Yurdumuzun sərvətləri

 

Büllur bulaqların şahı - "Çınqıllı bulaq"

 

Ulu Tanrı Odlar yurdunu öz zəngin səxavətindən yaradıb. Zirvəsində Yerlə göyün birləşdiyi, dumanı belində yallı gedən dağlarımızın hansı səmtinə üz tutsan yarpızlı, baldırğanlı bulaqlardan buz kimi sular çağlayır. Bunlardan biriŞahbuz dağlarındakı məşhur "Çınqıllı bulaq"dır.

 

Camal qalası, Üç qardaş, Ağluq, Ərəcı, Həsirxana dağlarının Çin səddi kimi qövsünün ortasında nəhəng stadion həcmində bir çaxmaqlı daşlar çalası var. Bir-birinə vursan od çıxar. Elə bil, Tanrı göydən yağdırıb, xalq şairi Səməd Vurğun demişkən, qışın boranı gözdə oynayanda qılınc kimi kəsən sərt küləklər dağların qarını sovuraraq qış boyu bu çalanı dümdüz doldurur. Dəniz səviyyəsindən 3 min metrədək yüksəklikdə olan bu qar-buz yatağı əridikdə üzü aşağı 2 kilometrədək sal qayaların yeddi qatından süzülərək "Şirin çayın" qənşərində çınqıllıqlar arasında çıxan bulağın gözündə əlini 10-a qədər sayınca saxlasan qol çiyinədək keyiyər. Bol axarlı "Çınqıllı", elə bil, göyün qübbəsindən yerə arxası qatda düşmüş bir ayna parçasıdır:

 

Yaylağı Salvartı dağı,

Çınqıllısı, zor bulağı.

Ordubadın meyvə bağı

Heyran edən hər qonağı,

Hansı məkandır?

O Naxçıvandır,

Nəqşicahandır, Azərbaycandır.

 

Adı mahnılara düşən, dillər əzbəri olan "Çınqıllı bulaq"da kimlər mehman olmamışlar? Ulu öndər Heydər Əliyev, Rəşid Behbudov, Mehdi Mehdizadə, Həsən Abdullayev, Həsən Əliyev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Zəroş Həmzəyev, Ələkbər Ələsgərov, Ədalət Nəsibov, Əbülfət Əliyev, İslam Səfərli, Nəzakət Məmmədova,... Naxçıvan torpağına qonaq gələn əksər elm və mədəniyyət xadimlərinin hamısı...

Bir dəfə kənd sakini Şulan Nağıyev 40 ildən artıq ocaqda, sobada işlətdikləri çaydanı gətirib camaata göstərərək demişdir:

- "Çınqıllı bulaq" kəndə çəkilib məhlələrə paylandığı 40 il ərzində bu çaydan hər gün ocaq üstədir. Baxın, çaydan az qalır didilə, di gəl içərisi elə bil emaldan indicə çıxıb, güzgü kimidir, ərpdən əsər-əlamət yoxdur.

1990-cı ilin avqust ayının 26-da ulu öndər Heydər Əliyev Naxçıvanın ucqar sərhəd kəndlərinin camaatı ilə görüşə gəlmişdi. O vaxtlar təkcə Keçili kəndi deyil, Biçənək, Şada, Buzqov, Gömür, Ərəfsə, Sədərək, Hanış, Həmzəli, Kotam kəndləri də tez-tez Sovet imperiyasının silahlandırdığı erməni quldurlarının basqılarına məruz qalırdı. Sovet dövləti isə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da quş tüfənginədək əhalini tərksilah etmişdi. Belə şəraitdə camaata ürək-dirək verən, birliyə çağıran Heydər Əliyevin ayaqları altında yeddi qurban kəsildi. Kənd ağsaqqalları əziz qonaqdan bir qədər gözləyib, heç olmazsa, qurban tikəsindən dadmasını xahiş etdilər. Ulu öndər "Cınqıllı"nın gözündən bir içim su gətirsəniz bəsimdir, - dedi. O saat atlılar atlandı, 2 kilometr aralıda yerləşən "Çınqıllı bulaq"dan sənəkdə buz kimi su gətirdilər. Ulu öndər əvvəlcə əl-üzünü yudu, sonra qoşa ovucla "Çınqıllı" suyundan doyunca içərək dedi:

- Əsrin əvvəllərində erməni daşnakları Keçili igidlərinin əlinin suyuna bələd olublar. Andronikin dəstəsinə layiqli cavab veriblər. Güc birlikdədir, sizin camaat Sədərəyə köməyə gəlir. Sədərəklilər maşın-maşın Biçənəyin, Şadının, Buzqovun müdafiəsinə qalxır, Naxçıvana ermənilərin belə təcavüzündə Sovet imperiyası susur. Bərk dayanın, "Çınqıllı"nın suyundan içənlər bu sınaqdan da çıxmalıdır. Nuh peyğəmbərdən nişanə olan bu torpaqların bir qarışını da düşmənə vermək olmaz.

Kəndin 90 yaşlı sakini Məşədi İsa baba əziz qonağa dedi ki, 30-cu illərdə erməni-rus bolşevizm terroru Qaçaq Quşdanın kəndi kimi Keçilini viran etsə də, sürgünlərə, qürbətə didərgin salsa da, yenə qəddini əymədi. Sizin sayənizdə indi kəndin 180-dən çox ali təhsilli mütəxəssisi vardır. Arxayın olun, biz Sizinləyik. Öldü var, döndü yoxdu.

İndi həmin xatirə ziyarət yerində 520 yerlik ikimərtəbəli, iki korpuslu müasir kənd orta məktəbi ucalır. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov kənd orta məktəbinin bu yeni binasının açılışında şəxsən iştirak edib. Məktəb 20 Yanvar şəhidi Teymur Alməmmədovun adını daşıyır. Hazırda Keçili kəndində şəhid ailəsinə yeni yaraşıqlı ev tikintisində son tamamlama işləri gedir. Kəndə rahat asfalt yol çəkilib, körpü salınıb.

Kəndin yetirməsi, ali təhsilli rəssam, iqtisadçı Mənsur Əsgərli Naxçıvanda adamlarına yaradılan şəraitdən ruhlanaraq geniş tikinti ilə "Çınqıllı" MMC-ni yaradıb. Su zavodunun adını da elə bulağın öz adına bağlayıb. Çinin Yansu əyalətindən bir qonağı da kəndə gətirməyə nail olub. Bu, dünyada bulaqların məşhur su mühəndisi, 52 yaşlı Zhu Linxinqdir. Sutkada 4 min litr suyu qablaşdırmaq üçün saf borularla "Çınqıllı"nın bol suyundan 3 kilometrdən zavoda çəkilib, müasir qurğular quraşdırılıb. Hər butulka və 5 litrlik su qabları doldurularkən kompyuter yoxlamasından keçirilərək etiketlənir. Naxçıvanda, Bakıda, hətta qonşu İranda, Türkiyədə sərfəli qiymətə alınan "Çınqıllı suyu" məşhur Sirab, Badamlı kimi özünə yer tutub. "Çınqıllı" MMC-nin sədri Mənsur Əsgərlinin bir arzusu da var. Çınqıllı suyunun Qazaxıstanda Taldıkurqan vilayətinə ixrac edilməsinə nail olmaq. Axı, 30-cu illərin repressiyasında az qala bir kəndin yarısı bu yerlərə sürgün edilib. Təkcə Kirov rayonunda 300-dən çox Keçili ailəsi məskunlaşıb. Kəklik bulağı, Daş bulaq, Muncuqlu bulaq, Qumlu bulaq, Çimənyurdun bulağı, qayanın bulağı, Şəkər bulağı, ta neçə-neçə bulaqlara əli çatmayan qürbətdəkilər, heç olmazsa, "Çınqıllıdan" həsrətini götürsünlər.

"Çınqıllı" həsrəti təkcə Taldıkurqanda anılmır. İrandakı Mianduab şəhərində bu kənddən 30-cu illərdə didərgin düşmüş Zabitə nənə sərhədlər açılandan sonra Vətənə ziyarət arzusunda olur. Oğlu Əhməd deyir ki, anam o niskilli illərdən sandıqda saxladığı 12 taxta çit tumanı çıxarıb burum-burum eşdi, yastığının altına qoydu, dedi ki, qırçınları təzələnsin, kəndimə gedirəm. Çınqıllının "Şirin çaya" tökülən yerinə dodaqlarımı söykəyib içəcəyəm, qürbətin qübarı 60 ildi sinəmdədi,bəlkə Çınqıllı soyuda. Sübh tezdən anamızı səfərə səsləyəndə dünya başımıza qopdu. Anamın sevincdən gecə bağrı çatlayıb yataqdaca keçinmişdi...

Həsrətə son qoy, gur çağla Çınqıllı, hələ çox ürəklər səninlədi, həsrətini çəkənlər çoxdur, ay ayna parçası, uca dağların şah bulağı!

 

 

Qaşdar ƏLİYEV,

Əməkdar təbiəti mühafizə işçisi,

akademik Həsən Əliyev mükafatçısı,

fenoloq

 

Xalq qəzeti.- 2010.- 26 sentyabr.- S. 6.