaqədar turist marşrutları müəyyənləşdirilmiş, tarixi abidələrin mühafizəsi üçün lazımi tədbirlər görülmüşdür.

Yeni mədəniyyət müəssisələrinin tikintisi istiqamətində müəyyən işlər aparılmışdır. Aşıq Hüseyn Bozalqanlı adına "Azərbaycan aşıq sənəti muzeyi"nin, yeni müasir Mədəniyyət Mərkəzinin binalarının tikintisi ilə bağlı Mədəniyyət Turizm Nazirliyinə edilən müraciətlər müsbət nəticə vermişdir, bu sahədə müvafiq sənədləşmə işləri aparılır.

... Tovuzda bu gün aparılan işlər göstərir ki, rayon tezliklə ən abad, gözəl, inkişaf etmiş bir məkana çevriləcəkdir. Uğur olsun!

 

 

Hamlet QASIMOV,

"Xalq qəzeti"nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 25 sentyabr.- S. 6.